Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-811/2025 17.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Baki Ərazi İdarəsi cəlb edilməklə) “daşınmaz əmlaka sahiblik və ondan istifadə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrər mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 770 kv.metrlik bağ sahəsinə onun tərəfindən mülkiyyət hüququ üzrə sahiblik və ondan istifadə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ərizəçinin atası X5 xx.xx.1961-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X5 valideynləri, habelə bacı-qardaşı ilə birlikdə Bakı şəhərində yerləşmiş mənzillə yanaşı yay aylarında 1953-cü ildən atasına, yəni ərizəçinin babasına məxsus olmuş Novxanı bağlan adlandırılan ərazidə, 3,770 kv.m torpaq sahəsində yerləşən bağ evində də yaşamışdır. Bağın yerləşdiyi ərazi bir giriş-çıxışı olmaqla ümumi hasar daxilində şərti ara sərhədləri olan 3 sahədən ibarət olmuşdur. xx.xx.1993-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən, Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi ilə ərizəçinin atası X5 arasında həmin bağın 2500.0 kv.metr sahəsinin icarəsi haqqında 1664 nömrəli Müqavilə bağlanmışdır. Eyni zamanda yerdə qalan 2 sahənin də sənədləşmə işləri aparılmaqla həmin bağların yerləşdiyi 500 kv.metrlik və 770 kv.metrlik torpaq sahələrinə sahiblik etmişdir. Ərizəçinin atası X5 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Bundan sonra həm icarə müqaviləsi ilə ayrılmış 2500.0 kv.metrlik sahəyə, həm də 2500.0 kv.metrlik sahəyə bitişik 770 kv.metrlik sahəyə sahibliyi ərizəçi davam etdirmişdir. Ərizəçi və X2 qanun üzrə digər vərəsələri - ərizəçinin anası X8 və ərizəçinin qardaşı X6 2500.0 kv.metrlik bağ sahəsi üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi üçün müvafiq qaydada müraciət etmişlər. Nəticə etibarilə ərizəçinin atası mərhum X2 adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 19 saylı Notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə tərtib olunmuş, Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X4 verilmiş **********29 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu. Novxanı kəndi, 225/816 saylı bağ sahəsinə hüququ çatan vərəsələrin tam dairəsi müəyyən edilmişdir. X1 və X6 öz paylarını Ərizəçi bağışlamış, bu xx.xx.2021-ci il tarixdə tərəflər arasında bağlanmış və Bakı şəhəri 19 saylı Notariat ofisində notarial qaydada təsdiq edilmiş Miras payın bağışlanması müqaviləsi ilə rəsmiləşdirilmişdir. Qeyd edilən sənədlərin əsasında ərizəçi müvafiq qaydada müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 225/816 saylı bağın yerləşdiyi torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixdə **********29 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əldə etmişdir. Eyni zamanda bağ sahəsinin 500 kv.m sahəsi də ölçüsü dəqiq hesablanmaqla Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 816B saylı bağın yerləşdiyi torpaq sahəsi xx.xx.2023-cü il tarixdə **********55 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışla ərizəçinin adına rəsmiləşdirilmişdir. Beləliklə, ərizəçinin atası X4 13 sentyabr 1993-cü il tarixli, 1664 nömrəli icarə müqaviləsi əsasında verilmiş 2500.0 kv.metrlik və 500 kv.metrlik bağ sahələri ərizəçinin xüsusi mülkiyyətinə keçmiş, 770 kv.metrlik sahənin hüquqmüəyyənedici sənədləri itdiyindən və aşkar edilmədiyindən faktik mülkiyyət hüququ ilə sahibliyi və ondan istifadəni davam etdirmişdir. Həmin sahə ilə bağlı hüquqmüəyyənedici sənədləri sonrakı tarixlərdə də aşkarlamaq mümkün olmamışdır. 13 sentyabr 2023-cü il tarixdə 770 kv.metrlik bağ sahəsinə faktik mülkiyyət hüququ ilə fasiləsiz və etirazsız sahibliyin 30 ili tamam olduğundan hazırkı iş üzrə Ərizəçi Əmlak Məsələləri Dövlət Xidmətinə ərizə ilə müraciət edərək Xidmətin 1 saylı Bakı Ərazi İdarəsindən həmin bağ sahəsi üzərində mülkiyyətçi hüququnun qeydə alınmasını xahiş etmişdir. Ərizə xx.xx.2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinə çatmışdır. Ərizənin ünvana çatmasından təxminən 10 gün sonra Xidmətin əməkdaşı olaraq özünü təqdim etmiş mühəndis ərizəçi ilə əlaqə saxlamış, 770 kv.metrlik bağ sahəsinə baxış keçirərək ölçülər götürmüşdür. Lakin həmin sahə üzrə hüquqların rəsmiləşdirilməsindən hüquqmüəyyənedici sənədlər olmadığından imtina edilmişdir. Ərizəçi inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət edərək həmin 770 kv.metrlik bağ sahəsi üzərində mülkiyyət hüquqlarının tanınmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3558/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarı ilə iddia təmin edilməmişdir. İddianın təmin edilməməsinin əsas səbəbi iddia edilən bağ sahəsi üzərində hüquqmüəyyənedici sənədin təqdim edilməməsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə Mülki Məcəllənin 178.6-cı maddəsinin müddəalarının 1 sentyabr 2000-ci ildən əvvəlki hüquq münasibətlərinə şamil olunmasının yolverilməzliyi olmuşdur. Qərardan verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 3031/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri, Binəqədi rayonu. Novxanı kəndi ərazisində yerləşən 770 kv. metrlik bağ sahəsi ərizəçinin atasının, onun ölümündən sonra isə ərizəçinin fasiləsiz və etirazsız sahibliyindədir və ondan istifadə olunur. Həmin ərazi daş hasarlarla əhatə olunduğundan qonşuluqda yerləşən digər bağ sahələri ilə heç bir bağlantısı olmamış, həmin ərazidə ağaclar əkilmiş, üzümlük salınmış və onlara davamlı qulluq edilmişdir. Bu illər ərzində heç bir fiziki və ya hüquqi şəxs, o cümlədən dövlət qurumu və ya bələdiyyə tərəfindən 770 kv.metrlik bağ sahəsinin ərizəçinin atasının və sonradan ərizəçinin sahibliyində olmasına etiraz etməmiş, onlara bununla bağlı heç bir yazılı və ya şifahi xəbərdarlıq edilməmiş, məhkəməyə müraciət olunmamış, həmin sahəyə başqa formada iddia irəli sürülməmişdir. Qeyd edilən 770 kv.metrlik bağ sahəsinin ərizəçinin atası və ərizəçinin özü tərəfindən sahibliyinə həmin əraziyə bitişik olan 2500.0 kv.metrlik və 500 kv.metrlik sahələrə xüsusi mülkiyyət hüququ əsasında sahibliyin edilməsi də dəlalət edir. Eyni zamanda qeyd edilən bağ sahəsinə sahibliyin edilməsinə və ondan istifadə edilməsinə ərizəçinin digər ailə üzvləri, qohumları, habelə bağ qonşuları da daxil olmaqla çoxsaylı şəxslər şahidlik etmişlər. Yuxarıda qeyd edilən inzibati icraat qaydasında məhkəmə araşdırması zamanı 1 saylı Bakı Ərazi İdarəsindən məhkəməyə daxil olmuş etirazda da 770 kv. metrlik bağ sahəsinə ərizəçinin sahiblik və istifadə etməsi, eyni zamanda həmin sahə üzrə hüquqmüəyənedici sənədlərin tapılmadığı öz təsdiqini tapmışdır. Həmin sənəddə qeyd edilir ki, "idarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi ərizəçiyə məxsus digər sahələrlə ümumi hasar daxilindədir və ara sərhədləri şərtidir. Faktiki göstərilən torpaq sahəsinin giriş-çıxış yolu hasardaxili olan digər sahələr üzərindədir. Elektron kadastr məlumatlarına əsasən göstərilən ərazi 818 saylı bağ sahəsi və bölünənlərinin ərazisinə uyğun gəlir.” Eyni zamanda ərizəçi əvvəlki tarixlərdə bağ sahəsinin sənədləşdirilməsi zamanı 1 saylı Bakı Ərazi İdarəsindən daxil olmuş xx.xx.2014cü il, xx.xx.2015-ci il və xx.xx.2020-ci il tarixli məktublar da qeyd edilən bağın yerləşdiyi torpaq sahəsinin ərizəçinin sahibliyində və istifadəsində olduğunu, lakin hüquqmüəyyənedici sənədlərin tapılmadığını təsdiqləyir. Ərizəçi tərəfindən qeyd edilən bağ sahəsinin hüquqmüəyyənedici sənədlərinin aşkarlanmasından ötrü 1 saylı Bakı Ərazi İdarəsinə sorğu verilmiş, lakin həmin sənədləri aşkarlamaq mümkün olmamışdır. Maraqlı şəxs məhkəməyə yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, Ərizəçi Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 770 kvadrat metrlik bağ sahəsinə mülkiyyət hüququ üzrə sahiblik və ondan istifadə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması ilə bağlı ərizəsi etirazla qarşılanır. Ərizəçi Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 770 kvadrat metrlik bağ sahəsinin mülkiyyətçisi kimi qeydə alınmasına köməklik göstərilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** daxilolma nömrəsi ilə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********74 xaricolma nömrəli məktubla cavab verilmişdir. Həmin məktubla bildirilmişdir ki, qeyd olunan 770 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiqlənmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na uyğun hər hansı sənəd təqdim edilməmişdir. Ərizəçi 770 kv.m torpaq sahəsi ilə bağlı hər hansı hüquqmüəyyənedici sənədə malik deyil. Göstərilən ərazi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Ərizəçi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 770 kv.metrlik bağ sahəsi üzərində onun mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3558/2024 saylı 07 may 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)-3031/2024 saylı qərarı ilə iddiaçı Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3558/2024 saylı 07 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)-3031/2024 saylı qərarının əsaslandırıcı hissəsinə əsasən iddiaçı iddia etdiyi torpaq sahəsi ilə bağlı hər hansı hüquqmüəyyənedici sənədi təqdim edə bilmədiyi üçün onun iddia etdiyi torpaq sahəsi ilə bağlı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hər hansı əsas da mövcud deyildir. Belə olan halda cavabdeh orqan iddiaçının tələbinin təmin olunmasından düzgün olaraq imtina etmişdir və həmin imtina da qanunun tələblərinə uyğun olduğu üçün iddiaçının hər hansı hüququnun pozulmasına səbəb olmamışdır. Qeyd olunanlara əsasən məhkəmədən ərizənin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 ifadəsində göstərmişdir ki, o, ərizəçinin bibisidir. Həmin bağ sahəsi onlara babalarından qalıb, atası rəhmətə gedməmişdən əvvəl həmin bağsahəsini qardaşına, yəni ərizəçinin atasına bağışlayıb. Onların uşaqlıqları həmin bağda keçib. Həmin bağ sahəsinin neçə sot olduğunu dəqiq bilmir. Həmin bağ sahəsində evləri, meyvə ağacları var. Bağ sahəsi mübahisəsizdir, gedişgəlişləri var. Məhkəmə iclasında şahid qismində ifadə verən X11 ifadəsində göstərmişdir ki, o, ərizəçinin əmisidir. Bağ Novxanı kəndində yerləşir, babasından onlara qalıb. Demək olar ki, atası ilə orada yaşamışdır. Həmin bağ hal-hazırda ərizəçinin istifadəsindədir, 1990-cı illərdə sənədləşmə aparılan zaman babası oğlunun, yəni ərizəçinin atasının adına keçirmişdir. Hazırda orada 40 sota yaxın torpaq sahəsi var. Həmin bağ mübahisəsiz ərizəçinin və onun ailəsinin istifadəsindədir, lakin sənədləri tapmaq mümkün deyildir. Məhkəmə iclasında şahid qismində ifadə verən X12 ifadəsində göstərmişdir ki, o, ərizəçinin qonşusudur. 50 ildir onlar orada qonşu olmuşlar. Həmişə bağ ərizəçigilin istifadəsində olub. Neçə sot olduğunu dəqiq bilmir. Hal-hazırda da orada qonşudurlar. Məhkəmə iclasında şahid qismində ifadə verən X7 ifadəsində göstərmişdir ki, o, ərizəçinin qonşusudur. Ərizəçinin babası ilə çox yaxın olmuşlar, 1995-ci ildə orada kirayə qalmış, daha sonra ərizəçinin bibisigildən 10 sota yaxın torpaq sahəəsini almışdır. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Baki Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubunun surətindən görünür ki, müraciəti ilə bağlı ona bildirilmişdir ki, ərizədə qeyd olunan 770 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiqlənmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na uyğun hər hansı snədə təqdim edilməmişdir. Qeyd olunanlar nəzərə alınaraq, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-3558/2024 saylı qərarının surətindən görünür ki, iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Baki Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-3031/2024 saylı qərarının surətindən görünür ki, iddiaçı Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(112)-3558/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Baki Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən 817 saylı bağın arxiv cizgisinə münasibətdə, göstərilən ərazi 818 saylı bağ sahəsinin hər hansı bölünənlərinin ərazisinə uyğun gəlir. Bundan əlavə torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı, torpaq sahəsinin iddiaçıya məxsus digər sahələrlə ümumi hasar daxilində yerləşdiyi və ara sərhədlərinin şərti olduğu müəyyən edilmişdir. Həmçinin sözügedən ərazinin faktiki ölçüsünün 540 kv.m olduğu və həmin əraziyə giriş-çıxış yolunun digər sahələr üzərindən olduğu müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin məhkəməyə verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; Həmin Məcəllənin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır; Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 7-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Həmin Qərarın 7.1-ci bəndinə əsasən məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıbalınmadığı aydınlaşdırılmalıdır. Məhkəmə mülki işin materiallarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, iş materiallarında olan yuxarıda sadalanan məlumat və sənədlər ərizənin tələbin təmin olunması üçün əsas ola bilməz. İlk öncə nəzərə alınmalıdır ki, ərizəçi tərəfindən qeyd olunan əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Məhkəmə onu da qeyd edir ki, qanunvericiliyin tələbinə görə məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hazırkı vəziyyətdə ərizəçi qeyd olunan bağ sahəsi ilə bağlı hər hansı hüquqmüəyyənedici sənədə malik deyil və həmin sənədləri başqa qaydada ala bilməməsini və bu faktın yalnız məhkəmə qaydasında müəyyən edilməli olmasını sübuta yetirə bilməmişdir. Halbuki MPM-in 310-cu maddəsinə görə ərizəçi lazımi sənədləri ala bilməməsinə, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünə dair sübutlar təqdim etməlidir. Bu səbəbdən, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Baki Ərazi İdarəsi cəlb edilməklə) “daşınmaz əmlaka sahiblik və ondan istifadə faktının müəyyən edilməsi” barədə ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Baki Ərazi İdarəsi cəlb edilməklə) “daşınmaz əmlaka sahiblik və ondan istifadə faktının müəyyən edilməsi” barədə ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-811/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-811/2025
17.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver