Məhkəmə qərarları › İş №2(001)-7188/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7188/2020

11.12.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7188/2020 11.12.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və “xxxx” MTK cəlb edilməklə) “özəlləşdirmənin etibarsız hesab olunması, qeydiyyatın ləğvi və əmlakdan istifadəyə maneənin aradan qaldırılması” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tblisi prospekti, 44C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131.43 kv.m olan, üç otaqlı 59 saylı mənzilinin Cavabdeh1 adına özəlləşdirilməsinin etibarsız hesab olunmaqla müvafiq qeydiyyatın ləğv edilməsi, Cavabdeh2 ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlərin yaratdığı maneənin aradan qaldırılması və cavabdehlər çıxarılmaqla mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 39.1.-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Prosessual normanın tələbindən aydın olur ki, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasına, başqasının sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırılmasına dair iddia tələbləri üzrə qanunverici müstəsna aidiyyət qaydalarını müəyyən etmiş və bu iddia tələbləri üzrə mülki işə cavabdehin rəsmi qeydiyyatı və ya hüquqi ünvanı üzrə deyil, tikintinin, qurğunun, torpaq sahəsinin yerləşdiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, mübahisə predmeti olan daşınmaz əmlak Bakı şəhərinin Nəsimi rayonu ərazisində yerləşir. İddiaçının isə tələbi mübahisəli əmlakın cavabdehlərin qeyri-qanuni sahibliyindən götürülməsi ilə bağlıdır. Belə olan halda isə mübahisəyə Binəqədi Rayon Məhkəməsində deyil, müstəsna aidiyyət qaydalarının tələblərinə riayət edilməsi məqsədi ilə daşınmaz əmlakın yerləşdiyi yer üzrə, yəni Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Qeyd olunan Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Həmin Məcəllənin 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya hazırki iddia tələbi ilə bağlı mübahisəli əmlakın yerləşdiyi ərazi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ M: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və “xxxx” MTK cəlb edilməklə) “özəlləşdirmənin etibarsız hesab olunması, qeydiyyatın ləğvi və əmlakdan istifadəyə maneənin aradan qaldırılması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, hazırki iddia tələbi ilə bağlı mübahisəli əmlakın yerləşdiyi ərazi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar