Məhkəmə qərarları › İş №2(001)-7832/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7832/2021

11.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7832/2021 11.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1 ata adı ilə rəsmiləşdirilmiş AZE 08602542 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsi, 1 saylı Bakı ASAN Xidmət mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən 07 aprel 2021-ci il tarixində verilmiş AZ-İİ 177789 saylı ölüm haqqında şəhadətnamə, AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən seriya MA0320478 saylı çıxarış, AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarış, Bakı şəhəri, İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən MH seriyalı 075867 saylı Qeydiyyat vəsiqəsinin mərhum anası X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 1991-ci il tarixində Quba rayonundan anadan olmuşdur. X2 atası X8 ilə 17 aprel 1985-ci ildə rəsmi nikaha daxil olmuş və anasına Əzizova soyadı verilmişdir. Ona 02.10.1991-ci il tarixdə Quba rayon VVADQ şöbəsindən verilmiş doğum haqqında şəhadətnaməyə əsasən atası X8, anası isə Əzizova Səyyarə Əliəziz qızıdır. Anası 22 fevral 1959-cu il tarixində Quba rayonunda anadan olmuş və 03 aprel 2021-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. Lakin anasına məxsus sənədlərin çoxunda soyadı səhvən qızlıq soyadı olan “Orucova” kimi göstərilmişdir. Belə ki, onun doğum haqqında şəhadətnaməsində anasının adı “ X7” kimi göstərilməsi onu sübut edir ki, o, atası ilə nikaha girdikdən sonra atasının “Əzizova” soyadını qəbul etmişdir. Lakin anasına məxsus ölüm haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqəsində onun soyadı “ Orucova” kimi göstərilmişdir. Anası ilə atası boşanmamışdır. Belə ki, 1 saylı Bakı “ Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 07 aprel 2021-ci il tarixində verilmiş AZ-İİ 177789 saylı ölüm haqqında şəhadətnamədə anasının soy adı “Orucova” kimi qeyd edilmişdir. Anasına məxsus AZE 08602542 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsində anasının soyadı “Orucova” kimi göstərilmişdir. AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* saylı çıxarışa əsasən Quba şəhərində yerləşən 0,20 ha torpaq sahəsi anasının mülkiyyətindədir. Həmin çıxarışda anasının soy adı “Orucova” kimi göstərilmişdir. AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı 089440 saylı çıxarışa əsasən Quba şəhəri, C.Cabbarlı küçəsi, ev 72A, mənzil 1 anasının mülkiyyətindədir. Həmin çıxarışda anasının soyadı “Orucova” kimi göstərilmişdir. Göründüyü kimi anasının soyadının “Orucova” kimi göstərilməsi ona müxtəlif dövlət orqanlarına etdiyi müraciətləri zamanı çətinliklər törədir. Göstərilənlərə əsasən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi izahatında bildirmişdir ki, ərizəsini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə aşağıdakılara görə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin(bundan sonra MPM) 307.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsində qeyd olunan şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi də belə işlərin kateqoriyasına aiddir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Plenum qərarında qeyd edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Həmin Plenum qərarında eyni zamanda konkret olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Eyni zamanda qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. İddia ərizəsindən görünür ki, ərizəçinin doğum şəhadətnaməsində mərhum anasının soyadı onun nikah şəhadətnaməsində olduğu kimi “Əzizova” yazılmışdır. Lakin ərizəçinin mərhum anası Səyyarə Əliəziz qızının soyadı həm pasportunda, həm ölüm şəhadətnaməsində, həm də adına qeydə alınmız daşınmaz əmlaklarda “Orucova” kimi qeyd olunmuşdur. Bu səbəbdən Səyyarə vəfat etdikdən sonra ərizəçi onun qızı kimi mirası qəbul edə bilmir. Çünki “X3” ərizəçinin anası olması anlaşılmır ona görə ki, ərizəçinin doğum şəhadətnaməsində anası qrafasında “X7” qeyd edilmişdir. Ərizəçi özünün doğum haqqında şəhadətnaməsində düzəliş edilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də, bundan imtina edilmişdir. Halbuki ərizəçi məhkəmə iclasında bildirmişdir ki, onun mərhum anası atası ilə nikaha girərkən soyadını dəyişdirmək istəməmiş, lakin əsassız olaraq arvada ərin soyadı verilmişdir. Plenum Qərarının yuxarıda göstərilən bəndlərindən aydın olduğu kimi qanunverici sənədin eyni şəxsə məxsus olması faktının müəyyən edilməsini yalnız hüquqmüəyyənedici sənədlərə münasibətdə mümkün hesab etmişdir. Vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlərin isə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilməsi imkanı qanunvericilikdə təsbit edilmişdir. Bundan başqa Ali Məhkəmənin 10 aprel 2015-ci il tarixli Plenum Qərarında göstərilmişdir ki, Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Eyni zamanda nəzərə alınmalıdır ki, 01.10.2021-ci il tarixdən qüvvəyə minən Mülki- Prosessual Məcəllədə edilmiş dəyişikliklərə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılması istisna edilmişdir. Məhkəmə hazırki iddia ərizəsinin X3 adına qeydiyyata alınmış daşınmaz əmlakların ərizəçinin anası X4 məxsus olması faktının müəyyən edilməsi hissəsi ilə bağlı qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti maraqlı şəxs qismində cəlb olunmaması ilə yanaşı, həmçinin hüquqmüəyyənedici orqana düzəlişlərin edilməsi barədə müraciət də olunmamışdır. Bu səbəbdən ərizə baxılmamış saxlanılmalıdır. Lakin hər bir halda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüquqmüəyyənedici(çıxarış, qeydiyyat vəsiqəsi) sənədlərdə düzəliş edilməsindən imtina olunsa belə, X3 ərizəçinin anası olması barədə mübahisə yaranacaqdır. Mübahisənin həlli üçün doğumluq faktının müəyyən edilməsinə zərurət yaranacaqdır. Bu halda belə Əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina edilməli(Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi), bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsəməhkəmə ərizəni baxılmamış saxlayır. 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçi məhkəməyə müraciət etməmişdən öncə mövcud mübahisənin həlli üçün müvafiq təşkilata müraciət etməsinə dair sənəd təqdim etmədiyindən ərizə baxılmamış saxlanılmalı, ərizə və ona əlavə edilən sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında” ərizəsi baxılmamış saxlanılsın və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə qaytarılsın. Ərizənin verilməsi üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu(qəbz nömrəsi-8********) Ərizəçi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar