Məhkəmə qərarları › İş №2(001)-78/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-78/2022

18.03.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-78/2022 18.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun barəsində verdiyi işdən azad olunmaya dair 21 may 2020-ci il tarixli əmrin ləğv edilməsi və məcburi iş buraxmaya görə qətnamə çıxarılan günədək əmək haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə əsasən 11 aprel 2020-ci il tarixli müqaviləsinə əsasən şirkətdə 1700 manat əmək haqqı ilə hüquqşünas kimi işə qəbul olunmuşdur. Üzərinə düşən əmək funksiyasını yerinə yetirmiş, hüquqi məsləhətlər, hüquqi sənədlərin reviziyası, müqavilələrin hazırlanması və bu kimi başqa işlər görmüşdür. İşlədiyi müddətdə cavabdeh əmək haqqını ödəməmişdir. Həmçinin bu yaxınlarda ona məlum olmuşdur ki, 21 may 2020-ci il tarixdə cavabeh onun ərizəsi olmadan elektron hökumət portalına əmək müqaviləsinin tərəflərin qarşılıqlı razılığı ilə xitam verilməsi barədə bildiriş əlavə etmişdir. Cavabdehlə bununla bağlı şifahi danışıqları olmuş lakin, qanunsuzluğun aradan qaldırılmasına əhəmiyyət verilməmişdir. Bununla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci bəndinin a) yarımbəndinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsinə xitam verilə bilər. Lakin o, cavabdeh ilə bununla bağlı hər hansı razılığa gəlməmiş və cavabdehə bununla bağlı yazılı müraciət etməmişdir. Bu səbəbdən də əmr ləğv edilməlidir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Lakin əvvəlki məhkəmə iclasında iştirak edərkən izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Belə ki, cavabdehin vəkili olaraq icraatına çox iş götürmüşdür. Lakin onun xəbəri olmadan aralarında bağlanmış əmək müqaviləsi pozulmuşdur. İşdən çıxarılma barədə əmri də ona verilməmişdir. Lakin sistemdən olan elektron bildiriş var ki, həmin bildirişdə də tərəflərin razılığı ilə əmək müqaviləsinin pozulduğu göstərilir. Lakin müqavilənin pozulmasından məlumatı olmamışdır.

4. Bundan sonra iddiaçı məhkəmə iclaslarında iştirak etməmiş, lakin mülki işin onun iştirakı olmadan baxılmasını və iddiasının təmin edilməsi barədə məhkəməyə yazılı ərizələrlə müraciət etmişdir.

5. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Buna baxmayaraq, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 izahatında bildirmişdir ki, iddiaçı şirkətdən işdən çıxarılmışdır. İddiaçı öz ərizəsi ilə işdən çıxmamışdır. Belə bir ərizə yoxdur. Məhkəmə tərəfindən vaxt verilərsə, iddiaçı ilə danışıb məsələni həll etmək olar. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

7. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Cavabdeh MMC-də xx.xx.2020-ci il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən aylıq əmək haqqı 1700 manat olmaqla, vəkil kimi əmək fəaliyyətinə başlamışdır. Bildiriş sistemə xx.xx.2020-ci il tarixində daxil edilmişdir.

8. Sosial arayışdan görünür ki, İddiaçı Cavabdeh MMC ilə arasında bağlanan 11.04.020-ci il tarixli əmək müqaviləsi xx.xx.2020-ci il tarixindən qüvvədən düşmüşdür.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-408/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinin tələbləri baxımından baxılmamış saxlanılması qərara alınmışdır.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4699/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-408/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsi və mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(01)-408/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə 2(001)-408/2021 saylı mülki iş üzrə İddiaçı məxsus 4725 8765 9134 7686 saylı maaş kartı üzrə hesabdan çıxarış məlumatlarının təsdiq edilmiş surətinin "xxxx" ASC-dən tələb edilməsi,Cavabdeh ilə İddiaçı ilə aralarında bağlanan əmək müqaviləsinin, sonuncunun işdən çıxarılması ilə əlaqədar aparılan son haqq-hesab məlumatlarının, vəzifə maaşına dair məlumatların, əmək müqaviləsinə xitam verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətlərinin Cavabdeh MMC-dən tələb edilməsi qərara alınmışdır.

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-408/2021 saylı, xx.xx.2021-ci il tarixli sorğusu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə yaranmış zərurətlə əlaqədar xx.xx.1976-cı il təvəllüdlü İddiaçı ilə Cavabdeh MMC arasında əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinə dair bildirişin və əmək müqaviləsinə xitam verilməsinə dair məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil edilib-edilməməsi, daxil edildiyi halda bu barədə müvafiq arayışın Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilməsi xahiş edilmişdir.

13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 avqust 2021-ci il tarixli **********1 saylı məktubundan görünür ki, məhkəmənin müvafiq müraciəti baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 göndərilmişdir.

14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X5 Xidmətinin 12 avqust 2021-ci il tarixli məktubuna əsasən məhkəməyə təqdim edilən İddiaçı adına Cavabdeh MMC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumatdan görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixində, Əmək Məcəlləsinn 75-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Xitamin nömrəsi xxxxxxx0001X0 kimi qeyd edilmişdir.

15. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-408/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraat Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin “sübutların təmin edilməsi barədə” xx.xx.2021-ci il tarixli, 2(001)-408/2021 saylı qərardadı icra olunanadək dayandırılması qərara alınmışdır.

16. Cavabdeh MMC-nin direktoru X4 tərəfindən məhkəməyə ünvanlanan 07 fevral 2022-ci il tarixli məktubu ilə məhkəmənin diqqətinə çatdırılmışdır ki, şirkət 10 may 2020-ci il tarixində ulu öndər Heydər Əliyevin xatirəsi ilə bağlı tikiş sexi açmışdır. Həmin dövrdə şirkətdə vəkil olaraq işləyən İddiaçı Heydər Əliyev adına olan şirkət və ya qurumda işləmək istəmədiyini bildirmiş və öz istəyi ilə işdən azad olunmuşdur. Şirkət ulu öndərin xatirəsinə bir çox tədbirlər keçirmişdir. Bunların heç birində isə iştirak etməmişdir. Onlar hal-hazırda Qarabağ bölgəsində, Cəbrayıl rayonunun Cocuq Mərcanlı və Şükürbəyli qəsəbələrində “Böyük Qayıdış” layihəsini həyata keçirirlər. Layihələri Prezident İnvestisiya təşviqinə salınmışdır. Dövlətin siyasi etibarını qorumaq naminə müxalifət yönündə heç bir işçinin onlarla çalışmasını istəmirlər və onunla heç bir əmək müqaviləsi bağlanmamışdır.

17. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-408/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

18. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə arasında olan xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə məlumatı olmadan və özü tərəfindən hər hansı bir müraciət edilmədən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin “a” bəndi ilə xitam verildiyini iddia edir.

19. Cavabdeh MMC-nin direktoru X4 tərəfindən məhkəməyə ünvanlanan 07 fevral 2022-ci il tarixli məktubunda İddiaçı şirkətlə əməkdaşlıq etmək istəməməsi səbəbindən şirkətdən öz istəyi ilə ayrıldığını, İddiaçı ilə aralarında əmək müqaviləsinin heç bağlanmadığını bildirir.

20. Halbuki iş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Cavabdeh MMC-də xx.xx.2020-ci il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən aylıq əmək haqqı 1700 manat olmaqla, hüquqşunas kimi əmək fəaliyyətinə başlamışdır.

21. Əmək müqaviləsi barədə bildiriş sistemə elə həmin tarixdə xx.xx.2020-ci il tarixində daxil edilmişdir.

22. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X5 Xidmətinin 12 avqust 2021-ci il tarixli məktubuna əsasən məhkəməyə təqdim edilən İddiaçı adına Cavabdeh MMC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumatdan görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixində, Əmək Məcəlləsinn 75ci maddəsinin a) bəndinə əsasən xitam verilmişdir.

23. Sonuncu məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı öz ərizəsi ilə işdən çıxmamışdır. Belə bir ərizə mövcud deyildir. Hətta yaranmış mübahisənin həlli üçün tərəflər arasında razılıq əldə edilməsi məqsədilə məhkəmə tərəfindən müəyyən vaxt verilməsi xahiş edilmişdir. Lakin, verilmiş müddət ərzində tərəflər arasında hər hansı razılaşmanın əldə edilməsi barədə məhkəməyə heç bir məlumat daxil olmamışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

24. İşin müəyyən edilən hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2a bəndi ilə xitam verilmişdir, lakin iddiaçı onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə iradəsinin olmadığını iddia edir, cavabdehin nümayəndəsi isə faktiki olaraq əmrin əsası ilə mübahisənin səbəblərinin uzlaşmadığını qəbul edir. Buna baxmayaraq iddianı etiraf etmir.

25. Azərbycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsi əsasları kimi a) tərəflərdən birinin təşəbbüsü, e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar göstərilmişdir.

26. Həmin Məcəllənin 69-cu maddəsində əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası, 70-ci maddəsində isə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsasları göstərilmişdir.

27. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin: 1-ci bəndinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. 2-ci bəndinə əsasən əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: a) tərəflərin qarşılıqlı razılığı; b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə; c) əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda; ç) işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə; d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar. 3-cü bəndinə əsasən tərəflər əmək münasibətlərinin gələcəkdə daha dolğun tənzimlənməsini təmin etmək məqsədi ilə bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallardan işçinin əmək şəraitinə uyğun olanını əmək müqaviləsinə hökmən daxil etməlidirlər. 4-cü maddəsinə əsasən əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır.

28. 83-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

29. 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

30. 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

31. 76-cı maddəsinin 2-ci bəndinə əsasən Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

32. İddia tələbinin hüquqi əsasını Əmək Məcəlləsinin 300.1-ci maddəsi təşkil edir.

33. Əvvəla məhkəmə qeyd edir ki, tərəflər arasında əmək münasibətlərinin mövcudluğu işin mübahisələndirilməyən halıdır. Belə ki, MMC-nin direktoru tərəflər arasında hər hansı əmək müqaviləsinin bağlanmadığını, iddiaçının öz istəyi ilə işdən ayrıldığını bildirsə də, bu işin müəyyən edilmiş faktiki halları ilə uzlaşmır. Belə ki, iş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixində müddətsiz əmək müqaviləsi bağlanmışdır. Nəticədə həmin tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə əmək müqaviləsi bildirişi daxil edilmişdir. Yəni işin faktiki halları ilə tərəflər arasında əmək müqaviləsinin mövcud olması öz təsdiqini tapır.

34. İşin mübahisələndirilən halı isə işçinin əmək müqaviləsinin ləğvi üçün tərəflər arasında qarşılıqlı razılaşmanın olub-olmamasıdır. Belə ki, əmək müqaviləsi bildirişi barədə məlumata əsasən İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixində, Əmək Məcəlləsinin 75-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Halbuki iş matarialları ilə əmək müqaviləsinin ləğvi üçün tərəflər arasında qarşılıqlı razılığının olduğu müəyyən edilmir. Hətta cavabdehin nümayəndəsi də, məhkəmə iclasında iddiaçı tərəfindən əmək müqaviləsin ləğv edilməsi ilə bağlı MMC rəhbərliyinə ünvanlanmış yazılı ərizəsinin olmadığını, tərəflər arasında hər hansı razılaşmanın olmadığını təsdiq edir.

35. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları onu təsdiq edir ki, cavabdeh əmək müqaviləsinə Əmək Məcəlləsinin 75.2)a maddəsi ilə xitam versə də, tərəflər arasında bununla bağlı qarşılıqlı razılaşma olmamışdır, odur ki, cavabdeh Əmək Məcəlləsinin 75, 76-cı maddələrinin tələblərini pozduğuna görə həmin Məcəllənin 300-cü maddəsinin tətbiq edilməsi üçün əsas yaranmışdır.

36. Əmək Məcəlləsinin 300-cü maddəsi isə əmrin ləğvi və bundan irəli gələn hüquqi nəticələri tənzimləyir. Belə ki, həmin normada qeyd edilmişdir ki, məhkəmə əmrin qanunsuzluğunu müəyyən etdiyi halda məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçi vəzifəsinə bərpa edilməlidir.

37. Bu məqamda məhkəmə qeyd edilməsini zəruri hesab edir ki, iddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsində məhkəmədən əmrin ləğv edilməsini və məcburi iş buraxmaya görə qətnamə çıxarılan günədək əmək haqqının tutulmasını xahiş etmişdir.

38. Məhkəmə Mülki-Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbi baxımından hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, tələb olmasa belə mütləq qaydada işə bərpanı özündə şərtləndirir. Belə ki, əks halda işə bərpa olunmadan mübahisələndirilən əmrin ləğv edilməsi hər hansı hüquqi nəticə doğurmayacaqdır. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, əmək münasibətlərinə xitam verilməsi barədə işəgötürənin əmrinin ləğvi edilməsinin hüquqi nəticəsi olaraq işçinin həmçinin işə bərpa edilməli olmasının zəruriliyi qanundan irəli gələn tələbdir.

39. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məcburi işburaxma dövrü işə bərpa edilmə ilə bağlı məhkəmə qətnaməsinin icrası ilə birbaşa bağlı olduğundan məcburi iş buraxma müddəti üçün əmək haqqı işə bərpa edilən tarixədək ödənilməlidir. Lakin bu halda məhkəmə iddia tələbindən kənara çıxa bilməz. Belə ki, iddiaçının tələbi məcburi iş buraxmaya görə qətnamə çıxarılan günədək əmək haqqının tutulması olduğundan, iddianın obyekti həmin tarixədək hesablanacaq məbləğdir. Yəni məhkəmə iddianın obyektini, dolayısı ilə iddianın predmetini iddia tələbindən kənara çıxaraq artıra bilməz, bu dispozitivlik prinsipinə ziddir. Tətbiq edilən prosessual normalar:

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

41. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

42. 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

43. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

44. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh xx.xx.2020-ci il tarixli əmri ləğv edilməli, xx.xx.2022-ci il tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Cavabdeh MMC-də tutuduğu əvvəlki vəzifəsinə bərpa edilməlidir.

45. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi:

İddia təmin edilsin. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh xx.xx.2020-ci il tarixli əmri ləğv edilsin. xx.xx.2022-ci il tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Cavabdeh MMC-də tutuduğu əvvəlki vəzifəsinə bərpa edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar