Məhkəmə qərarları › İş №2(1-8)-1387/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1387/2026

08.07.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1387/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: işçinin şəkərli diabet xəstəsi olmasına görə əmək müqaviləsinə xitam verilməsinin qadağan edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, *5.*2.2*26-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Iddiaçı 1991-2*25-ci illərdə cavabdeh qurumda fortepiano müəlliməsi vəzifəsində işləmişdir;

3. Iddiaçı şəkərli diabet xəstəsidir;

4. Iş yerində keçirilmiş attestasiyanın nəticələrinə görə, iddiaçının işlədiyi vəzifəyə uyğun olmadığı müəyyən edilmişdir;

5. *4.*4.2*25-ci il tarixli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 7*-ci maddəsinin c) bəndi ilə xitam verilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı məhkəməyə müraciət edərək, əmrin ləğv edilməsi, həmin məktəbə fortepiano müəllimi vəzifəsinə bərpa edilməsi və qanunsuz olaraq işdən çıxarılmağı ilə əlaqədar məcburi işburaxma müddətinə görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Iddiaçı tələbini belə əsaslandırılmışdır ki, ümumi əmək stajı 28 il 2 aydır. Işlədiyi müddət ərzində əmək funksiyalarını vicdanla yerinə yetirmiş, intizamlı olmuş, rəhbərlik tərəfindən heç vaxt intizam məsuliyyətinə cəlb edilməmiş və kollektivin hörmətini qazanmışdır. 2*25-ci ildən Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində müəllimlərin attestasiyasına başlanılmış və iddiaçıya da yanvar ayında attestasiya olunacağı şifahi qaydada bildirilmişdir. ##.##.2*25-ci il tarixdə Attestasiya Komissiyası iddiaçının tutduğu vəzifəyə uyğun olmadığı barədə qərar qəbul etmişdir. Lakin attestasiya qərəzli keçirilmişdir. Belə ki, iddiaçıya vəzifəsi ilə əlaqəsi olmayan suallar verilmiş, cavablandırdığı suallar attestasiya vərəqəsində əks etdirilməmiş, əksər suallara cavab verməsinə baxmayaraq onun əleyhinə səs verilmişdir. Attestasiya vərəqəsinin 7-ci bəndində göstərilən suallara verilmiş cavablar da mənfi qiymətləndirilmişdir. Bu hallar Attestasiya Komissiyasının qərəzliliyini göstərir və audiovideo yazılarla təsdiq oluna bilər. Həmin gün iddiaçıya attestasiyadan keçmədiyi bildirilmişdir. Sonradan attestasiyanın nəticələri əsas götürülərək Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Əmrin surəti ona yalnız ##.##.2*25-ci il tarixdə təqdim edilmişdir. Əgər o, həqiqətən tutduğu vəzifəyə uyğun olmasaydı, uzun illər ərzində bu vəzifədə çalışması və müxtəlif dövlət tədbirlərində iştirak etməsi mümkün olmazdı. Bu isə göstərir ki, məqsəd iddiaçının peşə yararlılığını obyektiv qiymətləndirmək deyil, onu əsassız və qərəzli şəkildə işdən uzaqlaşdırmaq olmuşdur. Bundan başqa, attestasiya komissiyası işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə qərar qəbul etdikdə, işəgötürən ilk növbədə işçinin peşəkarlığı və ixtisası nəzərə alınmaqla onun başqa münasib işə keçirilməsi imkanını araşdırmalıdır. Belə imkan olmadıqda və ya işçi başqa işə keçirilməkdən imtina etdikdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndi ilə xitam verilə bilər. Lakin cavabdeh tərəfindən iddiaçıya hər hansı başqa vəzifə təklif edilməmiş, iddiaçı da başqa işə keçməkdən imtina etməmişdir. Eyni zamanda iddiaçı ağır şəkərli diabet və skleroz xəstəliklərindən əziyyət çəkir və hesab edir ki, onun əmək müqaviləsinə xitam verilməsi yolverilməz olmuşdur.

8. Iddiaçı izahatında bildirmişdir ki, şəkər xəstəsi olmasına baxmayaraq onunla əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur. O, attestasiyadan keçməsə idi də belə, onunla əmək müqaviləsinə xitam verilə bilməzdi. Attestasiya zamanı komissiya üzvlərinin ona verdiyi suallara olduqca həyəcan keçirdiyindən cavab verə bilməmişdir.

9. Cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, onlara hansı işçilərin attestasiyadan azad olması ilə bağlı öncədən siyahı təqdim edilmişdi. O siyahıda şəkər xəstələri yox idi. Eyni zamanda, iddiaçı xəstəliyi ilə bağlı deyil, attestasiyanın nəticələrinə görə işdən azad edilmişdir. 10.Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2*25-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim: E.Kazımov). 11.Məhkəmə iddiaçının attestasiyanın keçirilməsində qanunsuzluq edilməsi barədə dəlilini araşdırmaq məqsədilə imtahanın videoyazısı (disk formasında) müvafiq qurumdan tələb etmiş və məhkəmə iclasında nümayiş edərək araşdırmışdır. Beləliklə, iddiaçının imtahanla bağlı qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır. Əksinə, videoçəkilişdən iddiaçının bəzi suallara ümumiyyətlə cavab vermədiyi, beləliklə attestasiya vərəqəsində göstərilən halların mövcudluğu müəyyən olunmuşdur. 12.Attestasiya prosesində iddiaçıya qarşı qərəzli davranılması barədə iddiaçının dəlilləri iş materialları ilə təkzib olunmuşdur. Məhkəmə iclasında da iddiaçı bildirmişdir ki, attestasiya zamanı komissiya üzvlərinin ona verdiyi suallara olduqca həyəcan keçirdiyindən cavab verə bilməmişdir. 13.Məhkəmə qeyd etmişdir ki, mövcud qanunvericiliyə görə attestasiya nəticəsində vəzifəyə uyğun hesab edilməyən iddiaçı ilə əmək müqaviləsinə xitam verilib-verilməməsi işəgötürənin səlahiyyətinə aiddir. Hazırki halda, cavabdehin Attestasiya Komissiyasının məlum qərarına istinad edərək iddiaçını işdən azad etməsi barədə əmri əmək qanunvericiliyinin tələblərinə zidd olmamışdır. Iş materiallarında iddiaçının Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsi ilə müəyyən edilmiş kateqoriyadan olan şəxslər dairəsinə aid olması görünmür. Belə olan halda isə iddia təmin edilməməlidir. 14.Məhkəmə mövqeyini Əmək Məcəlləsinin 64-cü maddəsi, 65-ci maddəsinin 1, 5 və 6cı bəndləri, 67-ci maddəsinin 1, 5 və 6-cı bəndləri, 7*-ci maddəsinin “c” bəndi, 79-cu maddəsinin 1-ci hissəsi ilə əsaslandırmışdır.

b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Iddiaçı apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

16. Şikayətin dəlilləri belə olmuşdur: 1) attestasiya zamanı ixtisasına aid olmayan suallar verilmişdir; 2) verdiyi bəzi cavablar düzgün qeydə alınmamışdır; 3) sağlamlıq vəziyyəti nəzərə alınmamışdır; 4) ona alternativ iş və ya başqa vəzifə təklif edilməmişdir.

17. Iddiaçı izahatında bildirmişdir ki, 2-ci qrup şəkərli diabet xəstəsidir. Hal-hazırda əlilliyi olmasa da, əvvəllər olmuşdur. Onların tədris proqramı 7 illik proqramdır. Attestasiya zamanı həmin proqramdan kənaraçıxmalar olmuşdur.

18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *5.*2.2*26-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin olunmamı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: A.Süleymanova sədrlik edən və məruzəçi, G.Cavadova və T.Məmmədov).

19. Məhkəmə kollegiyası aşağı məhkəmənin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq onu da qeyd etmişdir ki, Kollegiya həmçinin apellyatorun Əmək Məcəlləsinin 79cu maddəsində nəzərdə tutulmuş subyektlər dairəsinə aid olması barədə dəlilini əsassız hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş tələblər araşdırılan mübahisə üzrə tətbiq edilə bilməz. Həmin maddədə «işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə» işdən azad olunması qadağan edilmişdir. Araşdırılan mübahisədən görünür ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi əsası işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərarın qəbul edilməsi olmuşdur.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Iddiaçı (vəkil: vəkil1 ) kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini, yaxud sözügedən qətnamənin ləğv olunaraq işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. 21.Məzmunu apelyasiya şikayətininki ilə oxşar olan kassasiya şikayətinin dəlilləri belədir: 1) iddiaçı fortepiano müəllimi olsa da, o tədris etdiyi proqramdan kənar nəzəri suallar verilmişdir; 2) verdiyi bəzi cavablar düzgün qeydə alınmamış, cavablandırdığım suallar attestasiya vərəqində "cavab vermədi" kimi göstərilmişdir; 3)Attestasiya komissiyası sualları tam cavablandırmaq imkanı verməmişdir. Videoyazıdan görünür ki, bəzi hallarda sözü kəsilmiş və fikrini tam ifadə etməyə şərait yaradılmamışdır; 4) şəkərli diabet və əlilliyi barədə işəgötürən məlumatlı olsa da, attestasiya zamanı ona uyğun şərait yaradılmamışdır; 5) məhkəmə xəstəliyin imtahan prosesinə təsirini qiymətləndirməmişdir; 6) ona alternativ iş və ya başqa vəzifə təklif edilməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

23. Maddə 6*, hissə 1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Insan Hüquqlarının və X2 X3:

24. Maddə 6, hissə. 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

25. Maddə 65, bənd 1. Işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.

26. Maddə 67, bənd 1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsinə bu Məcəllənin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən xitam verilə bilər.

27. Maddə 7*. Əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;

28. Maddə 79. Əmək müqaviləsinə xitam verilməsi qadağan edilən işçilər və hallar

1. Işəgötürən tərəfindən ... işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

38. Belə ki, iddiaçının Sumqayıt şəhər Qara Qarayev adına * nömrəli Uşaq Musiqi Məktəbində fortepiano müəlliməsi işləməklə, iş yerində keçirilmiş attestasiyanın nəticələrinə görə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən onun əmək müqaviləsinin ləğv edilməsi işin mübahisəsiz hallarıdır.

39. Cavabdeh bu hallara istinad edərək bildirir ki, qeyd edilən normaya uyğun olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir.

40. Həmçinin müəyyən olunur ki, ikinci tip ağır şəkərli diabet xəstəsidir.

41. Iddiaçı işə bərpa tələbini irəli sürərkən, digər hallarla yanaşı həmçinin şəkərli diabet xəstəliyindən əziyyət çəkməsinin nəzərə alınmamasına, başqa sözlə Əmək Məcəlləsinin 79cu maddəsinin 1-ci hissəsinin pozulmasına istinad etmişdir.

42. Iddiaçının bu dəlilinə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, “Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş tələblər araşdırılan mübahisə üzrə tətbiq edilə bilməz. Həmin maddədə «işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə» işdən azad olunması qadağan edilmişdir. Araşdırılan mübahisədən görünür ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi əsası işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərarın qəbul edilməsi olmuşdur”.

43. Məhkəmə kollegiyası bildirir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir.

44. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ tanınmışdır. Həmin normaya əsasən əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

45. Əmək Məcəlləsinin 79-cu maddəsində göstərilən işçilərlə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə qoyulmuş qadağa əmək münasibətlərində yüksək sosial və hüquqi müdafiəyə ehtiyacı olan şəxslərə dövlətin qayğısını əks etdirir.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatası “Bakı şəhəri Xətai rayon Məhkəməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinin, 72 və 79-cu maddələrinin şərh edilməsi ilə bağlı müraciətinə dair” 2*16-cı il ## ###### tarixli Qərardadında göstərmişdir ki, qanunverici bu güzəştli normanı müəyyən edərkən ana və uşağın sağlamlığının mühafizəsi, hüquqlarının müdafiəsi, onların maddi və sosial təminatlarının gücləndirilməsi, eləcə də bəzi kateqoriya işçilərin sağlamlığının qorunması və ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi mövqeyindən çıxış etmişdir.

47. Həmçinin, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin əmək hüquqlarının müdafiəsinə təminat verilmişdir. Həmin Qanunun 8.2-ci maddəsinin 1-ci cümləsinə görə vətəndaşın şəkərli diabetlə xəstə olması səbəbinə görə əmək müqaviləsinin bağlanmasından imtina etmək və ya işçi ilə əmək müqaviləsinə xitam vermək yolverilməzdir.

48. Bu Qanun normasında, habelə Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsindəki əmək müqaviləsinə xitam verilməsi qadağan olunan şəxslərin siyahısında şəkərli diabet xəstələrinə aid cümlədə “səbəbinə görə” söz birləşməsindən istifadə etməsi bu maddənin hazırkı mübahisəyə tətbiqini istisna etmir.

49. Belə ki, bu söz birləşməsinin işəgötürənin motivi kimi qiymətləndirməsi, maddənin məqsədlərini aradan qaldırar və onun tətbiqini ümumiyyətlə mümkünsüz edərdi. Məlum olduğu kimi, işəgötürənlər bir qayda olaraq, işçi ilə əmək müqaviləsinə xitam verərkən əmrini belə motivlə əsaslandırmırlar. Həmçinin, əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsinin əsasları Əmək Məcəlləsinin 7*-ci maddəsində nəzərdə tutulmuşdur ki, orada da sözügedən səbəb birbaşa göstərilmir.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*2*-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.4-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair *6 noyabr 2*24cü il tarixli Qərarında qeyd etmişdir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi konstitusiya hüquqi mahiyyəti və təyinatı baxımından işəgötürən tərəfindən işçilərin, o cümlədən təhsilverənlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada peşəkarlıq səviyyəsini və peşə yararlılığını müəyyənləşdirmək imkanını aradan qaldırmır. Həmçinin sertifikatlaşdırmadan keçmiş təhsilverənlərin nəticələrinə müvafiq olaraq onların əmək haqlarının diferensiallaşdırması da həyata keçirilir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, “Təhsil haqqında” Qanunun 36-2.3-cü maddəsi və Qaydanın 1.4-cü bəndi ilə Əmək Məcəlləsinin 79-cu maddəsi fərqli ictimai münasibətləri tənzimlədiyindən həmin normalar arasında hər-hansı kolliziya mövcud deyil və həmin normalar Konstitusiyasının 35-ci maddəsi ilə ziddiyyət yaratmırlar. Odur ki, Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən “Təhsil haqqında” Qanuna uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas yaradır. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyinə görə, işəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv edilərkən həmin Məcəllənin 79-cu maddəsi ilə müəyyənləşdirilmiş məhdudiyyətlər nəzərə alınmalıdır.

51. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə görə təhsilverənlər tərəfindən Əmək Məcəlləsinin 79-cu maddəsində göstərilən şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada peşəkarlıq səviyyəsini və peşə yararlılığını müəyyənləşdirmək mümkün hesab olunsa da, onlarla əmək müqaviləsi ləğv edilərkən, bu maddə ilə müəyyənləşdirilmiş məhdudiyyətlər nəzərə alınmalıdır. 52.

53. Apellyasiya məhkəməsi hazırkı işdə iddiaçının şəkərli diabet xəstəsi olması ilə attestasiyadan keçə bilməməsi arasındakı səbəbli əlaqəni aydınlaşdırmalı və bu xüsusat üzrə iddiaçının irəli sürdüyü dəlilləri araşdırılmaqla onlara əsaslandırılmış hüquqi qiymət verlməli olduğu halda bunları etməmişdir.

54. Göstərilən tələblərə əməl edilməməsi Azərbaycan Respublikasının Konstitusiyasının 6*-cı maddəsi ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, Insan Hüquqlarının və X2 X3 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 23-24).

55. Konstitusiya Məhkəməsi qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə ## ### 2**6-cı il tarixli, N.Əbilovun şikayəti üzrə ## #### 2**8-ci il tarixli qərarlar).

56. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani Ispaniyaya qarşı” iş üzrə *9 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

57. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

58. Təkrar apelyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.

59. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, *5.*2.2*26-cı il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar