Məhkəmə qərarları › İş №2(1-8)-1315/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1315/2026

23.06.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1315/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdehlər Abşeron rayonu Xırdalan şəhəri V.Y.Musibov adına * nömrəli tam orta ümumtəhsil məktəbinə, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, cavabdeh1 və cavabdeh1 Abşeron Xızı Regional Təhsil Idarəsinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-*/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Abşeron rayonu Xırdalan şəhəri V.Müsibov adına * nömrəli tam orta ümumtəhsil məktəbinin ##.##.2025-ci il tarixli, *** saylı əmrindən görünür ki, Məktəbin riyaziyyat müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ##.##.2025-ci il tarixdən xitam verilməsi, İddiaçı ilə qanunvericiliyə uyğun olaraq son haqq-hesabın aparılmasının təmin edilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas kimi ##.##.2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və cavabdeh1 ##.##.2025-ci il tarixli əmri götürülmüşdür;

3. “Prime” National Hospital tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ##.##.2024-cü il tarixində həkim travmatoloqun qəbulunda olmuş, müayinə zamanı ona hər iki pəncədə Hallux-valgus deformasiyası qoyulmuşdur. Pasient planlı olaraq, ##.##.2024-cü il tarixində əməliyyat keçirmiş, ona ay yarım ev şəraitində ambulator müalicəni davam etdirmək, xüsusi ortopedik ayaqqabıda hərəkət etmək və məhdud hərəkət tövsiyə olunmuşdur.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanılmış əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı iş üzrə cavabdeh məktəbin direktoru cavabdeh3 ##.##.2025-ci il tarixli *** saylı əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Iddia onunla əsaslandırılmışdır ki, cavabdeh2 yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi Abşeron-Xızı Regional Təhsil Idarəsi Xırdalan şəhər V.Y.Musibov adına * nömrəli tam ümumtəhsil məktəbinin direktoru cavabdeh3 ##.##.2025ci il tarixli *** saylı əmri ilə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci mədəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Qeyd olunan əmr ## #### 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşmanın nəticəsi və cavabdeh2 yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ##.##.2025-ci il tarixli *-*****/*-*-**F/**** nömrəli əmrinə əsaslanmaqla verilmişdir. O, cavabdeh2 yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ##.##.2025-ci il tarixli *-*****/*-*- **F/**** nömrəli əmrini və ona əsalanmaqla verilmiş Xırdalan şəhər V.Y.Musibov adına * nömrəli tam ümumtəhsil məktəbinin direktoru cavabdeh3 ##.##.2025-ci il tarixli *** saylı əmrini qanuni və əsaslı hesab etmir. Qeyd edilən əmrlər onun əmək hüquqlarını kobud şəkildə pozur. Belə ki, o, 2024-cü il tarixli birinci sertifikasiya imtahanı zamanı ##.##.2024cü il tarixdə Bakı “xxxx” MMC-də hər iki ayağın 1-ci barmağının plastikası, Şe_de əməliyyatı keçirmiş və ##.##.2024-cü il tarixədək xəstəxanada yatmışdır. Bu səbəbdən sertifikasiya imtahanında üzrlü səbəbdən iştirak etməmişdir. Ikinci sertifikasiya imtahanı zamanı isə artıq onun 60 yaşı tamam olduğundan imtahan onun üçün məcburi xarakter daşımayaraq onun birinci imtahanı hesab edilməli idi. Yuxarıda qeyd edilənlərdən görünür ki, o, ancaq bir imtahanda iştirak etmiş və birinci imtahanda o, tam üzrlü səbəbdən iştirak edə bilməmişdir.

6. Cavabdeh cavabdeh1 Abşeron-Xızı Regional Təhsil Idarəsinin nümayəndəsi nümayəndə2 məhkəmə iclasında iddianı qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.

7. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Məlahət Abbasova).

8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Iddia tələbinin dəlillərində göstərilir ki, iddiaçı keçirilmiş sertifikasiya imtahanında iştirak edə bilməyib, buna səbəb xəstəliyi olub. Ona görə də hesab edir ki, bu hal nəzərə alınmalı, keçirilmiş sertifikatlaşdırma təkrar deyil, ilkin hesab olunmalı və ona növbəti sertifikatlaşdırmada iştirak etmək imkanı verilməlidir. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.2-ci bəndində qeyd olunub: “Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar”. Iddiaçı keçirilmiş sertifikatlaşdırmada üzrlü səbəbdən (xəstəliyinə görə) iştirak etməmişdir. Buna görə də onun iş yeri 1 il müddətində saxlanılıb və təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ verilmişdir. Qaydaya görə, hər hansı səbəbdən sertifikatlaşdırmada iştirak etməyən şəxs sertifikatlaşdırmada iştirak edib, lakin ondan keçə bilməyən şəxsə bərabər tutulur. Odur ki, sertifikatlaşdırmada üzrlü səbəbdən iştirak etməyən şəxs üçün növbəti sertifikatlaşdırma təkrar sayılır. Bu səbəbdən məhkəmə hesab edib ki, iddia əsaslı deyildir və təmin edilməməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 11, 67-2, 73, 78, 300-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” Qaydasının müvafiq bəndlərinə, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-1, 33.3.9, 36-2.5, 36-2.6-cı maddələrinə və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə qanunsuz və əsassızdır. Məhkəmə prosesində verilmiş izahatlardan və sübutlardan aydın olur ki, birinci dəfə keçirilən sertifikatlaşdırmada əməliyyat olunması səbəbi ilə ümumiyyətlə iştirak etməmişdir. Bu isə o deməkdir ki, əməliyyatdan sonra keçirilən sertifikatlaşdırma ona münasibətdə 2-ci deyil, 1-ci sertifikatlaşdırma olmuşdur. Bundan əlavə əməliyyatdan sonra keçirilən sertifikatlaşdırma zamanı artıq 60 yaşı tamam olmuşdur ki, bu da qaydalara əsasən nəzərə alınmalı olan hal idi. Belə ki, qaydalara əsasən 60 yaşı tamam olmuş şəxslər sertifikatlaşdırmada könüllü olaraq öz istəklərinə əsasən iştirak edirlər. Bunun üçün isə ərizə ilə müraciət etməli idi ki, sertifikatlaşdırmaya cəlb edilsin. Belə bir hal isə yəni ərizə verilməsi olmamışdır. Məhkəmə isə bu iş üzrə mühüm xüsusatları araşdırmadan formal mülahizələr əsasında cavabdehin dediklərini əsas götürüb iddianı rədd edib. ##.##.2024-cü ildə “Medical Plaza”-da əməliyyat olunmuşdur, bunu da məhkəməyə bildirmiş və sübutlar təqdim etmişdir. Bundan sonra ##.##.2024 ildə isə “PRAYM” Hospitalda əməliyyat olmuşdur. “Medical Plaza”–da əməliyyat olunmağı məhkəmə qətnaməsində qeyd olunmamışdır. Onunla eyni vəziyyətdə olan digər məktəbin müəlliməsi Məmmədova Laləzar Islam qızından ərizə alıb sertifikassiyaya göndərmədilər. Bundan əlavə, başqa bir müəllimə olan Camalova Rəfiqənin 59 yaşı olanda 1-ci imtahandan kəsildi, 60 yaşı tamam olandan sonra isə onu da imtahana aparmadılar. Görünən odur ki, ona qarşı qərəzli münasibət olub, bu zaman qanunun tələbləri də pozulmuşdur. Məhkəmə isə bu halları araşdırmamışdır. Bundan əlavə imtahanın keçirilməsi zamanı texniki qüsur olmuş, ekran ağarmış, bunu nəzarətçiyə bildirmişdir. Nəzarətçi kompüterə müdaxilə edəndən sonra yazdığı suallar da itdi, ona bildirdilər ki, artıq heç nə edə bilmirlər. Lakin bu vaxt hələ imtahan üçün ayrılmış vaxt bitməmişdi, yazdığı suallar da itdi, məhkəmə isə bunu araşdırmadı. Qeyd olunanlar onu göstərir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, ədalətli məhkəmə araşdırması aparmamışdır. Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndi imperativ xarakter daşımır. Belə ki, peşəkarlıq səviyyəsinin, ixtisasının kifayət qədər olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyəti orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Qanun burada müəyyən edir ki, əgər tutduğu vəzifəyə uyğun gəlmədiyi haqqında qərar olsa belə qanunun digər tələbləri, yaş amili və sertifikatlaşmadan 1 dəfə kəsilməsi işəgötürən tərəfindən nəzərə alınmalı idi. Məktəb isə bildirir ki, sertifikatlaşmanı aparan orqanın qərarı var, ona görə də mütləq müəlliməni işdən çıxarmalıdır. Halbuki qanunun tələbinə əsasən təkrar keçməyən, anlayışı o deməkdir ki, “1-ci dəfə imtahan verib keçməyib, onda 2-ci dəfə də imtahan vermək hüququndan istifadə edir və 2-ci dəfə də kəsilir. Yəni 2 dəfə yaradılmış şəraitdə sertifikassiyadan keçməməsi əsas yaradır ki, onun barəsində müvafiq qərar qəbul edilsin. Onun vəziyyəti isə belə deyil. O birinci dəfə ümumiyyətlə imtahanda iştirak etməyib. Əməliyyat olunduğu üçün xəstəxanada olub və bu da kəsilmə sayıla bilməz. Sonradan sertifikatlaşdırmada iştirakı da 2-ci deyil, 1-ci dəfə kimi qəbul edilməli idi. Buna müvafiq olaraq qəbul edilmiş normativ sənədlərdə də nəzərdə tutulub ki, 60 yaşdan yuxarı şəxslər sertifikassiyaya könüllülük əsasında onlar özləri ərizə ilə müraciət edib xahiş etdikdə cəlb olunurlar. Lakin 60 yaşının tamam olmasına baxmadan məcburi qaydada sertifikatlaşdırmaya cəlb edilib. Bu da maddi hüquq normasının tələblərinin pozulması deməkdir. Göründüyü kimi işə baxan məhkəmə sadalanan halları tam araşdırmamış və formal mülahizələr əsasında iddia tələbini rədd etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

12. Cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək şikayətin təmin edilməyərək birinci instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-*/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməyərək Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Ayaz Mahmudov - sədrlik edən və məruzəçi, Lalə Rəhimli və Afiq Hüseynzadə).

14. Məhkəmə kollegiyası işə baxan məhkəmənin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, hazırda iddiaçının apellyasiya şikayətində əsas dəlili ondan ibarətdir ki, o ilk dəfə keçirilmiş sertifikasiya imtahanında iştirak edə bilməyib, buna səbəb xəstəliyi olub. Iştirak etdiyi sertifikatlaşdırma isə təkrar deyil, ilkin hesab olunmalı və ona növbəti sertifikatlaşdırmada iştirak etmək imkanı verilməli və ya ümumiyyətlə yaşı 60-dan yuxarı olduğu üçün sertifikatlaşmada iştirak etməməli idi.

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.2-ci bəndində qeyd olunub ki, “Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar”.

16. Iddiaçı keçirilmiş sertifikatlaşdırmada üzrlü səbəbdən (xəstəliyinə görə) iştirak etməmişdir. Buna görə də onun iş yeri 1 il müddətində saxlanılıb və təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ verilmişdir. Qaydaya görə, hər hansı səbəbdən sertifikatlaşdırmada iştirak etməyən şəxs sertifikatlaşdırmada iştirak edib, lakin ondan keçə bilməyən şəxsə bərabər tutulur. Odur ki, sertifikatlaşdırmada üzrlü səbəbdən iştirak etməyən şəxs üçün növbəti sertifikatlaşdırma təkrar sayılır.

17. Göründüyü kimi iddiaçı onun üçün nəzərdə tutulan məcburi sertifikasiya imtahanında ilk dəfə xəstəlik səbəbi ilə iştirak etməmiş, növbəti sertifikasiya imtahanında isə iştirak edərək, qeyri-məqbul nəticə əldə etmiş, lakin zəruri olan keçid balını toplaya bilmədiyindən, hazırki tələblə məhkəməyə müraciət etmişdir.

18. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçıya münasibətdə sertifikasiya proseduru qanunun tələbinə uyğun olaraq həyata keçirilmişdir. Bu səbəbdən iddiaçının işdən azad olunması barədə əmr qanunsuz hesab edilə bilməz. Işdən azad olunma barədə əmr ləğv olunmadığından, iddia tələbinin digər hissələri yəni, işə bərpa edilmə və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi tələbi təmin edilə bilməz.

19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən maddi hüquq normalarının tələblərinə əməl edilmiş, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hər hansı pozuntuya yol verilməmişdir.

20. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11 (b), 67-2 (İ, IV), 70 (c), 78 (c), 73.1, 300 (İ)-ci, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.6.-1, 33.3.9, 36-2.6-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” Qaydasının 1.5.60, 5.2-5.4-cü bəndlərinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

21. Iddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesində verilmiş izahatlara və sübutlara əsasən iddiaçı birinci dəfə keçirilən sertifikatlaşdırmada əməliyyat olunması səbəbindən ümumiyyətlə iştirak etməmişdir. Bu isə o deməkdir ki, əməliyyatdan sonra keçirilən sertifikatlaşdırma iddiaçıya münasibətdə ikinci deyil, birinci sertifikatlaşdırma olmuşdur. Bundan əlavə, əməliyyatdan sonra keçirilən sertifikatlaşdırma zamanı iddiaçının artıq 60 yaşı tamam olmuşdur ki, bu da qaydalara əsasən nəzərə alınmalı olan hal idi. Belə ki, qaydalara əsasən 60 yaşı tamam olmuş şəxslər sertifikatlaşdırmada könüllü olaraq, öz istəkləri əsasında iştirak edirlər. Bunun üçün həmin şəxsin ərizə ilə müraciət etməsi tələb olunur. Lakin iddiaçı tərəfindən belə bir ərizə təqdim edilmədən, məcburi qaydada sertifikatlaşdırmaya cəlb edilmişdir. Bu isə maddi hüquq normasının tələblərinin pozulması deməkdir. Məhkəmələr iş üzrə mühüm əhəmiyyət kəsb edən halları araşdırmadan, formal mülahizələr əsasında cavabdehin mövqeyini əsas götürərək iddianı rədd etmişlər.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

24. Maddə 70, “c” bəndi. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) başa düşülməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, cavabdehin əmri əmək qanunvericiliyinə uyğun olmaqla onun ləğv edilməsi üçün qanuni əsaslar müəyyən edilmir.

34. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

35. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

37. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-*/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar