Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-728/2021 17.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X12 oğlunun katibliyi, İddiaçı1, onun vəkili Vəkil, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki işə 17 noyabr 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 və İddiaçı2 birgə iddiaçılar şəklində Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Binəqədi qəsəbə Bələdiyyəsinin 14 may 2010-cu il tarixli, 55 saylı qərarı ilə İddiaçı1 istifadəsinə ayrılmış 100 kv.metr, İddiaçı2 istifadəsinə ayrılmış 100 kv.metr torpaq sahəsində (cəmi 200 kv.metr) Cavabdeh tərəfindən özbaşına tikilmiş yaaşyış evinin sökülərək həmin torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 vəkili Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Binəqədi qəsəbə Bələdiyyəsinin 14 may 2010-cu il tarixli, 55 saylı qərarı ilə İddiaçı1 istifadəsinə 100 kv.metr torpaq sahəsi ayrılmışdır. İddiaçı1 aldığı torpaq sahəsinin sağ yan tərəfində olan torpaq sahəsini onun qaynı oğlu İddiaçı2 almışdır. Lakin, maddi imkanları olmadığı üçün iddiaçılar aldıqlarını torpaq sahələrini hasara almamış, sahələr açıq qalmışdır. Torpaq sahəsini aldıqdan sonra İddiaçı1 2010-cu ildə Rusiya Federasiyasına, İddiaçı2 isə yaşadığı İmişli rayonuna getmiş, torpaq sahələri nəzarətsiz qalmışdır. 2019-cu ilin fevral ayında İddiaçı1 həmin torpaq sahələrinə baxdıqda həmin sahədə yaşayış evi tikildiyini müəyyən etmişdir. Bu barədə Polis İdarəsinə müraciət etdikdən sonra müəyyən olunmuşdur ki, həmin tikilini inşa etmiş şəxs X7r. Polisə müraciətləri ilə bağlı 23 yanvar 2020-ci il tarixdə “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Qərarda Binəqədi qəsəbə Bələdiyyəsinin 14 aprel 2008ci il tarixli, 611 nömrəli Sərəncamına əlavə edilmiş eskizə görə həmin sərəncamla X1 və istifadə hüquqları verilmiş 300 kv.metr torpaq sahəsi ilə İddiaçı1 ayrılmış torpaq sahələrinin üst-üstə düşmədiyi, başqa ərazilərdə yerləşdiyi müəyyən edilmişdir. Bunu Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən verilmiş 18 may 2020-ci il tarixli arayış da təsdiq edir. Beləliklə, müəyyən olunur ki, cavabdeh tərəfindən inşa edilmiş tikili ona ayrılmış torpaq sahəsində deyil, iddiaçılara məxsus torpaq sahəsində inşa edilmişdir. Buna görə də, həmin tikili sökülməli, zəbt olunmuş torpaq sahəsi iddiaçılara qaytarılmalıdır. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etmədiklərini bildirərək izahatında göstərdi ki, Bələdiyyənin məktubundan da görünür ki, iddiaçılarla cavabdehə ayrılmış torpaq sahələri tamam ayrı ərazilərdə yerləşirlər. Cavabdeh sözügedən torpaq sahəsini 2008-ci ildə almış, həmin vaxtdan o, özü üçün fərdi yaşayış evi inşa etdirmiş, qısa zaman ərzində evin inşasını yekunlaşdıraraq orada yaşamağa başlamışdır. Elə həmin vaxtlarda da evə su, işıq və qaz xətləri çəkdirmiş, həmin kommunal vasitələrdən istifadə etmişdir. Cavabdehin inşa etdiyi evin yerləşdiyi torpaq sahəsinə görə 2008-2009-2010-cu illərə görə vergi ödəniş qəbzləri, su sayğacının quraşdırılmaısna dair 09 iyun 2010-cu il tarixli qəbz, elektrin enerjisindən qeydiyyatsız və sayğacsız istifadəyə dair 11 sentyabr 2009-cu il tarixli akt və ödəmə qəbzləri, işıq üçün 17 sentyabr 2009-cu il tarixdən başlanan ödəniş məlumatları, "xxxx" ASC ilə 06 mart 2010-cu il tarixli müqaviləsi, 01 oktyabr 2008-07 oktyabr 2020-ci illərə dair ödəniş məlumatları və s. mövcuddur. Bütün bunlar onu sübut edir ki, cavabdeh həqiqətən də 2008-ci ildə istifadəsinə ayrılmış torpaq sahəsində fərdi yaşayış evi inşa etməklə 2009-cu ildən orada yaşamışdır. Digər tərəfdən, cavabdehin inşa etdiyi yaşayış evinin iddiaçılara ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsini də təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, iddiaçılar tərəfindən hazırki iddianın verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 6 illik iddia müddəti buraxılmışdır. Sonda Nümayəndə məhkəmədən əsassız olduğundan iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan: - 23 yanvar 2020-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, - İddiaçı1 19 dekabr 2019-cu il tarixdə Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək Binəqədi qəsəbə Bələdiyyəsinin 15 may 2010cu il tarixli, 55 saylı qərarına əsasən, fərdi yaşayış evinin tikintisi üçün onun istifadəsinə verilmiş 100 kv.metr torpaq sahəsinin naməlum şəxs tərəfindən zəbt edilərək qanunsuz ev tikdiyini bildirmişdir. Həmçinin, İddiaçı2 da 19 dekabr 2019-cu il tarixdə Binəqədi RPİ-nin 43-cü PB-ə ərizə ilə müraciət edərək Binəqədi qəsəbə Bələdiyyəsinin 03 dekabr 2009-cu il tarixli, 725 saylı qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün onun istifadəsinə verilmiş 100 kv.metr torpaq sahəsinin naməlum şəxs tərəfindən zəbt edilərək qanunsuz ev tikdiyini bildirmişdir. - Binəqədi qəsəbə Bələdiyyəsinin 03 dekabr 2009-cu il tarixli, 125 saylı Qərarı ilə Binəqədi qəsəbə Bələdiyyəsinin ərazi hüdudlarında X3 istifadəsinə ayrılmış yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 100 kv.metr torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqları İddiaçı2 verilmişdir. - Binəqədi qəsəbə Bələdiyyəsinin 14 may 2010-cu il tarixli, 55 nömrəli Qərarı ilə Binəqədi qəsəbə Bələdiyyəsinin ərazi hüdudlarında X9 istifadəsinə ayrılmış fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 200 kv.metr torpaq sahəsinin 100 kv.metr hissəsinin sahiblik və ondan istifadə hüquqları Sadıqova (Ağaməmmədova) Yetər Ağaməmməd qızına verilmişdir. - Araşdırma zamanı hadisə yerinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, İddiaçı1 və İddiaçı2 iddia etdikləri torpaq sahəsində Cavabdeh tərəfindən fərdi yaşayış evi inşa edilmişdir. - Araşdırma zamanı Cavabdeh izahat verərək göstərmişdir ki, 0, 2008-ci il tarixdə Binəqədi qəsəbəsi DSK yolu deyilən ərazidə X4 3 sot torpaq sahəsi almış və hissəhissə 2-3 il ərzində həmin torpaq sahəsində özünə yaşayış evi inşa etmişdir. Torpaq sahəsini aldığı vaxtdan bugünədək torpaq sahəsi ilə bağlı heç kim narazılığını bildirməmiş, onu narahat etməmişdir. - Binəqədi qəsəbə Bələdiyyəsinin Vəkil ünvanladığı 18 may 2020-ci il tarixli, 01-13/21-248 saylı məktubda göstərilmişdir ki, Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən İddiaçı1 istifadəsinə ayrılmış 14 may 2010-cu il tarixli, 55 saylı qərarı ilə 100 kvm.etr torpaq sahəsi və Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən Cavabdeh istifadəsinə ayrılmış 14 aprel 2008-ci il tarixli, 611 saylı sərəncamı ilə 300 kv.metr torpaq sahələri başqa ərazilərdə yerləşərək uyğunluq təşkil etmir. İddiaçı1 və İddiaçı2 hər birinə ayrılmış 100 kv.metr torpaq sahələri eskiz-sxem üzrə uyğunluq təşkil edir. - Binəqədi qəsəbə Bələdiyyəsinin 03 dekabr 2009-cu il tarixli, 725 saylı qərarından görünür ki, Binəqədi qəsəbə Bələdiyyəsinin ərazi hüdudlarında X3 və İddiaçı2 razılıq müraciətləri nəzərə alınaraq E.Məhərrəmovun istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilmiş fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 100 kv.metr torpaq sahəsinin sahiblik və istifadə hüquqları İddiaçı2 istifadəsinə verilmişdir. - Binəqədi qəsəbə Bələdiyyəsinin 14 may 2010-cu il tarixli, 55 saylı qərarından görünür ki, Binəqədi qəsəbə Bələdiyyəsinin ərazi hüdudlarında X9 və X2 razılıq müraciətləri nəzərə alınaraq Ş.Rəhimovun istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilmiş fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 200 kv.metr torpaq sahəsinin 100 kv.metrinin sahiblik və istifadə hüquqları X2 istifadəsinə verilmişdir. - Binəqədi qəsəbə Bələdiyyəsinin 14 aprel 2008-ci il tarixli, 611 nömrəli Sərəncamından görünür ki, Binəqədi qəsəbə Bələdiyyəsinin ərazi hüdudlarında X5 və Cavabdeh razılıq ərizələri və müraciətləri nəzərə alınaraq Ə.Məmmişovun istifadəsinə ayrılmış, ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 300 kv.metr torpaq sahəsini sahiblik və ondan istifadə hüquqları Cavabdeh adına keçirilmişdir. - "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 06 mart 2010-cu il tarixli müqaviləyə əsasən, Binəqədi şossesi, ev 325A ünvanı su ilə təchiz edilmişdir. - "xxxx" ASC-nin əməkdaşları və Cavabdeh iştirakı ilə tərtib olunmuş 14 sentyabr 2009-cu il tarixli, 169018 nömrəli aktdan görünür ki, Cavabdeh yaşadığı Binəqədi qəsəbəsi, Stroydetal ünvanına **********20293 abunə kodu üzrə sayğac quraşdırılmışdır. - "xxxx" Dövlət Müəssisəsinin 14 sentyabr 2009-cu il tarixli, 986461 nömrəli ödəniş qəbzindən görünür ki, Cavabdeh tərəfindən **********20293 abunə kodu üzrə 120 manat işıqpulu ödənilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmənin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçılar öz tələblərinin əsası kimi istinad etdikləri halları sübuta yetirə bilməmiş, iddia edilən tikilinin məhz iddiaçılara ayrılmış torpaq sahəsində inşa olunması öz təsdiqini tapmamış və bunun əsası kimi hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin 11 noyabr 2021-ci il tarixli, 2(001)-5664/2020 saylı qərardadına əsasən, sözügedən torpaq sahələrinin sərhədlərinin və tikilinin iddiaçılara ayrılmış torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsinin müəyyənləşdirilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekrpertizanın keçirilməsinə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən mütəxəssisin cəlb olunması qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18 mart 2021-ci il tarixli, **********01 saylı mütəxəssis rəyində göstərilmişdir ki, Binəqədi qəsəbə Bələdiyyəsinin qərarlarında tərəflərə ayrılmış torpaq sahələsinin yerləşmə sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilmədiyindən, tərəflərə ayrılmış torpaq sahələrinin sərhədlərinin haradan keçdiyi, habelə, iddiaçılara ayrılmış torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia rədd edilməli, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ekspertiza xərci kimi 95 manat məbləğində pul vəsaiti iddiaçılardan müştərək qaydada tutularaq "xxxx" MMC-nin ("xxxx" ASC Xətai filialı, SWİFT kod: AZİİBAZ2X; mühbir hesab: AZ37NABZ********************, benefisiarın hesabı: AZ23AİİB********************; VÖEN: **********) hesabına ödənilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası rədd edilsin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı1 aid edilsin. Ekspertiza xərci kimi 95 manat məbləğində pul vəsaiti İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin ("xxxx" ASC Xətai filialı, SWİFT kod: AZİİBAZ2X; mühbir hesab: AZ37NABZ********************, benefisiarın hesabı: AZ23AİİB********************; VÖEN: **********) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-728/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-728/2021
17.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver