Məhkəmə qərarları › İş №2(001)-7136/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7136/2025

07.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7136/2025 07.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, atası X10 xx.xx.1967-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonu, Gığı kəndində anadan olmuş və xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Belə ki, ermənilərin 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi son etnik təmizləmə siyasəti nəticəsində Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edərək tarixən onun ərazisində yaşamış 250 min nəfər Azərbaycanlı son nəfərədək öz doğma yurdlarından zorla qovulmuş və Azərbaycana pənah gətirmişlər. Valideynləri də, həmin zorla evindən qovulmuş insanlarla birgə öz doğma yurdundan ermənilər tərəfindən şiddətlərə məruz qalaraq qovulmuşlar. Həmin zaman çox çətin şəraitdə öz canlarını qurtarmaq naminə evlərindən çıxarkən zəruri sənədləri götürmədən evlərini tərk etmişlər. Həmin sənədlərdən də, biri atasının doğum haqqında şəhadətnaməsidir. O, atasının doğum haqqında şəhadətnaməsinin olmaması nəticəsində hüquq müqəddəratında çətinlik çəkir, mülki və inzibati sənədləşmələr aparılarkən müəyyən problemlərlə rastlaşır. Həmçinin bildirmişdir ki, atasının bacısı “X4” xx.xx.2025-ci il tarixdə vəfat etmiş və ondan qalmış miras əmlakın vərəsələr arasında bölünməsində çətinlik yaranır. O, doğum haqqında şəhadətnamənin bərpa olunması barədə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə müraciət etsə də, ona doğum haqqında şəhadətnamə verilməmiş və bu barədə xx.xx.2025-ci il tarixli imtina məktubu təqdim olunmuşdur. Bu səbəbdən də, atasının doğum haqqında şəhadətnaməsinin bərpa olunması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ərizəçi ərizəsini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.2.3, 307.2.11, 308 və 309.1 maddələri ilə əsaslandıraraq, atası X5 xx.xx.1967-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonu, Gığı kəndində doğum faktının müəyyən edilməsi, doğum akt qeydində atasının soyadı “Piriyev”, adı “İsa”, ata adı “Cavad”, doğum tarixi “xx.xx.1967-ci il” qeyd edilməklə və doğum aktı qeydində ata bəndində “X7”, milliyyəti “azərbaycanlı”, ana bəndində isə “X3”, milliyyəti “azərbaycanlı” qeyd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etməklə yanaşı, ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, doğumun qeyd edilməsi faktının təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-16-5/8-2044/25 №-li məktubdan görünür ki, qeydiyyat şöbəsi tərəfindən onun müraciətinə baxılmış və bildirilmişdir ki, “Azərbaycan Respublikası Ailə məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”-ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Bildirilmişdir ki, müvafiq qeydin əvəllər olduğunu təsdiq edən sənədi (doğum haqqında şəhadətnaməni) təqdim edə bilmədiyi üçün doğum haqqında akt qeydinin bərpası tərəflərindən mümkün olmamışdır. “Azərbaycan Respublikası Ailə məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarının 14-cü bəndinə əsasən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 445814 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 09 iyul 2010-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 558181 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 02 iyun 2012-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 456760 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 04 noyabr 2010-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 471437 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 04 yanvar 2025-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan fotoşəkildən görünür ki, xx.xx.1967-ci il təvəllüdlü X10 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 138309 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə Piriyeva (Nəzərova) Səidə Zeynal qızı arasında 09 mart 2005-ci il tarixdə nikah bağlanmış və 124 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 582472 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 06 avqust 2002-ci ildə Bakı şəhərində anadan olmuş, atası X10, anası X1r. İş materiallarında olan Abşeron rayonu Mehdiabad Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 05 saylı arayışdan görünür ki, həqiqətən də mərhum X10 xx.xx.2010-cu il tarixdə Mehdiabad qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ərizəçinin əmisi nəvəsi olmaqla yanaşı, X5 xx.xx.1967-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonu, Gığı kəndində doğulması və bu barədə müvafiq qeydin aparılması faktını təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ərizəçinin əmisi olmaqla yanaşı, qardaşı X5 xx.xx.1967-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonu, Gığı kəndində doğulması və bu barədə müvafiq qeydin aparılması faktını təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Bununla yanaşı, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin normalarını rəhbər tutaraq hesab edir ki, Ərizəçi atası X5 21 may 1967-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonu, Gığı kəndində doğulmasının qeyd edilməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mülki işin baxışı zamanı bilavasitə tədqiq edilmiş sübutlarla təsdiq edildiyi üçün ərizə təmin edilməli, X5 21 may 1967-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonu, Gığı kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, həmin akt qeydində X5 “doğum tarixi” qrafasında “21 may 1967-ci il”, “ata adı” qrafasında “X7”, “miliyyəti” qrafasında “azərbaycanlı”, “ana adı” qrafasında “X3”, “miliyyəti” qrafasında “azərbaycanlı” kimi qeyd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinin tələbinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X5 21 may 1967-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonu, Gığı kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinə həvalə edilsin. X5 doğum haqqında şəhadətnaməsində “doğum tarixi” qrafasında “21 may 1967-ci il”, “ata adı” qrafasında “X7”, “miliyyəti” qrafasında “azərbaycanlı”, “ana adı” qrafasında “X3”, “miliyyəti” qrafasında “azərbaycanlı” kimi qeyd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar