Məhkəmə qərarları › İş №2(001)-81/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-81/2024

08.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-81/2024 08.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti və Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə “zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz tikinti aparmaqla hasara aldığı ona məxsus torpaq sahəsinin ətrafında apardığı həmin tikintinin sökülməsi və cavabdehə bu tikintini gələcəkdə də aparmasının qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2006-cı ildən ona məxsus olan Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində yerləşən 600 kvadrat metr torpaq sahəsini orada yaşamamasından istifadə edərək daş hasar tikərək öz torpaq sahəsinə qatmışdır. O, bu barədə gəlib ona bildirəndə cavabdeh onu nalayiq söyüşlərlə söyüb oradan qovmuşdur. O da polisə müraciət etməli olmuşdur. Binəqədi RPİ-nin 40-cı Polis bölməsinin əməkdaşları tərəfindən faktla bağlı araşdırma aparılmış, 04 may 2022-ci ildə cinayət işinin başlanması rədd edilmiş və onlara mülki qaydada məhkəməyə iddia ərizəsi ilə müraciət etmək tövsiyə olunmuşdur. Mübahisəli torpaq sahəsini o, 2006-cı ildə ali etibarnamə əsasında yaxın qohumu İddiaçı almışdır. Uzun müddət həmin torpaq sahəsində imkansızlıq üzündən tikinti apara bilməmişdir. Onun torpaq sahəsinin yanında boş sahəni Cavabdeh özbaşına tutmuş, bununla kifayətlənməyib, ona məxsus torpaq sahəsini də özbaşına hasara almışdır. O, bunu görən kimi əvvəlcə Reyhana bu barədə məlumat vermişdir. Düşünmüşdür ki, birdən Reyhan ondan xəbərsiz torpaq sahəsini cavabdehə də satmış olar. Lakin Reyhan ondan başqa heç kimə bu torpağı vermədiyini bildirmişdir. Bundan sonra o, Könül adlı qadına bildirmişdir ki, torpaq sahəsinin yarısı onundur. Yəni o, 12 sot torpağı hasarlamışdır. Lakin Könül onun sözünə qulaq asmamışdır. O, cavabdehdən torpaq sahəsini hasarladığına görə sənəd tələb etmişdir. Cavabdeh ona heç nə təqdim etməmişdir. Sonra o, iki nəfər usta göndərmişdir ki, ona məxsus torpaq sahəsini ayırsınlar. Lakin Cavabdeh onlarla dava-dalaş etmiş, hadisə yerinə Binəqədi RPİ 40-cı Polis bölməsinin əməkdaşları gəlmişlər. Ooranın baş təhqiqatçısı, polis mayoru İlkin Əsgərov tərəfindən araşdırma aparılmış, tərəflərin izahatları alınaraq cinayət işinin başlanması rədd edilmiş və tərəflərin mülki qaydada məhkəmə qarşısında iddia qaldırmaq hüququ olması izah edilmişdir. Binəqədi rayonu Xocasən Bələdiyyəsinin 183/02 saylı xx.xx.2022-ci il tarixdə 40-cı Polis bölməsinə ünvanladığı məktubdan da görünür ki, Xocasən Bələdiyyəsinin elektron bazasında vətəndaş İddiaçı adına xx.xx.2006-cı il tarixli 09/19 saylı qərarla fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılması barədə məlumat aşkarlanmışdır. İddiaçı həmin torpaq sahəsini 02 may 2006-cı il tarixli 09/19 saylı Xocasən Bələdiyyəsinin qərarı əsasında almış və həmin vaxt bələdiyyəyə 480 manat pul köçürmüşdür. Bu pulu da ikisi birlikdə köçürmüşlər. Sonra da Reyhan həmin torpaq sahəsini ona notariat qaydasında satmışdır. Bütün bunlara baxmayaraq, Cavabdeh onun torpaq sahəsini qanunsuz zəbt edib hasara almışdır və onu sahəyə buraxmır. Odur ki, cavabdehin qanunsuz hasara aldığı ona məxsus torpaq sahəsini boşaltması məhkəmə qaydasında həyata keçirilməlidir. Daha sonra iddiaçının ərizəsinə əsasən X4 əsl İddiaçı ilə əvəz edilmişdir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil1 iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zaman Cavabdeh iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, sözüqedən torpaqla bağlı neçə ildir ki, mübahisə var. Lakin həmin torpaq sahəsi nə mənim nədə ki, iddiaçıya məxsusdur. Həmin torpaq sahəsi Binəqədi OYL şirkətinindir. Bununla bağlı məhkəmə qərarlarım var, qanuni qüvvəsini alıblar. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxslər Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə və Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı X4 tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. -Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsinin 09/19 nömrəli xx.xx.2006-cı il tarixli qərarının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Binəqədi rayon Xocasən Bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsinin alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. -Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Binəqədi rayonu Sulutəpə qəsəbəsində yaşayan Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 15.25-də 102 xidmətinə zəng vuraraq, evinin divarlarının naməlum şəxs tərəfindən sökülməsi barədə məlumat vermişdir. Müraciət əsasında araşdırma aparılmış və toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, tərəflər arasında torpaq sahəsinin hasarının uçurulması nəticəsində dəymiş maddi ziyanın ödənilməsi və mübahisəli torpaq sahəsi ilə bağlı iddia mülki xarakter daşıdığından onlara mülki qaydada məhkəmə qarşısında iddia qaldırmaq hüququ izah olunmuşdur. -AR-İİ seriyalı 418375 nömrəli xx.xx.2021-ci il tarixli etibarnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını (daşınar və daşınmaz) idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən, almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdlər bağlamağı və sair səlahiyyətləri həyata keçirməyi və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi X3 etibar etmişdir. Etibarnamə 5 il müddətinə verilmişdir və xx.xx.2026cı il tarixədək qüvvədədir. -İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, R.H.Heydərova Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 09/19 saylı qərarı ilə özünə məxsus olan 600 kv.m ölçüdə torpaq sahəsini könüllü olaraq rəfiqəsi X2 istifadəsinə vermişdir. Həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə Xocəsən Bələdiyyəsinin yuxarıda göstərilən qərarının X2 adına keçirilməsini və ya həmin torpağın onun mülkiyyətinə verilməsi barədə bələdiyyənin yeni qərarının verilməsi məsələsinə baxılıb müsbət həll edilməsini xahiş etmişdir. -Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 053017 nömrəli xx.xx.2006-cı il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, həmin tarixdə İddiaçı tərəfindən 480 manat torpaq haqqı ödənilmişdir. -Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər X11 Oktay qızına ünvanladığı xx/xx-7795 nömrəli xx.xx.2009-cu il tarixli məktubdan görünür ki, Binəqədi rayonu ərazisində yerləşən məhkəmə mübahisəsinə səbəb olmuş torpaq sahəsi Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin inzibati ərazisinə aid olmaqla, dövlətin müstəsna mülkiyyətindədir. Həmin sahə ARDNŞ-nin daimi istifadəsində olan sənaye təyinatlı torpaqlara aid olmaqla, neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulu-Təpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” sazişə əsasən “X15” Əməliyyat Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilindədir. -Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 8 saylı hüquq məsləhətxanasına ünvanladığı xx.xx.2009-cu il tarixli məktubdan görünür ki, sorğuda qeyd edilən torpaq sahəsi ARDNŞ-nin daimi istifadəsində olan sənaye təyinatlı torpaqlara aid olmaqla, neftqaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulu-Təpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” sazişə əsasən “X15” Əməliyyat Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilindədir. -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-819/2009 nömrəli xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən X6 cavabdehlər X9 və Osmanova Könül Oktay qızına qarşı verdiyi ünvan 4 ünvanda yerləşən özbaşına tikilmiş evdən çıxarılmalarına dair iddiasının təmin edilməməsi, müstəqil tələb irəli sürən Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin cavabdehlər X8, X9 və Osmanova Könül Oktay qızına qarşı verdiyi iddianın təmin edilməsi, ünvan 4 ünvanda yerləşən 2 mərtəbəli evdən ibarət özbaşına tikilinin sökülməsi, zəbt edilmiş torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi və boşaldılmış torpaq sahəsinin Xocəsən Bələdiyyəsinə qaytarılması qət edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3039/2009 nömrəli xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən cavabdeh Osmanova Könül Oktay qızının apellyasiya şikayətinin təmin olunmaması və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3027/2009 nömrəli xx.xx.2009cu il tarixli qərarına əsasən cavabdeh Osmanova Könül Oktay qızının kassasiya şikayətinin təmin olunmaması və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13(102)-15/2010 nömrəli xx.xx.2010-cu il tarixli qərardadına əsasən cavabdeh Osmanova Könül Oktay qızının qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizəsinin təmin edilməsi, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarının, onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009cu il tarixli qətnaməsinin, eləcə də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2009cu il tarixli qətnaməsinin yeni açılmış hallar əsasında ləğv edilməsi, işin prosessual qanunla müəyyən edilən qaydalara uyğun olaraq aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-789/2011 nömrəli xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X6 cavabdehlər X9 və Osmanova Könül Oktay qızına qarşı mənzildən çıxarma tələbinə dair ilkin iddiasının təmin olunmaması, müstəqil tələb irəli sürən Bakı şəhəri Binəqədi rayon Xocəsən X1, X9 və Osmanova Könül Oktay qızına qarşı zəbt olunmuş torpaq sahəsinin Xocəsən Bələdiyyəsinə qaytarılması, torpaq üzərində tikilmiş tikilinin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsinə dair iddiasının təmin olunmaması, müstəqil tələb irəli sürən üçüncü şəxs “X15” şirkətinin X8 qarşı 3 saylı mədənin ərazisində inşa edilmiş özbaşına tikilinin sökülməsi tələbinə dair iddiasının təmin olunması, cavabdeh X6 3 saylı mədənin neft çənlərinin ərazisində inşa etdiyi qanunsuz tikilinin cavabdeh X6 hesabına sökülməsi və ərazinin boşaldılaraq “X15” şirkətinin qanuni istifadəsinə qaytarılması qət edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4419/2013 nömrəli xx.xx.2013cü il tarixli qərarına əsasən müstəqil tələb irəli sürən üçüncü şəxs “X15” Şirkətinin kassasiya şikayətinin təmin edilməsi, hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinin iddianın təmin edilməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi, qətnamənin qalan hissələrinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. -Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1499/2014 nömrəli xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən Osmanova Könül Oktay qızının apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-789/2011 nömrəli xx.xx.2011ci il tarixli qətnaməsinin hazırkı apellyasiya baxışının hədləri çərçivəsində yoxlanılan, müstəqil tələb irəli sürən üçüncü şəxs “X15” şirkətinin iddiasının təmin edilməsi, həmçinin 3 manat pulun X5 tutularaq “X15” şirkətinə ödənilməsi hissələrində ləğv edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs “X15” şirkətinin X8 qarşı “X6 3 saylı mədənin ərazisində inşa etdiyi qanunsuz tikilinin onun hesabına sökülməsi və ərazinin boşaldılaraq qanuni istifadəsinə qaytarılması” tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir. -Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 03/243 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Xocəsən Bələdiyyəsi tərəfindən sorğuda adı qeyd olunan vətəndaş İddiaçı adına xx.xx.2006-cı il tarixli 09/19 saylı qərarla 600 kv.m torpaq sahəsi ayrılması barədə bələdiyyədə mövcud olan elektron bazada məlumat aşkarlanmışdır. Lakin sözügedən torpaq sahəsinin qərarına əlavə olunmuş cizginin Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş surəti olmadığından, torpaq sahəsinin yerinin və torpaq sahəsi üzərində hər hansı bir tikilinin olub-olmamasının müəyyən edilməsi mümkün olmamışdır. Təyinatından asılı olmayaraq, bələdiyyə tərəfindən vətəndaşların mülkiyyətinə, istifadəsinə və icarəsinə torpaq sahəsi ayrılarkən sənədlər 2 nüsxədən ibarət tərtib edilərək 1 nüsxəsi vətəndaşa təqdim edilir. Bu səbəbdən bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılmasına dair sənədlərin vətəndaş İddiaçı olması istisna edilmir. -Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı barəsində Binəqədi rayon Xocəsən Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2006-cı il tarixli 09/19 saylı qərarından görünür ki, Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsinin 09/19 nömrəli xx.xx.2006-cı il tarixli qərarına əsasən Binəqədi rayon Xocasən Bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsinin alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. Qeyd: qərara heç bir sənəd əlavə edilməmişdir. İddia tələbindən görünür ki, İddiaçı Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsinin 09/19 nömrəli xx.xx.2006-cı il tarixli qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün ona 600 kv.m torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə verildiyini, cavabdeh tərəfindən həmin torpaq sahəsinin zəbt edildiyini, bununla da onun mülkiyyət hüquqlarının pozulduğunu iddia etmiş, Cavabdeh qanunsuz tikinti aparmaqla hasara aldığı ona məxsus torpaq sahəsinin ətrafında apardığı həmin tikintinin sökülməsi və cavabdehə bu tikintini gələcəkdə də aparmasının qadağan edilməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbinə qiymət vermək üçün ilk öncə onun bu barədə iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmadığını müəyyən etmək vacibdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdehin qanunsuz tikinti aparmaqla hasara aldığı və ətrafında tikinti apardığı torpaq sahəsinin məhz Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsinin 09/19 nömrəli xx.xx.2006-cı il tarixli qərarına əsasən ona satılmış 600 kv.m torpaq sahəsi olduğunu sübuta yetirə bilməmişdir. Belə ki, məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına və Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə verilmiş sorğulara cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsinin 09/19 nömrəli xx.xx.2006-cı il tarixli qərarına torpaq sahəsinin plan-cizgisi əlavə edilməmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66-cı maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarının məzmunundan göründüyü kimi torpaq sahəsi üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Yuxarıda qeyd edildiyi kimi iddiaçıya satılmış torpaq sahəsinin yerləşmə yeri müəyyən edilmədiyindən, habelə, cavabdeh tərəfindən inşa edilmiş tikilinin məhz ona satılmış torpaq sahəsində yerləşməsi təsdiq edilmədiyindən, iddia təmin edilə bilməz. Bundan başqa, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş çoxsaylı qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından görünür ki, ünvan 4 ünvanında yerləşən torpaq sahəsi Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin inzibati ərazisinə aid olmaqla, dövlətin müstəsna mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti və Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə “zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası rədd edilməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68) . Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti və Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə “zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar