Məhkəmə qərarları › İş №2(001)-7718/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7718/2025

04.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7718/2025 04.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X12 barəsində 20 oktyabr 1957-ci il tarixdə Azərbaycan SSR Cəbrayıl rayonu (Azərbaycan Respublikası Cəbrayıl rayonu) VVADQ şöbəsində aparılmış doğum akt qeydinin bərpa edilməsi, 20 oktyabr 1957-ci il tarixdə Cəbrayıl rayon VVADQ şöbəsində doğumun qeyd edilməsi faktının, 20 oktyabr 1957-ci il tarixdə Cəbrayıl rayonu, Dağtumas kəndində doğulması, ata adının X13, milliyyətinin azərbaycanlı, ana adının Hüseynnova (Şükürova) Fatma İsax qızı, milliyyətinin azərbaycanlı olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum atası X12 20 oktyabr 1957-ci il tarixdə Cəbrayıl rayonu Dağtumas kəndində anadan olmuşdur. Həmin vaxt bu barədə doğum haqqında akt qeydləri kitabında akt qeydi aparılmışdır və doğum haqqında şəhadətnamə verilmişdir. X4, anası Hüseynova (Şükürova) Fatma İsax qızıdır, valideynlərinin hər ikisi vəfat etmişdir. X12 23 oktyabr 2015-ci il tarixdə vəfat etmişdir. X2 verilmiş doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir və tapılmamışdır. Qeyd olunmalıdır ki, mərhum atası Ş.M.Şükürova aid doğum akt qeydinin bərpa edilməsi və doğum haqqında təkrar şəhadətnamə verilməsi ilə bağlı ərizə ilə Binəqədi rayon qeydiyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən verilmiş cavabda Ş.M.Şükürovun doğum haqqında akt qeydi qeydiyyat şöbəsi üzrə qeyd edilən illərə aid bərpa akt qeydləri kitabında və Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilmədiyi, göstərilənlərlə əlaqədar ərizənin təmin edilməsinin imkan xaricində olması bildirilmişdir və hüquqi faktın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Doğum haqqında təkrar şəhadətnamə verilməsi ilə bağlı Cəbrayıl rayon qeydiyyat Şöbəsinə müraciət etmiş, verilmiş cavabda arxiv məlumatları Cəbrayıl rayon qeydiyyat şöbəsinin və Dağtumas icra nümayəndəliyinin 1953-1960-cı illər ilkin, 1959-1976-cı illər üzrə bərpa doğum akt qeydləri üzrə yoxlanılmış və barəsində doğum akt qeydinin aşkar edilmədiyi, eyni zamanda “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılması və doğum haqqında akt qeydinin aşkar edilmədiyi, məhkəmə qaydasında bərpa oluna bilməsi göstərilmişdir. Akt qeydləri barədə heç bir məlumat olmadığından hər hansı bir arayış və məlumat əldə edilməsi mümkün deyildir, ona görə də bu fakt məhkəmə qaydasında təsdiq edilməlidir. Göründüyü kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən akt qeydinin bərpası mümkün olmamışdır. Mərhum atasına aid doğum haqqında şəhadətnamənin və akt qeydi barədə arayışın olmaması səbəbindən hüquqlarının həyata keçirilməsində maneçiliklər yaranır. Mərhum atasından avtomobil miras qalmışdır, vərəsəlik işi açılması barədə notariat ofisinə müraciət etdikdə doğum haqqında şəhadətnamə tələb edilmişdir, lakin şəhadətnamə olmadığından mümkün olmamışdır. Qeyd edilənlərdən də görünür ki, onun müvafiq orqandan doğum haqqında arayış və doğum haqqında şəhadətnamənin dublikatının əldə edilməsi mümkün deyildir. Mərhum atasına aid doğumun qeyd edilməsi faktını təsdiq edəcək sənədi başqa qaydada almaq imkanları yoxdur və ona görə də bu fakt məhkəmə qaydasında bərpa edilməlidir. Doğumun qeyd edilməsi faktının təsdiq edilməsi və akt qeydlərinin bərpa edilməsi onun sosial hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Məhkəmə iclasında iştirak edən ərizəçi və onun nümayəndəsi ərizəni müdafiə edərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X14 ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşı oğludur. X3 20 oktyabr 1957-ci il tarixdə Cəbrayıl rayonu, Dağtumas kəndində doğulmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 ifadəsində göstərmişdir ki, ərizəçi onun bacısı oğludur. Ərizəçinin atası X1 rayonu, Dağtumas kəndində doğulmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İİ-ЖГ seriyalı 347142 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X12 ilə X9 arasında olan nikah Kirov rayon qeydiyyat şöbəsində xx.xx.1980-ci il tarixdə bağlanmışdır. Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, sonuncunun ərizəsinə baxılmış və bildirilmişdir ki, doğum haqqında akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd təqdim etmədiyinə görə müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyildir. Cəbrayıl rayon qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, arxiv məlumatları Cəbrayıl rayon qeydiyyat şöbəsinin və Dağtumas icra nümayəndəliyinin 1953-1960-cı illər ilkin, 1959-1976-cı illər üzrə bərpa doğum akt qeydləri üzrə yoxlanılmış və barəsində doğum akt qeydi aşkar edilməmişdir. Eyni zamanda “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. AZ-İ seriyalı 771575 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X12 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İX-ЖГ seriyalı 402653 nömrəli “Doğum haqqında şəhadətnaməsi”nin surətindən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Ərizəçi atası X12, anası isə X6r. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi”nin 1957-ci ilə dair Cəbrayıl rayonu üzrə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının arxivə dövlət mühafizəsinə verilmədiyindən, X7 doğum haqqında akt qeydinin axtarışının aparılması imkanları xaricindədir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Ş.Şükürovun doğumu haqqında məlumat aşkar edilməmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin verilməsi ilə əlaqədar ərizəçi tərəfindən məhkəməyə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göründüyü kimi, ərizəçi atasının doğum qeydinin bərpası ilə bağlı müvafiq orqana müraciət etsə də, itmiş sənədin həqiqətən olduğunu təsdiq edən sənəd təqdim edilmədiyindən bərpa etmək mümkün olmamışdır. Ərizəçinin atasının doğum qeydinin bərpası başqa qaydada mümkün deyildir. Ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktın hüquqi əhəmiyyəti olduğu üçün məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, X7 xx.xx.1957-ci il tarixdə Cəbrayıl rayonu, Dağtumas kəndində doğulması, atasının X13, milliyyəti azərbaycanlı, anasının Hüseynova (Şükürova) Fatma İsax qızı, milliyyəti azərbaycanlı olması barədə doğumunun qeyd edilmə faktı müəyyən edilməklə, doğum qeydi bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X7 xx.xx.1957-ci il tarixdə Cəbrayıl rayonu, Dağtumas kəndində doğulması, atasının X13, milliyyəti azərbaycanlı, anasının Hüseynova (Şükürova) Fatma İsax qızı, milliyyəti azərbaycanlı olması barədə doğumunun qeyd edilmə faktı müəyyən edilməklə, doğum qeydi bərpa edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar