Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-751/2021 22.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi, Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (maraqlı şəxs qismində (müstəqil tələb irəli sürməyən) Bakı şəhəri 20 saylı Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı ərazi idarəsi cəlb edilməklə) “vərəsəlik hüququnun tanınması və mirasdan pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras əmlak X6 məxsusu Bakı şəhəri, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, ev 103 ünvanında yerləşən daşınmaz əmlak üzərində vərəsəlik hüququnun tanınması, mirasdan onun 1/1 hissə ilə pay hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.1969-cu il tarixdə Bakı şəhəri, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, ev 103 ünvanında doğulmuşdur. Doğulduğu vaxtdan həmin ünvanda yaşamışdır. 1988-ci ildə ailə qurduqdan sonra həmin ünvandan köçmüşdür. Lakin 1991-ci ildən yenidən həmin ünvanda qeydiyyata düşməklə xx.xx.1999cu il tarixdə həyat yoldaşının vəfat etməsi ilə əlaqədar olaraq həmin ünvanda yaşamağa davam etmişdir. Atası ilə anasının nikahı pozulsa da, lakin o, təkidlə anasını həmin ünvana gətirmişdir. Atasının bir müddət ərzində içki aludəçisi olmağı səbəbindən aralarında müəyyən problemlər yaranmışdır. Onu və anasını (atası ilə anasının nikahının pozulması xx.xx.2002-ci il tarixdə dövlət qeydiyyatına alınsa da, əslində nikah 1986-cı il tarixdən pozulmuşdur) evdən qovsa da, sonradan məhkəmə qətnaməsi ilə həmin mənzilə məcburi qaydada köçürülmüşdür. Bacısı ailə quraraq həmin ünvandan köçsə də, formal olaraq həmin ünvanda qeydiyyatda qalmışdır. Anası atasına qarşı Bakı şəhəri, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, ev 103 ünvanında yerləşən əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olaraq bölgüsünə dair məhkəməyə müraciət etsə də, məhkəmə həmin mənzili birgə nikah dövründə əldə edilmiş mənzil kimi hesab etməmişdir. Belə ki, həmin ev anası ora gəlin kimi köçməzdən əvvəl mövcud olmuş, dövlət qeydiyyatına alındıqda isə anası ilə atasının nikahı pozulmuşdur. Mənzil atasının xüsusi mülkiyyətində olmuşdur. Atası ilə münasibətləri normal olmuş, onun xx.xx.2018-ci il tarixdə vəfat etməsi ilə əlaqədar bütün dəfn xərclərini o çəkmişdir. Belə ki, atası ilə yaşaya bilmədiyindən anası özünə Binəqədi ərazisində özünə ev alaraq, atasına məxsus olan evdən köçüb getmişdir. Bu barədə məhkəmə qətnaməsi mövcuddur. Beləliklə atadan miras qalan Bakı şəhəri, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, ev 103 ünvanında yerləşən daşınmaz əmlakda atasının vəfatından sonra, yəni xx.xx.2018-ci il tarixdən hal-hazırki vaxtadək mirasa faktiki sahiblik və idarə etməklə həmin ünvanda yaşayır. Qeyd edilənləri reyestr xidmətində rəsmiləşdirmək istəsə də, mümkün olmamışdır. Lakin aralarında mübahisə olduğundan notariusun tələb etdiyi sənədlərin tam siyahısı üzrə ona tədim edə bilmədiyindən, həmçinin əmlakı öz adına keçirmək istəməsindən xəbər tutuan bacısı oğlunu və gəlinini mənzilə zorla yerləşdirməsi səbəbindən məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Həmçinin əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, o notariusa müraciət etmişdir. Notarius bildirmişdir ki, məsələdə mübahisə olduğundan məhkəməyə müraciət edilməlidir. İddiaçı atası ilə yaşamış, Cavabdeh2 isə anası Ümbyülməli ilə yaşamışdır. Arzu Mehribanın doğma bacısıdır. Hal-hazırda evdə İddiaçı, onun oğlu və Arzunun oğlu və Arzunun gəlini birlikdə yaşayırlar. Arzu Ümbyülməli ilə birlikdə yaşayır. Lakin mübahisəli evdən pay istəyirlər. 1986-cı ildə məhkəmə qətnaməsi ilə iddiaçının atası ilə anası Ümbyülməli arasında bağlanmış nikah pozulmuşdur.Bölünmə ilə bağlı bacılar razılığa gələ bilmirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, onun Mehribana qızı deməsinə dili gəlmir. O, 10-15 gün olar həmin evdən çıxıb digər qızı Cavabdeh2 ilə birlikdə başqa yerdə yaşayır. Arzunun öz evi yoxdur. Əri ilə nikahı pozulmuş olsa da birlikdə yaşamışlar vəfata edənə qədər. Biləcəridəki evdə hazırda Mehribanla oğlu yaşayır. İsimbalanın yasında hamısı iştirak edib, evin kommunal xərclərini əri vəfat edəndən sonra özü ödəmişdir. İndi Mehriban yaşayırsa özü ödəməlidir onsuz da. Əlavə olaraq bildirdi ki, digər cavabdeh də gəlmək istəyirdi, məhkəmə iclası barədə məlumatı olsa da, lakin dünən mebelin yerini dəyişəndə belini zədələdiyindən gələ bilməmişdir. Məhkəmə iclası barədə lazimi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 gəlməmiş və gəlməməsinin mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə Cavabdeh2 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 20 saylı Notariat Ofisi məhkəməyə xx.xx.2020-ci il tarixində ərizə ilə müraciət edərək mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Müraciətlərində əlavə olaraq bildirmişdir ki, X3 qalan miras əmlaka dair vərəsəlik işinin açılması üçün Bakı şəhəri 20 Saylı notariat ofisinə müraciət olunmamışdır. Digər üçüncü şəxs məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya dair mülahizəsini, etirazını bildirməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Kirov rayon qeydiyyat şöbəsi tərəfindən verilən xx xxxx 1980-ci il tarixli, Vİİ-ЖГ seriyalı № 335177 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxx 1969-cu il tarixində Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 1969-cu il tarixində 1079 № ilə qeyd edilmişdir. X2, anası X9r. 1 saylı bakı “ASAN xidmət” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilən xx xxxx 2018-ci il tarixli, AZ-İ seriyalı, 955638 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx xxxx 2018-ci il tarixində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxx 2018-ci il tarixində 1161 № ilə qeyd edilmişdir. Ölüm səbəbi kimi hipertoniya göstərilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-931/2017 saylı xx xxxxxx 2017ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 Şirkətin Saziş ərazisi hüdudları, 1 saylı mədənin 5-ci sahəsində yerləşən 151787 saylı neft quyusunun təhlükəsizlik zolağı daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, tikilinin onun hesabına sökülməsi və ərazinin boşaldılaraq “X34” şirkətinin qanuni istifadəsinə qaytarılması qət edilmişdir. Bakı şəhər Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 05/Q-681/69 saylı, xx xxxx 2020-ci il tarixli nikahın pozulması haqqında arayışdan görünür ki, X11 X4 nikahlarının pozulması haqqında 07 dekabr 2002-ci il tarixli, 274 №-li akt qeydi saxlanılır. Nikah pozulduqdan sonra kişiyə “Kazımov” soyadı verilmişdir. Bakı şəhər Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilən 05/Q-680/69 saylı, xx xxxx 2020-ci il tarixli doğum haqqında arayışdan görünür ki, Kazımov X29 xx xxxxxx 1945ci ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə xx xxxxxxxx 1945-ci il tarixdə Binəqədi rayon qeydiyyat şöbəsində 111 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. X23, anası X12r. Bakı şəhəri “Leyla” nikah evi tərəfindən verilən V-жг seriyalı, 320415 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X37 xx xxxxxxxx 1952-ci il tarixində Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxxxx 1952-ci il tarixində 67 № ilə qeyd edilmişdir. Ölüm səbəbi kimi ağ ciyər vərəmi qeyd edilmişdir. Bakı şəhəri “Leyla” nikah evi tərəfindən verilən V-жг seriyalı, 320305 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx xxxxxx 1993-cü il tarixində Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxx 1998-ci il tarixində 50-Б № ilə qeyd edilmişdir. Binəqədi RİH Biləcəri qəsəbəsi üzrə nümayəndəliyi tərəfindənxx xxxxxx 2020-ci il tarixində verilən 1137 saylı arayışdan görünür ki, X13 xx xxxxxxx 1961-ci ildən Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi 103 ünvanında qeydiyyatda olmuşdur. xx xxxx 2018-ci ilədək bu ünvanda qeydiyyatda olmuşdur. Ev kitabında əsasən həmin mənzildə onunla birlikdə ailə üzvləri həyat yoldaşı-X10, qızı- Cavabdeh2, nəvəsi X22, qızı İddiaçı ( xx.xx.1985-ci ildən xx.xx.1988-ci ilədək bu ünvanda qeydiyyatda olmuş, və xx xxxx 1991-ci ildən hazırki günədək,) və nəvəsi X14 (xx xxxxx 2010-cu ildən bu günə kimi ) bu ünvanda qeydiyyatdadır. Binəqədi rayon MN və Mİ şöbəsinin məhkəmə icraçısı Q.T.Mikayılov tərəfindən qəbul edilən icraata başlamaq haqqında xx xxxxx 2007-ci il qərarın surətindən görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2-85\07 saylı, xx xxxx 2007-ci il tarixli icra vərəqəsinə əsasən X15 Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsindəki 103 saylı evə köçürülməsi qət edilmişdir. Binəqədi rayon MN və Mİ şöbəsinin məhkəmə icraçısı Q.T.Mikayılov tərəfindən qəbul edilən icraata başlamaq haqqında xx xxxx 2007-ci il tarixli qərarın surətindən görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2-2452 saylı, xx xxxxxx 2006-cı il tarixli icra vərəqinə əsasən İddiaçı uşağı ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsindəki 103 saylı evə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olna RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsindəki 103 saylı ev üzərində xüsusi mülkiyyət hüququ 1/3 hissədə X5, X16 və X18 adına xx xxxx 2012-ci il tarixində qeydiyyatdan keçmişdir. 2/3 hissəsədə isə mülkiyyət hüququ X19 adına 21 iyul 2012-ci il tarixində qeydiyyatda keçmişdir. Məhkəmə əvvəla qeyd edir ki, iddiaçının tələbi miras əmlak üzərində vərəsəlik hüququnun tanınması və miras əmlak üzərində tam payla mülkiyyət hüququnun müəyyən edilməsi olsa da, iddia tələbinin mahiyyəti miras əmlakın faktiki olaraq iddiaçı tərəfindən təkbaşına qəbul edilməsindən ibarətdir. Məhkəmə iddia tələbinə məhz bu baxımdan qiymət vermişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir ki, miras əmlak ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin X6 məxsus olan hissəsindən ibarətdir. Həmin daşınmaz əmlak rəsmi reyestrdə qeydə alınmaqla miras qoyanın xüsusi mülkiyyətindədir. Miras qoyan X11 xx.xx.2018-ci ildə vəfat etmişdir. Miras qoyanın birinci növbədən iki vərəsəsi vardır. Onlar İddiaçı və Cavabdeh2dır. Digər Cavabdeh1 miras qoyanın vərəsəsi deyildir. İddiaçı mirası təkbaşına qəbul etdiyini iddia edir. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı və cavabdehlər mirasın qəbul edilməsi ilə bağlı notariat orqanına müraciət etməmişlər. İddiaçı faktiki olaraq həmin miras əmlakda yaşayır. Cavabdeh2 həmin mənzildə qeydiyyatdadır. Digər Cavabdeh1 son dövrlərə qədər həmin mənzildə mütəmadi olaraq yaşamışdır. İddiaçı və cavabdehlər arasında münasibətlər gərgin olmaqla münaqişəlidir. Məhkəmə əvvəla qeyd edir ki, iddiaçı mirası təkbaşına qəbul etdiyini bildirsə də, bacısı olan cavabdehin mirası qəbul etmədiyini istisna edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iddiaçı cavabdehlərlə münaqişədə olduğunu və bacısı oğlunun və sonuncunun arvadının onunla məcburi olaraq bir yerdə yaşadığını iddia ərizəsində göstərmiş və bu fakt məhkəmə iclaslarında iddiaçının nümayəndəsi tərəfindən də etiraf edilmişdir. Bundan başqa Cavabdeh1 da bildirir ki, miras qoyanın yas mərasimi olarkən özü və iki qızı da birlikdə iştirak etmişdir. İddiaçı tərəf bu fakti da təqzib edən hər hansı sübut məhkəməyə yəqdim etməmişdir. Odur ki, iddiaçının mirası təkbaşına qəbul etdiyi işin halları ilə təsdiq olunmur. Lakin hər bir halda iddiaçının təkbaşına olmasa da, digər vərəsə ilə birlikdə mirası faktiki olaraq qəbul etməsi işin halları ilə təsdiq olunur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən əsaslı hesab edilməli, iddiaçının mirası faktiki olaraq qəbul etməsi tanınmalı və miras əmlakın ½ hissəsinə mülkiyyət hüququ müəyyən edilməlidir. Məhkəmənin bu mövqeyi aşağıdakı maddi hüquq normalarına əsasən formalaşmışdır. Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan əmlak hüquqları və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1153-cü maddəsi). Bunlar aliment öhdəlikləri, yaşayış sahəsindən istifadə hüququ, miras qoyanın sağlamlığına dəymiş zərərin ödənilməsi öhdəlikləri və sairdir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.).Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Eyni zamanda Mülki Məcəllənin 1243.3-cü maddəsində qeyd edilmişdir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər)bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Konstitusiya Məhkəməsin Plenumunun xx xxxxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik) qəbul etdikdə, o, mirasın (nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq) hamısını və ya ona çatası payı qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında” 1979-cu il tarixli, 5 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, MM-in 552-ci maddəsinə əsasən miras əmlakın bir hissəsini qəbul etmiş vərəsə, mirasın qalan hissəsinin harada yerləşməsindən asılı olmayaraq, ona bütövlükdə və yaxud həmin mirasdan ona düşən payı qəbul etmiş hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 94-cü maddəsində qeyd edilmişdir ki, qanunvericiliyə əsasən mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əməkhaqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil edilir. Mülki Məcəllənin 136.1-ci maddəsinə əsasən əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı xx.xx.2018-ci il tarixdə vəfat edən X3 qalan Bakı şəhəri, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, ev 103 ünvanında yerləşən miras əmlakı faktiki olaraq qəbul etməsi tanınmalı və miras əmlakın ½ hissəsinə mülkiyyət hüququ müəyyən edilməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə həmçinin hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin xx.xx.2018-ci il tarixdə vəfat edən X6 məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, 103 saylı evin 1/3 hissəsindən ibarət olan(Çıxarış: seriya RX N0010436) miras əmlakın İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi tanınsın və miras əmlakın ½ hissəsinə onun mülkiyyət hüququ müəyyən edilsin. İddia qalan hissədə rədd edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-751/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-751/2021
22.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver