Məhkəmə qərarları › İş №2(001)-812/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-812/2025

09.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-812/2025 09.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab edilmə, vərəsəlik və məcburi pay hüququndan məhrumetmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab edilmə, vərəsəlik və məcburi pay hüququndan məhrumetmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi, cavabdeh mərhum X5 mülkiyyətində olmuş Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524-cü məhəllə ev 5, mənzil 61 Yeni qaydalarla AZ 1118 ünvan 1 ünvanına münasibətdə vərəsəlik hüququndan məhrum edilməsi, cavabdeh mərhum X5 mülkiyyətində olmuş Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524-cü məhəllə ev 5, mənzil 61 Yeni qaydalarla AZ 1118 ünvan 2 ünvanına münasibətdə məcburi pay hüququndan məhrum edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum qızı X1 Anar Malik oğlu tərəfindən xüsusi amansızlıqla qəsdən öldürülmüş, yəni qəsdən həyatdan məhrum edilmişdir. Sonuncunun cnayəti törətməsi ilə əlaqədar barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1329/2024 saylı, xx.xx.2024-cü il hökmü qəbul edilmişdir. Onların birgə nikah dövründə qızı tərəfindən alınmış mənzilləri mövcuddur. Həmin Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524-cü məhəllə ev 5, mənzil 61 Yeni qaydalarla AZİ 118 ünvan 1 ünvanı qızı mərhum X5 adına dövlət qeydiyyatından keçmişdir. Onların birgə nikahdan dünyaya gəlmiş övladları X10 üzərində qızı yəni xalası X2 qəyyum təyin edilməsi məsələsinə baxılır. Bu səbəbdən də Cavabdeh Malki oğlunun ləyaqətsiz vərəsə olduğunu hesab edir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1329/2024 saylı xx.xx.2024-cü il hökmündən kiçik bir çıxarış təqdim edir ki, cavabdehin həqiqətən də ləyaqətsiz vərəsə olmasına sual yeri qalmasın. “...aralarında baş vermiş mübahisə zamanı o. qısqanclıq zəmnində qisas almaq niyyəti ilə arvadı Yaqut Həşimovaya əzab, işgəncə verməklə xüsusi amansızlıqla qəsdən öldürmək məqsədilə əvvəlcə xüsusi ağrılar yetirmək üçün mənzilin yataq otağında olan zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı bokalı götürüb həmin bokal ilə Yaqut Həşimovanın baş nahiyyəsindən 2 dəfə vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid başın sağ alın-gicgah-təpə və ənsə nahiyələrini əhatə edən hematoma və sıyrıq xəsarətlərini yetirdikdən sonra mənzilin yataq otağında olan rəfdə saxladığı, zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı qara rəngli açılıb-bağlanan cib bıçağını götürərək onun hərəkətlərindən qorxub mənzilin yataq otağında küncə çəkilmiş Yaqut Həşimovanın həyatı üçün dönə-dönə aman diləyən yalvarışlarına baxmayaraq verdiyi əzabları davam elmək üçün həmin bıçaqla ilkin olaraq sonuncunun qarın nahiyyəsinin sol yarısının ön səthinə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid 8,Ox 1,0 ölçülü kəsilmiş yara xəsarətini yetirərək müstəsna dərəcədə qəddarlıqla xüsusi ağrılar vermiş, daha sonra Yaqut Həşimovanın saçlarından tutub dartmaqla əlində olan bıçaqla sonuncunun həyat üçün vacib olan orqanlarının yerləşdiyi boğaz, döş qəfəsi, qarın və digər nahiyyələrdən zərbələr vuraraq Yaqut Həşimovaya həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aid ölümü ilə birbaşa səbəbili əlaqəsi olan sol qoltuqaltı nahiyənin daxilə nüfuz edərək ağciyərləri zədələyən 2 ədəd, sağ körpücüküstü nahiyənin daxilə nüfuz edərək sag ağciyəri zədələyən 1 ədəd boynun iri qan damarlarını zədələyən 1 ədəd deşilmiş-kəsilmiş yaraları, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, daxilə nüfuz etməyən sol körpücüküstü nahiyənin 1 ədəd, qarnın ön divarının xəncərəbənzər çıxıntı proyeksiyasının 1 ədəd, sağ qabırğa qövsü nahiyəsinin 1 ədəd deşilmiş-kəsilmiş yaraları, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ qaşüstü nahiyənin 1 ədəd, sol bazunun 1 ədəd, sol saidin 1 ədəd və dərəcəsi təyin edilməyən sol bazunun qançırı xəsarətlərini yetirdikdən sonra otaqda çarpayı üzərində oturaraq təqribən 10 dəqiqə ərzində onun yetirdiyi xəsarətlərdən Yaqut Həşimovanın qan itirməklə ağrı və əzab çəkdiyinə rəhmsizliklə baxıb ölümünü gözləmiş və Yaqut Həşimova onun yetirdiyi boynun iri kalibrli damarlarının, hər iki ağciyərinin zədələnməsi nəticəsində massiv daxili və xarici qanaxma səbəbindən ölmüş, bununla da o Yaqut Həşimovanı xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir." Göründüyü kimi, onun övladı cavabdeh tərəfindən qəsdlə qətlə yetirmişdir. Cavabdeh məhkəməyə iddiaya etiraz ünvanlayaraq bildirmişdir ki, keçmiş həyat yoldaşı X7 ilə birgə nikah dövründə alınmış Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524-cü məhəllə ev 5, mənzil 61 Yeni qaydalarla AZ 1118 Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 231, M 10, 5 saylı mənzildən miras payından oğlunun xeyrinə imtina edir, yəni ona düşən payın oğlu Bünyaminə verilməsini xahiş edir. Lakin onun ləyaqətsiz vərəsə hesab edilməsi ilə qəti razı deyil. Onun həyat yoldaşı ona dəfələrlə xəyanət etdiyinə görə qətlə yetirmişdir. Onun xəyanət etməsi məhkəmə iclaslarında öz təsdiqini tapmışdır. Mübahisəli mənzildən o heç bir pay istəmir, ona düşən payı oğluna bağışlayır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1329/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmünd həyat yoldaşının ona xəyanət etməsi faktı öz təsdiqini tapmışdır. Ona görə də onun ləyaqətsiz vərəsə hesab edilməsinə etiraz edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etmək niyyətinin olması ilə bağlı məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkili) izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524-cü məhəllə ev 5, mənzil 61 Yeni qaydalarla AZ 1118 ünvan 1 X5 mülkiyyətindədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1329/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi hökm edilmişdir. Hökmdən aydın olur ki, Cavabdeh arvadını qısqanclıq zəmnində qisas almaq niyyəti ilə öldürmüşdür. Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli sərəncamının surətindən görünür ki, X3 xx.xx.2014-cü il təvəllüdlü bacısı oğlu X6 üzərində qəyyumluq təyin edilməsi barədə Qəyymluq və himayəçilik komissiyasının qərarı təsdiq edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixdə məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı məktubdan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1329/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın verilməsi üçün iddiaçı tərəfindən məhkəmənin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. 1143-cü maddəsinə əsasən şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraqlı şəxslər həmin şəxsin mirasa sahibliyə başladığı andan beş il ərzində irəli sürməlidirlər. 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. “Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki,”Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Qanunvericiliyə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Lakin vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, burada şəxsin ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Bununla yanaşı, Mülki Məcəllənin 1138-ci maddəsində qanunverici məcburi pay almaq hüququna dair daha bir məhdudiyyət də müəyyən etmişdir. Beləliklə, nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Hazırda isə iddiaçının cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi üçün gətirdiyi arqument sonuncunun arvadını qəsdən qətlə yetirməsidir. Lakin bu hal iddianı o zaman əsaslı edər ki, cavabdehin törətdiyi əməlin birbaşa mirasa yönəlmiş olması öz təsdiqini tapsın, daha aydın desək cinayətin törədilmə səbəbi məhz mirasa sahib olmaq məqsədi daşısın. Hazırki işdən isə görünür ki, cavabdehin törətdiyi cinayət əməli qısqanclıq zəmnində baş vermişdir ki, bu hal cinayətin cavabdeh tərəfindən şəxsi duyğuları və emosiyaları səbəbindən törədilməsi sayılır və bu, miras əldə etmək üçün miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş planlı bir hərəkət olaraq qiymətləndirilə bilməz. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia bu hissədə əsassızdır və rədd edilməlidir. Gəlmiş olduğu qənaətə uyğun olaraq məhkəmə, digər tələblərin (vərəsəlik və məcburi pay hüququndan məhrum edilməsi tələbinin) də əsassız olduğu qənaətinə gəlir və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayaraq bu mövqeyini prosessual qənaət prinsipinə də uyğun sayır, çünki bu tələb ilk tələbdən törəmədir, ilk tələb təmin edilmədiyindən bu hissədə də iddia əsaslı hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab edilmə, vərəsəlik və məcburi pay hüququndan məhrumetmə” tələbinə dair iddiası rədd edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab edilmə, vərəsəlik və məcburi pay hüququndan məhrumetmə” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar