Məhkəmə qərarları › İş №2(001)-741/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-741/2021

04.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-741/2021 04.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslanırılmışdır ki, iddiaçı tərəflər nikaha daxıl olduğu vaxtdan ailə münasibətləri pozulan vaxtadək cavabdehlə birlikdə ona məxsus olan ünvan 1 ünvanında yaşamış və birgə təsərrüfat aparmışlar. Münasibətlərinin kəskinləşdiyi vaxtda uşaqların mənafeyi və həmin vaxt gərgin olan vəziyyətin daha da kəskinləşməməsı, həmçinin başqa obyektiv və subyektiv səbəblərdən iddiaçı evi tərk etmək məcburiyyətində qalmışdır. Həmin vaxtdan bır müddət kirayədə yaşasa da, sonradan maddi imkansızlıqdan kirayə haqqının ödənilməsində problem yarandığından valideynlərinin və qohumlarının yanında yaşamaq məcburiyyətində qalmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-cı ıl tarixli, 2(001)- 325/2020-saylı qətnaməsi ilə X4 və X5 cavabdehin, X2 və X3 isə iddiaçının himayəsində qalması qət edildiyindən uşaqlar bir-bırındən ayrı yaşamaq və böyümək məcburiyyətindədir. Bu da nəticədə onların bir-birilə bağlılığına mənfi təsir edə bilər. Lakin iddiaçının azyaşlı uşaqları ilə cavabdehə məxsus evə köçürülməkləri nəticəsində uşaqların birlikdə böyütmək və onların bir-birinə olan bağlılığını daha da möhkəmləndirmək imkanları olacaq. Eyni zamanda iddiaçı İİ qrup əlil olduğundan və maddi imkansızlıq səbəbindən ev almaq və həm qızlarını böyütmək, həm də oğlanları ilə ünsiyyətdə olduğu vaxtlarda onları yaşadığı evə gətirərək bir neçə gecə bir yerdə gecələməkləri olduqca çətin olur. Lakin onların cavabdehə məxsus evə köçürülməkləri bu narahatçılığı da tam aradan qaldırmış olar. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda iddiaçının nümayəndəsi məhkəməyə bildirdi ki, iddiaçı mübahisəli evdə qeydiyyatdadır və belə olan halda onun orada yaşamasını təsdiq etmək üçün hər hansı əlavə sübuta ehtiyac yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, iddiaçı tərəfindən hazırkı iddia onunla barışmaq və ailənin bərpa edilməsi məqsədi ilə verilmiş, lakin bu mümkün deyil. İddiaçının köçürülməsini tələb etdiyi evdə onlar bir gün olsa belə yaşamamış, həmin ev onun atasına məxsusdur və həmin evdə 20 nəfərdən çox adam qeydiyyatdadır. O, ailə qurduqdan sonra iddiaçı və onların dörd uşağı ilə tamamilə başqa evdə yaşamış, iddiaçının cehiz əmlakları da həmin yaşadıqları evə gətirilmişdir. Həmin ev özbaşına tikili olduğu və rəsmi ünvanı olmadığı üçün, ora deyil, atasının evinə qeydiyyata düşmüşlər. Lakin o demək deyil ki, bu gün iddiaçı gedib atasına məxsus həmin evdə yaşamalıdır. Qanunla aralarında nə bölünməli idisə - həmin əmlaklar artıq məhkəmə qətnaməsi ilə bölünüb. Aralarında nikah pozulan zaman da iddiaçıya demişdir ki, dörd uşağın dördünü də özü saxlamağa hazırdır. İddiaçı razılaşmadı və bu gün iki uşağın onun yanında qalması ilə manipulyasiya etməyə çalışır. Mübahisəli evin cavabdehin atasına məxsus olmasını iddiaçı özü də bilir və əvvəlki məhkəmə iclasında izahatında bildirib. Belə olan halda iddia tələbi qanunsuz və əsassızdır və rədd edilməlidir. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərmişdir ki, köçürülməsini tələb etdiyi evdə qeydiyyatdadır və həmin ev qayınatasına məxsusdur. Həmin tarixdə iddiaçı məhkəmədən mübahisəli evdə yaşamasına dair sübutların təqdim edilməsi üçün vaxt istəmiş, məhkəmə iddiaçının şifahi vəsatətini təmin edərək işə baxılmasını təxirə salmış, lakin növbəti məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili tərəfindən qeyd olunan məsələyə dair hər hansı sübut məhkəməyə təqdim edilməmiş, iddiaçı özü isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı tərəfindən köçürülməsi tələb edilən ev özbaşına tikilidir və iddiaçının qayınatasına məxsusudr. İddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər qismində yalnız uşaqların doğum haqqında şəhadətnamələrin və iddiaçının əlil olmasını təsdiq edən vəsiqənin təsdiq olunmamış surətləri əlavə edilmişdir. Sonuncu məhkəmə iclasında isə iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının tələblərinin əsaslı olmasını sübutu kimi Binəqədi rayon İcra Hakimiyyətinin Binəqədi qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə ünvanladığı sorğunu, X1 tərəfli anadangəlmə əyripəncəlik diaqnozunun qoyulmasına dair arayışı və yenə də iddiaçının əlil olmasını təsdiq edən vəsiqənin və şəxsiyyət vəsiqəsinin təsdiq olunmamış surətlərini məhkəməyə təqdim etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı mülki prosessual qanunvericiliklə onun üzərinə qoyulmuş sübutetmə vəzifəsini lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarında göstərilmişdir ki, "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Bundan əlavə, hər iki tərəfin mübahisəli evin cavabdehin qayınatasına məxsus olmasını izahatlarında bildirdikləri halda iddianın hansı əsaslarla cavabdehə qarşı qaldırılması iş materiallarından aydın deyil. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İş materiallarından görünür ki, tərəflər xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Eyni zamanda məhkəmə iddiaçının mübahisəli evdə qeydiyyatda olmasına dair dəlilinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, cavabdehin mübahisəli evdə qeydiyyatda olması faktı da, onun hazırkı vaxtda daşınmaz əmlakdan istifadə hüququnun mövcudluğunu ehtiva etmir. Çünki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddia ərizəsi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar