Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-781/2021 05.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdeh “Cavabdeh Bank X7” MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Cavabdeh Bank X7” MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Cavabdeh Bank X7” MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, “X10 X7” MMC-nin xx.xx.2020-ci il tarixli müqaviləsinin etibarsız edilməsi ilə ləğv edilməsi, işə bərpa olunması və ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4296/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh “Cavabdeh Bank X7” MMC-yə qarşı “işə bərpa, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair 2(004)-4296/2020 saylı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçı məhkəmənin dəftərxanası vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh BOKT MMC tərəfindən onun barəsində qəbul edilmiş “əmək müqaviləsinə xitam verilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli əmrin ləğv edilməsi, onun Cavabdeh BOKT MMC-nin Sumqayıt 0204 filialının Sumqayıt 0204 ofisinin meneceri vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi vəzifəsinin Cavabdeh BOKT MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin və tələbin dəyişdirilməsi barədə ərizənin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh ona qarşı qərəzli mövqeydə olmuş və nəticədə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, o, işlədiyi dövr ərzində hər hansı pozuntuya yol verməmiş, barəsində hər hansı intizam tənbehi tətbiq edilməmişdir. Əksinə öz əmək funksiyalarına daim məsuliyyətlə yanaşmış, digər işçilərdən də məhz bunu tələb etmiş, o cümlədən əməkdaşların iş yerinə nahar fasiləsindən vaxtında qayıtmasına nəzarət etmiş və bir sıra hallarda onun bu tələbkarlığına düzgün qiymət verilməmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, barəsində qəbul edilmiş əmrin surətinin ona verilməməsi səbəbindən tələbinin dəyişdirilməsi barədə ərizədə əmrin tarixinin düzgün göstərmədiyini bildirmiş və qətnamə qəbul edilərkən bu halın, yəni əmrin xx.xx.2020-ci il tarixdə qəbul edildiyinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “Cavabdeh Bank X7” MMC-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək, iddiaya qarşı verilmiş yazılı etirazın məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı cavabdeh tərəfindən hər hansı təzyiqlərə məruz qalmamış və ona iş yerinə gəlmək qadağası qoyulmamışdır. Əksinə iddiaçının yersiz tələbkarlığından irəli gərələrək iş yeri üzrə digər əməkdaşlarla münasibətlərində bir sıra çətinliklər yaranmışdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh “Cavabdeh Bank X7” MMC arasında xx.xx.2020-ci tarixdə bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı xx.xx.2020-ci il tarixədək cavabdehin Sumqayıt 0204 filialının Sumqayıt 0204 ofisinin meneceri vəzifəsinə işə qəbul edilmişdir. Bundan sonra onunla bağlanmış əmək müqaviləsinin müddəti uzadılmışdır. İddiaçı 2020-ci ilin 5,6,7 və 10 avqust tarixlərində bütün iş günü işə gəlməmiş və həmin günlərdə əmək funksiyalarını yerinə yetirməmişdir. Bununla bağlı cavabdeh (iddiaçının iş yeri üzrə digər əməkdaşlar) tərəfindən hər bir gün üzrə bu halı təsdiq edən ayrıca aktlar tərtib edilmiş və əmrlər imzalanmış və cavabdehin xx.xx.2020-ci il tarixli, 1143-08-20 ş/h saylı əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndində göstərilən hal üzrə (heç bir üzürlü səbəb olmadan bütün iş günü işdə olmaması) əmək vəzifələrini kobud şəkildə pozduğuna görə xitam verilmişdir. Hazırda iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla, o cümlədən himayəsində sağlamlıq imkanları məhdud olan azyaşlı uşağın olması nəzərə alınmadan, habelə izahatı alınmadan xitam verildiyini vurğulayır, həmçinin, həqiqətdə cavabdeh tərəfindən ona işə gəlməməsinin bildirildiyini, hətta həmin vaxt onun əmək kollektivinin təmsil olunduğu “whatssap” qrupundan da çıxarıldığını və işə gəlməməsi barədə aktların qərəzli olaraq tərtib edildiyini qeyd edərək, həmin əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Cavabdeh iddianı qəbul etmir, iddiaçının 2020-ci ilin 05 avqust tarixindən 10 avqust tarixinədək məlumat vermədən və hər hansı üzürlü səbəb göstərmədən, iş yerində olmadığını, bu halın aydınlaşdırılması zamanı onun xəstə olmadığının, ailə üzvlərinin və qohumlarının vəfat etmədiyinin müəyyən edildiyini, məsələ ilə bağlı iddiaçının izahat yazmaqdan imtina etdiyini, məhz bu səbəbdən Əmək Məcəlləsinin qeyd edilən maddəsi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini və ümumiyyətlə rəsmiləşdirmənin tam olaraq qanunvericiliyin tələblərinə uyğun aparıldığını, habelə iddiaçının himayəsində sağlamlıq imkanları məhdud olan azyaşlı uşağın olması barədə iş yeri üzrə hər hansı məlumat vermədiyini bildirir və iddianın rədd edilməsini xahiş edir. İddiaçının öhdəsində sağlamlıq imkanları məhdud olan (serebral iflic xəstəliyindən əziyyət çəkir) azyaşlı uşağı, xx.xx.2014-cü il təvəllüdlü X5 vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Məcəllə): 70-ci maddəsinin "ç" bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən, həmçinin, işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 71-ci maddəsinin 3-ci hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir; 79-cu maddəsinə əsasən öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin işəgötürən tərəfindən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır; 83-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci bəndinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 84-cü maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda digər məlumatlarla yanaşı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir; 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək; 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır; 187-ci maddənin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir; 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə, ilk növbədə qeyd edir ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, yəni 7 aya yaxın müddət “Cavabdeh Bank X7” MMC-də menecer vəzifəsində çalışmışdır. xx xxxxxx 2020-ci il tarixədək iddiaçının heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi halı müəyyən edilməmişdir. Əksinə iddiaçının izahatından belə qənaətə gəlmək olur ki, o, iş yeri üzrə öz səlahiyyətləri çərçivəsində digər əməkdaşlar tərəfindən əmək intizamına riayət edilməsinə xüsusi diqqət yetirmişdir. Cavabdeh tərəf özü də etiraf edir ki, iddiaçının tələbkarlığından irəli gələrək, iş yeri üzrə digər əməkdaşlarla münasibətlərində bir sıra çətinliklər yaranmışdır. Bütün bunlar, o cümlədən iddiaçı barəsində qəbul edilmiş və hazırda mübahisələndirilən əmr iddiaçının fəaliyyətinin cavabdehi qane etməməsi, habelə tərəflər arasında münasibətlərin prinsipial və gərgin olması qənaətinə gəlməyə imkan verir. Hər bir halda, Məcəllənin 72-ci maddəsində sadalanan hallar baş verdikdə belə cavabdeh həmin Məcəllənin 186-cı maddəsinin 2-ci bəndində təsbit edilmiş digər intizam tənbehlərini də tətbiq edə bilərdi. Digər tərəfdən Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən işçinin heç bir üzürlü səbəb olmadan bir iş günü işə gəlməməsi artıq onunla bağlanmış əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün əsas yaradır. Lakin göründüyü kimi, cavabdeh 4 iş günü təmkinlə cavabdehin işə gəlməsini gözləyib, eyni zamanda, hər gün üzrə iddiaçı tərəfindən belə bir addım atmasını rəsmiləşdirərək, digər əməkdaşların iştirakı ilə aktlar tərtib etmiş və həmin aktlar əsasında əmrlər imzalamışdır. Halbuki, qüvvədə olan əmək qanunvericiliyində belə bir əmrlərin verilməsinin zəruriliyi təsbit edilməmişdir. Hər bir halda, əmr əmək münasibətləri sahəsində hər hansı bir hüquqi nəticəyə səbəb olmalıdır. Cavabdeh də belə bir əmrlər qəbul etməklə, hüquqi nəticə etibarı ilə iddiaçının işə gəlməməsi faktını təsdiq etmişdir. Lakin belə bir əmrlərin verilməsindən fərqli olaraq, qanunverici işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi zamanı işəgötürən tərəfindən bir sıra hərəkətlərin edilməli olmasını (tədbirlərin görülməsini) imperativ qaydada müəyyən etmişdir. Bu tədbirlər çərçivəsində Məcəllənin 187-ci maddəsinin tələblərinə əsasən iddiaçıya intizam tənbehi verilməmişdən əvvəl işəgötürən tərəfindən ondan yazılı izahatın alınması tələb edilmişdir. Belə ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin tələbləri baxımından əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi məhz intizam tənbehlərindən biri kimi müəyyən edilmişdir. Buna baxmayaraq, iddiaçıdan hər hansı izahat alınmamışdır. Başqa sözlə, cavabdeh bu məsələ ilə bağlı zəruri hesab edilməyən əmrlər qəbul etmiş, lakin zəruri hesab edilən izahatı almamışdır. Cavabdeh iddiaçının izahat yazmaqdan imtina etdiyini bildirsə də, bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmiş və nəticədə Məcəllənin 187-ci maddəsinin 1-ci hissəsinin tələbləri pozulmuşdur. Bu da qeyd edilən əmrin ləğv edilməsi üçün əsas yaradır. Hər bir halda, akt tərtib etmək təcrübəsinə malik olan (iddiaçının işə gəlməməsi ilə bağlı) cavabdeh iddiaçı tərəfindən izahatın verilməsindən imtinanı da akt tərtib etməklə rəsmiləşdirə bilərdi. Məhkəmə, o halı da qeyd edir ki, iddiaçı barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli əmrdə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi də əsaslandırılmamışdır. Halbuki, Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsində əmək müqaviləsinin 70-ci maddənin “ç” bəndi ilə nəzərdə tutulmuş əsasla ləğv edilməsinin konkret bir şərti təsbit edilmişdir. Həmin maddənin 3-cü bəndində nəzərdə tutulmuş imperativ xarakterli müddəa bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş şərtin mövcudluğu ilə bilavasitə bağlıdır. Əmrin əsaslnadırılmasına olan zərurət də məhz bu şərtin mövcudluğunu təsdiq edən bir haldır. Lakin buna baxmayaraq, qeyd edilən əmrdə iddiaçının işə gəlməməsinin hansı qaydada iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozması və ya cavabdehin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hansı formada ziyan vurduğu göstərilməmişdir. Başqa sözlə, iddiaçının işə gəlməməsi nəticəsində iş yerində nə kimi problemlərin yarandığı və nəticədə cavabdehə hansı ziyanın dəydiyi əmrdən aydın olmur. Belə ki, əmrdə yalnız Məcəllənin 70-ci və 72-ci maddələrinə istinad edilməsi və iddiaçının hər hansı üzürlü səbəb olmadan bütün iş günü işdə olmamasının qeyd edilməsi onun əsaslandırılması kimi qiymətləndirilə bilməz. Bu halın mövcudluğu da (əmrin əsaslandırılmaması) artıq qeyd edilən əmrin ləğv edilməsi üçün əsas yaradır. Məhkəmə xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının öhdəsində sağlamlıq imkanları məhdud olan (serebral iflic xəstəliyindən əziyyət çəkir) xx.xx.2014-cü il təvəllüdlü X5 vardır. Bu halın mövcudluğu isə ümumiyyətlə onunla bağlanmış əmək müqaviləsinin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla ləğv edilməsini qadağan edir və bu barədə əmrin ləğv edilməsini bir mənalı olaraq şərtləndirir. Cavabdeh bu barədə məlumatlı olmadığını bildirir, halbuki cavabdehin bu mövqeyi iddia tələbinin bu hissədə rədd edilməsi üçün əsas ola bilməz. Məhkəmə, bu məsələ ilə bağlı yenə də izahatın alınması prosedurunun əhəmiyyətini vurğulayır. Hər bir halda, iddiaçının işə gəlməməsi ilə bağlı araşdırma aparılsa idi və ondan izahat alınsa idi, cavabdeh bu barədə də məlumat almış olardı. Bununla belə, məhkəmə aparılmış araşdırmanın nəticələrinə əsaslanıb və yuxarıda qeyd edilən müddəaların tələblərini rəhbər tutub belə qənaətə gəlir ki, xx.xx.2020-ci il tarixli, 1143-08-20 ş/h saylı əmr Əmək Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi “əmrin ləğv edilməsi” hissəsində əsaslıdır və təmin edilməli, “Cavabdeh Bank X7” MMC-nin “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, 1143-08-20 ş/h saylı əmri ləğv edilməlidir. Məhkəmə iddia tələbinin “işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi” hissəsində də əsaslı hesab edir və belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməli, İddiaçı “Cavabdeh Bank X7” MMC-nin Sumqayıt 02-04 filialında Sumqayıt 0204 ofisinin meneceri vəzifəsinə işə bərpa edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı “Cavabdeh Bank X7” MMC tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, cavabdeh “Cavabdeh Bank X7” MMC-nin “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2020ci il tarixli, 1143-08-20 ş/h saylı əmri ləğv edilməli, İddiaçı cavabdeh “Cavabdeh Bank X7” MMC-nin Sumqayıt 02-04 filialında Sumqayıt 0204 ofisinin meneceri vəzifəsinə işə bərpa edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh “Cavabdeh Bank X7” MMC tərəfindən ödənilməlidir. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Cavabdeh Bank X7” MMC-nin “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, 1143-08-20 ş/h saylı əmri ləğv edilsin. İddiaçı cavabdeh “Cavabdeh Bank X7” MMC-nin Sumqayıt 02-04 filialında Sumqayıt 0204 ofisinin meneceri vəzifəsinə işə bərpa edilsin. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh “Cavabdeh Bank X7” MMC tərəfindən ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-781/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-781/2021
05.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənil
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver