Məhkəmə qərarları › İş №2(001)-77/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-77/2023

04.05.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-77/2023 04.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh "xxxx" MMC-yə qarşı “ezamiyyət xərclərinin tam həcmdə ödənilməsi, vurulmuş maddi və mənəvi ziyanın tutulması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh "xxxx" MMC-yə qarşı “ezamiyyət xərclərinin tam həcmdə ödənilməsi, vurulmuş maddi və mənəvi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən ezamiyyət xərclərinin ödənilməmiş hissəsinin əvəzi olaraq, İddiaçı1 (müharibədə iştirakla bağlı ezamiyyətdə olduğu 147 gün üzrə) 6933 manat, İddiaçı2 (müharibədə iştirakla bağlı ezamiyyətdə olduğu 100 gün üzrə) 5100 manat, İddiaçı3 (müharibədə iştirakla bağlı ezamiyyətdə olduğu 112 gün üzrə) 5568 manat, İddiaçı4 (müharibədə iştirakla bağlı ezamiyyətdə olduğu 147 gün üzrə) 6933 manat, İddiaçı5 (müharibədə iştirakla bağlı ezamiyyətdə olduğu 44 gün üzrə) 2916 manat məbləğində pulun, mənəvi ziyanın əvəzi olaraq, İddiaçı1 30.000 manat, İddiaçı2 30000 manat, İddiaçı3 30000 manat, İddiaçı4 30000 manat, İddiaçı5 30000 manat məbləğində pulun, maddi ziyanın əvəzi olaraq, İddiaçı2 5300 manat, İddiaçı3 11000 manat və İddiaçı5 4670 manat məbləğində pulun tutularaq iddiaçılara ödənilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “vurulmuş maddi və mənəvi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi üzrə iddiaçılara vurulmuş mənəvi zərərə görə iddiaçıların hər birinə 300000 (üç yüz min) manat məbləğində kompensasiyanın cavabdeh "xxxx" MMC-dən tutularaq ödənilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışlar ki, iddiaçılar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin əməkdaşları olmuşlar. Hər biri müxtəlif vaxtlardan uzun illərdir bu təşkilatın işçiləri kimi əmək fəaliyyətini həyata keçirmişlər. 2020-ci ilin sentyabrın 27-də Vətən Müharibəsi başladıqdan sonra Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin xx.xx.2020-ci il tarixli qismən səfərbərlik haqqında Sərəncamına və "Azərbaycan Respublikasında Səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarına əsasən 2020-ci ilin oktyabr ayından etibarən qismən səfərbərliyə cəlb edilərək peşəkar sürücü olaraq müvafiq hərbi hissəyə ezam edilmişlər. Hərbi əməliyyatlar zamanı üzərlərinə düşən borcu vicdanla və fəallıqla yerinə yetirmişlər, verilmiş əmrləri icra etmişlər. Hamıya məlum olduğu kimi, müharibədə intensiv və fasiləsiz hərbi əməliyyatlar getdiyindən iddiaçıların da fəaliyyəti qısa istirahət saatları istisna olmaqla fasiləsiz olub. Hərbi əməliyyatlar bitdikdən sonra yenidən əvvəlki iş yerinə qayıtmışlar və işlərini görməyə davam etmişlər. Bununla belə müharibə ilə əlaqədar ezamiyyətdə olduqları dövrdə onlara verilməsi nəzərdə tutulan vəsait verilmədiyi üçün rəhbərlik qarşısında müvafiq məsələ qaldırmışlar. Müraciətlərinə lazımi diqqət yetirilmədiyi və məsələ həll edilmədiyi üçün müvafiq qurumlara şikayət ərizələri ilə müraciət etmişlər. Məhz bu müraciətlərdən sonra nəzərdə tutulan ezamiyyə xərcləri qismən ödənildi, bununla belə yuxarı orqanlara müraciət etdikləri üçün iş yerində rəhbərlik tərəfindən şifahi təzyiqlərə və hədələrə məruz qalmağa başladılar. Hərbi əməliyyatlarda iştirak etdikləri dövrdə və ondan sonra idarə etdikləri avtomobillərin təmiri və digər xərcləri özləri tərəfindən qarşılanmış, həmin vəsaitlərin ödənilməsinə dair müraciət etsələr də, müraciətləri təmin edilməmişdir. Bütün baş verənlər onlara maddi ziyanla yanaşı onların özlərinə və ailə üzvlərinə mənəvi ziyan da dəymişdir. Onlar vətən qarşısında mümkün olan və bacardıqları hər bir işi görmüş, lakin bu xidmət qarşısında haqsızlıqla üzləşməkləri onlara stress, narahatlıq və iztirab yaşatmışdır. Bu səbəbdən də iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 iddia ərizələrinin məzmununa uyğun izahat verərək, onlara dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə, yəni iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini əsassız olduğundan iddia tələbini qəbul etmədiyini bildirdi. Həmçinin bildirdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7767/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən "xxxx" MMC tərəfindən verilmiş əmrlər ləğv olunmuş, iddiaçıların maaş kartları özlərinə təqdim olunmuş, işə götürülmə barədə əmirləri verilib, məcburi iş buraxma üçün əmək haqqları ödənilmişdir. Əlavə olaraq isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və "xxxx" MMC-nin rəhbərliyi iddiaçıların X8 zamanı arxa cəbhədə iştirakını və hümanizim prinsiplərini əsas tutaraq onların ailələrinə 500 manat yardım etməyə hazır olduğunu bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 3127, 582, 4, 900 vəə 1000 saylı arayışlardan məlum olur ki, iddiaçılar Azərbaycan Respublikasının Ərazi Bütövlüyü uğrunda aparılsan döyüşlərdə sürücü kimi döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişlər. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7767/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı5 cavabdeh "3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-yə qarşı “işə bərpa və ezamiyyə xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, "3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” X6 tərəfindən verilmiş 23 iyul 2021-ci il tarixli 100, 91, 97, 92 və 101 nömrəli əmrlərin ləğv edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı5 "3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” X3 sürücü vəzifəsinə işə bərpa edilməsi, 23 iyul 2021-ci il tarixdən işə bərpa olunduqları günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı5 ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. - xx.xx.2023-cü il tarixli arayışlarından görünür ki, "3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” X6 tərəfindən İddiaçı3 5819,84 manat, İddiaçı2 5156,84 manat, İddiaçı5 5312,84 manat, İddiaçı1 5561,84 manat və İddiaçı4 5273,84 manat məbləğində X7 iştiraklarına görə müavinət, həmçinin AR Əmək məcəlləsinin 77.3 maddəsinə əsasən İddiaçı3, İddiaçı2, İddiaçı1, İddiaçı4 və İddiaçı5 ixtisara düşməsi ilə əlaqədar hər birinə 2021-ci ilin may ayı üçün 424 manat, 2021-ci ilin iyun ayı üçün 424 manat, ümumilikdə 848 manat məbləğində kompensasiya kart hesabına ödənilmişdir. - "xxxx" MMC tərəfindən Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə ünvanladığı ərizədən məlum olur ki, iddiaçıların xx.xx.2021-ci il tarixdən işə bərpa olunduqları günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı, tələbkarlar İddiaçı3 6922,65 manat, İddiaçı2 7388,29 manat, X4 7388,29 manat, İddiaçı5 6922,65 manat, İddiaçı1 7388,29 manat olmaqda, cəmi 36010,17 manat vəsait və iddiaçıların hər birinə 50 manat olmaqla, cəmi 250 manat mediasiyaya dair xərc ödənilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blanklarından müəyyən olunur ki, baş vermiş hadisədən sonra İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı5 uzunmüddətli müalicə almışlar. - iddiaçılar İddiaçı3 tərəfindən 1933 manat, 3893 manat, 970 manat və 664 manat məbləğində qaimə faktura, İddiaçı2 tərəfindən 6073 manat məbləğində qaimə faktura, İddiaçı5 tərəfindən 568 manat və 311 manat məbləğində qaimə faktura, V\liyev Xanoğlan tərəfindən 730 manat məbləğində qaimə faktura, Qəhramanov Zaur tərəfindən 443 manat və 540 manat məbləğində qaimə faktura məhkəməyə təqdim olunmuşdur. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-77/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadında əsasən, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh "xxxx" MMC-yə qarşı “ezamiyyət xərclərinin tam həcmdə ödənilməsi” hissəsinə münasibətdə iddia tələbinə xitam verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə iş materiallarını araşdıraraq, iddia tələbinin maddi zərərlə bağlı hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçıların məhkəməyə təqdim etdikləri qaimə fakturaların etibarlı hesab olmasında şübhələr yaranır (nəzarət-kassa aparatlarının çekləri əlavə olunmamışdır). Odur ki, həmin qaimə fakturalar sübut kimi qəbul edilə bilməz. Bundan başqa, cavabdeh tərəfin təqdim etdiyi ərizəyə əsasən müəyyən edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7767/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar əvvəlki vəzifələrinə bərpa edilmiş, məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqıları və müavinətləri tam ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hüquqi dövlət üçün insan hüquq və azadlıqlarının layiqincə təmin edilməsi əsas göstərici amildir. Konstitusiyanın 12-ci maddəsi ilə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi elan edilərək, hər kəsin həyat və sağlamlığının, şərəf və ləyaqətinin müdafiəsinə təminat verilir. Konstitusiyanın 24-cü maddəsinə əsasən, insan ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Konstitusiyanın 26-cı maddəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 68-ci maddəsinin İİ hissəsi cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqlarının qanunla qorunmasını bəyan edir və zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququnu müəyyən edir. Konstitusiyanın bu norması insan hüquq və azadlıqlarının pozulduğu təqdirdə zərərçəkmiş şəxsə dəymiş ziyana görə kompensasiyanın ödənilməsini ədalətli sayaraq bu öhdəliyin yerinə yetirilməsində dövlətin də məsuliyyətini müəyyən edir. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən müəyyən edilir və mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilir. Belə ki, Mülki Məcəllənin: - 21-ci maddəsinə müvafiq olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqa zidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqa zidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab ki, mülki qanunvericilikdə mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. Mülki Məcəllənin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Başqa şəxsə zərər vurulması həmin maddə ilə hüquq və vəzifə doğuran əsas kimi nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 14.2.6-cı maddəsi). Bu hüquq normasındakı “qanunvericilikdə nəzərdə tutulmasa da” ifadəsi isə bilavasitə Məcəllə ilə nəzərdə tutulmayan hallarda belə mənəvi zərərin ödənilməsi ilə bağlı tələbin irəli sürülməsi üçün əsas yaradır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. sübut etməlidir. Məhkəmənin qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etmiş olduğu mənəvi ziyan məbləği ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Məhkəmə qeyd edir ki, mənəvi təzminatın miqdarının müəyyən olunmsı mənəvi dəyərlərin maddi şəkildə kompensasiya edilməsi halında əhəmiyyət kəsb edir. Mənəvi zərərin dəqiqliklə kompensasiyası hər zaman mümkün olmadığından mənəvi təzminatda zərərin ödənilməsi əksər hallarda maddi formada (pul formasında) ödənilən kompensasiyadır. Mənəvi zərərlə bağlı yuxarıda adı çəkilən Plenum qərarında Ali Məhkəmə mənəvi zərərin ödənilməsinin yalnız pul formasında olmasında əlavə olaraq şəxsin üzərinə bəzi vəzifələr qoymaq yolu ilə (məsələn, şərəf, ləyaqət, işgüzar və sosial nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi) həyata keçirilə biləcəyini qəbul etmişdir. Təzminatın ədalətə uyğun olması vacibdir. Bu səbəbdən mənəvi təzminatın miqdarı iddiaçının məruz qaldığı mənəvi zərərin son həddi ilə mütənasib olmalıdır. Xüsusilə, çox aşağı olmamalıdır. Təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, miqdarın çox yüksək olmaması da nəzərə alınmalıdır. Mənəvi zərərin əvəzinin ödənilməsində məqsəd zərərin kompensasiyası və ya zərərvuranın cəzalandırılması deyil, zərər çəkəndə məruz qaldığı mənəvi sarsıntı və iztirabı müəyyən qədər azaltmaqdır. Zərər çəkənə mənəvi zərərin əvəzi kimi pul məbləğinin ödənilməsi halında onda məruz qaldığı mənəvi zərərin qismən və ya tamamilə aradan qaldırmağa yarayan məmnunetmə hissi yaradılmış olur. Şəxsin çəkdiyi əzabın, ağrıların, iztirabın ona kompensasasiya verilməsilə tam aradan qaldırılması mümkün deyildir. Bu halda mənəvi zərərin ödənilməsi zərər çəkəni təsəlli edən bir vasitədir. Məhkəmə hesab edir ki, maddi zərər pulla kompensasiya edilə bilər; lakin mənəvi sarsıntı və iztirab və həyat eşqinin azalması kimi mənəvi zərərlərin ödənilməsi, pulun zərər çəkənin məruz qaldığı zərəri kompensasiya etməsi barədə hüquqi fiksiyaya söykənir. Lakin pulun ağrını azaldacağını və ya zərər çəkənin qabiliyyətini bərpa edəcəyini düşünməsək də, bu fiksiyanı qəbul edirik. Məhkəmə “itirilmişi” qiymətləndirməyi ümid etməsə də, lakin mövcud şəraitdə pul kompensasiyasını təsəlli vasitəsi kimi çıxış etməsini qeyd etməyi zəruri hesab edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı5 iddia tələbləri qismən təmin edilməli, mənəvi zərərin əvəzi olaraq (cavabdeh tərəfin iddiaçıların hər birinə 500 (beş yüz) manat maddi yardım göstərilməsinə dair ərizəsi nəzərə alınaraq) cavabdeh "xxxx" MMC-dən hər bir iddiaçıya 1000 (bir min) manat olmaqla, cəmi 5000 (beş min) manat pul məbləği tutularaq iddiaçılara ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Mənəvi zərərin əvəzi olaraq iddiaçılar İddiaçı1 1000 (bir min) manat, İddiaçı3 1000 (bir min) manat, İddiaçı2 1000 (bir min) manat, İddiaçı4 1000 (bir min) manat və İddiaçı5 1000 (bir min)manat, cəmi 5000 (beş min) manat pul məbləği cavabdeh "xxxx" MMC-dən tutularaq ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar