Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7245/2025 27.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi (maraqlı şəxs 1 saylı Bakı «ASAN xidmət» mərkəzində Qeydiyyat şöbəsi cəlb edilməklə) “doğum akt qeydinin bərpası” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi (maraqlı şəxs 1 saylı Bakı «ASAN xidmət» mərkəzində Qeydiyyat şöbəsi cəlb edilməklə) “doğum akt qeydinin bərpası” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1938-ci ildə Cəbrayıl rayonu, Qaracallı kəndində doğulmuşdur. Ona doğum haqqında şəhadətnamə verilmişdir, lakin şəhadətnamənin əsli naməlum şəraitdə itirilmişdir. Məlumat üçün qeyd etmək zəruridir ki, onun ata adı X5, ana adı isə X2r. Hazırda onun mərhum həyat yoldaşı X1 vərəsəlik işinin açılması üçün notariusa müraciət edilmişdir. Vərəsəlik işinin açılması ərizəçinin oğlu Nümayəndə doğum şəhadətnaməsi tələb edilir. Nümayəndə doğum şəhadətnaməsində isə ana qrafasında Ərizəçi Xudaverdi qızı qeyd edilmişdir. Yaranmış problemlə əlaqədar Qeydiyyat şöbəsinə müraciət edilmişdir. Üzləşmə üçün ərizənin doğum haqqında şəhadətnaməsinin əsli tələb edilir. Onun nümayəndəsi doğum haqqında şəhadətnaməsini əldə etmək üçün 1 saylı ASAN Xidmət mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin, Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-5/8-4769/25 saylı cavab məktubundan məlum olur ki, onun barəsində Vətəndaşlıq vəziyyəti aktlarının reyestr xidmətinin arxivində doğum akt qeydi aşkar olunmamışdır. Ona görə də yaranmış problemlə əlaqədar doğum akt qeydinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi ərizəni müdafiə edərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X6 ifadəsində göstərdi ki, ərizəçi onun xalası qızıdır. Ərizəçi 1938-ci ildə Cəbrayıl rayonu, Qaracallı kəndində doğulmuşdur. Anasının adı Müxəstə, atasının adı isə Xudayardır. Məhkəmə iclasında şahid qismində ifadə verən X7 ifadəsində göstərdi ki, ərizəçi onun xalası qızıdır. Anasının adı Müxəstədir. Ərizəçi Cəbrayıl rayonu, Qaracallı kəndində doğulmuşdur. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1938-ci il tarixdə, Azərbaycan, Cəbrayıl rayonunda anadan olmuşdur. İ-ИЕ seriyalı 064393 nömrəli doöum haqqında şəhadətnamənin surətindən görünür ki, 1938-ci ilin birinci yarısında, Cəbrayıl rayonu, Qaracallı kənində doğulmuş Ərizəçi atası X5, anası isə X2r. АЗ seriyalı ******* nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.1965-ci il təvəllüdlü Nümayəndə anası X3, anası isə X4r. 1 saylı Bakı «ASAN xidmət» mərkəzində Qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, sonuncunun ərizəsinə baxılmış və bildirilmişdir ki, təqdim olunmuş şəxsiyyət vəsiqəsinin surətindən onun doğum yerinin Cəbrayıl rayonu olduğu müəyyən olunmuşdur. Eyni zamanda bildirilmişdir ki, Cəbrayıl rayon qeydiyyat şöbəsi və AR Milli Arxiv İdarəsi tərəfindən doğum akt qeydi aşkar olmamışdır. Belə ki, Cəbrayıl rayon qeydiyyat şöbəsində doğum bərpa kitabları 1659-cu ildən qeydə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”-nın birinci bəndinə əsasən, kifayət qədər əsas olmadığı üçün ərizəsinin təmin edilməsi tərəflərindən mümkün olmamışdır. Bu səbəbdən, hüquqi faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İ-ИЕ seriyalı 369479 nömrəli “Evlənmək haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 ilə Ərizəçi arasında olan nikah xx.xx.1964-cü il tarixdə 9 nömrə ilə qeyd edilmişdir. Əmək kitabçasının surətindən görünür ki, Ərizəçi 1938-ci il tarixdə doğulmuşdur. 12-18 dekabr 2025-ci il tarixli “Olaylar” qəzetində “Vətəndaş Ərizəçi aid 1956-cı 13 iyulda (N330) verilmiş doğum şəhadətnamənin itdiyi üçün etibarsız sayılması barədə” elan yerləşdirilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arixivinin xx.xx.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1938-ci ilə dair Cəbrayıl rayonu Qeydiyyat şöbəsi və Balyand icra nümayəndəliyi üzrə doğum haqqında qeydiyyat kitabında Ərizəçi (Aikuş) Xudayar (Xudaverdi) qızının təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan SSR inzibati ərazi bölgüsünə əsasən Qaracalı kəndi Balyan icra nümayəndliyinə daxil olub. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin verilməsi ilə əlaqədar ərizəçi tərəfindən məhkəməyə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylıQqərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göründüyü kimi, ərizəçi doğum qeydinin bərpası ilə bağlı müvafiq orqana müraciət etsə də, itmiş sənədin həqiqətən olduğunu təsdiq edən sənəd təqdim edilmədiyindən bərpa etmək mümkün olmamışdır. Ərizəçinin doğum qeydinin bərpası başqa qaydada mümkün deyildir. Ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktın hüquqi əhəmiyyəti olduğu üçün məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi doğum akt qeydi bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəsi təmin edilsin. Ərizəçi doğum akt qeydi bərpa edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-7245/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7245/2025
27.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver