Məhkəmə qərarları › İş №2(001)-7900/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7900/2024

24.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7900/2024 24.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, Ərizəçi (maraqlı şəxslər qismində "xxxx" ASC-nin nəzdində Tech Mach Şirkəti və Azərbaycan Respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəz Filialı işə cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun güzəştli iş stajına malik olması faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 1981-1983-cü illərdə hərbi xidmətdə olmuşdur. 1983- 1984-cü illərdə peşə məktəbində təhsil almışdır. xx.xx.1984-cü ildə Bakı Elektro Termik Avadanlığı zavodunda əmək fəaliyyətinə başlamışdır. Əvvəlcə tornaçı, daha sonra çilingər vəzifəsində çalışmışdır. Ona məxsus əmək kitabçasında onun işə daxil olma və işdən çıxma barədə əmrlərin tarixləri və nömrələri barədə müvafiq qeydiyyat aparılmış və qeydlər müəssisənin səlahiyyətli şəxslərinin imzaları və təşkilatın möhürü ilə təsdiq edilmişdir. Əmək kitabçasında göstərilir ki, xx.xx.1985-ci ildə çilingər vəzifəsinə keçirilmişdir. xx.xx.2000-ci ildə ƏM-nin 68-ci maddəsinə əsasən öz arzusu ilə işdən azad edilmişdir. Elə həmin gün əvvəlki işinə bərpa edilmişdir. xx.xx.2002-ci ildə Bakı Elektro Termik Avadanlığı zavodu Azərelektroterm ASC-yə çevrilmişdir. xx.xx.2004-cü ildə müqavilə əsasında ştamplayıcı təyin edilmişdir. Azərelektroterm ASC tərəfindən ona iş stajının təsdiq olunması üçün verilən 07.4.2023-cü il tarixli arayışda həmin zavodda xx.xx.1984-xx.xx.1986-cı illərdə tornaçı (güzəştli şərtlərlə) və xx.xx.2004-cü ildən xx.xx.2008-ci il tarixədək ştamplayıcı (güzəştli şərtlərlə) işlədiyi faktı öz əksini tapmışdır. Həmçinin ona zavodda işlədiyi dövrdə xx.xx.1985-ci il tarixli və xx.xx.1987-ci il tarixli arayışlar verilmişdir və işin əməyin təhlükəli şərtləri ilə bağlı olduğu qeyd edilmişdir. Qeyd etmək zəruridir ki, həmin arayışda əməyin zərərli şərtlərlə olması nəzərdə tutulmuşdur. Lakin, arayış və əmək kitabçasında həqiqi həyata keçirdiyi vəzifənin düzgün qeyd olunmaması nətiəcində ərizəçi güzəştli pensiya hüququndan yararlana bilmir. Belə ki, o, maraqlı şəxs Xüsusi şərtlər təyinat üzrə Mərkəzi filiala güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi təyin edilməsi barədə müraciət etmişdir. xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. Belə ki, imtina məktubunda göstərilmişdir ki, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilən güzəştli iş stajının olmadığı qeyd edilmişdir. Bu səbəbdən onun ərizəsini təmin elmək mümkün olmamışdır. O, 14 saylı Mediasiya təşkilatına da müraciət etmişdir. Mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixli arayış təqdim edilmişdir. Göründüyü kimi, o, müraciət etdiyi vaxt kifayət qədər güzəştli iş stajı və ümumi iş stajı olmasına baxmayaraq güzəştli əmək pensiyası ilə bağlı hüquqları pozulur. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməli və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Ərizəyə əlavə olunmuş Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 3202/2024 saylı qərarından görünür ki, iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona 60 yaşının tamam olduğu yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən araşdırılma zamanı iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olması öz təsdiqini tapmadığından iddia tələbi əsassız hesab edilmiş və ərizə təmin edilməmişdir. Göründüyü kimi, ərizəçinin hazırki faktın müəyyən edilməsində nail olmaq istədiyi məqsəd güzəştli pensiya hüququndan yararlanmaqdır ki, bununla bağlı da artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Yəni, həmin qərarla artıq onun güzəştli iş stajına malik olmaması müəyyən edilmişdir. Ona görə də məhkəmə hazırki fakta baxa bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 153.2-ci və 153.2.1-ci maddələrinə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Eyni zamanda qeyd olunmalıdır ki, ərizəçi tərəfindən məhkəməyə ərizə verilərkən dövlət rüsumu ödənilmədiyindən, MPM-in 114-cü maddəsinə əsasən rüsumun geri qaytarılması məsələsinə münasibət bildirilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Ərizəçi (maraqlı şəxslər qismində "xxxx" ASC-nin nəzdində Tech Mach Şirkəti və Azərbaycan Respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəz Filialı işə cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinin icraatından imtina edilsin, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar