Məhkəmə qərarları › İş №2(001)-7193/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7193/2021

12.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7193/2021 12.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X4 iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 ünvan 1 ünvanına istifadə hüquqularının itirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hazırda mülkiyyətində olan ünvan 1-ni 07 mart 2019-cu il tarixdə, Bakı şəhəri 51 saylı notariat kontorunda Cavabdeh1 ilə alqısatqı müqaviləsi bağlayaraq almışdır. Qeyd olunan müqavilə əsasında da həmin mənzilə onun xüsusi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq, ona ******* nömrəli çıxarış verilmişdir. Cavabdeh1 ilə arasında bağlanmış müqavilənin 13-cü maddəsinə əsasən cavabdehlər 07 aprel 2019-cu il tarixədək mənzildən qeydiyyatdan çıxmağı öhdələrinə götürsələr də, bu günə kimi öhdəliklərini icra etməmişlər. Bununla əlaqədar cavabdehlərlə dəfələrlə əlaqə saxlasa da, bir nəticəsi olmamışdır. Belə ki, hər dəfə qeydiyyatdan çıxacaqlarını bildirsələr də, lakin qeydiyyatdan çıxmamışlar. Bu isə onun mülkiyyət hüquqlarını əhəmiyyətli dərəcədə pozur. Belə ki, o, öz evi ilə bağlı hər hansı qaydada sərəncam vermək istədikdə cavabdehlərin yazılı razılığı tələb edilir ki, bunun da icrası qeyri mümkün olur, nəticə də onun evlə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqları məhdudlaşır. Bundan əlavə, o, cavabdehlərin əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur ki, bu da onu hər dəfə maddi ziyana salır. Ümumiyyətlə, şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki, şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdehlərin isə faktiki olaraq başqa yerdə yaşaması, lakin onun evində qeydiyyatda olmaları onun dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər (məhkəmə bildirişləri zərfin üzərində “köçüblər” qeydi ilə məhkəməyə geri qaytarılmışdır). Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 07 mart 2019-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 1A saylı evin 50 saylı mənzil satıcı Cavabdeh1 tərəfindən alıcı X1 sonuncunun mülkiyyətinə verilmişdir. Həmin müqaviləyə əsasən satıcı müqavilə notariat qaydasında təsdiq edildikdən 07 aprel 2019-cu il tarixədək satdığı mənzildən pasport qeydiyyatından çıxarılmasını öz üzərinə öhdəsinə götürmüşdür; Notariat işinə əlavə edilmiş Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, onlar, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 1A saylı evin 50 saylı mənzilin satılmasına və mənzildən istifadə hüquqlarına xitam verilməsinə razıdırlar, habelə alqı-satqı müqaviləsi rəsmiləşdikdən sonra həmin müqavilədə nəzərdə tutulan müddət ərzində qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər; RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 1A saylı evin 50 saylı mənzili X2 xüsusi mülkiyyətindədir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 15 yanvar 2020-ci il tarixli arayışından görünür ki, digər şəxslərlə yanaşı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 da Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 1A saylı evin 50 saylı mənzilində qeydiyyatdadır; “Azemis” Məhkəmə Elektron İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh5 yaşayış yeri Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 1A saylı evin 50 saylı mənzilidir. 09 sentyabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı” işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 1A saylı evin 50 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla həmçinin müəyyən edildi ki, cavabdehlər həmin mənzildə qeydiyyatda olmalarına baxmayaraq hazırda həmin mənzildə yaşamırlar, eyni zamanda cavabdehlər həmin mənzilin satılmasına da etiraz etməmiş, habelə alqı-satqı müqaviləsi rəsmiləşdikdən sonra həmin müqavilədə nəzərdə tutulan müddət ərzində qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüquqlarının olması, sonuncunun öz əmlakına sərbəst surətdə sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla, onun mülkiyyət hüququnu “şərti və qeyri-sabit xarakterli” etmiş olur. Ona görə də məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 1A saylı evin 50 saylı mənzilinə istifadə hüquqları itirilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 1A saylı evin 50 saylı mənzilinə istifadə hüquqları itirilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar