Məhkəmə qərarları › İş №2(104)-404/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-404/2025

13.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-404/2025 13.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, X3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və X1 iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-3105/2024 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı ”cavabdehin ləyaqətsiz vərəsə hesab edillməsi və vərəsəlik hüququndan mərhum edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsinə əsas verən halların təsdiq edilməsinə və onun gələcəkdə onlardan qalacaq miras əmlakından məcburi pay almaq hüququndan məhrum edilməsinə və hazırki iddia ərizəsinin baxılması üçün ödənilmiş 100 (bir yüz) dövlət rüsumunun Cavabdeh tutularaq onlara qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-3105/2024 saylı qətnaməsi ilə (hakim Ziya Abdullayev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 2(021)-3105/2024 nömrəli qətnaməsinin tam ləğv edilərək, iddia tələbinin təmin edilməsini və apellyasiya şikayətinin baxılması üçün dövlət rüsumu olaraq ödənilmiş 50 manatın Cavabdeh alınaraq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o və həyat yoldaşı 2 dərəcəli əlilləridilər. Onlarla birlikdə yaşayan digər oğulları xx.xx.1990-cı il tarixdə anadan olmuş X5 da 2 dərəcəli əlildir. xx.xx.1988-ci il tarixdə anadan olmuş Cavabdeh onların doğma oğlu olmaqla, Bərdə rayonu Qaradağlı kəndində yaşayır və Bərdə rayon 3 saylı uşaq musiqi məktəbində musiqi müəllimi işləyir. Cavabdeh doğma övladları olmasına baxmayaraq valideynlərinə, heç bir qayğı göstərmir. Müntəzəm olaraq onları söyüb təhqir edir. Dəfələrlə onlara qarşı zorakılıq hərəkəti etmişdir. Hətta sosial şəbəkələrdə onların şərəf və ləyaqətini alçaldan paylaşımlar etmiş, barəsində inzibati tənbeh görülməsinə baxmayaraq, heç bir nəticə çıxarmamışdır. Hətta hərəkətlərinə davam edərək onları hədələmişdir. Hesab edir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-3105/2024 saylı qətnaməsini ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir.Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, görsətdi ki, o, həyat yoldaşı və oğlu ilə birlikdə evində yaşayır. Onlar ikinci qrup əlilləridilər. Cavabdeh adlı oğlu ayrı yaşayır və işləyir. Cavabdeh doğma övladları olmasına baxmayaraq, onlara heç bir qayğı göstərmir, onları söyüb təhqir edir. Hesab edir ki, oğluna vərəsəllik payı çatmır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Bərdə Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 2(021)-3105/2024 nömrəli qətnaməsi tam ləğv edilərək, iddia tələbinin təmin edilməsini və apellyasiya şikayətinin baxılması üçün dövlət rüsumu olaraq ödənilmiş 50 manatın Cavabdeh alınaraq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi, apellyasiya şikayətinin təmin edilməsini, Bərdə Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 2(021)-3105/2024 nömrəli qətnaməsi tam ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-3105/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüqüq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş Х-İİ ЖГ 439758 doğum haqqında şəahdətnamənin surətindən görünür ki, X4 xx.xx.1987ci il tarixdə anadan olmuşdur. Atası İddiaçı1, anası İddiaçı2dır. XV- ЖГ 379626 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1990-cı il tarixdə anadan olmuşdur. Atası İddiaçı1, anası İddiaçı2dır. Xİİİ- ЖГ 320949 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.1988-cı il tarixdə anadan olmuşdur. Atası İddiaçı1, anası İddiaçı2dır. Bərdə Rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-2598/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi ilə Cavabdeh İddiaçı2 və İddiaçı1 saxlanması üçün xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay cəmi 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçılara ödənilməsi qət edilmiş, icra sənədi üzrə borclu Cavabdeh əmək haqqının 70 faizinə yönəldilmə edilmişdir. Bərdə rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(021)-468/2024 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1 madəlləri ilə təqsirli bilinərək, barəsində 08 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası MM-nin: 1137-ci maddəsinə görə, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. 1139-cu maddəsinə görə, ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. 1143-cu maddəsinə görə, şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraqlı şəxslər həmin şəxsin mirasa sahibliyə başladığı andan beş il ərzində irəli sürməlidirlər. 1203.1. Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. 1203.2. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. 1203.3. Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 dekabr 2011-ci il tarixli Plenum qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir. İş materialları ilə cavabdeh tərəfindən iddiaçıların son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərməsi, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər törətməsi və bu halların məhkəmə tərəfindən təsdiq edilməsi müəyyən edilmir. İddiaçı1 valideynlərinə heç bir qayğı göstərməməsi, müntəzəm olaraq onları söyüb təhqir etməsi, sosial şəbəkələrdə onların şərəf və ləyaqətini alçaldan paylaşımlar etməsi və barəsində inzibati tənbeh görülməsinə dair apellyasiya dəlilləri iddianın təmin edilməsinə hüquqi əsaslar vermir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticəsi işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-3105/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382-385, 392-393 və 402- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-3105/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar