Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7158/2021 28.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbi ilə məhkəməyə müraciət edərək, iddiaçının və azyaşlı övladı X1 "xxxx" MTK tərəfindən inşa edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv.m ümumi sahəsi olan 2 otaqdan ibarət 47 nömrəli mənzilinə köçürülməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2244/2016 saylı, 11 aprel 2016-cı il tarixli icra vərəqinə əsasən İddiaçı və Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş "xxxx" MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv.m ümumi sahədən ibarət 2 otaqlı 47 nömrəli mənzilə olan payın ½ hissəsinə İddiaçı payı müəyyən edilmişdir. Hal-hazırda iddiaçı kirayədə qalmağa məcburdur. Dəfələrlə cavabdehə evə dair müraciət etsə də, cavabdeh tərəfindən hər hansı bir təklif irəli sürülməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, cavabdehlə nikahları pozulmuş, birgə nikahdan olan oğlu onun himayəsində saxlanılmışdır. Mübahisəli mənzildə onların birgə nikahı dövründə əldə edilmişdir. Məhkəmə qətnaməsi ilə mənzilə dair tərəflərin ½ hissədə payları müəyyən edilsə də, mənzilə daxil ola bilmir. Belə ki, cavabdeh Rusiya Federasiyasında yaşadığından mənzil naturada bölünməmişdir. Bu səbədən də mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsininz səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyərək, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2244/2016 saylı, 11 aprel 2016-cı il tarixli icra vərəqinə əsasən, birgə nikah dövründə əldə edilmiş, "xxxx" MTK tərəfindən inşa edilən, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87.98 kv.m ümumi sahədən ibarət 2 otaqlı 47 nömrəli mənzilinə olan payın ½ hissəsinə İddiaçı, digər ½ hissəsinə isə Cavabdeh paylarının müəyyən edilməsi qət edilmişdir. - icraata başlamaq haqqında qərara əsasən, 25.11.2016-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2244/2016 saylı, 11 aprel 2016-cı il tarixli icra sənədinə əsasən icraata başlanılmışdır. - doğum haqqında şəhadətnaməyə əsasən, 15.09.2009-cu il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. - 2/23-14 saylı, 03 aprel 2014-cü il tarixli Rusiya Federasiyası Moskva şəhəri Timiryəzevsk rayon 403 saylı məhkəmə qətnaməsinə əsasən, Moskva VVADQ idarəsinin Dmitrovskiy VVADQ şöbəsi tərəfindən 24 oktyabr 2008-ci ildə Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın (akt qeydi 2455) ləğv olunması qərara alınmışdır. İşin materiallarından da aşkar surətdə göründüyü kimi iddiaçı və cavabdeh mübahisəli mənzilin paylı mülkiyyətçiləridirlər, yəni mübahisəli mənzil 1/2 hissə pay ilə bölünmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evin paylı mülkiyyətçisidir və həmin evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa, onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. İddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsaydı (mənzildə yaşamaq səlahiyyəti versəydi)bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarında biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilə daxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. AR Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzim etmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə hesab edir ki, mübahisəli evdə cavabdeh kimi iddiaçının da pay hüququ olduğundan cavabdehin həmin evdən istifadə etməklə ondan faydalandığı kimi, iddiaçının da bu hüququ realizə etməsi məqsədə müvafiqdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən hər bir uşağın normal şəraitdə yaşamaq, fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Eyni qanunun 20-ci maddəsinə görə hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Məhkəmə hesab edir ki, iddiaçının hal-hazırda başqa yaşayış yeri olmadığı nəzərə alınaraq, eyni zamanda qeyd olunan maddi hüquq normalarına əsasən iddiaçı mübahisəli mənzilə köçürülmələrini tələb etməkdə haqlı olduğundan, iddia bu hissədə təmin edilməli, iddiaçı övladı ilə birlikdə "xxxx" MTK tərəfindən inşa edilən, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87.98 kv.m ümumi sahədən ibarət 2 otaqlı 47 nömrəli mənzilə köçürülməlidir. Belə ki, AR Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideyinlik hüquqlarını itirməmiş valideyinlərinin yaşayış yeri sayılır. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda 15.09.2009-cu il təvəllüdlü X1 yaşayış yeri anasının yaşayış yeri ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı övladı olan 15.09.2009-cu il təvəllüdlü X2 birlikdə "xxxx" MTK tərəfindən inşa edilən, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv.m ümumi sahədən ibarət 2 otaqlı 47 nömrəli mənzilə köçürülsün. 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, A.Kunanbayev küçəsi 4E. AZ 1116 №2(001)-7158/2021 04 noyabr 2021-ci il İddiaçı: İddiaçı qızı Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, 2 mkr, H.Əliyev küçəsi, ev 32/24, mənzil 218 Cavabdeh: Cavabdeh Ünvan: Rusiya Federasiyası, Moskva şəhəri, Vuçetiç küçəsi, ev 26, mənzil 120 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(001)-7158/2021 nömrəli qətnamənin surəti Azərbaycan Respublikası MPM-nin 227.3-cü maddəsinə əsasən məlumat üçün Sizə göndərilir. Qoşma: qətnamənin surəti Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-7158/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7158/2021
28.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver