Məhkəmə qərarları › İş №2(001)-7256/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7256/2021

16.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7256/2021 16.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və əşyalarla birlikdə yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, 100 saylı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməklə, həmin evdən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmiş və iş materiallarında olan sübutlara əsaslanaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Bu səbəbdən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil dinləyib, iş materiallarını araşdırıb, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verib, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 100 saylı ev İddiaçı atası X2 mülkiyyətində olmuşdur. X4 22 iyun 2016-cı il tarixə notariat formasında yazılı vəsiyyətnamə tərtib edərək, bütün daşınar və daşınmaz əmlakını qızı (iddiaçı) İddiaçı vəsiyyət etmişdir. X4 26 fevral 2020-ci il tarixdə “Miokardın aşağı divarının kəskin transmural infarktı” səbəbindən ölmüş və onun ölümündən sonra miras qalmış əmlak, o cümlədən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, 100 saylı fərdi yaşayış evi vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçının mülkiyyətinə keçmişdir. Həmin fərdi yaşayış evinə dair iddiaçının mülkiyyət hüququ 16.08.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və hazırda da mülkiyyətindədir. İddiaçı Cavabdeh onun əmisi oğlu olduğunu, 2011-ci ildə Gədəbəy rayonundan Bakı şəhərinə təhsil olmaq və işləmək üçün gəldikdən sonra müvəqqəti olaraq mübahisəli fərdi yaşayış evində qaldığını və müvəqqəti olaraq fərdi yaşayış evinə pasport qeydiyyatına alındığını, lakin hazırda ondan evdən və pasport qeydiyyatından çıxmasının tələb edilməsinə baxmayaraq, bundan imtina etdiyini, həmçinin evlənərək, həyat yoldaşını da həmin evə köçürtdüyünü bildirir və onun fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi və əşyaları ilə birlikdə evdən çıxarılmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 6-cı maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərinə aid edilmişdir; 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Məhkəmə, iddia tələbinin “istifadə hüququnun itirilmiş hesab edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun itirilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin sahəyə münasibətdə istifadə hüququnun ümumiyyətlə yaranıb-yaranmaması, həmçinin hazırda istifadə hüququn mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda onun itirilməsindən söhbət belə gedə bilməz. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində, Mənzil Məcəlləsinin 30-cü maddəsində və bu maddələrlə bağlı Konstitusiya Məhkəməsinin aidiyyəti Qərarlarında verilən şərhlərdə hüquqi nəticə etibarı ilə istifadə hüququnun yaranmasına, xitamına və bu hüquqdan irəli gələn digər məsələlərə "ailə üzvü", “digər ailə üzvü”, "digər qohumlar" və "digər şəxslər" prizmasından yanaşılır. Belə ki, Mülki Məcəllənin 228-ci maddəsində "ailə üzvləri" məfhumu ilə yanaşı istifadə hüququnun əldə edilməsi baxımından eyniləşdirilmiş "digər şəxslər" və “digər ailə üzvləri” məfhumları da təsbit edilmişdir və bu kateqoriyaya aid şəxslər Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddəsinin tələblərinə əsasən bir mənalı olaraq yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, onların həmin hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın və ya belə şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilmiş olsun. Digər tərəfdən Mənzil Məcəlləsinin 30.1-ci maddəsində "digər qohumlar" ifadəsindən də istifadə edilmiş və qanunverici digər qohumların yaşayış sahəsinə istifadə hüququnun yaranması üçün iki halı: birincisi - digər qohumun ailə üzvü kimi yaşayış sahəsinə köçürülməsini, ikincisi - digər qohumunun ailə üzvü kimi mülkiyyətçi ilə birgə yaşamasını şərt kimi göstərmişdir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarında "digər qohumlar" ifadəsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva etməsi barədə şərh verilmişdir. Başqa sözlə, yalnız Ailə qanunvericiliyin tələblərinə uyğun olaraq mülkiyyətçidən özünü saxlanılmasını tələb etmək hüququ olan “digər qohum”un, köçürüldüyü və mülkiyyətçi ilə birlikdə onun ailə üzvü kimi yaşadığı yaşayış sahəsindən istifadə hüququ yaranır. Bununla belə, mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun əldə edilməsi ilə bağlı həm əvvəlki mülkiyyətçi X3 (qardaşının oğlu), həm də hazırki mülkiyyətçi – İddiaçı (əmisin oğlu) münasibətdə Cavabdeh “digər qohum” statusu ilə çıxış edir. Lakin cavabdeh qohumluq dərəcəsinə görə həm əvvəlki, həm də hazırki mülkiyyətçidən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər kateqoriyasına aid edilməmişdir. Bu səbəbdən uzun müddət orada yaşamasına baxmayaraq, onun mübahisəli fərdi yaşayış evindən istifadə hüququ yaranmamışdır. Digər tərəfdən cavabdehin mübahisəli fərdi yaşayış evinə dair istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onunla həm əvvəlki mülkiyyətçi, həm də iddiaçı arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma bağlanmamışdır. Cavabdeh sadəcə olaraq mübahisəli evə pasport qeydiyyatına alınmışdır. Cavabdehin mübahisəli mənzilə pasport qeydiyyatına alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri baxımından onun vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir və onun həmin evdə pasport qeydiyyatında olması bu əmlakdan istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz. Bununla belə, məhkəmə cavabdehin mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun yaranmamasını nəzərə alıb, belə qənaətə gəlir ki, iddia tələbi “cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsi” hissəsində əsassızdır və rədd edilməlidir. Məhkəmə iddia tələbinin “cavabdehin əşyalarla birlikdə yaşayış sahəsindən çıxarılması” hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmiş və insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi də hər bir fiziki və hüquqi şəxsin əmlakından maneəsiz istifadə hüququna malik olmasını təsbit edir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında məhz bu mövqeydən çıxış edir (“Marks Belçikaya qarşı”, “Mançini İtaliyaya qarşı”, “Loizidu Türkiyəyə qarşı”, “Akimova Azərbaycana qarşı” və sair). Mülki Məcəllənin 157-ci maddəsi mülkiyyət hüququnun 3 üsulunu təsbit etmişdir: mülkiyyət hüququnun tanınması, özgənin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi, mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Mülkiyyətçi bu üsullardan istifadə edərək öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bununla belə, iddiaçı - mülkiyyətçi İddiaçı mübahisəli əmlaka dair mülkiyyət hüququ dövlət reyestrində rəsmi olaraq dövlət qeydiyyatına alınmışdır və o, ona mənsub olan bu əmlaka öz istədiyi kimi sahib olmaqda, ondan istifadə etməkdə və ona dair sərəncam verməkdə sərbəstdir və buna dair ona heç kimdən razılığın alınması tələb edilmir. Həmin fərdi yaşayış evində hazırda cavabdeh yaşayır, ev onun istifadə və sahibliyindədir. Cavabdehin bu evdə yaşamaq, ondan istifadə və ona sahiblik etmək üçün hər hansı hüquqi əsasının olması, o cümlədən onunla iddiaçı arasında kirayə və sair müqavilənin bağlanması, başqa sözlə cavabdehin mübahisəli əmlakla hər hansı hüquqi bağlılığı müəyyən edilməmişdir. Cavabdehin iddiaçıya məxsus olan evdə yaşaması (mövcud vəziyyətdə zəbt etməsi) və bu halın qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı nəticə etibarı ilə iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır. İddiaçı, mülkiyyətçi olmasına baxmayaraq, hazırda qeyd edilən əmlaka sahiblik və ondan istifadə edə bilmir, o, bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehin bu hərəkətləri nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə qeyd edir ki, cavabdehin hər hansı hüquqi əsas, o cümlədən idiaçının iradəsinə zidd olaraq mübahisəli əmlakda yaşaması iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyətə münasibətdə konstitusion hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, cavabdehin onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz sahibliyinə və istifadəsinə son qoyulmalı və cavabdeh iddiaçının mülkiyyətində olan evdən bütün əşyaları ilə birlikdə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 100 saylı fərdi yaşayış evindən bütün əşyaları ilə birlikdə çıxarılmalı, iddia qalan hissədə rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 100 saylı fərdi yaşayış evindən bütün əşyaları ilə birlikdə çıxarılsın. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar