Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7862/2021 28.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Binəqədi rayonu, 7-ci mkr, ev 5, mənzil 37 ünvanı üzrə istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, ev 7, mənzil 37 onun xüsusi mülkiyyətindədir. Mənzili o AN № ******* saylı alğı-satqı müqaviləsi ilə almışdır. Bu barədə ona ********* saylı qeydiyyat vəsiqəsi (çıxarış) verilmişdir. Bu mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Mənzillərində onlardan başqa mənzillərin əvvəlki sakinləri Cavabdeh1 və Cavabdeh2 hələ də qeydiyyatdadır. Onlar bu mənzildə qeydiyyatda olsalar da burada yaşamırlar. Harada yaşamaları isə ona məlum deyildir. O mənzili aldıqdan sonra cavabdehlər özlərinə məxsus olan əmlaklarını götürərək mənzildən getmişlər. Tezliklə qeydiyyatdan çıxacaqlarına söz versələr də, indiyənə kimi sözlərinə əməl etməmişlər. Cavabdehlərn onun mənzilində qeydiyyatda qalması bir mülkiyyətçi kimi onun hüquqlarını pozur. Məcbur qalıb onların da yerinə kommunl xərclərini ödəyir. Buda onun maddi vəziyyətinin pisləşməsinə səbəb olur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, cavabdehlər heç bir səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi, vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X2 ilə İddiaçı arasında bağlanan 14.08.2021-ci il tarixli, AN-İ seriyalı, ******* saylı alğı-satqı müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən satıcı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, ev 5, mənzil 37 ünvanında yerləşən, ümumi sahəsi 48,02, yaşayış sahəsi 28,49 v/m, yardımçı sahəsi 19,53 kv.m olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən, 48,02 kv.m hissəsini alıcının mülkiyyətinə veriri, alıcı isə mənzilin dəyərini 75000 manatı satıcıya ödəyir. Müqavilənin 13-cü maddəsinə əsasən satıcı 14.09.2021-ci il tarixinədək qeydiyyatdan çıxmaq barədə öhdəlik götürür. Göstərilən alqı-satqı müqaviləsi əsasında həmin mənzilə dair İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı Çıxarış verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li 13.09.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 Məmmməd- Qulu qızı və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, ev 5, mənzil 37 ünvanında qeydiyyatdadır. 27.09.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 20 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X2 ilə İddiaçı arasında 14.08.2021-ci il tarixli, AN-İ seriyalı, ******* saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Mənzilə dair İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Hal-hazırda cavabdehlər mübahisə predmeti olan mənzildə yaşamırlar. Qeydiyyatları formal xarakter daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddənin məzmunundan göründüyü kimi mülkiyyət hüququ özündə 3 elementi – sahiblik, istifadə və sərəncam hüquqlarını birləşdirir. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mənzil iddiaçının mülkiyyətində olduğundan, cavabdehlər mənzil satıldıqdan sonra faktiki olaraq könüllü şəkildə mübahisəli mənzildən çıxaraq başqa ünvanda yaşamaqla formal olaraq qeydiyyatda qalmaları iddiaçının həmin mənzil üzərində həm sərəncam vermək, həm də əmlakdan maneəsiz istifadə etmək hüququnu məhdudlaşdırır və bu səbəbdən cavabdehlərin mübahisəli mənzildə istifadə hüququ qala bilməz. Bundan başqa “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdar.Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, ev 5 ünvanında yerləşən 37 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, ev 5, 37 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-7862/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7862/2021
28.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver