Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7289/2024 25.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Pərviz Şahin oğlu, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 310.2-ci maddəsinə əsasən Bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Bununla yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddəsinin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1- dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması kimi faktın müəyyən edilməsi yolverilməzdir. Bu faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Belə sənədlər əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310.2-ci maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Ərizəçi ərizədə heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, Azərbaycan Respublikasında daimi yaşaması faktının və doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etsə də, mülki prosessual qanunvericiliyin imperativ tələbinə riayət etməmiş, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənədləri ərizəyə əlavə etməmişdir. Eyni zamanda qeyd etməyi zəruri hesab edirəm ki, ərizəçi eyni tələblə bağlı ərizə ilə 16 may 2024-cü il və 23 iyun 2024-cü il tarixlərində məhkəməyə müraciət etmiş, ərizə mülki prosesual qanunvericilikdə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən verildiyi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3923/2024 saylı 21 may 2024-cü il tarixli və 2(001)-4326/2024 saylı 14 iyun 2024-cü il tarixli qərardadlarına əsasən ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmış, ərizəçiyə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə yenidən müraciət etmək hüququ izah olunsa da, ərizəçi tərəfindən qərardadda göstərilən nöqsanları aradan qaldırılmamış, məhkəmənin 2(001)-4326/2024 saylı 14 iyun 2024-cü il tarixli qərardadı tərəfindən şikayət verilməklə mübahisələndirilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4486/2024 saylı, 22 iyul 2024-cü il tarixli qərardadı ilə ərizəçinin şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4326/2024 saylı, 14 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Apellyasiya məhkəməsi həmin qərarında qeyd etmişdir ki, iş materiallarında ərizəçinin vəkili tərəfindən Ərizəçi hər hansı dövlətin vətəndaşlığına malik olub-olmaması və Azərbaycan Respublikasında yaşayıb-yaşamaması barədə Dövlət Miqrasiya Xidmətinə müraciət edilsə də, nə vəkilin müraciətinin ərizəçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə ilk növbədə müvafiq icra hakimiyyəti orqanı olan Dövlət Miqrasiya Xidmətinə edilən müraciət kimi, nə də Xidmətin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubundakı məlumatın ərizəçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı kimi qəbul edilə bilməz. Bundan sonra ərizəçi tərəf yenidən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə ərizə ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin idarə tərəfindən onun müraciətinə aidiyyəti üzrə baxılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4.5-ci yarımbəndində şəxsin doğum haqqında şəhadətnaməsinin surətinin (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənədin) sorğuya əlavə olunmasının nəzərdə tutulması, qeyd olunan sənədin Dövlət Miqrasiya Xidmətinə təqdim olunduqdan sonra onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın davam etdirilə biləcəyi bildirilmişdir. Belə olduğu təqdirdə, məhkəmə ərizəçiyə nail olmaq istədiyi məqsədə çatmaq üçün (arayışın alınması) çıxış yolu kimi prosessual qanunvericiliyin müvafiq normasında təsbit edilmiş formada Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etməsini, əks halda həmin orqanın hərəkət və ya hərəkətsizliyindən inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət etməsinin izah olunmasını məqsədəmüvafiq hesab edir. Digər tərəfdən qeyd edilməlidir ki, ərizəçi tərəfindən mülki prosessual qanunvericiliyin normalarına riayət edilməmiş, prosedur və qaydaları bir-birindən fərqlənən bir neçə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi bir ərizədə birləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilmiş normaları nəzərə alaraq, hesab edirəm ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149, 151, 152, 263-264, 266-269, 307.2.10-1 və 310.2-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-7289/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7289/2024
25.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver