Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7468/2022 07.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında araşdırıb, MÜƏYYƏN ETDİM: Ərizəçi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, 1990-cu ildə onunla Maraqlı şəxs2 arasında Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilin ¼ hissəsinin alqı-satqı müqaviləsinin bağlanması faktının olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi eyni ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə artıq bir dəfə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-6382/2022 saylı qərardadı ilə Ərizəçi (maraqlı şəxslər X1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “alqı-satqı faktının müəyyən edilməsi” barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilmiş, ərizəçiyə izah edilmişdir ki, daşınmaz əmlakın alqı-satqı müqaviləsi notariat qaydasında təsdiqlənməlidir və Ərizəçi tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu onun özünə qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, “ ... “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. 01 sentyabr 2000-ci il tarixdən qüvvədən olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Eyni zamanda, 01 mart 1965-ci il tarixdə qüvvəyə minmiş əvvəlki Mülki Məcəllənin 230-cu maddəsinə əsasən tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alqı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. Mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktları o zaman müəyyən edə bilər ki, həmin faktların qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmasın. Lakin, mülki qanunvericilikdə daşınmaz əmlakın alqı-satqı müqavilələrinin notariat qaydasında təsdiqlənməsi nəzərdə tutulduğundan, ərizəçinin xahişinə əsasən daşınmaz əmlaka dair alqı-satqı müqaviləsinin bağlanmasının hüquqi əhəmiyyəti olan fakt kimi tanınması yolverilməzdir”. Ərizəçi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 6382/2022 saylı qərardadını mübahisələndirməmiş, yenidən eyni tələblə məhkəməyə müraciət etmiş və 1990-cu ildə onunla Maraqlı şəxs2 arasında Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilin ¼ hissəsinin alqı-satqı müqaviləsinin bağlanması faktının olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd etməyi zəruri hesab edirəm ki, ərizəyə X2 ilə X3 arasında bağlanmış müqaviləyə dair notariat işinin əlavə edilməsi, hazırkı mübahisənin xüsusi icraat qaydasında baxılmasını mümkün etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə müvafiq olaraq, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktları normalarına əsasən hesab edirəm ki, ərizənin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Ərizəyə 2(001)-6382/2022 saylı iş üzrə istifadə edilmiş dövlət rüsumunun ödənilməsinə dair qəbz əlavə edildiyinə görə, rüsumunun yenidən ərizəçiyə qaytarılması məsələsi tərəfimdən həll edilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4., 153.2.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. Ərizəçiyə izah edilir ki, hazırkı tələblə iddia icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-7468/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7468/2022
07.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver