Məhkəmə qərarları › İş №2(001)-8043/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-8043/2025

13.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-8043/2025 13.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi ilə, Ərizəçi mərhum anasının adının dəyişdirilməsinə dair ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi mərhum anasının adının dəyişdirilməsinə dair ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Daxil olmuş ərizəni və ona əlavə olunmuş sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, ərizənin tərtibi zamanı mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məzmununa riayət edilməmiş, belə ki, ərizəyə hazırki halda mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmənin tətbiq etdiyi hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına əsasən

6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər.

Məhkəmənin mövqeyi İlk öncə ərizənin məzmunundan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, ərizəçinin faktiki tələbi mərhum anasının adının dəyişdirilməsidən ibarətdir. Yuxarıda sadalanan qanunvericilik və ali instansiya məhkəməsinin müəyyən etdiyi normalar əsasən şəxs hər hansı sənəddə düzəlişlərin edilməsi ilə bağlı, həmin orqana və ya hüquq müəyyənedici sənədin şəxsə məxsus olması ilə əlaqədar məhkəməyə xüsusi icraat qaydasında müraciət etməlidir. Belə olan təqdirdə isə ərizəçinin hazırki məzmunlu ərizəsinin icraata qəbul edilməsindən isə imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb, məhkəmə qərara aldı:

Ərizəçi mərhum anasının adının dəyişdirilməsinə dair ərizəsinin və ona əlavə edilmiş sənədlərin icraata götürülməsindən imtina edilsin. Ərizə verilərkən ödənilmiş 99,60 manat məbləğində dövlət rüsumu (qəbz: № **********, tarix: xx.xx.2025-ci il) iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində (elektron kabinet vasitəsilə) Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar