Məhkəmə qərarları › İş №2(001)-79/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-79/2021

12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-79/2021 12.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı Ləğv prosesində olan "xxxx" KB ASC-nin etibarnamə əsasında nümayəndəsi X4, Cavabdeh3, Cavabdeh2 iştirakları ilə İddiaçı Ləğv prosesində olan "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərracdan satılması” tələbinə dair mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Ləğv prosesində olan "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03.08.2011-ci il tarixli kredit müqaviləsi üzrə 111511.89 (bir yüz on bir min beş yüz on bir manat 89 qəpik) manat əsas borc, 3772.62 (üç min yeddi yüz yetmiş iki manat 62 qəpik) manat faiz borcu, 33081 (otuz üç min səksən bir manat 82 qəpik) manat cərimə borcu, 15 689,10 (on beş min altı yüz səksən doqquz manat 10 qəpik) manat isə kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcunun, 11.08.2011-ci il tarixli digər kredit müqaviləsi üzrə 111844,23 (bir yüz on bir min səkkiz yüz qırx dörd manat 23 qəpik) manat əsas borc, 3784,57 (üç min yeddi yüz səksən dörd manat 57 qəpik) manat faiz borcu, 33180,43 (otuz üç min bir yüz səksən manat 43 qəpik) manat cərimə borcu, 15735,86 (on beş min yeddi yüz otuz beş manat 86 qəpik) manat isə kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 328.600,45 (üç yüz iyirmi səkkiz min altı yüz manat 45 qəpik) manat borcun, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydiyyata alınması üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində rüsumun cavabdehlərdər tutularaq ləğv prosesində olan "xxxx" X9 Səhmdar Cəmiyyətinə ödənilməsi, borcun tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Astara rayonu, Ərçivan kəndində yerləşən 225,4 kv.m ümumi, 84.5 kv.m yaşayış, 170.9 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Astara rayonu, Şahağaçı kəndində 0.06 ha topraq sahəsində yerləşən 225.4 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına, tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus Binəqədi rayonu, 9-cu MKR., Həmzə Babaşov küçəsi, ev 9, mənzil 26 ünvanında yerləşən 81,32 kv.m ümumi, 63.32 kv.m yaşayış, 18.0 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı mənzilə, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, döngə 9 ünvanında yerləşən 48.2 kv.m yaşayış, 21,6 kv.m yardımçı sahədən ibarət 21 nömrəli fərdi yaşayış evi və tam mülkiyyət hüququ üzrə X3 məxsus ünvan 1 ünvanında yerləşən 49.54 kv.m ümumi, 30.14 kv.m yaşayış, 19.4 kv.m yardımçı sahədən ibarət 2 otaqlı mənzilə yönəldilməsi, ipoteka predmeti olan daşınmaz əmlakların ilkin satış qiymətlərinin müəyyən edilməsi, həmin əmlakların açıq hərracdan satılması, satışından əldə olunmuş pul vəsaitinin Cavabdeh1 ləğv prosesində olan "xxxx" X9 Səhmdar Cəmiyyətinə olan kredit borcunun ödənilməsinə yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlaklar hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində həmin əmlakların boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ləğv prosesində olan "xxxx" X9 Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 03 avqust 2011-ci il tarixli 120 nömrəli Kredit müqaviləsinə əsasən, Cavabdeh1 60 (altmış) ay müddətinə, illik 6 % dərəcəsi ilə 150000 (bir yüz əlli min) manat məbləğində kredit verilmişdir. Daha sonra ləğv prosesində olan tərəflər arasında bağlanmış 11 avqust 2011-ci il tarixli 131 nömrəli Kredit müqaviləsinə əsasən, Cavabdeh1 60 (altmış) ay müddətinə, illik 6 % dərəcəsi ilə 150000 (bir yüz əlli min) manat məbləğində kredit verilmişdir. Bank tərəfindən verilmiş kreditlərin təminatı kimi ləğv prosesində olan "xxxx" KB ASC ilə Cavabdeh1 arasında 03.08.2011-ci il tarixdə 120 saylı İpoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş, 07.04.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Astara rayonu, Ərçivan kəndində yerləşən 225.4 kv.m ümumi, 84,5 kv m yaşayış, 170.9 kv m yardımçı sahədən ibarət 2 mərtəbəli, 5 otaqlı ev tərəflərin qarşılıqlı razılığı ilə 220000 manat məbləğində qiymətləndirildikdən sonra borclu tərəfindən banka ipoteka qoyulmuşdur. Bank tərəfindən verilmiş kreditlərin təminatı kimi ləğv prosesində olan "xxxx" KB ASC ilə Cavabdeh3 arasında 09.02.2012-ci il tarixdə İpoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş, 08.09.2011-ci il tarixli, MH seriyalı, ******* nömrəli Çıxarışa əsasən mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən 81.32 kv.m ümumi, 63.32 kv.m yaşayış, 18.0 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı mənzil tərəflərin qarşılıqlı razılığı ilə 63000 (altmış üç min) manat məbləğində qiymətləndirildikdən sonra Cavabdeh3 tərəfindən banka ipoteka qoyulmuşdur. Bank tərəfindən verilmiş kreditlərin təminatı kimi ləğv prosesində olan "xxxx" KB ASC ilə Cavabdeh2 arasında 11.08.2011-ci il tarixdə 131 saylı İpoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş, 14.03.2008-ci il tarixli, MA seriyalı, ******* nömrəli Çıxarışa əsasən mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, döngə 9 ünvanında yerləşən 48.2 kv.m yaşayış, 21.6 kv.m yardımçı sahədən - 21 nömrəli fərdi yaşayış evi tərəflərin qarşılıqlı razılığı ilə 80000 (səksən min) manat məbləğində qiymətləndirildikdən sonra Cavabdeh2 tərəfindən banka ipoteka qoyulmuşdur. Bank tərəfindən verilmiş kreditlərin təminatı kimi ləğv prosesində olan "xxxx" KB ASC ilə Cavabdeh1 arasında 28.04.2016-ci il tarixdə 15 saylı İpoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş, 27.11.2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Astara rayonu, Şahağacı kəndində 0.06 ha topraq sahəsində yerləşən 225.4 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli yaşayış binası tərəflərin qarşılıqlı razılığı ilə 317000 (üç yüz on yeddi min) manat məbləğində qiymətləndirildikdən sonra Cavabdeh1 tərəfindən banka ipoteka qoyulmuşdur. Bank tərəfindən verilmiş kreditlərin təminatı kimi ləğv prosesində olan "xxxx" KB ASC ilə cavabdeh X5 arasında 03.08.2011-ci il tarixdə İpoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş, 26.05.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə X3 məxsus ünvan 1 ünvanında yerləşən 49.54 kv.m ümumi, 30.14 kv.m yaşayış, 19,4 kv m yardımçı sahədən ibarət 2 otaqlı mənzil tərəflərin qarşılıqlı razılığı ilə 150000 (bir yüz əlli min) manat məbləğində qiymətləndirildikdən sonra X5 tərəfindən banka ipoteka qoyulmuşdur. Kredit müqaviləsinə əsasən, borc alan Cavabdeh1 kredit məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada ödəmək barədə bank qarşısında öhdəlik götürməsinə baxmayaraq, bu öhdəliklərini yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar cavabdehlərə bir neçə dəfə şifahi müraciət edilməsinə və yazılı xəbərdarlıqlar göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Hazırda 13.05.2019-cu il tarixə Cavabdeh1 03.08.2011-ci il tarixli kredit müqaviləsi üzrə Banka ödənilməmiş cəmi 164 055.43 (bir yüz altmış dörd min əlli beş manat 43 qəpik) manat məbləğində kredit borcu vardır. Bundan 111 511.89 (bir yüz on bir min beş yüz on bir manat, 89 qəpik) manat əsas borc, 3772.62 (üç min yeddi yüz yetmiş iki manat 62 qəpik) manat faiz borcu, 33 081.82 (otuz üç min səksən bir manat 82 qəpik) manat cərimə borcu, 15 689.10 (on beş min altı yüz səksən doqquz manat 10 qəpik) manat isə kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu təşkil edir. 11.08.2011-ci il tarixli digər kredit müqaviləsi üzrə isə Cavabdeh1 Banka ödənilməmiş cəmi 164 545.02 (bir yüz altmış dörd min beş yüz qırx beş manat 02 qəpik) manat məbləğində kredit borcu vardır. Bundan 111 844.23 (bir yüz on bir min səkkiz yüz qırx dörd manat, 23 qəpik) manat əsas borc, 3784.57 (üç min yeddi yüz səksən dörd manat 57 qəpik) manat faiz borcu, 33180, 43 (otuz üç min bir yüz səksən manat 43 qəpik) manat cərimə borcu, 15 735.86 (on beş min yeddi yüz otuz beş manat 86 qəpik) manat isə kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələblərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 və iddia tələbini qismən qəbul edərək, faiz və cərimə borclarının azaldılmasını xahiş etmiş, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı isə bildirmişdir ki, ipotekadakı əmlaklar borcdan çoxdur. Məhkəmə iclasında digər Cavabdeh2 iddia tələbini qismən qəbul etdiyini bildirməklə faiz və cərimə borclarının azaldılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, borcun çox hissəsi ödənilmiş, azı qalmışdır, ipotekalı əmlaklar isə tələbin edilən borcdan çoxdur. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil bildimişdir ki, Cavabdeh1 bankdan kredit götürmüş, digər cavabdehlərə məxsus əmlaklar ipoteka ilə yüklü edilmişdir. Daha sonra Cavabdeh1 məxsus başqa bir əmlak da ipotekya qoyulmuşdur. Bundan sonra başqa şəxslərə məxsus olan əmlaklar ipotekadan çıxarılmalı idi. Lakin, həmin dövrdə bank müflis elan edildiyindən həmin əmlaklar ipotekada qaldı. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdehlər Cavabdeh1 və X6 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin müəyyən olunmuş hallarına görə, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 120 saylı, 03.08.2011-ci il tarixli Kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 60 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 150000 (bir yüz əlli min) manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur; aylıq ödənişlərin məbləği və müddəti Müqaviləyə edilmiş 1 saylı Əlavədə göstərilmiş, cədvələ əsasən borcalan 03.09.2011-ci il tarixdən başlayaraq 03.08.2016-cı il tarixədək Bankın hesabına əsas məbləğ üzrə 150000, faiz məbləği üzrə 31875 olmaqla cəmi 181875 manat ödəniş etməyi qəbul etmişdir. Eyni tarixli 120 saylı “İpoteka müqaviləsi”nə görə, həmin kredit müqaviləsinə əsasən 60 ay müddətində verilən 150000 manat məbləğində kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh1 mülkiyyətində olan Astara rayonu, Ərçivan kəndində yerləşən 255,4 kv.m. ümumi, 84.5 kv.m. yaşayış, 170,9 kv.m. yardımçı, sahədən ibarət 2 mərtəbəli 5 otaqlı mənzil Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka müqaviləsinin 3.3-cü bəndində ipoteka predmetinin 22000 manat olaraq qiymətləndirildiyi qeyd edilmişdir. Eyni tarixli nömrəsiz digər “İpoteka müqaviləsi”nə görə isə, həmin kredit müqaviləsinə əsasən 60 ay müddətində verilən 150000 manat məbləğində kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh4 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 49,54 kv.m., 30,14 kv.m. yaşayış və 19,4 kv.m. yardımçı sahədən ibarət olan 9 mərtəbəli binadakı 2 otaqlı mənzil Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka müqaviləsinin 3.3-cü bəndində ipoteka predmetinin 50000 manat olaraq qiymətləndirildiyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş kassa məxaric orderinin surətindən görünür ki, 150000 manat məbləğində pul Cavabdeh1 tərəfindən 03.08.2011-ci tarixdə bankın kassasından qəbul edilmişdir. İş materiallarından aydın olur ki, Cavabdeh1 ilə "xxxx" ASC arasında həmçinin 131 saylı, 11.08.2011-ci il tarixli Kredit müqaviləsi də bağlanmış, müqaviləyə əsasən bank tərəfindən borcalana 60 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 150000 (bir yüz əlli min) manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur; aylıq ödənişlərin məbləği və müddəti Müqaviləyə edilmiş 1 saylı Əlavədə göstərilmiş, cədvələ əsasən borcalan 11.09.2011-ci il tarixdən başlayaraq 03.08.2016-cı il tarixədək Bankın hesabına əsas məbləğ üzrə 150000, faiz məbləği üzrə 31875 olmaqla cəmi 181875 manat ödəniş etməyi qəbul etmişdir. Eyni tarixli 131 saylı “İpoteka müqaviləsi”nə görə isə, həmin kredit müqaviləsinə əsasən 60 ay müddətində verilən 150000 manat məbləğində kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, döngə 9 ünvanında 0,0097 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 48,2 kv.m. yaşayış, 21,6 kv.m. köməkçi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evi Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka müqaviləsinin 3.3-cü bəndində ipoteka predmetinin 80000 manat olaraq qiymətləndirildiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş kassa məxaric orderinin surətindən görünür ki, 150000 manat məbləğində pul Cavabdeh1 tərəfindən 11.08.2011-ci tarixdə bankın kassasından qəbul edilmişdir. İş materiallarından həmçinin aydın olur ki, Cavabdeh3 ilə "xxxx" ASC arasında bağlanmış 09 fevral 2012-ci il tarixli “İpoteka müqaviləsi”nə görə, 120 saylı, 03.08.2011-ci il tarixli və 131 saylı, 11.08.2011-ci il tarixli Kredit müqavilələrinə əsasən 60 ay müddətində verilən 300000 manat məbləğində kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh3 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 81,32 kv.m ümumi, 63.32 kv.m yaşayış, 18.0 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı mənzil Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka müqaviləsinin 3.3-cü bəndində ipoteka predmetinin 63000 manat olaraq qiymətləndirildiyi göstərilmişdir. İşin mübahisəsiz digər halına görə, Cavabdeh1 ilə "xxxx" ASC arasında 28.04.2016-cı il tarixli 15 saylı “İpoteka müqaviləsi” bağlanmış, ipoteka müqaviləsinə görə, 120 saylı, 03.08.2011-ci il tarixli və 131 saylı, 11.08.2011-ci il tarixli Kredit müqavilələri üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 mülkiyyətində olan Astara rayonu, Şahağaçı kəndində 0.06 ha topraq sahəsində yerləşən 381.3 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka müqaviləsinin 3.3-cü bəndində ipoteka predmetinin 317000 manat olaraq qiymətləndirildiyi qeyd edilmişdir. İş materiallarından aydın olur ki, ipoteka ilə yüklü edilmiş əmlaklara dair daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. İş materiallarından həmçinin aydın olur ki, iddiaçı bank cavabdehlərə ünvanlanmış bildirişlər göndərməklə onları borc barədə xəbərdar etmiş və borcun ödənilməsini tələb etmişdir. İşin digər halına görə isə, yuxarıda qeyd edilən ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, Cavabdeh1 120 saylı, 03.08.2011-ci il tarixli kredit müqaviləsi üzrə 13.05.2019-cu il tarixə 111 511.89 (bir yüz on bir min beş yüz on bir manat, 89 qəpik) manat əsas, 3772.62 (üç min yeddi yüz yetmiş iki manat 62 qəpik) manat faiz və 33 081.82 (otuz üç min səksən bir manat 82 qəpik) manat cərimə borcu, habelə AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 15 689.10 (on beş min altı yüz səksən doqquz manat 10 qəpik) manat faiz borcu olmaqla, cəmi 164 055.43 (bir yüz altmış dörd min əlli beş manat 43 qəpik) manat məbləğində kredit borcu; 131 saylı, 11.08.2011-ci il tarixli digər kredit müqaviləsi üzrə isə 13.05.2019-cu il tarixə 111 844.23 (bir yüz on bir min səkkiz yüz qırx dörd manat, 23 qəpik) manat əsas, 3784.57 (üç min yeddi yüz səksən dörd manat 57 qəpik) manat faiz və 33180, 43 (otuz üç min bir yüz səksən manat 43 qəpik) manat cərimə borcu, habelə AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 15 735.86 (on beş min yeddi yüz otuz beş manat 86 qəpik) manat faiz borcu olmaqla, cəmi 164 545.02 (bir yüz altmış dörd min beş yüz qırx beş manat 02 qəpik) manat məbləğində kredit borcu vardır. Məhkəmə Ekspertizası Mərkəzinin 07 yanvar 2020-ci il tarixli 31000 saylı rəyində ekspert qarşısında qoyulan suallara cavab olaraq göstərilmişdir ki, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 03.08.2011-ci il tarixli, 120 saylı və 11.08.2011-ci il tarixli, 131 saylı Kredit müqavilələri üzrə borcalanın Banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən edilir: 03.08.2016-cı tarixli tarixə əsas kredit borcu 171774,27 manat, faiz borcu 3006,05 manat, 03.08.2016-cı il tarixdən 13.05.2019-cu il tarixədək faiz borcu illik 5% ilə 23857,54 manat. Ekspert rəyindən həmçinin müəyyən olunur ki, ekspert hər iki müqavilə üzrə əməliyyatların bir hesab üzərindən aparılmış olduğunu və buna görə də ödənişlərin hansı kreditə aid olduğunun müəyyən edilməsinin mümkünsüz olduğunu əsas gətirməklə borcun hesablanmasını birgə aparmışdır. İş üzrə əldə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 10.06.2020-ci il tarixli rəyinə görə isə, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 03.08.2011-ci il tarixli, 120 saylı və 11.08.2011-ci il tarixli, 131 saylı Kredit müqavilələri üzrə borcalanın Banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən edilir: 03.08.2011-ci il tarixli, 120 saylı kredit müqaviləsinə görə 03.08.2016-cı tarixə əsas kredit borcu 105766,07 manat, faiz borcu 1850,91 manat, 03.08.2016-cı il tarixdən 13.05.2019-cu il tarixədək faiz borcu illik 5% ilə 16540,64 manat; 11.08.2011-ci il tarixli, 131 saylı kredit müqaviləsinə görə isə 03.08.2016cı tarixə əsas kredit borcu 105052,86 manat, faiz borcu 1838,43 manat, 03.08.2016-cı il tarixdən 13.05.2019-cu il tarixədək faiz borcu illik 5% ilə 16429,10 manat. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 03 iyun 2021-ci il tarixli qiymətləndirilmə hesabatından görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin bazar qiyməti 60000 (altmış min) manat, likvid qiyməti isə 52000 (əlli iki min) manat; Bakı şəhəri, Binəqədi rayonu, 8-ci MKR. Azadlıq prospekti, 172 nömrəli evin 106 saylı mənzilinin bazar qiyməti 75000 (yetmiş beş min) manat, likvid qiyməti isə 65000 (altmış beş min) manat; Bakı şəhəri, Binəqədi rayonu, 9-cu MKR., Həmzə Babaşov küçəsi, 9 nömrəli evin 26 saylı mənzilinin bazar qiyməti 110000 (bir yüz on min) manat, likvid qiyməti isə 90000 (doxsan min) manat; Astara rayonu, Ərçivan kəndində yerləşən fərdi yaşayış evinin bazar qiyməti 150000 (bir yüz əlli min) manat, likvid qiyməti isə 130000 (bir yüz otuz min) manat; Astara rayonu, Şahağac kəndində yerləşən qeyri yaşayış binasının bazar qiyməti 120000 (bir yüz iyirmi min) manat, likvid qiyməti isə 100000 (bir yüz min) manat qiymətləndirilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739.2). Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda, bunu etməmişdir. Cavabdehdən tutulmalı olan pul vəsaitinin məbləği ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı bankın təqdim etdiyi maliyyə arayışlarına görə, borclunun 120 saylı, 03.08.2011ci il tarixli kredit müqaviləsi üzrə 13.05.2019-cu il tarixə 111 511.89 (bir yüz on bir min beş yüz on bir manat, 89 qəpik) manat əsas, 3772.62 (üç min yeddi yüz yetmiş iki manat 62 qəpik) manat faiz, 33 081.82 (otuz üç min səksən bir manat 82 qəpik) manat cərimə borcu və o cümlədən AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 15 689.10 (on beş min altı yüz səksən doqquz manat 10 qəpik) manat faiz borcu olmaqla, cəmi 164 055.43 (bir yüz altmış dörd min əlli beş manat 43 qəpik) manat; 131 saylı, 11.08.2011-ci il tarixli digər kredit müqaviləsi üzrə isə eyni tarixə 111 844.23 (bir yüz on bir min səkkiz yüz qırx dörd manat, 23 qəpik) manat əsas, 3784.57 (üç min yeddi yüz səksən dörd manat 57 qəpik) manat faiz, 33180, 43 (otuz üç min bir yüz səksən manat 43 qəpik) manat cərimə borcu və o cümlədən AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 15 735.86 (on beş min yeddi yüz otuz beş manat 86 qəpik) manat faiz borcu olmaqla, cəmi 164 545.09 (bir yüz altmış dörd min beş yüz qırx beş manat 09 qəpik) manat məbləğində kredit borcunun yarandığı göstərilmiş, məhkəmə araşdırması zamanı təyin olunmuş və tamamlayıcı xüsusiyyətə malik sonuncu – 10.06.2020-ci il tarixli ekspertizanın rəyi ilə isə (əvvəlki ekspert rəyində ekspert qarşısında qoyulmuş suallar natamam cavablandırıldığından və hər iki müqavilə üzrə əməliyyatların bir hesab üzərindən aparılmış olduğu və buna görə də ödənişlərin hansı kreditə aid olduğunun müəyyən edilməsinin mümkünsüz olduğu əsas gətirməklə borcun hesablanması birgə aparıldığından mülki iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir və məhkəmənin qənaətinə görə, bu səbəbdən məhz sonuncu rəy əsas götürülməlidir) 03.08.2011-ci il tarixli, 120 saylı kredit müqaviləsinə görə 03.08.2016-cı tarixə əsas kredit borcunun 105766,07 manat, faiz borcunun 1850,91 manat, 03.08.2016-cı il tarixdən 13.05.2019-cu il tarixədək faiz borcunun illik 5% ilə 16540,64 manat; 11.08.2011-ci il tarixli, 131 saylı kredit müqaviləsinə görə isə 03.08.2016-cı tarixə əsas kredit borcunun 105052,86 manat, faiz borcunun 1838,43 manat, 03.08.2016-cı il tarixdən 13.05.2019-cu il tarixədək faiz borcunun illik 5% ilə 16429,10 manat olduğu müəyyən edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”. Həmin Qərarda göstərilmişdir ki, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Həmin Qərarda şərh olunan hüquqi mövqeyə əsasən, “kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər....Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur....Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Kreditorun kredit əməliyyatlarını ayrı-ayrı kredit növləri üzrə açıqlaması mümkün olmazsa, o, öz faiz tələbinin ən az faiz gəliri gətirən kredit (kapital) növünün bazara uyğun faiz dərəcəsi həddində olacağı ilə razılaşmalıdır. Yuxarıda təsvir olunan mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor, bank ticarəti dövriyyəsində işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlərə uyğun şəkildə istifadə edə bilərdi. Bununla belə, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir”. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehdən 03.08.2011-ci il tarixli, 120 saylı kredit müqaviləsi üzrə əsas borca görə 105766,07 manat, faiz borcuna görə 1850,91 manat; 11.08.2011-ci il tarixli, 131 saylı kredit müqaviləsi üzrə əsas borca görə 105052,86 manat, faiz borcuna görə 1838,43 manat məbləğində pul tutularaq iddiaçı banka ödənilməlidir. Həmçinin cavabdehdən 03.08.2011-ci il tarixli, 120 saylı kredit müqaviləsi üzrə 03.08.2016-cı il tarixdən 13.05.2019-cu il tarixədək faiz borcunun illik 5% ilə 15 689.10 manat; 11.08.2011-ci il tarixli, 131 saylı kredit müqaviləsi üzrə isə 03.08.2016-cı il tarixdən 13.05.2019-cu il tarixədək faiz borcunun illik 5% ilə 15 735.86 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçı banka ödənilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə əsasən ekspert rəyini sübut növü kimi qəbul edir. Məhkəmə, həmçinin, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə qəbul edir. Cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinə gəldikdə isə məhkəmənin qənaətinə görə, cərimə borcunun 03.08.2011-ci il tarixli, 120 saylı kredit müqaviləsi üzrə 1500 manat, 11.08.2011-ci il tarixli, 131 saylı kredit müqaviləsi üzrə isə 1500 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Məhkəmə, iddianın “pulun tutulması tələbinin Cavabdeh1 mülkiyyətində olan Astara rayonu, Ərçivan kəndində yerləşən fərdi yaşayış evinə və həmin rayonun Şahağaçı kəndində yerləşən qeyri yaşayış binasına yönəldilməsi, ipoteka predmeti olan daşınmaz əmlakların ilkin satış qiymətlərinin müəyyən edilməsi, həmin əmlakların açıq hərracdan satılması, satışından əldə olunmuş pul vəsaitinin Cavabdeh1 ləğv prosesində olan "xxxx" X9 Səhmdar Cəmiyyətinə olan kredit borcunun ödənilməsinə yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlaklar hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində həmin əmlakların boşaldılması” hissəsini isə qismən əsaslı hesab edir: Belə ki, yuxarıda qeyd olunduğu kimi, Cavabdeh1 mülkiyyətində olan Astara rayonu, Ərçivan kəndində yerləşən fərdi yaşayış evi 03.08.2011-ci il tarixli, 120 saylı kredit müqaviləsi üzrə, digəri – Astara rayonu, Şahağaçı kəndində yerləşən qeyri yaşayış binası isə hər iki kredit müqaviləsi üzrə Cavabdeh1 kredit öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və ipotekanın dövlət qeydiyyatı həyata keçirilmişdir. Həmçinin, ipoteka saxlayan ipoteka qoyana “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, həmin bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər; Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı tərəflər arasında razılaşma olmadığından məhkəmə araşdırması zamanı qiymətləndirmə təyin edilmiş, "xxxx" MMCnin 03 iyun 2021-ci il tarixli qiymətləndirilmə hesabatı ilə Astara rayonu, Ərçivan kəndində yerləşən fərdi yaşayış evinin bazar qiyməti 150000 (bir yüz əlli min) manat, likvid qiyməti isə 130000 (bir yüz otuz min) manat; Astara rayonu, Şahağac kəndində yerləşən qeyri yaşayış binasının bazar qiyməti 120000 (bir yüz iyirmi min) manat, likvid qiyməti isə 100000 (bir yüz min) manat qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, həmin əmlakların ilkin satış qiyməti müəyyən edilərkən məhz onların likvid qiymətləri əsas götürülməlidir. Bu mənada, Astara rayonu, Ərçivan kəndində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 130000 (bir yüz otuz min) manat; Astara rayonu, Şahağac kəndində yerləşən qeyri yaşayı binasının ilkin satış qiyməti isə 100000 (bir yüz min) manat olaraq müəyyən olunmalıdır. Nəzərə alınmalıdır ki, məhz likvid qiymətlərin əsas götürülməsi ilə əmlakların münasib qiymətə tez bir müddətdə asan satılması və bununla da qətnamənin icrası təmin edilə bilər. Bu qənaətə gələrkən məhkəmə xüsusilə nəzərə alır ki, həmin əmlakları ipotekaya qoyan Cavabdeh1 həm də kredit müqavilələri üzrə borcalandır və işin qeyd edilən faktiki halı onun hər bir halda kredit müqavilələrinin, o cümlədən bankla aparılan bütün əməliyyatların şərtlərindən məlumatlı olduğunu göstərir. Bununla belə, məhkəmə qeyd edir ki, Cavabdeh3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9-cu MKR., Həmzə Babaşov küçəsi, 9 nömrəli evin 26 saylı mənzilinə, Cavabdeh2 məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə və X3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci MKR. Azadlıq prospekti, 172 nömrəli evin 106 saylı mənzilinə münasibətdə eyni qənaətə gəlmək mümkün deyildir. Belə ki, həmin əmlaklara münasibətdə bağlanılan ipoteka müqavilələrində kreditin müddəti, əsas kredit məbləği göstərilsə də, faiz dərəcəsi və ya ümumilikdə ödəniləcək faiz məbləğinin nə qədər təşkil etməsi qeyd edilməmişdir. Eyni zamanda ipotekaqoyanların müvafiq kredit müqavilərinə və ya ödəniş qrafiklərinə imza etməklə onların şərtləri ilə tanış olduqları da müəyyən edilmişdir. Göründüyü kimi, Cavabdeh1 kreditin verilməsinə dair müqavilələrdə borc verilən vəsaitin konkret məbləği, valyutası, müddəti və faiz dərəcəsi qeyd edilsə də, adı çəkilən ipoteka qoyanlar ilə bağlanmış müqavilələrdə müqavilənin həmin mühüm şərtlərin biri kimi faiz dərəcəsi və ya onun məbləği qeyd edilməmiş və ya sonradan bu şərtə dair onların razılığı alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarının 3-cü bəndinə əsasən zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Qərarda qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinin əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin müddətində faiz dərəcəsinin valyuta və s., zəruri şərtlərin göstərilməsini ehtiva edir. “Banklar haqqında” AR Qanununun 1.0.9-cu, “İpoteka haqqında” AR Qanununun 10.5, 14 və 48-ci maddələrinin və AR MM-inin 307.4, 405.1 və 477.0.1 -ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 25 iyul 2019cu il tarixli Qərarının nəticə hissəsində deyilir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 07 manatı, bildirişlərin qeydə alınması üçün ödənilmiş 100 manatın 60 manatı iddiaçıya aid edilməli, dövlət rüsumunun 23 manatı və o cümlədən, bildirişlərin qeydə alınması üçün ödənilmiş 100 manatın 40 manatı isə Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Habelə, 300 manat (07.01.2020-ci il tarixli ekspert rəyi üzrə 100 manat+10.06.2020-ci il tarixli ekspert rəyi üzrə 200 manat) ekspertiza xərcinin 73 manatı iddiaçıdan, 227 manatı Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, qiymətləndirmə ekspertizasının dəyərini təşkil edən 2000 (iki min) manat pulun 1200 manatı iddiaçıdan, 800 manatı isə Cavabdeh1 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 03.08.2011-ci il tarixli, 120 saylı kredit müqaviləsi üzrə əsas borca görə 105766,07 manat, faiz borcuna görə 1850,91 manat və cərimə borcu üzrə 1500 manat, o cümlədən 03.08.2016-cı il tarixdən 13.05.2019-cu il tarixədək faiz borcunun illik 5% ilə 15 689.10 manat olmaqla cəmi 124806,08 manat məbləğində; 11.08.2011-ci il tarixli, 131 saylı kredit müqaviləsi üzrə əsas borca görə 105052,86 manat, faiz borcuna görə 1838,43 manat və cərimə borcu üzrə 1500 manat, o cümlədən 03.08.2016-cı il tarixdən 13.05.2019-cu il tarixədək faiz borcunun illik 5% ilə 15 735.86 manat olmaqla cəmi 124127,15 manat məbləğində pul, habelə 23 (iyirmi üç) manat dövlət rüsumunun əvəzi və ipotekanın qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun əvəzi alınaraq iddiaçı Ləğv prosesində olan "xxxx" KB ASC-nə ödənilsin. 03.08.2011-ci il tarixli, 120 saylı kredit müqaviləsi üzrə tutulacaq məbləğ ilkin satış qiyməti 130000 (bir yüz otuz min) manat müəyyən edilən və Cavabdeh1 məxsus Astara rayonu, Ərçivan kəndində yerləşən fərdi yaşayış evinə yönəldilsin. 03.08.2011-ci il tarixli, 120 saylı və 11.08.2011-ci il tarixli, 131 saylı kredit müqavilələri üzrə tutulacaq məbləğ ilkin satış qiyməti 100000 (bir yüz min) manat müəyyən edilən və Cavabdeh1 məxsus Astara rayonu, Şahağaçı kəndində 0.06 ha topraq sahəsində yerləşən qeyri-yaşayış binasına yönəldilsin. Həmin fərdi yaşayış evləri açıq hərracda satılsınlar və onların satışından əldə olunmuş pul vəsaiti təmin edilmiş iddia tələbi həcmində iddiaçı Ləğv prosesində olan "xxxx" KB ASC-yə ödənilsin. Astara rayonu, Ərçivan kəndində yerləşən fərdi yaşayış evi və Astara rayonu, Şahağac kəndində yerləşən qeyri yaşayış binası satıldıqdan 1 ay sonra həmin əmlakların boşaldılsınlar. Ekspertiza tədqiqatının dəyəri olan 300 manatın 73 manatı iddiaçıdan, 227 manatı Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülsün. İş üzrə aparılmış qiymətləndirmə ekspertizasının dəyərini təşkil edən 2000 (iki min) manat pulun 1200 manatı iddiaçıdan, 800 manatı isə Cavabdeh1 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (hesab: Az.MEM VÖEN **********, "xxxx" MMC, Kod: 502058 VÖEN **********H/h AZ 46NABZ******************** S.W.İ.F.T. kod:UBAZAZ22, müştərinin hesab nömrəsi AZ65UBAZ**********0060AZN001) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar