Məhkəmə qərarları › İş №2(001)-756/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-756/2021

25.01.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-756/2021 25.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 azyaşlı uşaqları xx xxx 2006-cı il təvəllüdlü X3 və xx xxxxxx 2010-cu il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5057/68 məhəllə, ev 7, 25 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, evin mülkiyyətçisidir. Həmin evə Cavabdeh1 və Cavabdeh2 qeydiyyata düşmüşlər. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i tərəfindən verilən ********** nömrəli çıxarışa əsasən həmin ev onun adına qeydiyyata alınmışdır. Həmin mənzil tam mülkiyyət hüququ ilə ona məxsusdur. Hesab edir ki, cavabdehlərin başqa ev alıb köçdükləri və həmin mənzildə yaşamadıqları halda qeydiyyatda qalması mülkiyyətçi kimi onun hüquqlarını pozur. Belə ki, mülkiyyət hüququ təbiət etibarilə mülkiyyətçinin hüququ təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktik olaraq öz təlabatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlak üzərində hüquqlarına üçüncü şəxslərin qeyri-qanuni müdaxiləsini aradan götürmək bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək, yuxarıda qeyd edilən məzmunda izahat verdi. Həmçinin əlavə olaraq qeyd etdi ki, cavabdehlərdən Cavabdeh1 onun oğlu, Cavabdeh2 isə onun gəlnidir. İddia tələbində qeyd etdiyi azyaşlılar isə onun nəvələridir. Oğlu öz ailəsi ilə birlikdə 2014-cü ildən Türkiyə Respublikasının Ankara şəhərində yaşayır. Oğlunun öz ailəsi ilə birlikdə daimi olaraq başqa ölkədə yaşaması, lakin onun evində qeydiyyatda qalmaları ona çətinliklər yaradır. Belə ki, əvvəla, o, cavabdehlərin əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. Bundan əlavə, cavabdehlərin onun mənzilində qeydiyyatda qalmaları onun həmin evlə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Cavabdehlərin özlərinə məxsus daimi yaşayış yerləri var. Onlar artıq uzun müddətdir ki, Türkiyə Respublikasında yaşayırlar, orda çalışırlar və uşaqları da orda təhsil alır. Cavabdehlərin mübahisəli evə ehtiyacları yoxdur. Bu səbəbdən də oğlu mübahisəli evi ona bağışlamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul edərək izahatında bildirdi ki, iddiaçı onun anası, Cavabdeh2 onun həyat yoldaşı, iddia tələbində qeyd edilən azyaşlılar isə onun övladlarıdır. Mübahisəli ev 2004-cü ildə anası tərəfindən alqı-satqı yolu ilə alınmış, 2005-ci ildə isə anası tərəfindən ona bağışlanmışdır. O, 2005-ci ildə ailə həyatı quraraq ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Lakin, daha sonra o, öz ailəsi ilə birlikdə 2014-cü ildən daimi olaraq Türkiyə Respublikasının Ankara şəhərinə köçmüş və ailəsi ilə birlikdə orda yaşamağa başlamışdır. Onun həyat yoldaşı eyni zamanda Cavabdeh2 “X11 Hastanesi”ndə həkim işləyir, uşaqları da həmin şəhərdə təhsil alır. Onların mübahisəli evə ehtiyacları olmadığından 2020-ci ildə o, mübahisəli evi bağışlama müqaviləsi ilə iddiaçıya, yəni anasına bağışlamışdır. O, hazırda qısa müddətlik Azərbaycan Respublikasına gəlsə də respublikada yayılmış koronovirus epidemiyasına görə tətbiq edilmiş karantin rejimi ilə əlaqdar olaraq geri qayıda bilməmişdir. Hazırda ailəsi Türkiyə Respublikasındadır. Onun və ailəsinin hazırda yaşamaq üçün mübahisəli evə ehtiyacları olmadığından iddianı qəbul edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh bu barədə məhkəməyə yazılı ərizə də təqdim etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 25 nömrəli mənzil xx xxxxxx 1999-cu il tarixli, 040320 nömrəli orderə, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 1999-cu il tarixli 26 nömrəli sərəncamına, xx xxxxxx 2004-cü il tarixli 12 nömrəli forma-2 arayışına və X6 tərəfindən verilmiş razılıq ərizəsinə əsasən x xxxxxx 2004-cü il tarixində ilkin olaraq X7 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 19 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş, x xxxxxx 2004-cü il tarixli, 4Ə-113 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx xxxxx 2004-cü il tarixində İddiaçı adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 19 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş, x xxxxxx 2004-cü il tarixli, 4Ə-113 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx xxxxx 2004-cü il tarixində İddiaçı adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 19 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş, xx xxxxxx 2005-ci il tarixli, 4Ə-67 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən xx xxxxxx 2005-ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 14 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş, xx xxxxxx 2020-ci il tarixli, 4Ə-867 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx xxxxxx 2020-ci il tarixində yenidən İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri çıxarışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1, 25 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində xx xxxxxx 2020-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx xxxxxx 2021ci il tarixli, ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X3, X4, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Biləcəri qəsəbəsi, 5057/68 məhəllə, ev 7, 25 saylı mənzildə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsi tərəfindən vətəndaş İddiaçı ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, onun müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqından Qanunun 9-cu maddəsinin tələblərinə əsasən Cavabdeh1, Cavabdeh2, X1 və X2 ünvan 2ənzil 25 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Odur ki, vətəndaşa məhkəməyə müraciət etməsi xahiş olunmuşdur. Vətəndaşlıq vəziyyəti aktlarının AQİS-dən çıxarılmış nikah haqqında akt qeydi barədə məlumatın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 arasında nikah xx xxxx 2005-ci il tarixdə Bakı nikah evində qeydə alınmışdır. Vətəndaşlıq vəziyyəti aktlarının AQİS-dən çıxarılmış doğum haqqında akt qeydi barədə məlumatların notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 və X1 anaları Cavabdeh2, ataları isə Cavabdeh1dur. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin portalından olan çıxarışdan görünür ki, Cavabdeh2 2012-ci il tarixdən etibarən Azərbaycan Respublikasından Türkiyə Respublikasına uzunmüddətli çıxışları qeydə alınmış, 2018-ci il tarixdən hazırkı vaxta qədər isə Azərbaycan Respublikasına girişi qeydə alınmamışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5057/68 məhəllə, ev 7, 25 saylı mənzil xx xxxxxx 2004-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən iddiaçının mülkiyyətinə keçmiş, xx xxxxxx 2005-ci il tarixdə isə iddiaçı həmin evi bağışlama müqaviləsinə əsasən Cavabdeh1 bağışlamışdır. xx xxxx 2005-ci il tarixdə cavabdeh İsmayılov X5 Gülər Telman qızı ilə nikaha daxil olmuş və həmin mənzildə yaşamışlar. Cavabdehlərin birgə nikahından xx xxx 2006-cı il təvəllüdlü X3 və xx xxxxxx 2010-cu il təvəllüdlü X4 anadan olmuşdur. Cavabdeh1 ailəsi ilə birlikdə 2014-cü ildən daimi yaşayış üçün Türkiyə Respublikasına köçmüşlər. xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh1 mübahisəli mənzili bağışlama müqaviləsi ilə anasına – iddiaçıya bağışlamışdır. Hazırda iddiaçı cavabdehlərin uzun müddətdir daimi yaşayış üçün Turkiyə Respublikasına köçdüklərini, bununla da cavabdehlərin onun evinə ehtiyaclarının aradan qalxdığını əsas gətirərək, onların istifadə hüquqlarına xitam verilməsini xahiş edir, Cavabdeh1 isə iddianı qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının: -13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; -29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı” işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsinin mümkünlüyü məsələsinə hüquqi qiymət verilməzdən əvvəl, cavabdehlərin həmin mənzilə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı ilə qərara alınmışdır ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Hazırki iş üzrə yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri xx xxxxxxxx 2000-ci il tarixdən sonra yarandığına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; -228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir. -228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. -228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarından məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Göstərilən qanunvericilik normalarının tələblərindən göründüyü kimi, cavabdehlərin iddiaçıya məxsus yaşayış sahəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. İlk növbədə, məhkəmə Cavabdeh1 iddianı qəbul etdiyini nəzərə alaraq hesab edir ki, iddia Cavabdeh1 münasibətdə təmin edilməli və onun Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5057/68 məhəllə, ev 7, 25 saylı mənzildən istifadə hüququna xitam verilməlidir. Digər Cavabdeh2 münasibətdə isə məhkəmə qeyd edir ki, Cavabdeh2 əri və uşaqları ilə birlikdə altı ildən artıq olaraq daimi yaşayış üçün Türkiyə Respublikasına köçdüyü, orada yaşadığı, işlədiyi və uşaqlarının da orada təhsil aldığı məhkəmə iclasında verilən izahatlarla, həmçinin iş materialları ilə öz təsdiqini tapır. Belə olan halda, məhkəmənin gəldiyi qənaətə görə Cavabdeh2 iddiaçıya məxsus yaşayış sahəsinə ehtiyacı aradan qalxmışdır. Nəzərə almaq lazımdır ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun olması, sonuncunun öz əmlakına sərbəst surətdə sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla, onun mülkiyyət hüququnu “şərti və qeyri-sabit xarakterli” etmiş olur. Ona görə də iddia Cavabdeh2 münasibətdə də təmin edilməli və onun Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5057/68 məhəllə, ev 7, 25 saylı mənzildən istifadə hüququna xitam verilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qnununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Qeyd edilən normaların məzmunundan aydın olur ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Belə olan halda, məhkəmə belə nəticəyə gəlir ki, iddia tam təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları xx xxx 2006-cı il təvəllüdlü X3 və xx xxxxxx 2010-cu il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, 7 saylı evin 25 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumu olaraq ödənilmiş 10 (on) manat iddiaçıya aid edilməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları - xx xxx 2006-cı il təvəllüdlü X3 və xx xxxxxx 2010-cu il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, 7 saylı evin 25 saylı mənzilinə istifadə hüquqlarına xitam verilsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar