Məhkəmə qərarları › İş №2(1-8)-1150/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1150/2026

04.06.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1150/2026 04.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, Abşeron rayon Saray qəsəbə Uşaq Incəsənət Məktəbi və cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi (işə bərpa tələbi), işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi (ƏM-in 70-ci maddəsi), peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildiyinə görə (ƏM-in 70-ci maddəsinin c bəndi), məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh1 Abşeron rayon Saray qəsəbə Uşaq Incəsənət Məktəbi və cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı “attestasiya qərarının qanunsuz hesab edilməsi, əmrin ləğv olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. İddiaçı 2018-ci il # ####### tarixdə Abşeron rayonu Saray qəsəbə Uşaq Incəsənət Məktəbində fortepiano müəllimi vəzifəsinə işə qəbul edilmişdir.

2. İddiaçı 2025-ci il ## #### tarixdə attestasiyadan keçmiş və attestasiya nəticəsinə əsasən tutduğu vəzifəyə uyğun olmadığı müəyyən edilmişdir.

3. Abşeron rayonu Saray qəsəbə Uşaq Incəsənət Məktəbinin 2025-ci il ## ##### tarixli ** nömrəli əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə uyğun olaraq 2025-ci il ## ##### tarixdən vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmr məktəbin direktoru Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən imzalanmışdır.

4. “Olimp Hospital” tərəfindən verilmiş 2025-ci il # ##### tarixli tibbi arayış ilə, İddiaçı sağ dirsəkdə kontrakturanın aradan qaldırılması üzrə cərrahi əməliyyatdan sonrakı vəziyyət diaqnozu qoyulmuş, əməliyyatdan sonra fizioterapiya və reabilitasiya müalicəsi almış, əlavə olaraq 6 həftəlik reabilitasiya kursu tövsiyə edilmişdir.

5. “Olimp Hospital” tərəfindən verilmiş 2025-ci il # ### tarixli tibbi arayış ilə, İddiaçı 5 ay əvvəl bazu sümüyünün sınığı ilə əlaqədar cərrahi əməliyyat keçirmiş, sonrakı dövrdə sağ dirsək oynağında və əl barmaqlarında ağrı və hərəkət məhdudiyyəti səbəbilə fizioterapiya və reabilitasiya müalicəsi almışdır. Mövcud klinik vəziyyəti nəzərə alınaraq təkrar cərrahi əməliyyat tövsiyə olunur.

6. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2025-ci il ## ### tarixli əmri ilə Abşeron rayonu Saray qəsəbə Uşaq Incəsənət Məktəbinin direktoru vəzifəsi üzrə əmək funksiyalarının icrası 2025-ci il ## ### tarixdən etibarən 3 ay müddətinə həmin məktəbin müəllimi cavabdeh2 həvalə edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər cavabdeh1 və onun Abşeron rayon Saray qəsəbə Uşaq Incəsənət Məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Saray qəsəbə Uşaq Incəsənət Məktəbinin Attestasiya Komissiyasının 2025ci il ## #### tarixli attestasiya qərarının qanunsuz hesab edilməsi, həmin qərar əsasında qəbul edilmiş 2025-ci il ## ##### tarixli ** nömrəli əmrin ləğv edilməsi, iddiaçının məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə Abşeron rayon Saray qəsəbə Uşaq Incəsənət Məktəbində fortepiano müəllimi vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi nümayəndə2 izahatında bildirmişdir ki, iddiaçı 2024-cü il ## #### tarixdə iş zamanı xəsarət almış və Sumqayıt Tibb Mərkəzinin X1 Xəstəxanasına müraciət etmişdir. Tibbi sənədlərə əsasən, ona sağ dirsək oynağının çıxığı və mil sümüyü boynunun sınığı diaqnozu qoyulmuş, ilkin yardım göstərilərək ambulator müalicəyə göndərilmişdir. Daha sonra, 2024-cü il ## ###### tarixdə “Olimp Hospital”da sağ dirsəkdə kontrakturanın aradan qaldırılması məqsədilə cərrahi əməliyyat olunmuş, bir müddət əmək qabiliyyətsiz olmuş, sonradan iş fəaliyyətini davam etdirmişdir. Lakin əməliyyat nəticəsində onun fortepiano ifa qabiliyyəti müvəqqəti zəiflədiyindən əlavə cərrahi müdaxilə zərurəti yaranmışdır. Iddiaçı müalicə aldığı dövrdə - 2025-ci il ## #### tarixdə keçirilmiş attestasiya zamanı tutduğu vəzifəyə uyğun hesab edilməmiş və 2025-ci il ## ##### tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən azad edilmişdir. Iddiaçı hesab etmişdir ki, attestasiya onun sağlamlıq vəziyyəti nəzərə alınmadan keçirilmiş, əməliyyatdan sonrakı reabilitasiya dövründə fiziki və psixoloji vəziyyəti bilik və bacarıqlarını tam nümayiş etdirməyə imkan verməmişdir. Tibbi rəylərə əsasən həmin dövrdə müalicəsi davam etdiyindən attestasiyaya cəlb olunması əsassız və qeyri-obyektiv olmuşdur. Bu səbəbdən iddiaçı işdən azad edilmə barədə əmrin qanunsuz hesab edilərək ləğv olunmasını və əvvəlki vəzifəsinə bərpa edilməsini məhkəmədən xahiş etmişdir.

9. Cavabdeh cavabdeh2 məhkəmə iclasında bildirmişdir ki, attestasiya komissiyasının rəyinə əsasən, iddiaçı fəaliyyətə yararsız hesab edilmiş və onun işdən çıxarılması ilə bağlı əmri isə məktəbin direktoru ƏIiyeva Şəms Kazbek qızı vermişdir. Odur ki, iddiaçının işə bərpa olunmasına etiraz etmir, lakin komissiyanın rəyinin ləğv olunması məsələlərinin həllini məhkəmənin mülahizəsinə buraxmışdır.

10. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında bildirmişdir ki, o, cavabdeh məktəbin direktorudur və iddiaçı həmin məktəbdə fortepiano müəllimi vəzifəsində çalışmışdır. Iddiaçı intizamlı və peşəkar müəllimlərdən biri olmuş, onun fəaliyyəti ilə bağlı hər hansı narazılıq olmamışdır. Iddiaçı iş zamanı xəsarət alaraq müalicə üçün məzuniyyətə çıxmışdır. Attestasiya imtahanının keçirilməsi barədə əvvəlcədən müəllimlər məlumatlandırılmış, iddiaçı da bu imtahanda iştirak etmiş və attestasiya komissiyası tərəfindən tutduğu vəzifəyə uyğun olmadığı barədə rəy verilmişdir. Komissiya tərəfindən iddiaçıya fortepianoda ifasının zəif olduğu bildirildikdən sonra o, sağlamlıq vəziyyəti ilə bağlı məlumat vermişdir. Iddiaçı attestasiya zamanı sağlamlıq vəziyyəti ilə bağlı əvvəlcədən komissiyanı məlumatlandırmalı və ya imtahanda iştirakdan imtina etməli idi. Komissiya tərəfindən müəyyən edilmişdir ki, qeyd olunan hal əmək qanunvericiliyinin müvafiq müddəalarının tətbiqi üçün əsas yaratmır. Attestasiyadan keçmədiyinə görə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

11. Cavabdeh cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişlər.

12. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2025-ci il ## #### tarixli məktubla məhkəməyə göndərilmiş attestasiya imtahanında çəkilmiş videogörüntülərə əsasən, cavabdeh1 fortepiano müəlliməsi işləmiş iddiaçı attestasiya imtahanında fortepianoda ifa edərkən əllərindən rahat şəkildə istifadə etmiş və onun fortepianoda ifa etməsinə mane olan hər hansı hal aşkar edilməmişdir.

13. Abşeron Rayon Məhkəməsinin (hakim H.Y.Əhmədov) 2025-ci il ## ###### tarixli e- *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya sağ dirsək oynağının çıxığı və mil sümüyü boynunun xətti sınığı diaqnozu qoyulmuş, bununla əlaqədar əməliyyat və reabilitasiya müalicəsi aparılmışdır. Bununla belə, iş materiallarına əlavə edilmiş videogörüntülərdən iddiaçının attestasiya imtahanı zamanı fortepianoda sərbəst şəkildə ifa etdiyi və fiziki məhdudiyyətinin müşahidə olunmadığı müəyyən edilmişdir.

15. Məhkəmə həmin görüntüləri sübut kimi qiymətləndirərək, attestasiyanın keçirilməsi zamanı qanunvericiliyin pozulmasının aşkar edilmədiyini və attestasiya komissiyasının qərarının ləğvi üçün hüquqi əsasların olmadığını qeyd etmişdir. Həmçinin göstərilmişdir ki, iddiaçı müalicəsinin davam etməsi ilə bağlı attestasiya komissiyasını əvvəlcədən məlumatlandırmaq imkanına malik olsa da, bu hüquqdan istifadə etməmişdir. Bu səbəbdən məhkəmə iddia tələblərini əsassız hesab edərək onların təmin edilməməsi qənaətinə gəlmişdir.

16. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35, 60-cı, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra – ƏM) 42, 64, 65, 66, 67-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 78.1, 217.4, 218.3-cü maddələrinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X4 və Insan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 2006-cı il ## #### tarixli * nömrəli qərarının 2-ci, «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il ## ###### tarixli * saylı qərarının 3.1-ci bəndlərinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

17. Iddiaçı apelyasiya şikayəti verərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə attestasiyaya hazırlığın müəyyən vaxt, əmək və fiziki imkan tələb etməsini, iddiaçının iş yerində aldığı xəsarətlə əlaqədar ağır əməliyyatlar keçirməsini, müalicə və reabilitasiya dövründə olmasını, habelə həmin vəziyyətin onun attestasiya zamanı bilik və bacarıqlarını tam nümayiş etdirməsinə mane olmasını nəzərə almamışdır. Iddiaçının əməliyyatdan qısa müddət sonra və təkrar cərrahi müdaxilə tövsiyə olunduğu şəraitdə attestasiyaya cəlb edilməsi obyektiv və əsaslı hesab edilə bilməz. Məhkəmə isə əsasən videogörüntülərə istinad etməklə iddiaçının fiziki məhdudiyyətinin olmadığını qəbul etmişdir. Halbuki iş materiallarında olan ##.##.2025-ci il tarixli tibbi arayış iddiaçıya təkrar cərrahi müdaxilənin tövsiyə edildiyini və həmin əməliyyatın sonradan icra olunduğunu təsdiq edir. Bundan əlavə, məhkəmənin iddiaçının attestasiya komissiyasını əvvəlcədən məlumatlandırmaq imkanından istifadə etmədiyi barədə nəticəsinin əsassız olduğu bildirilmişdir. Qeyd edilmişdir ki, işəgötürən iddiaçının səhhəti ilə bağlı vəziyyətindən məlumatlı olmuş, onun etirazları nəzərə alınmamış və bu şəraitdə attestasiyaya cəlb edilməsi qərəzli xarakter daşımışdır.

19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – F.Ə.Məmmədov (sədrlik edən və məruzəçi),S.A.Qafari və A.M.Süleymanova) 2026-cı il ## ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia əmək münasibətlərindən irəli gələn mübahisə ilə bağlı olub, attestasiya komissiyasının iddiaçının tutduğu vəzifəyə uyğun olmaması barədə qərarının və həmin qərara əsasən verilmiş əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələblərindən ibarətdir.

21. Məhkəmə iclasında cavabdeh Abşeron Rayon Saray qəsəbə Uşaq Incəsənət Məktəbinin direktor vəzifəsini müvəqqəti icra edən nümayəndə1 iddiaçının işə bərpa olunmasını məqsədəuyğun hesab etdiyini bildirmiş, lakin bununla bağlı yazılı razılıq təqdim etməmişdir. O, iddianı əmrin ləğvi və işə bərpa hissəsində qəbul etdiyini göstərmişdir. Məhkəmə kollegiyası həmin izahatı iddianın təmin olunması üçün həlledici əsas hesab etmir. Iş materiallarından görünür ki, cavabdeh1 iddia ərizəsində cavabdeh qismində göstərilmişdir.

22. Həmçinin müəyyən edilmişdir ki, Abşeron Rayon Saray qəsəbə Uşaq Incəsənət Məktəbi X3 Idarəsinin tabeliyində fəaliyyət göstərir. Iddiaçının əmək müqaviləsinə xitam verilməsi həmin idarənin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin əməkdaşları üçün keçirilmiş attestasiya komissiyasının qərarına əsaslanmışdır.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə iddianın etirafını yalnız onun könüllü, qanuni və üçüncü şəxslərin hüquq və mənafelərinə zidd olmadığı halda qəbul edə bilər. Iş üzrə məhkəmə baxışının aparılması cavabdehin öz təşəbbüsü ilə əmri ləğv etməsinə və iddiaçını işə bərpa etməsinə mane olmamışdır.

24. Apellyasiya şikayətinin dəlilləri qiymətləndirilərkən müəyyən edilmişdir ki, iddiaçının istinad etdiyi hallar ƏM-in 66-cı maddəsinin tətbiq dairəsinə aid deyildir. Belə ki, attestasiya komissiyasının qərarının qanuniliyi və keçirilmə qaydası iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Iddiaçının əsas arqumenti sağlamlıq vəziyyəti və müalicə prosesinin attestasiyaya hazırlaşmasına və attestasiya zamanı bilik və bacarıqlarını tam nümayiş etdirməsinə mane olması ilə bağlı olmuşdur. Bununla belə, iddiaçı attestasiyada iştirakına mane olan hallarla bağlı attestasiya komissiyasını əvvəlcədən məlumatlandırmamış, əksinə, attestasiyada iştirak etmiş və fortepianoda ifa etmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı ##.##.2025-ci il tarixli əmrin qəbul edilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Iddiaçının dəlilləri həmin əmrin ləğvi üçün əsas yaratmır.

25. Həmçinin, kollegiya müəyyən etmişdir ki, əmək müqaviləsinə xitam verilərkən maddi hüquq normalarının tələblərinə riayət edilmiş, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hər hansı qanun pozuntusuna yol verilməmişdir. Iddia ərizəsində cavabdeh qismində X3 Idarəsi və Abşeron Rayon Saray qəsəbə Uşaq Incəsənət Məktəbi göstərilsə də, birinci instansiya məhkəməsində baxış zamanı məktəbin direktoru cavabdeh2 da cavabdeh qismində işə cəlb edilmişdir. Kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsində prosessual xarakterli pozuntuya yol verilsə də, həmin pozuntu iş üzrə yanlış qətnamənin qəbul edilməsinə səbəb olmamışdır.

26. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35, 60-cı, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı, ƏM-in 5, 11, 42, 64, 65, 66, 67, 70-ci, MPM-in 14.1, 14.2, 50.3, 52.2, 77.1, 88, 191.2, 371.6, 372.7, 384.0.1, 385.1, 385.2, 402.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

27. Iddiaçı (vəkil vəkil1 ) qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin təkrar apellyasiya baxışına göndərilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

28. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının attestasiyası qanunvericiliyin tələblərinə uyğun keçirilməmiş, nəticədə əmək müqaviləsinə xitam verilməsi qanunsuz olmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi işəgötürənə əmək müqaviləsinə xitam vermək hüququ versə də, bu hüququn həyata keçirilməsi konkret halların və işçinin vəziyyətinin nəzərə alınmasını tələb edir. Işəgötürən isə iddiaçının sağlamlıq vəziyyətini, uzunmüddətli müalicə və reabilitasiya dövründə olmasını nəzərə almadan onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir.

29. Əmək Məcəlləsinin 67.2-ci maddəsinə əsasən, attestasiya komissiyasının rəyini nəzərə alaraq işçinin peşə hazırlığının artırılması, yenidən hazırlığa cəlb edilməsi və ya başqa uyğun vəzifəyə keçirilməsi imkanları mövcud olduğu halda, həmin tədbirlərin tətbiqi məsələsinə baxılmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2001-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə görə, attestasiya zamanı işçiyə yalnız əmək funksiyası və peşə fəaliyyəti ilə bağlı suallar verilməli, qiymətləndirmə obyektiv və qərəzsiz aparılmalıdır. Iddiaçı hesab etmişdir ki, attestasiya zamanı ona münasibətdə obyektivlik və qərəzsizlik prinsipləri təmin edilməmiş, nəticədə Əmək Məcəlləsinin 65.3-cü maddəsinin tələbləri pozulmuşdur.

30. Həmçinin işəgötürən iddiaçının uzun illər qüsursuz əmək fəaliyyətini nəzərə almamış, əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini lazımi qaydada əsaslandırmamışdır. Bu isə Əmək Məcəlləsinin 71-ci maddəsinin tələblərinə uyğun deyildir. Attestasiya prosesi zamanı bərabərlik, obyektivlik və qərəzsizlik prinsiplərinə əməl olunmamış, onun hüquq və qanuni mənafeləri pozulmuşdur. Birinci instansiya və apellyasiya məhkəmələri isə bu hallara tam və hərtərəfli hüquqi qiymət verməmiş, işin faktiki hallarını kifayət qədər araşdırmamışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

32. Maddə 35 (bənd 1). Əmək fərdi və ictimai rifahın əsasıdır.

33. Maddə 35 (bənd 2). Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.

34. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

“Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya

35. Maddə 6. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

36. Maddə 5. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

37. Maddə 11 (bənd b). Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır:bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək

38. Maddə 42. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.

39. Maddə 64. Bu maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini və attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surətinin 10 iş günü müddətində məlumat üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunmasını təmin etməlidir. Işəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır.Iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir.

40. Maddə 65. Işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.

41. Maddə 66. Attestasiya olunmayan işçilər Aşağıdakı işçilərin attestasiyası keçirilmir: vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər; Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər; bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər; hamilə qadınlar; uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); yaşı 18-dən az olan işçilər; bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər; eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər; kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər; Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər; “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sertifikatlaşdırmaya cəlb edilən təhsilverənlər.

42. Maddə 67. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən xitam verilə bilər. Işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Iş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində onların kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir. Iş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələrinə xitam verilə bilməz. Işçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır.

43. Maddə 70. Işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b)işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c)peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d)sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e)dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətində qətnamə bütovlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

57. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər olmuş və apellyasiya məhkəməsi tərəfindən kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

58. Belə ki, attestasiya komissiyasının qərarının qanuniliyi və keçirilmə qaydası iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Iddiaçının əsas arqumenti sağlamlıq vəziyyəti və müalicə prosesinin attestasiyaya hazırlaşmasına və attestasiya zamanı bilik və bacarıqlarını tam nümayiş etdirməsinə mane olması ilə bağlı olmuşdur. Bununla belə, iddiaçı attestasiyada iştirakına mane olan hallarla bağlı attestasiya komissiyasını əvvəlcədən məlumatlandırmamış, əksinə, attestasiyada iştirak etmiş və fortepianoda ifa etmişdir.

59. Digər tərəfdən nəzəzrə alınmalıdır ki, attestasiyanın keçirilməsinə dair tərtib olunmuş protokolla müəyyən olunur ki, bütün suallar məhz iddiaçıdan hərəkət tələb etməmiş, suallardan yalnız üçü ifa ilə bağlı olmuş, digər 5 sual ixtisasına uyğun nəzəri sual olmuş, lakin həmin suallar da cavablandırılmamışdır. Belə olan halda əlində olan qüsura görə ifanı lazımı qaydada edə bilməməsinə dair dəlilin əsassız olması tam olaraq təsdiq olunmuş olur.

60. Bununla yanaşı iddiaçının işləmiş olduğu məktəbin direktorunun iddianın etirafı ilə bağlı mövqeyinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçının işdən azad olunmasının əsas məhz attestasiyadan keçməməsinə dair təhsil müəssisəsinə daxil olmuş əmr olmuşdur. Belə olan halda isə üçüncü şəxsin iddiaçının işə bərpa olunmasına etirazının olmamasına dair mövqeyi hüquqa uyğun hesab edilmir.

61. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

62. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

64. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq,

qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar