Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7828/2025 10.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X3 Hüseynağa qızının sədrliyi, Hüseynzadə Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Slavyan Universiteti və Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi cəlb edilməklə Cavabdeh qarşı “yaşayış sahəsindən cavabdehin çıxarılması və özünün köçürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddiaçı Cavabdeh yaşayış sahəsindən cavabdehin çıxarılması və özünün köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia tələbi onunla əsaslandırılmışdır ki, ərizədə göstərdiyi ünvanda Ağdam rayonundan məcburi köçkün kimi məskunlaşmışlar. İddiaçı ailə qurduğu üçün yataqxanada ayrı otaq verilməsi üçün müraciətlər etmişdir. Həmin ünvanda yerləşən BSU-nun 1 №li yataqxanasının 68 saylı otağında yaşayan məcburi köçkün getdiyinə görə otaq boşalmışdır və iddiaçının dövlət orqanlarına müraciəti əsasında həmin otaq iddiaçının istifadəsinə verildi və bu barədə aidiyyəti qurumlar məlumatlandırıldı. xx.xx.2023-cü ildə cavabdehlə rəsmi nikaha girmişdir. Yataqxanada ona verilmiş və artıq yaşadığı otağa cavabdehi də yaşamağa buraxmışdır. Lakin nikah münasibətləri tezliklə pozulmuş, ailə ola bilməmişlər. 2-3 ay sonra münasibətləri tamamilə kəskinləşmişdir. Nikahlarının pozulması üçün əvvəlcə mediasiyaya, sonra isə məhkəməyə müraciət etmişdir. Nikah Binəqədi rayon Məhkəməsinin qətnaməsi əsasında xx.xx.2024-ci il tarixdə pozuldu. Nikahın pozulması xx.xx.2024-cü il tarixdə qeydə alınaraq müvafiq şəadətnamə verilmişdir. Buna qədər isə cavabdeh iddiaçını döyüb otaqdan çıxarmışdır. O anasıgilin qaldığı otağa sığınmalı olmuşdur. Əşyaları isə həmin otaqda qalmaqdadır. Cavabdeh iddiaçını və nənəsini döyüb xəsarət yetirdiyi üçün o polis orqanına şikayət etmişdir. Təhqiqatçının qərarı ilə cinayət işinin başlanması rədd edilsə də, cavabdeh inzibati məsuliyyətə cəlb edilmişdir. Bildirir ki, cavabdeh tərəfindən iddiaçı yaşadığı yaşayış sahəsindən qanunsuz olaraq çıxarılmışdır. Onun başqa yerdə yaşamağa hər cür imkanı vardır. Hazırda o yaşamaq üçün dövlət orqanları tərəfindən icazə verilmiş otaqda yaşaya bilmir. Cavabdeh isə heç bir hüquqi əsas olmadan həmin otaqda iddiaçının əşyalarından qanunsuz istifadə etməklə yaşayır. İddiaçı qeyd edir ki, onların birlikdə yaşaması mümkün deyil və onun həyatına təhlükə yaradır.İddiaçı cavabdehin yazdığı əxlaqsız, böhtan mesajlarını saxlamışdır. Onu da qeyd edir ki, birlikdə yaşadıqları müddətdə onların ər-arvad münasibəti olmayıb. Binəqədi RİHBnın, Qaçqınların və X2 üzrə DK-nin və Komitənin Binəqədi rayon şəbəsinin məktubları ilə yataqxananın həmin otağında iddiaçının yaşamağına icazə verilir. Cavabdeh Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsi 31A ünvanda yerləşən, ünvan 2ası, otağın boşaldılması (cehiz əşyaları istisna) və həmin otağa iddiaçının köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək, tələbinin təmin olunmasını xahiş etdi. İzahatında bildirdi ki, ailə qurmaq qərarına gəldikdə anası onlara köməklik göstərmiş və müraciət edərək hazırki otağı onların yaşaması üçün verilmişdir. Lakin sonradan cavabdehlə münasibətləri pisləşmiş, cavabdeh onu və nənəsini döyərək özünü evdən çıxarmışdır. Hazırda cehiz əşyaları və şəxsi əşyaları da həmin mənzildə qalır. Hesab edir ki, cavabdehin onu yataqxana otağından çıxarması qanunsuzdur. O məcburi köçkündür, cavabdehin isə belə statusu yoxdur. Məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin rəsmi qeydiyyat ünvanına göndərilmiş məhkəmə bildirişi zərfdə geri qayıtmış, adına rəsmiləşmiş mobil telefon nömrələrinə məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, sonuncu məhkəmə iclasının bitməsindən sonra məhkəməyə yaxınlaşaraq növbəti məhkəmə iclasları barədə məlumat verilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Slavyan Universiteti və Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünü idarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin çağırış vərəqəsini aldığını təsdiq edən qeyd yazılmış çağırış vərəqəsi məhkəməyə daxil olduqdan sonra işə baxılması mümkün hesab edir. 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Əsaslandırıcı hissə: İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, 497630 saylı Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasındakı nikah xx.xx.2024-cü il tarixində pozulmuşdur. Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən müəyyən olunur ki, Cavabdeh və İddiaçı barələrində Azərbaycan Respublikasının İXM 157-ci maddəsi ilə inzibati qaydada tənbeh görülməsi, toplanmış material üzrə isə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-10/2-Q-88-073/2024 saylı məktubda göstərilmişdir ki, İddiaçı 2 saylı Bakı Slavyan Universitetinin tələbə yataqxanasında yerləşən mənzildən həyat yoldaşı ilə yaşadığı mübahisə nəticəsində çıxarılmış və mənzildə olan əşyaların geri qaytarılmasına köməklik göstərilməsi ilə bağlı 06 avqust 2024-cü il tarixli, 5-10/1-Q-88-073/2024 saylı məktubla Binəqədi Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətə baxılmış və Binəqədi Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə mövcud problemin həlli istiqamətində zəruri tədbirlər görülməsi xahiş olunur. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Bakı şəhər Binəqədi rayonu üzrə bölməsi tərəfindən Bakı Slavyan Universitetinin maliyyə-təsərrüfat işləri üzrə prorektoru Elçin Hüseynova ünvanlanmış xx.xx.2024-cü il tarixli, 25/118 saylı məktubda göstərilmişdir ki, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi 31, BSU-nun 1 saylı yataqxanasında 68 saylı otağında İddiaçı və məcburi köçkün statusu olmayan Cavabdeh ilə gənc ailə kimi zəbt edərək məskunlaşmışlar. Sonradan ailə boşanmışdır. Hazırda otaq Cavabdeh ixtiyarındadır. Müraciətə baxılaraq, X4 proqramı əsasında İddiaçı Ağdam rayonuna qayıdana qədər sözügedən ünvanda məskunlaşmasına köməklik göstərmələri xahiş edilmişdir. Azərbaycan Respublikası Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ xx.xx.2024-cü il tarixli tibbi müayinə aktına əsasən İddiaçı qızlıq pərdəsinin tamlığı pozulmayıb. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2026-cı il tarixli məktuba əsasən Cavabdeh hansı ünvanda müvəqqəti qeydiyyatda olması haqqında məlumata rast gəlinməmişdir. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 1042 saylı arayışa əsasən İddiaçı Binəqədi rayonu, A.Gəraybəyli küçəsi 31, BSU-nun 1 saylı yataqxanasında qalmasına etiraz etmirlər. Sözügedən otaqda faktiki İddiaçı keçmiş həyat yoldaşı Cavabdeh qeydiyyatsız yaşayır. Qeyd Cavabdeh məcburi köçkün statusu yoxdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 158.2.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 93.1. Yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. 93.2. Yataqxanalar bu məqsədlər üçün xüsusi olaraq inşa edilmiş və yenidən təchiz edilmiş binalar və ya onların hissələrində yerləşir. 96-ci maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. 107-ci maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 24 fevral 2017-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 1.4. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir. 2.1. Məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirilir. Komissiya Komitənin, aidiyyəti yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin, həmçinin məcburi köçkün icmalarının nümayəndələrindən ibarət təşkil olunur. 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir» “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Məhkəmənin mövqeyi: Hazırda tədqiq edilən sənədlərdən və məhkəmə araşdırmasının nəticəsindən belə müəyyən olunur ki, tərəflər qısa müddət ərzində ailəli olmuş, ailə həyatı qurmamışdan əvvəl onlar gənc ailə kimi Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi 31, BSU-nun 1 saylı yataqxanasının 68 saylı otağında məskunlaşmışlar. Sonradan isə ailə münaqişələri səbəbindən boşanmış və hazırda mübahisəsi gedən yaşayış sahəsində Cavabdeh yaşayır və iddiaçını sözügedən sahəyə buraxmır. Ərazi üzrə müvafiq icra hakimiyyəti və Qaçqınların və X2 üzrə Dövlət Komitəsi İddiaçı məcburi köçkün kimi sözügedən yataqxana otağında yerləşməsinə və yaşamasına etiraz etməməklə yanaşı, müxtəlif yerli qurumlara, o cümlədən də yataqxananın məxsus olduğu Bakı Slavyan Universitetinə məktublar ünvanlayaraq sonuncuya köməklik göstərilməsini xahiş etmişlər. Həmçinin sorğulanaraq əldə edilmiş məlumatlardan belə müəyyən olunur ki, Cavabdeh məcburi köçkün statusuna malik deyil və həmin ünvanda müvəqqəti qeydiyyatı olmadan və rəsmi qeydə alınmadan yaşayır, sonuncunun rəsmi qeydiyyatı Füzuli rayonudur. Beləliklə, işin faktiki hallarına əsasən iddiaçı məcburi köçkün statusuna malikdir, onun Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi 31, BSU-nun 1 saylı yataqxanasının 68 saylı otağında məskunlaşması rəsmi dövlət qurumlarının razılığı və nəzarəti ilə həyata keçirilmiş və hazırda da işğaldan azad edilmiş Ağdam rayonuna qayıdanadək iddiaçının sözügedən yaşayış otağında məskunlaşmasına şərait yaradılmasını xahiş edirlər. Hazırda sözügedən yaşayış otağında iddiaçıya məxsus cehiz əşyaları qalmış, lakin cavabdeh tərəfindən iddiaçıya sözgedən otaqdan istifadə olunmasına maneəçilik yaradılır. Məhkəmə bu hissədə iddianı əsaslı hesab edərək, belə qənaətə gəlir ki, məcburi köçkün statusuna malik bir şəxsin yaşamasına şərait yaradılması məqsədilə onun istifadəsi və müvəqqəti məskunlaşması üçün hazırki otaqdan heç bir əsas olmadan məhrum edilməsi ədalətli hesab edilə bilməz. Bu səbəbdən də iddia tələbi bu hissədə təmin olunmaqla iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi 31, BSU-nun 1 saylı yataqxanasının 68 saylı otağına köçürülməlidir. İddianın cavabdehin həmin otaqdan əşyaları ilə birlikdə çıxarılmasına münasibətdə isə işin faktiki hallarına əsasən sözügedən yataqxana müstəqil tələb irəli sürməyən İİİ şəxs olan Bakı Slavyan Universitetinə məxsusdur. Təbii ki, müvafiq qurumların təklifi və xahişi əsasında məcburi köçkün və ya yaşayış sahəsinə ehtiyacı olan digər şəxslərin yaşamasına şərait yaradılması məhz onun səlahiyyətindədir. Lakin işin tədqiq edilmiş hallarından müəyyən olunur ki, cavabdeh məcburi köçkün statusuna malik deyil, həmçinin tərəflər artıq gənc ailə statusuna da malik deyillər və rəsmi nikahlarına son qoyulmuşdur. Cavabdehin sözügedən otağa münasibətdə heç bir rəsmi qeydiyyatı mövcud deyil. Hazırda iddiaçı ilə münasibətləri son dərəcədə münaqişəlidir, dəfələrlə yerli polis qurumlarında özləri və yaxın qohumları barəsində qarşılıqlı şikayət məzmunlu müraciətlər edilmiş, döymə faktı, ailə məişət zəmnində mübahisələr dəfələrlə təkrarlanmışdır. Belə olan vəziyyətdə iddiaçının cavabdehlə eyni yaşayış sahəsinə köçürülməsi təbii ki, daha artıq münaqişə və inzibati, o cümlədən də cinayət xarakterli hadisələrə, faciəvi nəticələrə gətirib çıxara bilər. Məhkəmə cavabdehin sözügedən otaqdan çıxarılması ilə əlaqədar iddiaçının subyektiv hüququnun olmasına münasibətdə isə hesab edir ki, otaq məcburi köçkün kimi iddiaçının yaşaması üçün nəzərdə tutulduğu halda onun müvəqqəti yaşadığı otaqda rahat və təhlükəsiz şəraitdə yaşaması nöqteyi nəzərdən sonuncunun müəyyən maraqlara malik olması danılmazdır. Təbii ki, otağa mülkiyyət və ya digər qaydada rəsmi qeydiyyata alınmış hüquqlara malik olmasa da, otaq şəxsin yaşaması üçün nəzərdə tutulmuş və ya ona yaşaması üçün şərait yaradılmışdırsa, şəxsin həmin otaqdan istifadə və sahibliklə bağlı özünə digər şəxslər tərəfindən yaradılan maneələrdən qorunmaq kimi hüquqlarının yaranması ilə yanaşı bu otaqdan heç bir qanuni əsasla istifadə və sahibliyi müəyyən edilməyən şəxslərin də çıxarılmasını tələb etmək hüququ yarana bilər. Bundan əlavə hazırki vəziyyətdə iddianı qismən təmin etməklə yalnız iddiaçını həmin otağa köçürmək və cavabdehin otaqdan çıxarılmasını digər maraqlı şəxslərin iddiası əsasında həyata keçirilməsini gözləmək mübahisənin həll etməməklə, artıq yuxarıda sadalanan hallara əsasən tərəflər arasında münaqişəli vəziyyətin həddən artıq şiddətlənməsi ilə nəticələnə bilər. Məhkəmə hazırki mübahisənin məhkəmə təcrübəsindən irəli gələn prinsip və normalara uyğun həll edilməsinin tərəfləri gələcək məhkəmə çəkişmələrindən azad etməklə yanaşı, eyni tərəflər arasında oxşar mübahisələrin dəfələrlə məhkəmə müstəvisinə çıxarılmasının da qarşısını almağın ən uyğun yolu hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu dəfələrlə qərarlarında qeyd etmişdir ki, prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli Qərar). Prosessual qənaət prinsipi, məhkəmə prosesinin lüzumsuz uzanmasının qarşısını almaq, vaxt və resurslara qənaət etmək məqsədi daşıyan bir hüquqi anlayışdır. Bu prinsipə əsasən, məhkəmələr bəzi hallarda müvafiq şikayətlərin verilməsi hüququnu məhdudlaşdıra və ya istisna edə, eləcə də işlərə baxarkən qüsurları aradan qaldırmaq üçün tədbirlər görərək məhkəmə prosesinin lüzumsuz uzadılmasının qarşısını almağa çalışırlar. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tam həcmdə təmin olunmaqla cavabdeh Quliyev X1 rayonu, Ağasadıq Gəraybəyli küçəsi 31A ünvanda yerləşən, ünvan 6 ilə birlikdə çıxarılmalı və İddiaçı həmin otağa köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumundan ibarətdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 7 ünvanda yerləşən, ünvan 8ın və İddiaçı həmin otağa köçürülsün. İddia ərizəsi verilərkən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(001)-7828/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7828/2025
10.03.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver