Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-802/2022 26.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X8, Cavabdehin nümayəndələri X9 və Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin X3rşı “işə bərpa və məcburi işəburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin X3rşı “işə bərpa və məcburi işəburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş 01 noyabr 2021-ci il tarixli, 302 saylı əmrin ləğv edilməsi və məcburi işəburaxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1983-cü ildə anadan olmuşdur. Ailəlidir, himayəsində 3 azyaşlı uşağı vardır. Uşaqlarından biri, yəni 10 sentyabr 2007-ci il təvəllüdlü X21 “iki tərəfli orta dərəcəli sensonevrol tip eşitmə azlığı, inkişafın ləngiməsi, nitq qüsuru” diaqnozu ilə 1 nömrəli Sumqayıt Ailə Sağlamlıq Mərkəzində qeydiyyatdadır. Ali təhsillidir, əmək fəaliyyətinə 04 fevral 2019-cu il tarixdə başlamışdır. 18 sentyabr 2019cu il tarixdə 111 saylı əmrlə Bakı Humanitar Kollecdə müəllim vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh tərəfindən verilmiş 01 noyabr 2021-ci il tarixli, 302 saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) işdən azad edilmişdir. O, cavabdeh tərəfindən verilmiş həmin əmri aşağıdakılara görə əsassız hesab edir. Belə ki, o, müddətsiz əmək müqaviləsi əsasında işə qəbul edilmişdir. Cavabdeh tərəfindən 14 sentyabr 2021-ci il tarixdə 177 saylı əmr verilmiş və onun çalışdığı vəzifənin (ştatının) ixtisar edildiyi barədə 23 sentyabr 2021-ci il tarixli, 77-04/02-112 saylı xəbərdarlıq məktubu ünvanına göndərilmişdir. Lakin həmin məktubda onunla əmək müqaviləsinə xitam verilmə müddəti göstərilməmişdir. Həmçinin, cavabdeh Əmək Məcəlləsinin 80-ci maddəsinin İ və İİ bəndlərinin tələblərini pozmuşdur. Belə ki, Əmək Məcəlləsini 70-ci maddəsinin “b” bəndinə əsasən o, işdən azad edilərkən Kollecdə fəaliyyət göstərən Həmkarlar Təşkilatının razılığı alınmamışdır. Halbuki hər ay onun əmək haqqının 1%-i həmin təşkilata üzv olduğuna görə tutulur. Əmək Məcəlləsinin 10-cu maddəsinin “k” bəndinə əsasən qeyd olunan təşkilatın bu məsələ ilə bağlı keçirdiyi tədbirlərə də cəlb edilməmişdir. Həmçinin, cavabdeh tərəfindən o, işdən azad edilərkən Əmək Məcəlləsinin 77-ci maddəsinin İİ bəndinin tələbləri də pozulmuşdur. Belə ki, cavabdeh ixtisarla əlaqədar imzalanmış əmrlə onu tanış etməmiş (göndərdiyi 23 sentyabr 2021-ci il tarixli xəbərdarlıq məktubu ona 10 oktyabr 2021-ci il tarixdə təqdim olunmuşdur), 4 həftə tamam olmamış işdən azad edilmiş və xəbərdarlıq müddətində iş axtarmaq üçün vaxt verilməmişdir. Eyni zamanda cavabdeh Əmək Məcəlləsinin 78-ci maddəsinin tələblərini də pozmuşdur. Belə ki, himayəsində 3 azyaşlı uşağı vardır və uşaqlarından biri xəstə kimi qeydiyyatdadır. Həmçinin həyat yoldaşı X28 ehtiyatda olan hərbi qulluqçudur. Həmin ixtisarla əlaqədar verilmiş əmrdə onun peşəkarlıq səviyyəsi, ixtisası nəzərə alınmamış, araşdırılma aparılmamış, əmrin hansı zərurət nəticəsində verildiyi göstərilməmişdir. Ona görə də hesab edir ki, barəsində verilmiş 01 noyabr 2021-ci il tarixli, 302 saylı əmr qanunvericiliyin kobud şəkildə pozulması ilə qəbul edildiyindən ləğv edilməli, işə bərpa olunmalı və məcburi işəburaxma müddətinə görə əmək haqqı ödənilməlidir. Cavabdeh məhkəməyə iddiaya etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsində göstərilən tələblər əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı qeyd edir ki, ona cavabdeh tərəfindən 23 sentyabr 2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş, lakin həmin məktubda əmək müqaviləsinə xitam verilmə müddəti göstərilməmişdir. İddiaçı nəzərə almamışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsində əmək müqaviləsinə xitam verilmə müddətinin göstərilməsi kimi bir anlayış yoxdur. İddiaçı işdən azad edilməsi ilə bağlı Kollecdə fəaliyyət göstərən Həmkarlar təşkilatının razılığının alınmadığını və bununla da Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinin pozulduğunu göstərmişdir. Lakin cavabdeh tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində X16 İttifaqı Komitəsinə Humanitar Kollecin fəaliyyətinin optimallaşdırılması məqsədi ilə işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi məsələsinə baxılması və münasibət bildirilməsi məqsədilə 30 iyul 2021-ci il tarixli 58A/02-12 saylı məktub göndərilmişdir. Həmin məktuba Həmkarlar İttifaqı Komitəsi 10 sentyabr 2021-ci il tarixli 05 saylı məktubla cavab verərək öz münasibətini bildirmişdir. İddiaçının cavabdeh tərəfindən Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinin pozulması ilə bağlı arqumenti ilə bağlı qeyd edilməlidir ki, xəbərdarlıq məktubu 23 sentyabr 2021-ci il tarixdə göndərilmiş, 24 sentyabr 2021-ci il tarixdə isə kollecin ixtisarın həyata keçirilməsinə nəzarət komissiyasının üzvləri (tədris işləri üzrə direktor müavini X17 inzibati - təsərrüfat işləri üzrə direktor müavini X18, baş mühasib X11, hüquqşünas X24 və İnsan Resursları və İnformasiya Şöbəsinin müdiri X30) tərəfindən kollecin akt zalında dərs yükü olmayan ştatları ixtisara düşən müəllimlərlə iclas keçirilmişdir. Müəllimlərə ixtisarla bağlı xəbərdarlıq edilmiş və xəbərdarlıq bildirişləri rəsmi qaydada təqdim edilmişdir. Müəllimlər xəbərdarlıqla tanış olsalar da xəbərdarlıq məktublarını qəbul etməkdən imtina etmiş və iclasın pozulmasına səbəb olan hərəkətlərə yol verərək iclası tərk etmişlər. Eyni zamanda ərizədə iddiaçının xəbərdarlıq müddətində iş axtarmaq üçün vaxt verilməməsinin qeyd edilməsi absurddur. Çünki, iddiaçıya dərs yükü ayrılmamışdır. Halbuki, Əmək Məcəlləsinin 77-ci maddəsinin İİİ hissəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. İddiaçının bu hüququ qeyd olunan müddəa üzrə tam şəkildə həyata keçirilmişdir. Bundan başqa, iddiaçının himayəsində 3 azyaşlı uşağının olması və uşaqlardan birinin xəstə kimi qeydiyyatda olması eləcə də ərinin ehtiyatda olan hərbi qulluqçu olması Əmək Məcəlləsinin 79-cu maddəsinin müddəaları altına düşmür. Həmçinin, iddiaçıya Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi tərəfindən öz ixtisasına uyğun müəllim vəzifəsi təklif edilmiş lakin iddiaçı imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli, 250 saylı qərarına əsasən Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Qeyd olunan qərarın icrası barədə Azərbaycan Respublikası Təhsil Naziri 04 avqust 2020-ci il tarixli, 355 saylı əmr imzalanmışdır. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanladığı 05 iyul 2021-ci il tarixli 38/1-12 saylı məktubla kollec üzrə tədrisin təşkilində daha da keyfiyyətli və effektiv nailiyyətlər əldə etmək, eyni zamanda idarəçilik baxımından optimal idarəetmə sisteminin yaradılması üçün həm kadr, həm də idarəetmə sahəsində ciddi və uğurlu nəticələrə hesablanmış islahatlar həyata keçirilməsi məqsədi ilə yeni ştat cədvəli təqdim edilərək təklif olunan ştat cədvəlinə münasibət göstərilməsi vurğulanmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17 iyul 2021-ci il tarixli, 04-26-718/15 saylı məktubuna əsasən həmin ştat cədvəlinin təsdiq edilməsinə etiraz edilməmişdir. Cavabdehin 20 iyul 2021-ci il tarixli 141 saylı əmri ilə 2021-2022-ci il tədris ili üçün yeni ştat cədvəli təsdiq edilmişdir. Göstərilən struktur dəyişikliyi ilə əlaqədar normadan artıq və eyni zamanda müasir tələblərə cavab verməyən ştat vahidlərini tənzimləmək məqsədilə işçilərin sayı və ya ştatların ixtisar edilməsi aşkar edilən bir çox sayda nöqsan və pozuntuların aradan qaldırılması istiqamətində işlərin yerinə yetirilməsinə başlanmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 fevral 2021-ci il tarixli 65 saylı əmrinə əsasən, Audit şöbəsinin şöbə müdiri müavini (audit sektorunun sektor müdiri) X4, həmçinin şöbənin böyük məsləhətçisi X2 tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində Humanitar Kollecdə (Bakı Humanitar Kolleci) 01 yanvar 2019-cu il tarixindən 01 yanvar 2021-ci il tarixədək olan dövr üzrə maliyyə-fəaliyyəti araşdırılmış və 16 mart 2021-ci il tarixli arayış tərtib edilmişdir. Sözügedən arayışda qeyd edildiyi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 oktyabr 2010-cu il tarixli 215 nömrəli qərarına əsasən orta ixtisas təhsil müəssisələrində müəllim və konsertmeysterlərin bir stavka üzrə illik dərs yükü 500 saatdan az olmamaqla (nəzəri, laborator və praktiki məşğələlərə, musiqi, mədəniyyət, incəsənət təmayüllü ixtisaslarda fərdi dərslərə ayrılan vaxtın həcmi illik dərs yükünün 80%-dən az olmamaqla) müəyyən olmuşdur. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 2019-2020-ci tədris ilində dərs yükünün hesablanması barədə əmrdə dərs yükü 250-500 saat aralığında olan müəllimlərin sayı 147 nəfər, 500-dən 600 saata qədər dərs yükü olan müəllimlərin sayı 118 nəfər və 600-800 saat dərs yükü olan müəllimlərin sayı 21 nəfər olmuşdur. Kollecdə fəaliyyət göstərən 268 müəllimdən 147-sinin dərs yükünün 250-500 olmasının əsas səbəbi yuxarıda göstərilən qərarın tələblərinə zidd olaraq 2019-cu ilin sentyabr ayı ərzində kollecin rəhbərliyi tərəfindən öz vəzifə səlahiyyətlərini aşaraq 47 müəllimin daimi işə qəbul edilməsi (o cümlədən 10 müəllim işdən çıxanların yerinə) olmuşdur. Eyni zamanda normativ sənədlərin tələbləri pozularaq 19 nəfər orta ixtisas təhsilli müəllimin kollecdə dərs deməsi nöqsan kimi qeyd edilmişdir. Bununla da yuxarı orqan tərəfindən bir tədris ili üçün müddətli əmək müqaviləsi bağlanılmasına razılıq verilmiş işçilərlə (47 nəfər işçi) əmək müqavilələri müddətsiz bağlanıldığından həmin işçilərin əmək müqavilələrinə müddətin bitməsi əsası ilə (AR ƏM-nin 68.2.b və ya 73.1 maddəsi ilə) xitam verilmişdir. Kollecdə aparılmış araşdırma nəticəsində 16 mart 2021-ci il tarixdə tərtib edilmiş arayışda əks etdirilən nöqsanların aradan qaldırılması, eləcə də təsdiq edilmiş yeni ştat cədvəlinə əsasən ləğv edilmiş və ya ixtisar edilmiş vəzifə və peşələri tutan işçilərin ixtisarı zərurəti yaranmışdır. İxtisar edilən işçilərin, yeni ştat cədvəli üzrə peşə və ixtisaslarına uyğun olan vəzifə və peşələr təklif edilməsi nəzərdə tutulmuşdur və işçilərin razılığı olduğu halda həmin vəzifə və peşələrə işə qəbul təmin edilmişdir. Belə ki, qeyd edilənləri nəzərə alaraq işçilərin sayının və ştatların ixtisar edilməsi barədə 177 nömrəli 14 sentyabr 2021-ci il tarixli əmrə əsasən əmrdən irəli gələn ixtisar olunacaq işçilərə Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş qaydada (ƏM-in 78 və 79-cu maddələrinin tələbləri nəzərə alınmaqla) xəbərdarlıq edilməklə, ixtisar edilən (vəzifə) ştatı tutan işçilərə ixtisasına və peşəsinə uyğun olan yeni yaradılmış vəzifə (vəzifə) ştat təklif edilməklə istixara düşən müəllimlərin ixtisasları, əmək fəaliyyəti nəzərə alınmaqla yerləşdirilmişdir. Sözügedən arayışın iddiaçıya dair olan hissəsində göstərilmişdir ki, iddiaçı 19 sentyabr 2019-cu il tarixli 111 saylı əmrlə “Metodika” fənn birləşməsinə 500 saat dərs yükü ilə müəllim təyin olunmuşdur. Lakin dərs yükünün hesablanması barədə əmrdə (16 sentyabr 2019-cu il tarixli 28 saylı) iddiaçı müəllim kimi “Pedoqogika” fənn birləşməsinə 501 saat dərs yükü ilə göstərilmişdir. 2019cu ilin sentyabr ayında müddətsiz əmək müqaviləsi işə qəbul edilmiş 47 müəllimdən biri iddiaçı olmuşdur. Onunla bağlanmış əmək müqaviləsi müddətsiz olduğundan və qanunsuz şəkildə işə qəbul edildiyindən bu hal digər müəllimlərin dərs saatının azalmasına yəni balansın pozulmasına gətirib çıxarmışdır. Bununla da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 oktyabr 2010-cu il tarixli 215 nömrəli qərarının tələblərinə riayət edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Təhsil Nazirinin müvafiq əmri ilə orta ixtisas təhsil pilləsinin dövlət standartı subbakalavriat səviyyəsinin ixtisas üzrə təhsil proqramı 2021-ci ildə yenidən hazırlanmış və həmin proqrama əsasən dərs yükü azaldılmışdır. Qeyd olunan bu hal işçilərin azaldılması zərurətini artırmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı və digər şəxslər əmək hüquqlarının pozulması ilə bağlı müxtəlif orqanlara müraciətlər etmişlər və həmin müraciətlərə aidiyyəti olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X27 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı cavabdeh tərəfindən hər hansı qanunsuz hərəkətə yol verilmədiyi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi əsasları çoxdur və bu səbəbdən iddiaçının iddia tələbi təmin edilə bilməz. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Həmçinin, iddiaçı məhkəməyə “cavabdehin etiraz ərizəsi”nə etiraz ünvanlayaraq bildirmişdir ki, o, cavabdehin etiraz ərizəsi ilə razılaşmır. Belə ki, onun işdən azad edilməsi barədə Kollecdə fəaliyyət göstərən X1 razılığı olmamışdır. ƏM-nin 9-cu maddəsinin 1-ci hissəsinə və "Həmkarlar İttifaqı haqqında" Qanunun 11-ci və 20-ci maddələrinə görə işəgötürənin təşəbbüsü ilə işçilərin sayı və ştatı ixtisar edilərkən X6na yazılı məlumat verilməlidir. ƏM-nin 9-cu maddəsinin “k” bəndinə görə "İşçi üzvü olduğu həmkarlar təşkilatının yığıncağına dəvət edilməlidir”. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsinə əlavə edilən 10 sentyabr 2021-ci il tarixli, 05 saylı məktubdan görünür ki, işçilər o cümlədən iddiaçı həmkarlar təşkilatının yığıncağına dəvət edilməmişdir. Həmçinin ixtisar edilmənin səbəbləri müzakirə edilməmiş, işdə saxlanılan şəxslərin hansı meyarlara əsasən işdə saxlanmasına nə Kollec tərəfindən imzalanan əmrdə, nə də 05 saylı məktubda aydınlıq gətirilməmişdir. ƏM-nin 78.1-ci maddəsinə görə “İşçinin sayı və ştatı ixtisar edilərkən işçinin ixtisası və peşəkarlıq səviyyəsinin daha yüksək olmasına üstünlük verilməlidir”. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş əmrlərdə və həmçinin HİK-in Sədri N.M.İmanovaya ünvanlanmış 30 iyul 2021-ci il tarixli məktubda ixtisarın səbəbləri izah olunmur. Həmçinin HİK-nin 10 sentyabr 2021-ci il tarixli, 05 saylı məktubunda işçilərin ixtisar səbəbləri izah olunmamış, işçilərin, o cümlədən onun HİK-nin iclasına dəvət olunub-olunmamağı barədə xəbərdarlıq çağırışı olması göstərilməmişdir. Qeyd edilənlər bir daha təsdiq edir ki, işəgötürən tərəfindən ƏM-in 9-cu maddəsinin “k” bəndi, 77, 78.1, 80-ci maddəsinin İ və İİ bəndlərinin, həmçinin “Həmkarlar İttifaqları haqqında” Qanunun 11 və 20-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Əmək Məcəlləsinin 80.2-ci maddəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X6na əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. X6 bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Humanitar Kolleci HİK-in belə bir razılığı 40 gün sonra, 10 sentyabr 2021-ci il tarixdə verilmişdir. Bu da ƏM-in 80.2-ci maddəsinə ziddir. Yuxarıda qeyd edildiyi kimi Həmkarlar İttifaqının yığıncağına dəvət edilməmiş və hesab edir ki, həmin yığıncaq keçirilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı yuxarıda qeyd edilən məzmunlarda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, işdən azad edilərkən üç uşağının olması, uşaqlarından birinin xəstə olması, ərinin ehtiyatda olan hərbi qulluqçu olması nəzərə alınmamışdır. Təhsil Nazirliyinin nümayəndəsi Kamran müəllim onun öz ixtisasına uyğun başqa işlə təmin edilməsi ilə bağlı təklif etsə də, o bu təklifi qəbul etməmişdir. Çünki, o, Kollecdə çalışdığı vəzifəsində çalışmaq istəyir. 24 sentyabr 2021-ci il tarixdə kollecin akt zalında keçirilən iclasda iştirak etmişdir. Lakin, həmin iclasa çağırılan vaxt ona iclasın nə üçün keçirildiyi bildirilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi yuxarıda qeyd edilən məzmunlarda izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndələri iddiaya etiraz ərizəsini müdafiə müdafiə edərək, iddianın təmin edilməməsini xahiş etdilər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: 27 avqust 2019-cu il tarixdə İddiaçı tərəfindən Bakı Humanitar Kollecinə ünvanlanmış ərizənin təsdiq olunmuş surətindən görünür ki, o, sonuncudan müvafiq işlə təmin edilməsini xahiş etmişdir. Bakı Humanitar Kollecinin 16 sentyabr 2019-cu il tarixli əmrinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 16 sentyabr tarixindən “Metodika” fənn birləşməsinə 500 saat dərs yükü ilə müəllim təyin edilməsi, əmək haqqının 10-cu dərəcə ilə hesablanması əmr edilmişdir. Bakı Humanitar Kolleci ilə İddiaçı arasında bağlanmış 16 sentyabr 2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, sonuncu 16 sentyabr 2019-cu il tarixdən Bakı Humanitar Kollecində müəllim vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmışdır. Bakı Humanitar Kollecinin 16 sentyabr 2019-cu il tarixli əmrinin təsdiq olunmuş surətindən görünür ki, 2019/2020 tədris ili üçün kollecin müəllimi İddiaçı dərs yükü 501 saat kimi hesablanması əmr edilmişdir. 04 fevral 2019-cu il tarixli, ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 18 sentyabr 2019-cu il tarixli, 111 saylı əmrlə Bakı Humanitar Kollecinə müəllim vəzifəsinə təyin edilmiş, 01 noyabr 2021-ci il tarixli, 302 saylı əmrlə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirinin 26 fevral 2021-ci il tarixli əmrinin təsdiq olunmuş surətindən görünür ki, Bakı Humanitar Kollecində maliyyə təsərrüfat fəaliyyətinin araşdırılması məqsədilə xidməti yoxlamanın aparılması üçün komissiyanın təşkil edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat Rəhbəri tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecinin direktoruna ünvanlanmış “tədbirlərin görülməsi barədə” məktubun təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirinin 26 fevral 2021-ci il tarixli F-65 nömrəli əmrinə əsasən Təhsil Nazirliyinin əməkdaşları tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində Humanitar Kollecin 2019-2020-ci illər üzrə maliyyətəsərrüfat fəaliyyəti araşdırılmış, nəticəsi müvafiq arayışla rəsmiləşdirilmişdir. Araşdırma zamanı kollecdə kadrların işə qəbulu və yerdəyişməsi, dərs-məşğələ jurnallarının tərtibi, imtahan nəticələrinin rəsmiləşdirilməsi, kredit sistemi ilə tədrisin təşkili, dərs bölgülərinin aparılması, təcrübənin inkişafı, əsas vəsaitlərin uçotu və qorunub saxlanılması, ştatların komplektləşdirilməsi istiqamətlərində bir çox sayda nöqsan və pozuntular aşkar edilmişdir. Göstərilənləri nəzərə alaraq, nöqsanlara yol vermiş və səbəbkar olmuş şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi, əsassız ödənilmiş əməkhaqlarının günahkar vəzifəli şəxslərdən tutularaq dövlət büdcəsinə bərpa edilməsi, tədrisin qanunvericiliyin tələblərinə uyğun təşkili, ştatların düzgün komplektləşdirilməsi və kollecin səlahiyyətləri daxilində digər nöqsanların aradan qaldırılması və bu kimi pozuntuların gələcəkdə təkrarlanmaması üçün zəruri addımların atılması, görülmüş tədbirlərin nəticələri barədə 1 ay ərzində Təhsil Nazirliyinə məlumat verilməsi sonuncuya tapşırılmışdır. Həmçinin nəzərə çatdırılmışdır ki, əsassız ödənilmiş əməkhaqları qeyd edilən müddətdə günahkar vəzifəli şəxslərdən tutularaq dövlət büdcəsinə bərpa edilmədiyi halda araşdırma materialları hüquq mühafizə orqanlarına təqdim ediləcəkdir. Azərbaycan Respublikası Təhsil Nazirinin 04 avqust 2020-ci il tarixli əmrinin təsdiq olunmuş surətindən görünür ki, Bakı İdarəetmə və Texnologiya Kollecinin, Bakı Qida Sənayesi Kollecinin, Bakı Dövlət Sosial – İqtisadi Kollecinin, Bakı Humanitar Kollecinin, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin, Sumqayıt Musiqi Kollecinin, X36 Kollecinin, X20 Kollecinin, X40 Kollecinin yenidən təşkili və Azarbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli 250 nömrəli Qərarının icra və rəhbərlik üçün qəbul edilməsi əmr edilmişdir. Həmin əmrin 5-ci bəndində Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilməsi əmr edilmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanlanmış 05 iyul 2021-ci il tarixli məktubun təsdiq olunmuş surətindən görünür ki, kollec üzrə tədrisin təşkilində daha da keyfiyyətli və effektiv nəaliyyətlər əldə etmək, eyni zamanda idarəçilik baxımından optimal idarəetmə sisteminin yaradılması üçün həm kadr, həm də idarəetmə sahəsində ciddi uğurlu nəticələrə hesablanmış islahatlar həyata keçirilməsi məqsədi ilə sonuncuya yeni ştat cədvəli təqdim edilmişdir. Sonuncudan təklif olunan ştat cədvəlinə münasibət göstərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecə ünvanladığı 17 iyul 2021-ci il tarixli ştat cədvəli barədə məktubun təsdiq edilmiş surətindən görünür ki, Təhsil Nazirliyi vəsatəti nəzərə alaraq, kollecin ştat cədvəlinin təsdiq olunmasına etiraz etmir. Eyni zamanda ştat cədvəli üzrə ixtisara düşən ştat vahidlərində çalışan işçilərə qanunvericiliyin tələblərinə uyğun qaydada xəbərdarlıq olunması, eləcə də mövcud imkanlar daxilində başqa işlə təmin olunmaları məsələsinə baxılması tövsiyyə olunmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kolleci tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə ünvanlanmış 23 iyul 2021-ci il tarixli məktubun təsdiq olunmuş surətindən görünür ki, kollec üzrə tədrisin təşkilində daha da keyfiyyətli və effektiv nəaliyyətlər əldə etmək, eyni zamanda idarəçilik baxımından optimal idarəetmə sisteminin yaradılması üçün həm kadr, həm də idarəetmə sahəsində ciddi uğurlu nəticələrə hesablanmış islahatlar həyata keçirilməsi məqsədi ilə sonuncuya yeni ştat cədvəli Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17 iyul 2021-ci il tarixli 04-26-718/15 nömrəli məktubuna əsasən ştat cədvəli təsdiq edilmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecə ünvanladığı 23 iyul 2021-ci il tarixli məktubun təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində Humanitar Kollecinin nizamnaməsinin 4.14.5-ci bəndinə müvafiq olaraq kollec rəhbəri kimi müəyyən edilmiş ştat cədvəli razılaşdırılmaq üçün universitetə göndərilmişdir. ADMİU-nun 07 iyul 2021-ci ildə keçirilən Elmi Şurasının iclasında ştat cədvəli şura üzvlərinə tanışlıq üçün təqdim edilmişdir. Elmi Şuradakı məlumatlar nəzərə alınaraq təklif səsə qoyularaq qəbul olunmuşdur. Təhsil Nazirliyinin 17 iyul tarixli 0426-718/15 saylı məktubuna əsasən ştat cədvəlinin təsdiqi ilə bağlı göndərilmiş vəsatət təmin edilmişdir. Təhsil Nazirliyinin ştat cədvəlinin təsdiqi ilə bağlı məktubu və ADMİU-nun razılığı Bakı Humatar Kollecin fəaliyyəti üçün əsas kimi qəbul edilməlidir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli, 141 saylı əmrin təsdiq olunmuş surətindən görünür ki, ADMİU-nun nəzdində Humanitar Kollecdə səmərəli idarəetmənin təşkili, strukturun optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə 2021-2022-ci tədris ili üçün ştat cədvəlinin təsdiq edilməsi əmr edilmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində X7 İttifaqı Komitəsinə ünvanlanmış məktubun təsdiq olunmuş surətindən görünür ki, Bakı İdarəetmə və Texnologiya Kollecinin, Bakı Qida Sənayesi Kollecinin, Bakı Dövlət Sosial – İqtisadi Kollecinin, Bakı Humanitar Kollecinin, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin, Sumqayıt Musiqi Kollecinin, X36 Kollecinin, X20 Kollecinin, X40 Kollecinin yenidən təşkili və Azarbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli 250 nömrəli Qərarına əsasən Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Bununla bağlı olaraq Humanitar Kollecin fəaliyyətinin optimallaşdırılması məqsədilə işçilərin sayının və ya ştatların ixtisar edilməsi zərurəti yaranmışdır. Ona görə də məktuba əlavə edilmiş işçilərin sayının və ya ştatların ixtisar edilməsi məsələsinə baxılması və münasibət bildirilməsi xahiş edilmişdir. Həmin məktuba əlavə edilmiş ixtisar edilməsi nəzərdə tutulmuş ştat üzrə işçilərin siyahısının 45-ci bəndində xarici dil fənn birləşməsi müəllimi İddiaçı qeyd edilmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X7 İttifaqı Komitəsinin 10 sentyabr 2021-ci il tarixində keçirilmiş iclasının 29 saylı protokolundan çıxarışdan görünür ki, gündəlik məsələ: - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində Humanitar Kollecin işçilərinin sayının və ya ştatların ixtisar edilməsi məsələsinə baxılması və münasibət bildirilməsi haqqındadır. Eşidildi: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 iyul 2021-ci il tarixli, 25 nömrəli Qərarına əsasən Bakı Humanitar Kollecin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilməsi və bununla bağlı olaraq Humanitar Kollecin fəaliyyətinin optimallaşdırılması məqsədilə işçilərin sayının və ya ştatların ixtisar edilməsinin zərurəti yaranması barədə kollecin rəhbərliyi tərəfindən Həmkarlar İttifaqı Komitəsinə göndərilmiş məktubun müzakirəsi. Qərar: X12 Komitəsinə daxil olmuş 30 iyul 2021-ci il tarixli 58A02-12 nömrəli məktubu müzakirə edildi, ixtisarla bağlı adları siyahıda qeyd olunan işçilərin sənədləri və fəaliyyətləri araşdırıldı. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci və 79-cu maddələrinin və Azərbaycan Təhsil işçiləri X31 ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində Humanitar Kollecin X31 Komitəsi arasında bağlanmış kollektiv müqaviləni rəhbər tutaraq bu məktuba əlavə edilən cədvəldə qeyd olunan işçilərin ixtisar edilməsinə razılıq bildirilməmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X7 İttifaqı Komitəsinin 10 sentyabr 2021-ci il tarixli məktubunun təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində Humanitar Kollecində ixtisar edilməsi nəzərdə tutulmuş ştat üzrə işçilərin siyahısının 35-ci bəndində İddiaçı adı qeyd edilmiş və Həmkarlar İttifaqı İddiaçı (xarici dil fənn birləşməsi müəllimi) ixtisarına etiraz etməmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kolleci tərəfindən verilmiş 14 sentyabr 2021-ci il tarixli, 177 nömrəli əmrin təsdiq olunmuş surətindən görünür ki, bu əmrə əlavə edilən siyahıda göstərilən işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi, bu əmrdən irəli gələn, ixtisar olunacaq işçilərə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş qaydada (ƏM-in 79cu maddəsinin tələbləri nəzərə alınmaqla) xəbərdarlığın edilməsi, ixtisar edilən (vəzifə) ştatı tutan işçilərə ixtisasına və peşəsinə uyğun olan yeni yaradılmış (vəzifə) ştatın təklif edilməsi, əmrin icrasına nəzarətin tədris işləri üzrə direktor müavini Kamran Mənsimova tapşırılması əmr edilmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec tərəfindən verilmiş 23 sentyabr 2021-ci il tarixli xəbərdarlıq-bildirişdən görünür ki, Kollecin Xarici dil fənn birləşməsinin müəllimi İddiaçı kollecin 14 sentyabr 2021-ci il tarixli 177 nömrəli əmri ilə əlaqədar onun çalışdığı vəzifə ştatı ixtisara düşür. Azərbaycan Respublikasının Əmək qanunvericiliyinin tələblərinə riayət edilməklə onunla ADMİU-nun nəzdində Humanitar Kollec arasında bağlanmış əmək müqaviləsi ləğv ediləcəkdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin tədris işləri üzrə direktor müavini X22, inzibati təsərrüfat işləri üzrə direktor müavini X23, baş mühasib X14, hüquqşünas X5 və İnsan resursları və informasiya şöbəsinin müdiri X34 tərəfindən tərtib edilmiş aktın təsdiq olunmuş surətindən görünür ki, 24 sentyabr 2021-ci il tarixdə kollecin akt zalında dərs yükü olmayan ştatları ixtisara düşən müəllimlərlə iclas keçirilmişdir. Müəllimlərə ştatların ixtisar edilməsi barədə xəbərdarlıq edilmiş, xəbərdarlıq bildirişləri təqdim edilmişdir. Müəllimlər xəbərdarlıqla tanış olsalar da xəbərdarlıq bildirişlərini qəbul etməkdən imtina etmiş və iclasın pozulmasına səbəb olan hərəkətlərə yol vermiş və iclası tərk etmişlər. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində Humanitar Kollecinin 01 noyabr 2021-ci il tarixli, 302 nömrəli əmrinin təsdiq olunmuş surətindən görünür ki, kollecin xarici dil fənn birləşməsinin müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildiyi üçün 01 noyabr 2021-ci il tarixdən xitam verilməsi, onunla son haqq-hesabın mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aparılması əmr edilmişdir. (Əsas: İşçiləri sayı və ştatların ixtisar edilməsi barədə 14 sentyabr 2021-ci il tarixli 177 nömrəli əmri və Həmkarlar İttifaqı Komitəsinin 05 nömrəli 10 sentyabr 2021-ci il tarixli məktubu №29 protokoldan çıxarış). Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, Bakı Humanitar Kolleci ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi 02 noyabr 2021-ci il tarixli, xxxxxxx0002X0 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X27 Xidmətinin 21 dekabr 2021-ci il tarixli məktubunun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı müraciətinə X27 Xidmətinin Bakı şəhər İdarəsində baxılmış və bildirilmişdir ki, araşdırma zamanı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində Humanitar Kollecin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdə əmək stajına uyğun olaraq xəbərdarlıq edilməklə və Həmkarlar İttifaqının qabaqcadan razılığı alınmaqla 01 noyabr 2021-ci il tarixdə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verildiyi və son haqq hesabının əmək haqqı kartına köçürüldüyü müəyyən edilmişdir. Razılaşmadığı təqdirdə müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. AZ-İ seriyalı 295406 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X29 ilə X10 arasında nikah 11 aprel 2007-ci il tarixdə bağlanmış, arvada Məsimova soyadı verilmişdir. AZE seriyalı 12933777 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 10 sentyabr 2007-ci il təvəllüdlü Məsimova Nurayın atası Məsimov Natiq, anası İddiaçıdir. AZE seriyalı 12933774 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 31 mart 2010-cu il təvəllüdlü Məsimova Nigarın atası Məsimov Natiq, anası İddiaçıdir. AZE seriyalı 12933777 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 21 may 2012-ci il təvəllüdlü Məsimov Muradın atası Məsimov Natiq, anası İddiaçıdir. 1 nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 06 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı uşağı X15 ikitərəfli orta dərəcəli sensonevrol tip eşitmə azlığı, inkişafın ləngiməsi, nitqin qüsurlu olması diaqnozu qoyulmuşdur. Məhkəmə hazırki mübahisə ilə bağlı əmək qanunvericiliyinin aşağıda göstərilən maddi hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin İ və İİ hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 71.1-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 77.1, 77.2 və 77.3-cü maddələrinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X1 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, tərəflər arasında əmək münasibətləri 16 sentyabr 2019-cu il tarixdə yaranmış, iddiaçı Bakı Humanitar Kollecə müəllim vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirinin 04 avqust 2020-ci il tarixli əmri ilə Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilməsi əmr edilmişdir. Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrildikdən sonra, kollecin rəhbəri tərəfindən kollec üzrə tədrisin təşkilində daha da keyfiyyətli və effektiv nəaliyyətlər əldə etmək, eyni zamanda idarəçilik baxımından optimal idarəetmə sisteminin yaradılması üçün həm kadr, həm də idarəetmə sahəsində ciddi uğurlu nəticələrə hesablanmış islahatlar həyata keçirilməsi məqsədi ilə Təhsil Nazirliyinə yeni ştat cədvəli təqdim edilmiş, sonuncu tərəfindən ştat cədvəlinin təsdiq edilməsinə etiraz edilməmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli əmr ilə ADMİU-nun nəzdində Humanitar Kollecdə səmərəli idarəetmənin təşkili, strukturun optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə 2021- 2022-ci tədris ili üçün ştat cədvəlinin təsdiq edilməsi əmr edilmişdir. Bununla bağlı olaraq Humanitar Kollecin işçilərin sayının və ştatların ixtisar edilməsi zərurəti yaranmışdır. Ona görə də Həmkarlar İttifaqı Komitəsindən işçilərin sayının və ştatların ixtisar edilməsi məsələsinə baxılması və münasibət bildirilməsi xahiş edilmişdir. Həmin ixtisar edilməsi nəzərdə tutulmuş ştat üzrə işçilərin siyahısında xarici dil fənn birləşməsi müəllimi İddiaçı qeyd edilmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində X7 İttifaqı Komitəsi İddiaçı (xarici dil fənn birləşməsi müəllimi) ixtisarına etiraz etməmişdir. Bundan sonra Kollec tərəfindən iddiaçıya 23 sentyabr 2021-ci il tarixli xəbərdarlıq-bildirişlə onun çalışdığı vəzifə ştatının ixtisara düşdüyü bildirilmiş və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecinin 01 noyabr 2021-ci il tarixli, 302 nömrəli əmri ilə kollecin xarici dil fənn birləşməsinin müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildiyi üçün 01 noyabr 2021-ci il tarixdən xitam verilməsi, onunla son haqq-hesabın mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aparılması əmr edilmişdir. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçı, onun işdən azad edilərkən əmək qanunvericiliyinin tələblərinin cavabdeh tərəfindən kobud şəkildə pozulmasını bildirsə də, lakin işin hallarından görünür ki, iddiaçı işdən azad olunarkən Əmək Məcəlləsinin tələblərinə riayət edilmiş, öncədən X1 razılığı alınmış, iddiaçıya bu barədə 4 təqvim həftəsi əvvəl xəbərdarlıq edilmiş və daha sonra onunla əmək münasibətlərinə xitam verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, 01 noyabr 2021-ci il tarixli əmrin ləğv edilməsi üçün hər hansı əsas olmadığından iddia bu hissədə rədd edilməlidir. Həmçinin, iddiaçının əmrin ləğv edilməsi barədə tələbi təmin edilmədiyindən, məcburi işburaxmaya görə orta əmək haqqının ödənilməsi tələbi də təmin edilə bilməz. Məhkəmə iddiaçının digər dəlilləri ilə bağlı isə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı işdə saxlanmağa üstünlük verilən şəxslərin siyahısına aid olsa idi belə, bu qayda işçilərin sayının azaldılması hallarına aiddir. İddiaçının vəzifəsinin ləğv edilməsi ilə bağlı hala gəldikdə, nəzərə alınmalıdır ki, ştat mövcud deyilsə, həmin vəzifədə işləmək də mümkün deyil. Bununla yanaşı, tərəflərin izahatından da aydın olur ki, iddiaçıya Təhsil Nazirliyinin nümayəndəsi tərəfindən öz ixtisasına uyğun olaraq başqa işə qəbul edilməsi təklif edilmiş, lakin o, təklifi qəbul etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. “Dövlət rüsumu haqqında” Azərbayacn Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin X3rşı “işə bərpa və məcburi işəburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin X3rşı “işə bərpa və məcburi işəburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-802/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-802/2022
26.01.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver