Məhkəmə qərarları › İş №2(001)-757/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-757/2024

05.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-757/2024 05.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil3, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Fatmayi bağları sahəsində yerləşən mərhum babasının mülkiyyətində olmuş 25 sot torpaq sahəsində qanunsuz sahiblik edən cavabdeh və ailə üzvlərinin çıxarılması, 25 sot torpaq sahəsinin onun sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Fatmayi bağları sahəsində ulu babası Müseyib Nurməmməd oğluna məxsus 972 kv.m. bağ sahəsi olmuş, ulu babasının vəfatından sonra bağ sahəsi X1 və istifadəsində olmuşdur. X30 4 varisi olmuşdur: X25, X21, X9, X16. Atası - X9 2019-cu ildə vəfat etmiş və Cavabdeh babası Əliyev Əlisahib tərəfindən şifahi olaraq bölünmüş 972 sot torpaq sahəsinin mərhum atasına aid olan 25 sot hissəsini zəbt etmiş və məlum edir ki, güya atası sağlığında özünə aid 25 sot bağ sahəsini cavabdehə satmışdır. Aidiyyatı qurumları miras əmlakı rəsmiləşdirmək üçün torpaq sahəsinə cavabdeh buraxmır, bu isə ona və ailəsinə (iki qardaşı və anası) bağ sahəsi üzrə sənədləşmə aparılmasına maneçilik törədir. İddia ərizəsinə əlavə etdiyi xx.xx.2006-cı il tarixli, xx.xx.2007-ci il tarixli arxiv arayışları ilə təsdiq olunur ki, 972 sot torpaq sahəsi üzrə mərhum atası varisdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, icraatda İddiaçı ona qarşı torpaq sahəsinin boşaldılmasına dair mülki iş vardır. İddianı əsassız və qanunsuz hesab edir. Belə ki, iddiaçı iddia edir ki, guya iddiaçının mərhum atası, onun qardaşı Əliyev (Mahmudov) Nurməmməd Əlisahib oğlu arxiv arayışlarına əsasən 972 kv.m torpağın varisidir və o, Əliyev (Mahmudov) Nurməmməd Əlisahib oğlunun 25 sot torpağını zəbt etmişdir. Laki, iddiaçının atasının faktiki varisliyini qəbul etməsi barədə Daşınmaz Əmlakın Kadastr və Reyestr PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsində iddia edildiyi torpaq sahəsinin qeydiyyata alınması barədə heç bir rəsmi sənəd məhkəməyə təqdim edilməmişdir. Əgər iddiaçı mərhum atasına guya məxsus olan torpağın varislərindən biri kimi məhkəməyə iddia ilə müraciət edibsə, iddiaçı məhkəməyə özünə düşən pay torpağının notariat kontorundan da şəhadətnaməsini təqdim etməli idi. İddiaçı ondan tələb etdiyi Fatmayi bağlar ərazisində yerləşən mübahisəli torpağın kartını və hansı hissəsini ondan tələb etdiyi də iddia ərizəsində göstərilməmişdir. İddiaçı ərizəsində qeyd edir ki, guya babası Müseyibdən miras qalan 972 kv.m bağ torpaq sahəsi onun atası Əlisahib Müseyibin sahibliyində və istifadəsində olmuşdur və sonuncu vəfat etməmişdən qabaq həmin torpaq sahəsindən 25 sptunu iddiaçının atasına ayırmışdır. Bu əsaslar da həqiqətə uyğun deyil. Birincisi, atası X17 04 yanvar 1974-cü il tarixdə vəfat etmişdir. Sözügedən ərazi 1980-ci illərin sonuna kimi sovxoz və kolxozların balansında olub. İkincisi, atası Əlisahib vəfat edən zaman o, həqiqi hərbi xidmətdə ölkədən kənar qulluq edirdir. Bu səbəblərdən də, mərhum atası atasından miras qalan sözügedən torpaqlardan istifadə edə bilməzdi və övladlarının arasında da bölə bilməzdi. Bundan başqa, iddiaçı iddia edir ki, guya o, iddiaçıya və ailəsinə məxsus torpaq sahəsinə buraxmır və onun hərəkətləri üzündən bağ sahəsi üzrə sənədləşmə aparılması üçün maneçilik törədir. Əgər bu ifadələr həqiqətdirsə, iddiaçı onun hərəkətlərindən hansı rəsmi qurumlara müraciət və şikayət edib və hansı cavabları alıb. Bu kimi sübutları da iddia ərizəsinə əlavə etməli idi. Çünki əslində iddiaçının nə atası, nə də ailə üzvləri heç bir zaman babası Museyibdən miras qalan torpaqlardan faktiki istifadə etməyiblər Əgər istifadə edilibsə, həmin torpaqlarda nə işlər görülüb? Ümumiyyətlə iddia edilən ərazidə ətrafda daimi yaşayan qohum-qonşu iddiaçını nə vaxsa görübsə, həmin şahidlərin dindirilməsi xahiş olunardı. xx.xx.2023-cü il tarixli DƏDK və RPHŞ 1 saylı Bakı Ərazi İdarəsinin vəkil sorğusuna cavabında qeyd olunur ki, onun adına Binəqədi rayonu, Fatmayi bağlar ərazisində qeydiyyatdan keçmiş torpaq sahəsi aşkar edilməmişdir. Məhkəməyə bildirir ki, o, hələ 1990-cı illərdə yuxarıda sözügedən babası Müseyibdən Fatmayi bağlar ərazisində yerləşən miras qalan torpaq sahələri kolxoz və sovxozların balansından çıxarılandan sonra həmin ərazinin bir hissəsindən istifadə edərək qardaşlarından əvvəl ev tikmişdir. Səbəb də ondan ibarət idi ki, torpaqları sovxozun balansından çıxarılmışdır, artıq onlar dörd qardaşlar öz aralarında şərti razılaşaraq, babalarının dağılmış evinin səmti ilə paralel olaraq hərəsi 70 metr uzunluğu, eni 35 metrdən ibarət 24,50 sot torpaqdan istifadə etsinlər. Hətta hər kəsin yerini də dəqiqləşdirmişlər. İddiaçının mərhum atası şimal tərəfə düşmüş, sonra paralel olaraq o və digər iki qardaşların torpaqlarını şərti olaraq müəyyənləşdirmişlər. Lakin illər keçmiş, kənar şəxslər onlara miras qalan torpaqlara yiyələnirmişlər. Bu səbəbdən, o, öz sahəsində evini tez tikmişdir ki, kənar şəxslər ona aid olan torpağı zəbt etməsinlər. İddiaçının atası şərti razılaşmalarına görə özünə ayrılan torpağı yiyəsiz qoymuşdur, heç maraqlanmırdı, ərazidən də istifadə etmirdi, heç bir iş görmürdü. Mərhum qardaşı Eldar bir gün zəng etmiş iddiaçının atasına ki, sənin torpaq ərazini kənar şəxslər zəbt edib, setkadan hasar çəkib, əkin əkiblər. Mərhum qardaşı Nurməmməd gəlib həqiqətən görmüşdür ki, özünə məxsus olan torpaq sahəsinin əsas hissəsini kənar şəxslər zəbt ediblər. Qardaşı Eldarla birlikdə həmin şəxslərlə görüşüb danışıq aparmışlar, sonra iddiaçının atası yenə çıxıb getmiş və əraziyə gəlməmişdir. Həmin hadiəsədən bir neçə il keçmişdi, təxminən 2000 ilin sentyabt ayı olardı, mərhum qardaşı Eldarla ərazidə imiş, görmüşlər ki, iddiaçının atası Nurməmməd bir neçə şəxslə gəlib ona demişdir ki, sənin ərazində onun 7 sot torpağı qalıb, alıcı gətirmiş, 400 ABŞ dollara satır. Eldar qardaşı müdaxilə edib demişdir ki, yad adamı onların torpaqlarına nə üçün gətirir, elə Müseyibə sat. Sonra o, iddiaçının atasına demişdir ki, əgər satırsa, elə həmin qiymətə o alır. Onlar da razılaşmışlar. Onlar üç qardaş getmişlər Eldar qardaşının evinə, çünki qardaşının həyat yoldaşı X5 onun pulu var idi. Elə mənzildə üç qarda. Və X.Əliyevanın yanında aldığı torpağın 400 ABŞ dollar pulunu ödəmişdir Nurməmmədə. Sonra yenə həmin tərkibdə getmişlər Nurməmmədin evinə, bütün ailə üzvləri evdə imiş, qardaşı bütün ailə üzvlərini cağırmış oturduqları süfrə arxasına və elan etmişdir ki, 7 sot qalan torpaq hissəsini ona 400 ABŞ dollara satmış və onların Fatmayi bağlarında daha torpaqları yoxdur. İddiaçı də həmin söhbətdə iştirak edib və iddiaçının o zaman artıq 20 yaşı var imiş. Bu səbəbdən də, mərhum qardaşı Nurməmməd sağlığında heç bir zaman ondan torpaq tələbi etməmişdir. Hal-hazırda babasından miras qalan torpaqlardan onunla yanaşı qardaşı X21, mərhum X11 ailə üzvləri istifadə edirlər, araları daş hasarla hasarlanıb, ərazilərində fərdi yaşayış evlərini inşa etmişlər, bütün kommunal xidmətlərdən istifadə edirlər. Kommunal xidmtlərinin ödəmə qəbzlərinə əsasən onun ünvanı – ünvan 1irşağı, Fatmai bağı, H.Əliyev küç., ev 2397, mənzil 0022, mərhum qardaşı Eldar Əliyevin ünvanı – ünvan 2 qızı X22 ünvanı – ünvan 3xın babası Müseyibdən miras qalan onun payına düşən torpaqdan istifadə etməklə, həmin ərazidə inşa etdiyi evdə yaşayır. Bu günə kimi heş bir zaman nə mərhum qardaşı Nurməmmədin, nə də ailə üzvlərinin ona qarşı torpaq tələbi olmayıb. Bu səbəblərdən də, İddiaçı iddia tələbini əsassız və qanunsuz hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndələri (vəkilləri) Vəkil3 və Vəkil1 etiraza uyğun izahat verərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin yazılı vəsatəti əsasında dindirilmiş şahid X12 ifadəsində bildirdi ki, o, cavabdehin qardaşı Eldarın arvadıdır, iddiaçı Yeganə onun qayını Nurməmmədin qızıdır. O, ailə qurandan Nurməmmədin 1-2 dəfə görmüş, ondan sonra onun nə özünü, nə də ailəsini görməmişdir. 1989-cu ildə ailə qurmuşdur. Həmin torpaq sahəsinin mövcudluğu barədə 1992-1993-cü illərdə xəbəri olub, Nurməmməd həmişə torpaq barədə söhbət olanda imtina etdiyini bildirib. Museyib gilin bağına həmişə gediş-gəlişləri olub, lakin iddiaçı Yeganə ilə ünsiyyətləri olmayıb, 25-30 ildir ki onu görməyib, hal-hazırda onu görsə tanımaz. Məhkəmə proses iştirakçılarını izahatlarını və şahidin ifadəsini dinləyib və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır və aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən X2 adına vərəsəlik işinin açılması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İqtisdiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, X8 adına Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağlar ərazisində qeydiyyatdan keçmiş torpaq sahəsi aşkar edilməmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin 1886-cı ilə dair Fatmayı kəndinin kameral siyahısında aşağıda göstərilən şəxslərin adları qeyd olunub: Nur X14 – 42 yaş; onun oğlanları: X26 – 16 yaş; X27 – 14 yaş; X36 – 8 yaş. Onların Fatmayı kəndində sahəsi 972 kv. sajına (1 kv. sajın = 4,550 kv. m) bərabər olan torpaq sahəsi olub. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2007-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri ZDS İcraiyyə Komitəsinin Torpaq şöbəsinin arxiv fondunun sənədlərinə əsasən, Maştağa rayonu Fatmayı kənd sakini X6 adında, 11 avqust 1939-cu il tarixdə Fatmayı kəndində 0,45 ha torpaq sahəsi olmuşdur. Bu torpaq sahəsinin 0,01 ha yaşayış tikililəri altında, 0,03 ha evlə birlikdə həyətyanı sahə, 0,42 ha evdən kənarda yerləşirdi. AZ-İ seriyalı 999898 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Vİİ-ЖГ seriyalı 348027 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.1980-ci il təvəllüdlü X3 atası X7, anası X13r. АЗ seriyalı ******* nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.1948-ci il təvəllüdlü X4 atası X17, anası X24. AZ-İ seriyalı 265056 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1974-cü il tarixdə ölmüşdür. İV-ЖГ seriyalı 452823 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X25 ilə X10 arasında olan nikah Nizami rayon qeydiyyat şöbəsində xx.xx.1989-cu il tarixdə bağlanmış və 211 nömrə ilə qeyd olunmaqla, sonuncuya “Əliyeva” soyadı verilmişdir. АЗ seriyalı ******* nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.1954-cü il təvəllüdlü Cavabdeh atası X18, anası X24. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasəm, cavabdehin faktiki istifadəsində 3750 m² (0,375 ha) torpaq sahəsinin olduğu müəyyən olundu. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən məhkəməyə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər; 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır; 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mübahisə ilə əlaqədar məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Belə ki, AR Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Digər tərəfdən Mülki Məcəllənin 157.4 və 164.1-ci maddələrinə əsasən iddiaçı əşya üzərində mülkiyyət və sahiblik hüquqlarının digər şəxslər tərəfindən pozulmasının aradan qaldırılmasını tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və X20 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və X20 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. “İnsan Hüquqlarının və X20 Haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci bəndinə əsasən “Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyətçinin hüquqlarına müdaxilə ilə əlaqədar “Uolson İsveçrəyə qarşı” məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhməkəsinin qərarında müdaxilənin zəruriliyinin meyarları dəqiq müəyyən edilmiş və həmin qərara əsasən zərurilik anlayışı, müdaxilənin kəskin ictimai tələbatı əks etdirməsini və müdaxilənin demokratik cəmiyyətdə zəruriyini müəyyən edərək, onun qanunun məqsədinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Məhkəmə işin ədalətli aparılması məqsədilə müvafiq quruma soğru ünvanlamış, həmin sorğuya cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd etmişdir ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən X2 adına vərəsəlik işinin açılması müəyyən edilməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının iddia etdiyi torpaq sahəsində onun babası yaşayış, babasının ölümündən sonra isə iddiaçının atası həmin torpaq sahəsində olan payından imtina etmiş, iddiaçının həmin torpaq sahəsinə gediş-gəlişi olmamışdır. Bu səbəblərdən də, iddiaçının həmin torpaq sahəsi barəsində iddia qaldırmağa ümumiyyətlə subyektiv hüququ yoxdur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia rədd edildiyindən, iddianın qaldırılması üçün ödnilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməli, eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatın dəyərini təşkil edən 50 manat məbləğində vəsait iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsait İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar