Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-743/2021 17.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən istifadəyə maneələrə son qoyulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evdən istifadəyə maneələrə son qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, xx.xx.1987ci il tarixdə cavabdehlə rəsmi nikaha daxil olmuş, həmin tarixdən cavabdehin atasına məxsus ünvan 1 ünvanında yaşamış, həmin evdə onun övladları doğulub böyümüşlər. xx.xx.2020-ci il tarixdə cavabdeh onu evdən qovmuşdur. O, özü müəllimədir və mübahisəli evin faktiki sahəsinin artırılması, tikilməsi və təmir edilməsində onun da zəhməti və maddi iştirakı olub. Evin sahəsi çıxarışda cəmi 72,5 kv.m. olsa da, real sahə qat-qat artıqdır. Həmin evdə hal-hazırda cavabdeh tək yaşayır, o isə eyni həyədə oğlunun ailəsi ilə birlikdə yaşadığı digər evə sığınmaq məcburiyyətindədir. Həmin ev iki balaca otaqdan ibarətdir, sanitar qovşağı isə oğlunun və gəlinin yataq otağındadır. Belə olan halda onun bu yaşlı vaxtında həmin evdə yaşaması cavan ailənin də həyatını əsaslı şəkildə çətinləşdirmişdir. Eyni zamanda cavabdeh onların birgə nikahı zamanı böyük oğlu üçün ev almış, lakin gəlininə etibar etmədiyi üçün həmin evi onun adına rəsmiləşdirmişdir. Hal-hazırda həmin mənzilin ½ hissəsi onun adınadır, lakin onun həmin mənzildə yaşamağa nə istəyi, nə də ki, imkanı yoxdur. Belə ki, oğlu və gəlini ilə münasibətləri çox gərgindir və onların bir evdə yaşamaqları mümkün deyil. Qayınatası uzun illər əvvəl vəfat etsə də, hal-hazırda onun istifadə hüququnu reallaşdırmaq istədiyi ev qayınatasının adına olaraq qalıb. Belə olan halda cavabdehin onun həmin evdə yaşamasına maneələr törətməsi qanunsuz və əsassızdır. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə xx.xx.2020-ci il tarixdə nikahları pozulduqdan, onun mübahisəli evdə yaşamasını əngəlləmiş və həmin evə buraxmır. Halhazırda iddiaçının ünvan 2 mənzil 26 ünvanında yaşamağa qanuni imkanları var və hazırkı iş üzrə mübahisələndirilən yaşayış sahəsinə ehtiyacı yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, hal-hazırda mübahisəli evdə tək yaşayır, iddiaçı isə kiçik oğluna məxsus evdə qalır. Onların bundan sonra bir evdə yaşamaları mümkün deyil. Mübahisəli ev atasının adınadır. İddiaçı həmin evə gəlin gəlmiş və həmin vaxt mübahisəli evdə onlar atası ilə birlikdə yaşayırdılar. Sonradan atası vəfat etsə də, o, evi adına rəsmiləşdirməmişdir. İddiaçı həmin evdə 1987-ci ildən 2020-ci ilədək yaşayıb, lakin nikahları pozulduqdan sonra onun həmin evdə yaşamasının heç bir əsası yoxdur. Birgə nikahları zamanı o, ünvan 2 mənzil 26 ünvanında yerləşən evi iddiaçının adına almış və sonradan həmin ev aralarında bölünmüşdür. Həmin evdə hal-hazırda onların böyük oğlu ailəsi ilə birlikdə yaşayır. İddiaçının böyük oğlunun arvadı ilə yola getməməsi onların boşanmalarına səbəb olmuşdur. Hal-hazırda da iddiaçının böyük oğlu və gəlini ilə münasibətləri çox gərgindir, aralarında münaqişə mövcuddur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak cavabdehin atası X1 mülkiyyətindədir. X1 adına çıxarış xx.xx.2020-ci il tarixdə alınsa da, hər iki tərəf qəbul edir ki, iddiaçı həmin evə gəlin gəldiyi 1987-ci ildə mübahisəli evə köçdükdə də ev X1 mülkiyyətində olmuş və Əli Məmmədov uzun illər əvvəl ölmüşdür. Eyni zamanda iddiaçının 1987-ci ildən 2020-ci ilədək ünvan 1 ünvanında yaşaması da cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdehin etirazının əsas dəlili ondan ibarətdir ki, hal-hazırda onlar iddiaçının iradəsinə əsasən boşanıblar və iddiaçının belə olan vəziyyətdə gəlib onunla yaşaması düzgün deyil. Bundan əlavə cavabdeh iddiaçının gedib ½ hissəsi onun adına olan evdə yaşaya biləcəyini qeyd etsə də, izahatlarında dəfələrlə göstərmişdir ki, nikahlarının pozulmasının səbəbi iddiaçının həmin evdə yaşayan gəlinləri ilə davası olmuşdur. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd edir ki, Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsi və Mülki Məcəllənin 228-ci maddəsi ayrıayrılıqda vətəndaşların mənzildən istifadə etmək hüququnu tənzimləyərək bu hüququn müxtəlif şərtlərlə həyata keçirilməsini müəyyənləşdirir. Belə ki, 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Lakin bu maddə həmin şəxslər arasında razılaşmanın formasını və reallaşmasının şərtlərini müəyyən etməməklə məsələni tərəflərin öhdəsinə buraxmış, yaşayış sahəsindən istifadə qaydası və xərclərdə iştirakın məbləği haqqında əmələ gələn mübahisələrin məhkəmə yolu ilə həllini müyyənləşdirmişdir. 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Beləliklə, Mülki Məcəllənin göstərilən maddələri yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsini vacib saydığı halda, bu qayda Mənzil Məcəlləsinin 123-cü maddəsində nəzərdə tutulmamışdır. ... 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir”. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Göründüyü kimi, İddiaçı qayınatası X2 məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakdan istifadə hüququnun yaranması qanunvericiliyin yuxarıda sadalanan müddəaları ilə təsdiq olunur. Belə olan halda onun istifafə hüququna xitam verilməsinə yalnız mülkiyyətçi tərəfindən ona kompensasiya ödənilməsi yolu ilə mümkün ola bilər. Bunun üçün hal-hazırda (X3 vəfat etdiyi halda) ilkin olaraq daşınmaz əmlakın mülkiyyətçisi müəyyən olunmalıdır. Hal-hazırda isə hər iki tərəf mübahisəli mənzilə münasibətdə eyni statusdadırlar (mülkiyyətçinin daşınmaz əmlakdan istifadə hüququ olan ailə üzvü) və birbirinə daşınmaz əmlakdan istifadə hüququna maneə törətmələri üçün heç bir qanuni əsas mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-ci maddəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakdan İddiaçı tərəfindən istifadə edilməsinə maneələrin yaradılması Cavabdeh qadağan edilməlidir.. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakdan İddiaçı tərəfindən istifadə edilməsinə maneələrin yaradılması Cavabdeh qadağan edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-743/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-743/2021
17.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver