Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-792/2022 31.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı “mənzilə yaşayış hüququnun itirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı “mənzilə yaşayış hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, 8-ci mikrorayon, Azadlıq prospekti, 16 saylı evin 39 saylı mənzilinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 30 aprel 2003-cü il tarixli qətnaməsinə dəyişiklik edilərək Cavabdeh1 Bakı şəhəri, 8-ci mikrorayon, Azadlıq prospekti, 16 saylı evin 39 saylı mənzilinə istifadə hüququ tanınmış, onun azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Ə.Ələkbərov küçəsi, 507-ci məhəllədə yerləşən 2 saylı evin 24-cü mənzilindən çıxarılaraq Bakı şəhəri, 8-ci mikrorayon, Azadlıq prospekti, 16 saylı evin 39 saylı mənzilinə - girişdən sağ tərəfdən yerləşən sahəsi 16,6 kv.metr olan otağına köçürülməsi qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 07 aprel 2004-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Ötən 18 il müddətində iddiaçı hazırki iş üzrə Cavabdeh1 həmin qətnamənin icrasını tələb etməmiş, iddiaçı məcburi köçkün kimi hər ay Azərbaycan Respublikası Qaçqınlar və X13 üzrə Dövlət Komitəsindən iki nəfər ailə üzvünə görə mənzili olmayan şəxslər kimi kompensasiya almışdır. Hazırda həmin qətnamənin icrasını tələb edir və uzun müddət həmin mənzilə köçürülməsinin səbəbi kimi keçmiş həyat yoldaşı, onun qardaşı olan Vüqar Həşimovdan qorxduğunu və onun guya zərərli vərdişlərin aludəçisi olduğunu əsas gətirmişdir. Həmin səbəblər tamamilə əsassızdır. Buna baxmayaraq Cavabdeh1 müraciəti əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2021-ci il tarixli qərardadı ilə qeyd olunan qətnamə üzrə icra vərəqəsinin verilməklə icraya yönəldilməsi qərara alınmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh X11 (eyni zamanda digər Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi) məhkəməyə iddiaya etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, onlar iddianı qəbul etmirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) iddianı müdafiə edərək yuxarıda qeyd edilən məzmunda izahat verdi. Həmçinin qeyd etdi ki, işin hallarından görünür ki, cavabdehlər 18 il müddətində başqa ünvanda yaşadıqlarından onların mübahisəli mənzilə ehtiyacları aradan qalxmışdır, ona görə də iddia əsaslıdır. Məhkəmə hazırlıq iclasında iştirak edən X11 (eyni zamanda digər Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi) iddianı qəbul etmədiklərini bildirərək qeyd etmişdir ki, anası Cavabdeh1 ilə birlikdə onun mübahisəli ünvana köçürülməsi Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli qətnaməsi ilə qət edilmişdir. Lakin, uzun müddət keçməsinə baxmayaraq qətnamə icraya yönəlməmiş, onlar da atası Vüqar Haşımovdan qorxduqları üçün özbaşlarına evə köçüb yaşaya bilməmişlər. Çünki, atası zərərli vərdişlərin aludəçisi olduğu üçün atası ilə anası arasında münasibətlər həmin vaxtlar kəskin xarakter almış, atası onları evə buraxmamışdır. İndidə dəfələrlə mübahisəli mənzilə köçməyə cəhd etsələr də, iddiaçı və onun ailə üzvləri tərəfindən imkan yaradılmır. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, onlar dəfələrlə icra şöbəsinə yaxınlaşmış lakin onlara icra sənədinin icra şöbəsinə daxil olmaması bildirilmişdir. Bununla bağlı məhkəməyə yaxınlaşdıqda isə işin məhkəmədə deyil, arxivdə olduğu bildirilmişdir. Həmin vaxtlar anası tək olmuş və anasının maddi cəhətdəndə elə imkanı olmamışdır ki, qeyd olunan işləri vəkil vasitəsilə həyata keçirsin. İndi o yetkinlik yaşına çatmış, özü vəkil vasitəsilə bu işləri həll etməyə çalışır. Çünki onların mübahisəli evə istifadə hüquqları tanınmışdır, onların yaşayacaq başqa hər hansı evləri yoxdur. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehlər məhkəməyə gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli 1 MK-2593/2003 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 aprel 2003-cü il tarixli qətnaməsi dəyişdirilərək, Cavabdeh1 Bakı şəhəri, 8-ci mikrorayon, Azadlıq prospekti 16 saylı evin 39-cu mənzilinə istifadə hüququnun tanınması, Cavabdeh1 azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Ə.Ələkbərov küçəsi, 507-ci məhəllədə yerləşən 2 saylı evin 24-cü mənzilindən çıxarılaraq, Bakı şəhəri, 8-ci mikrorayon, Azadlıq prospekti 16 saylı evin 39cu mənzilinə - girişdən sağ tərəfdə yerləşən sahəsi 16,60 kv.m olan otağına köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2021-ci il tarixli,1 MK-2593/2003 saylı qərardadından görünür: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 07 aprel 2004-cü il tarixli, 6K-573/2004 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli 1 MK-2593/2003 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli 1MK- 2593/2003 saylı qətnaməsi üzrə icra vərəqəsinin icraya yönəldilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin 11 oktyabr 2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Apellyasiya Məhkəməsinin 1MK-2593/2003 saylı 11 iyul 2003-cü il tarixli icra sənədi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icraatına daxil olmamışdır. Beləliklə qeyd olunan qərardadla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli 1MK-2593/2003 saylı qətnaməsi icra edilməmiş qalmışdır. Ona görə də iddiaçının ərizəsi əsaslı hesab edilərək, təmin edilmiş və Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli 1MK- 2593/2003 saylı qətnaməsi üzrə icra vərəqəsi verilməklə, icraya yönəldilmişdir. Bakı şəhəri Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 1 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən 22 oktyabr 2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, Bakı şəhəri, 8-ci mikrorayon, Azadlıq prospekti, 16 saylı evin 39 saylı mənzilində İddiaçı 10 nəfərdən (X12, X17, X16, X19, X3, X8, X1, X2, X4) ibarət ailəsi ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsi tərəfindən ünvan ünvanlanmış 22 noyabr 2021-ci il tarixli məktubdan görünür ki, Komitədə olan məlumata əsasən məktubda adı çəkilən vətəndaş - Zəngilan rayonundan məcburi köçkün Cavabdeh1 və övladı X5 müvəqqəti qeydiyyat ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 161, Azərbaycan Dövlət İqtisad Universitetinin 5 saylı yataqxanasındadır, faktiki məskunlaşma ünvanları da 2016-cı ilədək kommunal xidmətlər siyahısında həmin ünvan qeyd edilmişdir, lakin hazırda faktiki olaraq hansı ünvanda məskunlaşması və kompensasiya alıb-almamaları barədə Komitədə məlumat yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli 1 MK-2593/2003 saylı qətnaməsi ilə Cavabdeh1 Bakı şəhəri, 8-ci mikrorayon, Azadlıq prospekti 16 saylı evin 39-cu mənzilinə istifadə hüququnun tanınması, Cavabdeh1 azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Ə.Ələkbərov küçəsi, 507-ci məhəllədə yerləşən 2 saylı evin 24-cü mənzilindən çıxarılaraq, Bakı şəhəri, 8-ci mikrorayon, Azadlıq prospekti 16 saylı evin 39-cu mənzilinə - girişdən sağ tərəfdə yerləşən sahəsi 16,60 kv.m olan otağına köçürülməsi qət edilmiş, qeyd olunan qətnamə qanuni qüvvəyə minmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2021-ci il tarixli, 1 MK-2593/2003 saylı qərardadı ilə həmin qətnamə üzrə icra vərəqəsi verilməklə, icraya yönəldilmişdir. Hazırda iddiaçı, cavabdehlərin mübahisəli yaşayış sahəsinə ehtiyaclarının aradan qalxdığını bildirərək, cavabdehlərin mənzilə istifadə hüquqlarının itirilməsini xahiş etsə də, məhkəmə qeyd edir ki, cavabdehlərin mübahisəli yaşayış sahəsinə ehtiyaclarının aradan qalxdığı iş materialları ilə öz təsdiqini tapmır. Əksinə iş materiallarından görünür ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli 1 MK-2593/2003 saylı qətnaməsi icra edilməmiş qaldığından, Cavabdeh1 ərizəsi əsasında qeyd olunan qətnamə üzrə icra vərəqəsi verilməklə 11 oktyabr 2021-ci il tarixldə icraya yönəldilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Göründüyü kimi, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülmələri barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan, eyni zamanda həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2021-ci il tarixli, 1 MK-2593/2003 saylı qərardadı ilə icraya yönəldiyindən cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarına onlara Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə əsasən mənzilin bazar qiymətinə müvafiq kompensasiya ödənilməsi şərti ilə xitam verilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının “cavabdehlərin istifadə hüquqlarının itirilməsi” barədə iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı “mənzilə yaşayış hüququnun itirilməsi” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı “mənzilə yaşayış hüququnun itirilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-792/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-792/2022
31.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver