Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-81/2023 20.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən cavabdehin çıxarılması, kanalizasiya və su xəttinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin iddiaçıya təhvil verilməsi, habelə maddi zərərin əvəzi kimi 30000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 15 oktyabr 2012-ci il tarixli, 434 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi məqsədi ilə istifadəsinə verilmiş torpaq sahəsinin 10 kv.metr hissəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin həmin hissəsində cavabdeh tərəfindən quraşdırılmış kanalizasiya və su xəttinin cavabdehin öz vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin ona təhvil verilməsi vəzifələrinin cavabdehə həvalə edilməsi, habelə ona məxsus fərdi yaşayış evinə cavabdehə məxsus kanalizasiya xəttindən çirkli suyun sızması nəticəsində dəymiş 30000 manat məbləğində maddi ziyanın cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vətəndaş X10 ayrılmış 150 kv.metr torpaq sahəsi X4 15 oktyabr 2012-ci il tarixli, 434 saylı qərarı ilə iddiaçının adına rəsmiləşdirilmişdir. Torpaq sahəsi bələdiyyənin nümayəndəsinin iştirakı ilə iddiaçıya təhvil verilmişdir. Torpaq sahəsinin hər tərəfi hasarlansa da, evin arxasında iddiaçıya ayrılmış 10 kv.metr torpaq sahəsi boş ərazi idi. Maddi imkanı olmadığından iddiaçı həmin sahədə əlavə iş görə bilməmişdir. Hazırda həmin 10 kv.metr ərazi qonşu – cavabdeh tərəfindən kanalizasiya xətti yerləşdirilməklə zəbt edilmişdir. Cavabdeh iddiaçını həmin sahəyə buraxmır. Sözügedən kanalizasiya xəttindən mütəmadi baş verən çirkli su sızıntıları nəticəsində iddiaçının evinə maddi ziyan dəymiş, divarlarda geniş çatlar, döşəməsində çürümə, çökmələr baş vermişdir. Ziyanın aradan qaldırılması üçün evin əsaslı təmirinə ehtiyac yaranmışdır ki, buna ən azı 30000 manat tələb olunur. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini, bildirərək izahatında göstərmişdir ki, o, ekspert rəyi ilə razı deyildir. Belə ki, ekspertlərin əraziyə baxışı zamanı həmin kanalizasiya borusunda problem olmamışdır. Lakin, dövri olaraq boruda problem yaranır, sızma baş verir. Onun evinə vurulmuş zərər məhz cavabdehin çəkdirdiyi həmin kanalizasiya borusundan su sızması nəticəsinə baş vermişdir. Sonda İddiaçı məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil1 iddianı müdafiə etdiklərini bildirib, təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İştirak etdiyi əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirərək, izahatında göstərmişdir ki, o, 2019-cu ildən mütəmadi olaraq sözügedən kanalizasiya xəttini təmir etdirir. Hazırda da kanalizasiya xətti ilə bağlı hər hansı problem yoxdur. İddiaçının evinə həmin xəttin işlək olmaması nəticəsində hər hansı ziyan dəyməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil2 iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərdi ki, iddia tələbi üç – cavabdehin 10 kv.metr torpaq sahəsindən çıxarılması; həmin sahədə quraşdırılmış kanalizasiya və su xətlərinin sökülməsi; su sızması nəticəsində dəymiş zərərin ödənilməsi – hissələrindən ibarətdir. İlk hissəyə münasibətdə qeyd olunur ki, iddiaçının cavabdehi torpaq sahəsindən çıxarmaqla bağlı iddia üzrə subyektiv hüququ yoxdur. Belə ki, iddiaçının özünün istifadəsində olan torpaq sahəsi, fərdi yaşayış evi dövlət qeydiyyatına alınmamış, torpaq sahəsinə dair cizgidə miqyas, koordinat, hər hansı istinad nöqtələrindən məsafə göstərilməmişdir. Cavabdehin istifadəsində olan torpaq sahəsi vaxtilə onun qayınanasına ayrılmış sahə olmuşdur. Sözügedən su və kanalizasiya xətlərinin çəkildiyi yerin iddiaçının mülkiyyətində olması sübuta yetirilmədiyindən, xətlərin sökülməsi hissəsində də iddia əsaslı hesab edilə bilməz. Zərərlə bağlı isə ekspert rəyi mövcuddur, həmin rəydə iddiaçıya cavabdeh tərəfindən zərər vurulduğu müəyyən edilmir. Sonda Vəkil2 məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Tədqiq edilən sübutlar: - Bakı şəhəri Binəqədi rayonu X4 15 oktyabr 2012-ci il tarixli, 434 saylı qərarına əsasən, X4 ərazi hüdudlarında vətəndaş X9 və İddiaçı razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış, ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş cəmi 150 kv.metr torpaq sahəsini sahiblik və ondan istifadə hüquqları vətəndaş İddiaçı istifadəsinə verilmişdir. - Bakı şəhəri Binəqədi rayonu X4 28 dekabr 2007-ci il tarixli, 2455 saylı qərarına əsasən, X4 ərazi hüdudlarında Bakı şəhər sakinləri X2 və X3 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış, ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş cəmi 100 kv.metr torpaq sahəsini sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini X3 adına keçirilsin. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qərardadına əsasən, mülki iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspetlər qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. X4 15 oktyabr 2012-ci il tarixli, 434 nömrəli qərarı ilə İddiaçı ayrılmış 150 kv.metr torpaq sahəsinin hər hansı hissəsi Cavabdeh tərəfindən zəbt edilmişdirmi? Əgər edilmişdirsə, həmin sahə neçə kv.metr təşkil edir?
2. X4 15 oktyabr 2012-ci il tarixli, 434 nömrəli qərarı ilə İddiaçı ayrılmış 150 kv.metr torpaq sahəsində Cavabdeh tərəfindən kanalizasiya və su xəttləri çəkilmişdirmi?
3. X4 15 oktyabr 2012-ci il tarixli, 434 nömrəli qərarı ilə İddiaçı ayrılmış 150 kv.metr torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə Cavabdeh məxsus kanalizasiya və su xəttlərinin işlək olmaması səbəbindən hər hansı ziyan dəymişdirmi? Əgər dəymişdirsə, həmin ziyanın aradan qaldırılması üçün nə qədər vəsait tələb olunur? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 avqust 2022-ci il tarixli, 10/3151 nömrəli müvafiq rəyində göstərilmişdir ki:
1. X4 15 oktyabr 2012-ci il tarixli, 434 nömrəli qərarı ilə İddiaçı ayrılmış 150 kv.metr torpaq sahəsinə dair təqdim edilmiş cizgidə miqyas, koordinat, hər hansı istinad nöqtələrindən məsafənin göstərilməməsi səbəbindən sualın cavablandırılması mümkün olmamışdır.
2. İddiaçıya məxsus evin arxa tərəfindən Cavabdeh tərəfindən kanalizasiya və su xətləri çəkilmişdir.
3. X4 15 oktyabr 2012-ci il tarixli, 434 nömrəli qərarı ilə İddiaçı ayrılmış 150 kv.metr torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, fərdi yaşayış evinin taxtadan olan döşəməsində boşluqlar, tərpənmələr, divarlarda çatlar, divar kağızının qopması mövcuddur. Divarlarda və döşəmədə əmələ gəlmiş qüsurların hansı səbəbdən əmələ gəlməsi Azərbaycan Respublikası FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin müvafiq mütəxəssisləri tərəfindən evə baxış keçirildikdən sonra müəyyən edilə bilər. Evdə yaranmış qüsurların səbəbi və fərdi yaşayış evinin əsaslı təmirə ehtiyacı olub-olmaması müəyyənləşdirildikdən sonra, dəymiş ziyanın aradan qaldırılması barədə smeta tərtib oluna bilər. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(001)-499/2022 saylı qərardadına əsasən, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında “X4 15 oktyabr 2012-ci il tarixli, 434 nömrəli qərarı ilə İddiaçı ayrılmış 150 kv.metr torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə Cavabdeh məxsus kanalizasiya və su xəttlərinin işlək olmaması səbəbindən hər hansı ziyan dəymişdirmi? Əgər dəymişdirsə, həmin ziyanın aradan qaldırılması üçün nə qədər vəsait tələb olunur?” sualı qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 aprel 2023-cü il tarixli, 10/8468 nömrəli müvafiq rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi tərəfindən tərtib olunmuş 10 mart 2023-cü il tarixli, 3-18-2/2-1648/2023 nömrəli mütəxəssis rəyinə əsasən, texniki baxış zamanı qonşuya məxsus mövcud kanalizasiya xəttindən su axma-sızması müşahidə olunmadığı, hal-hazırda qonşuya məxsus olan kanalizasiya xəttinin işlək vəziyyətdə olduğu və iddiaçının evinə heç bir ziyanı olmadığı müəyyən olundu; Həmçinin, mütəxəssis rəyinə əsasən, qeyd olunur ki, fərdi yaşayış evində əmələ gələn nöqsanların evin tikintisi zamanı antiseysmik kəmərin inşa olunmaması səbəbindən baş verə bilər; Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən iddiaçının faktiki istifadəsində olan fərdi yaşayış evində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 1936 manat məbləğində olduğu müəyyən edildi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasinin Torpaq Məcəlləsi: Maddə: 5.1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Maddə: 47.1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Maddə: 56.1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki,qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1 və 1096.2-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. - 1111.2-ci maddəsinə əsasən, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır,amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. - 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Təqdim edilmiş iddia ərizəsində tələblər aşağıdakı üç hissədən ibarətdir: - X4 15 oktyabr 2012-ci il tarixli, 434 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi məqsədi ilə iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin 10 kv.metr hissəsindən cavabdehin çıxarılması; - torpaq sahəsinin həmin hissəsində cavabdeh tərəfindən quraşdırılmış kanalizasiya və su xəttinin cavabdehin öz vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi vəzifələrinin cavabdehə həvalə edilməsi; - iddiaçıya məxsus fərdi yaşayış evinə cavabdehə məxsus kanalizasiya xəttindən çirkli suyun sızması nəticəsində dəymiş 30000 manat məbləğində maddi ziyanın cavabdehdən onun xeyrinə tutulması. Tələbin “X4 15 oktyabr 2012-ci il tarixli, 434 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi məqsədi ilə iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin 10 kv.metr hissəsindən cavabdehin çıxarılması” hissəsinə dair məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan suiistifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. İşin müəyyən edilmiş halları ilə mübahisəli sahənin tərəflərin heç birinin mülkiyyətində olmamaqla yanaşı torpaq sahəsinin kadastr göstəriciləri, döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr, habelə torpaq sahəsinin qonşu sərhədlərini əks etdirən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş plan və ölçünün mövcud olmadığı müəyyən edilir. Bu fakt Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 avqust 2022-ci il tarixli, 10/3151 nömrəli rəyində də öz təsdiqini tapır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin həmin 10 kv.metr torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi hissəsində iddia əsassız olduğundan təmin edilə bilməz. İddia tələbinin “cavabdeh tərəfindən quraşdırılmış kanalizasiya və su xəttinin cavabdehin öz vəsaiti hesabına sökülməsi, iddiaçıya məxsus fərdi yaşayış evinə cavabdehə məxsus kanalizasiya xəttindən çirkli suyun sızması nəticəsində dəymiş 30000 manat məbləğində maddi ziyanın cavabdehdən tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin sahədə cavabdeh tərəfindən çəkilmiş su və kanalizasiya xətlərinin cavabdehin hesabına sökülməsi hissəsində iddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, həmin xətlərdə tez-tez baş verən nasazlıqlar nəticəsində onun evinə ciddi zərər dəymişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, sübutetmə yükü baxımından tələbin hüquqi və fatiki əsaslarını sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. Çünki, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizalar üzrə alınmış müvafiq rəylərdə həmin kanalizasiya və su xətlərində nasazlıq olmadığı, iddiaçının evinə dəymiş zərərin həmin borularla əlaqəsinin olmadığı göstərilmişdir. Həmçinin, mütəxəssis rəyinə əsasən, qeyd olunur ki, fərdi yaşayış evində əmələ gələn nöqsanların evin tikintisi zamanı antiseysmik kəmərin inşa olunmaması səbəbindən baş verə bilər. Göründüyü kimi hazırkı iş üzrə iddiaçının evində əmələ gələn nöqsanların cavabdehin hərəkətləri (hərəkətsizliyi) ilə səbəbli əlaqəsinin olması sübuta yetirilmir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi bütünlükdə əsassız olduğundan rədd edilməli, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza xərcləri kimi ümumilikdə 100 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən cavabdehin çıxarılması, kanalizasiya və su xəttinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin iddiaçıya təhvil verilməsi, habelə maddi zərərin əvəzi kimi 30000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbinə dair iddiası rədd edilsin. Ekspertiza xərci kimi 100 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Etibar Mustafayev