Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-760/2022 17.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı yetkinlik yaşına çatmayan uşaqları İddiaçı3, X3 və X7 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 8 Mart küçəsi 10 saylı evə köçürülməklə yaşayış yerlərinin müəyyən edilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı yetkinlik yaşına çatmayan uşaqları İddiaçı3, X3 və X7 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 8 Mart küçəsi 10 saylı evə köçürülməklə yaşayış yerlərinin müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə 1988-ci ildə Ermənistandan qaçqın düşərək Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 8 Mart küçəsi 10 saylı evə köçmüşdür. Həmin ildən o, valideynləri ilə birlikdə bu evdə yaşayır. 2003-cü ildə o, İddiaçı2 ilə nikaha daxil olmuş və həyat yoldaşını da atası Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 8 Mart küçəsi 10 saylı evə köçürmüş, daha sonra mülkiyyətçinin razılığına əsasən İddiaçı2 həmin evə qeydiyyata alınmışdır. Təxminən keçən il Rusiyadan qayıdan bacısı X1 həyat yoldaşı ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 8 Mart küçəsi 10 saylı evə köçərək orada yaşamağa başlamışdır. Baxmayaraq ki, onların Qazaxın Çaylı kəndində və Bakı şəhəri 2-ci Alatava qəsəbəsində evləri vardır. Bundan sonara evdə yaranan darısqallıq səbəbindən narazılılar başlanmış, nəticədə o, ailə üzvləri ilə birlikdə evdən məcburi çıxarılmışdır. Təxminən 1 il 2 aydır ki, o, ailəsi ilə birlikdə kirayədə yaşamaq məcburiyyətindədir. Artıq maddi imkanı kirayədə yaşamaq, beş nəfərdən ibarət ailə üzvlərini maddi cəhtdən təmin etməyə imkan vermir. Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 8 Mart küçəsi 10 saylı evin, Quba rayonu İkinci Nüqədi kəndində valideynlərinə məxsus evin tikilməsində onun da zəhməti olmuşdur. İndi isə valideynləri onu istəmirlər. Evə buraxılmadığı yataq xəstəsi olan anası ilə də ünsiyyətdə ola bilmir. Atası Cavabdeh müraciət etsə də, cavabdeh onu ailə üzvləri ilə birlikdə yaşadıqları, qeydiyyatda olduqları mənzilə buraxmamışdır. Başqa yaşayış yeri olmadığından ailə üzvləri arvadı İddiaçı2, yetkinlik yaşına çatmayan uşaqları İddiaçı3, X3 və X7 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 8 Mart küçəsi 10 saylı evə köçürülməklə yaşayış yerlərinin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Mülki iş üzrə 19.01.2022-ci il tarixinə təyin olunan məhkəmə iclasında İddiaçı2 iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, o, 2003-cü ildə İddiaçı1 ilə nikaha daxil olaraq Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 8 Mart küçəsi 10 saylı evə köçmüş, bu evdə onun İddiaçı1lə birgə nikahından 3 övladı anadan olmuşdur. 2014-cü ildə qaynatası Cavabdeh onu mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 8 Mart küçəsi 10 saylı evə qeydiyyata salmış, lakin onunla notarial qaydada təsdiq olunan saziş bağlamamışdır. Həyat yoldaşının bacısı öz ailəsi ilə Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 8 Mart küçəsi 10 saylı evdə yaşamağa başladıqdan sonra ona və ailəsinə qarşı münasibət dəyişmiş, nəticədə o, ailəsi ilə birlikdə evdən çıxarılmışlar. Hal-hazlrda o, ailəsi ilə birlikdə kirayədə yaşamaq məcburiyyətindədir. Başqa yaşayış yerləri olmadığından həyat yoldaşı İddiaçı1, yetkinlik yaşına çatmayan uşaqları İddiaçı3, X3 və X7 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 8 Mart küçəsi 10 saylı evə köçürülməklə yaşayış yerlərinin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə 1988-ci ildə Ermənistandan qaçqın düşərək Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 8 Mart küçəsi 10 saylı evdə yaşayır. Həmin evə dair onun mülkiyyət hüquqları qeydə alınmışdır. İddiaçı1 ailə üzvü kimi daim onunla birlikdə bu evdə yaşamışdır. 2003-cü ildə İddiaçı1 nikaha daxil olmuş və İddiaçı2 yaşadığı evə gətirmişdir. Lakin İlahə heç vaxt onun ailə üzvləri ilə yaxşı münasibətdə olmamışdır. Buna baxmayaraq o, 2014-cü ilədək səbr etmiş və gəlini İlahəni 2014-cü ildə mülkiyyətində olan evə qeydiyyata salmışdır. Lakin İlahə ailə daxili münasibətləri pozmaqda davam etmiş, nəhayət məsləhətsiz uşaqlarını da götürüb evdən gedərək kirayədə yaşamağa başlamışdır. Həmin vaxt onun oğlu Tofiqdə evdən getmişdir. İddiaçılar evdən gedərkən heç kimin məlumatı olmamışdır. Onun evinin tikilməsində Tofiqin və İlahənin heç bir zəhməti olmamışdır. O, 1988-ci ildə Qərbi Azərbaycandan Bakı şəhərinə gələrkən evini dəyişmiş, təmir-tikinti işlərini 1989-1990-cı illərdə tamamlamışdır. İlahəni evinə qeydiyyata salsa da, İlahəyə və nəvələrinə mülkiyyətində olan evə dair o, istifadə hüququ verməmişdir. Hal-hazırda onun mülkiyyətində olan evdə həyat yoldaşı, qızı öz həyat yoldaşı ilə və digər oğlu ailəsi ilə birlikdə yaşayır. İddiaçıların onlarla bir evdə yaşamaları mümkün deyildir. Tofiq yataq xəstəsi olan anası ilə maraqlanmır, onun müalicəsi üçün tələb olunan dərmanları belə almır. O, həyat yoldaşı İddiaçı4 Ənvər qızının mülkiyyətində olan Quba rayonu İkinci Nügədi kəndində yerləşən torpağı sataraq əldə olunan pulun bir hissəsini oğlu Tofiqə verəcəkdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş FM № 011575 seriyalı 06.04.2002-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 8 Mart küçəsi 10 saylı evə dair mülkiyyət hüquqları Cavabdeh adına 50 saylı reyestr kitabında 7623 nömrəsi ilə qeydə alınmışdır. 1 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən verilmiş 13.10.2021-ci il tarixli 05/Q- 3341/69 saylı arayışdan müəyyən olunur ki, xx.xx.1975-ci il tarixdə Ermənistanın Spitak rayonunda anadan olmuş İddiaçı1 barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə qarşı 13.10.2021-ci ilədək yoxlama aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: arvadı xx.xx.1983-cü il təvəllüdlü İddiaçı2, oğlu xx.xx.2004-cü il təvəllüdlü İddiaçı3, qızı xx.xx.2005-ci il təvəllüdlü X4, oğlu xx.xx.2011-ci il təvəllüdlü X7. 1 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən verilmiş 13.10.2021-ci il tarixli ******* saylı arayışdan müəyyən olunur ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı1, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı2, xx.xx.2004-cü il təvəllüdlü İddiaçı3, xx.xx.2011-ci il təvəllüdlü X7 Bakı şəhəri Rəsulzadə qəsəbəsi 8 Mart küçəsi 10 saylı evdə daimi qeydiyyatdadırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Göründüyü kimi əgər Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsi yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvlərinin evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarını onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməməsi halından asılı edirdisə, 2000-ci ilin sentyabrın 1-dən qüvvəyə minmiş MM-in 228.1-ci maddəsi müəyyən etmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, bu hüququn yaranması üçün mülkiyyətçi ilə notariat qaydasında təsdiq olunmuş müqavilə bağlansın və həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçılardan İddiaçı1 Cavabdeh mülkiyyətində olan evdə 1988-ci ildən yaşayan ailə üzvüdür, digər İddiaçı2 və yetkinlik yaşına çatmayanlar İddiaçı3, X3 və X7 mülkiyyətçi olan cavabdehin ailə üzvü və ya onları saxlamaq vəzifəsi daşımalı olan digər qohumları kateqoriyasına daxil deyildir, sonuncular cavabdehin mülkiyyətində olan evdə 2003-cü ildən sonra yaşamışlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16.12.2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva etməsini müəyyən etmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, cavabadeh Cavabdeh İddiaçı2 və onun yetkinlik yaşına çatmayan övladlarına mülkiyyətində olan evə qeydiyyata alınmalarına icazə versə də, həmin evin mülkiyyətçisi ilə onlar arasında mənzilə istifadə hüquqlarının yaranmasına əsas ola biləcək razılaşma bağlanmamışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, İddiaçı1 Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 8 Mart küçəsi 10 saylı evə istifadə hüququ olduğundan onun həmin evə köçürülməsinə dair iddia tələbi əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. (MM-nin 158.4-cü mad.) Məhkəmə İddiaçı1 Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 8 Mart küçəsi 10 saylı evdə yaşayış yerinin müəyyən edilməsi tələbi ilə bağlı qeyd edir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq olduğundan bu iddiaçının cavabdehin mülkiyyətində olan evdən istifadə qaydasını məhkəmə deyil, mülkiyyətçi özü müəyyən etməlidir. Ona görə də, iddia ərizəsi bu hissədə təmin edilə bilməz. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24.10.2011-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27.08.2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Məhkəmə araşdırması zamanı İddiaçı2 və iddiaçıların yetkinlik yaşına çatmayan uşaqları İddiaçı3, X2 və X5 Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 8 Mart küçəsi 10 saylı evə hər hansı bir hüquqlarının mövcud olmadığı müəyyən olduğundan məhkəmə İddiaçı2 və iddiaçıların yetkinlik yaşına çatmayan uşaqları İddiaçı3, X2 və X5 cavabdehin mülkiyyətində olan evə köçürülmələrinə və həmin evdə yaşayış yerlərinin müəyyən edilməsinə dair iddia tələblərinin təmin edilməməsi qənatəinə gəlir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. İddiaçı1 Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 8 Mart küçəsi 10 saylı evə köçürülsün. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-760/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-760/2022
17.02.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver