Məhkəmə qərarları › İş №2(001)-7270/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7270/2024

22.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7270/2024 22.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Pərviz Şahin oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Binəqədi rayonu üzrə sektorunun da maraqlı şəxs qismində cəlb olunduğu “zəbt olunmuş mənzildən çıxarılma və sair” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Binəqədi rayonu üzrə sektorunun da maraqlı şəxs qismində cəlb olunduğu “zəbt olunmuş mənzildən çıxarılma və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçı iddia ərizəsində cavabdehlər kimi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, onların ünvanı kimi isə ünvan 1 3, mənzil 75 ünvanını göstərsə də, cavabdehlərin şəxsiyyətlərini eyniləşdirməyə imkan verən məlumatları iddia ərizəsində göstərməmiş, həmçinin cavabdehlərin faktiki yaşadıqları və ya rəsmi qeydiyyatda olduqları ünvanları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Cavabdehlərin şəxsiyyətlərinin dəqiq müəyyən edilməsi, mülki işin baxışı zamanı çəkişmə prinsipinə riayət olunmasını təmin etmək məqsədilə cavabdehlərə məhkəmə bildirişlərinin çatdırılması üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilmiş normaları nəzərə alaraq, hesab edirəm ki, iddiaçı tərəfindən iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədən tərtib edilyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151 və 152-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Binəqədi rayonu üzrə sektorunun da maraqlı şəxs qismində cəlb olunduğu “zəbt olunmuş mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən qüsurlar aradan qaldırıldıqdan sonra o, ümumi qaydada məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar