Məhkəmə qərarları › İş №2(001)-7235/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7235/2021

07.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7235/2021 07.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanındakı mənzilə olan istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanındakı mənzili 12.08.2021-ci il tarixdə onun adına etibarnamə üzrə nümayəndəsi X5 ilə mənzilin mülkiyyətçisi Cavabdeh1 arasında alğı-satqı müqaviləsi bağlayaraq və mənzilin tam dəyərini ödəməklə almışdır. Alğı-satqı müqaviləsini Bakı şəhəri 51 saylı notariat kontorunun xüsusi notariusu X3 AN-İ seriyalı, ******* saylı 12.08.2021-ci il tarixli müqaviləyə əsasən rəsmiləşdirmişdir. Bundan sonra o, AR ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 23.08.2021-ci il tarixli çıxarış alaraq mülkiyyət hüququnu rəsmiləşdirmişdir. Mənzili alarkən mülkiyyətçi ilə razılaşmalarına əsasən mənzildə qeydiyyatda olanlar 13.08.2021-ci il tarixinədək qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşdürlər. Mənzildə cavabdehlərə məxsus əmlak qalmamışdır. Mənzilin dəyərini isə tam ödəmişdir. Lakin cavabdehlər mülkiyyətində olan mənzildən çıxmamaqla, mülkiyyət hüquqlarını sərbəst həyata keçirməyə mane olurlar. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdehlər heç bir səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı etibarnamə üzrə nümayəndəsi X5 ilə Cavabdeh1 arasında bağlanan 12.08.2021-ci il tarixli AN-İ seriyalı, ******* saylı alğı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 29,22 kv.m olan 1 otaqlı mənzili İddiaçı satmağı, İddiaçı isə daşınmaz əmlakın dəyəri olan 54750 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 13-cü maddəsinə əsasən satıcı İddiaçı 13.08.2021-ci il tarixinə kimi qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. Göstərilən alqı-satqı müqaviləsi əsasında həmin mənzilə dair İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı Çıxarış verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li 03.09.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən tərtib edilən 12.08.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə Bakı şəhəri 51 saylı notariat ofisində alğı-satqı müqaviləsi rəsmiləşdirilərkən sənədlərə baxış keçirilmiş və “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə mənzildə daimi qeydiyyatda olan şəxslər barədə arayış əldə olunarkən evdə kənar şəxslərin qeydiyyatda olması aşkar edilmişdir. Lakin mülkiyyətçi X4 həmin şəxslərin onların ailə üzvləri olmadığını və bu evə heç bir aidiyyatlarinin olmadığını bildirmişdir. 10.09.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X5 ilə Cavabdeh1 arasında 12.08.2021-ci il tarixli AN-İ seriyalı, ******* saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Mənzilə dair İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı Çıxarış verilmişdir. Mənzilin mülkiyyətçisi həmin müqavilənin 13-cü bəndinə əsasən 13.08.2021-ci il tarixinədək qeydiyyatdan çıxmaq barədə öhdəlik götürsə də, qeydiyyatdan çıxmamışdır. Hal-hazırda cavabdehlər mübahisə predmeti olan mənzildə yaşamırlar. Qeydiyyatları formal xarakter daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddənin məzmunundan göründüyü kimi mülkiyyət hüququ özündə 3 elementi – sahiblik, istifadə və sərəncam hüquqlarını birləşdirir. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mənzil iddiaçının mülkiyyətində olduğundan, mənzilin əvvəlki mülkiyyətçisinin həmin mənzilə dair hər hansı hüquqları saxlanmadığından, satıcının mübahisəli mənzildə formal olaraq qeydiyyatda qalması iddiaçının həmin mənzil üzərində həm sərəncam vermək, həm də əmlakdan maneəsiz istifadə etmək hüququnu məhdudlaşdırır. Digər cavabdeh isə Cavabdeh2 Cavabdeh1 ailə üzvü olmamasına baxmayaraq, uzun müddətdir həmin evdə yaşamadığı və hansı əsaslarla mənzilə qeydiyata alındığı məlum deyil. Belə ki, 2 saylı Xüsusi Təyinatlı MKTB-nin 78 saylı Mənzil Kommunal istismar Sahəsinin 652 saylı, 06.09.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatda olsa da, həmin mənzildə yaşamır və harada yaşaması barədə məlumat mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mənzil iddiaçının mülkiyyətində olduğundan, mənzil satılarkən cavabdeh mənzilin satılmasına etiraz etmədiyindən, onun faktiki olaraq könüllü şəkildə mübahisəli mənzildən çıxaraq başqa ünvanda yaşamaqla formal olaraq qeydiyyatda qalması iddiaçının həmin mənzil üzərində həm sərəncam vermək, həm də əmlakdan maneəsiz istifadə etmək hüququnu məhdudlaşdırır və bu səbəbdən cavabdehin mübahisəli mənzildə istifadə hüququ qala bilməz. Bundan başqa “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdar.Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, ev 54 ünvanında yerləşən 7 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, ev 54 ünvanında yerləşən 7 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar