Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5898/2024 09.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abbasov Nail İbad oğlu, iddiaçı Qanuni nümayəndə və qeyrilərinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Gülağa qızına qarşı ləlyaqətsiz vərəsə sayılma və vərəsəlik hüququndan məhrum edilmə tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Qanuni nümayəndə və qeyriləri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Gülağa qızına qarşı ləlyaqətsiz vərəsə sayılma və vərəsəlik hüququndan məhrum edilmə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlərdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “Elektron Məhkəmə” İnformasiya Sistemində olan şəxsin fərdi məlumatlarından görünür ki, iş üzrə Cavabdeh2 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh2 cavabdeh hesab edilmədiyindən ona aid hissədə iddia tələbinə məhkəmə qaydasında baxılmalı deyildir. Buna görə də, həmin hissədə iddianın yolverilməzliyinə görə ərizəni icraata qəbul etməkdən imtina edilməlidir. İzah olunur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Göstərilənlərə əsasən qeyd edilməlidir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman cavabdeh qismində göstərilən Cavabdeh2 ölmüşdür. Bununla bağlı məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərində fiziki və hüquqi şəxslər çıxış edə bilər ki, iddiaçı hazırki halda hüquq qabiliyyəti olmayan ölmüş şəxsə qarşı iddia qaldırdığından və Cavabdeh2 iş üzrə cavabdeh hesab edilmədiyindən bu iddia tələbinə məhkəmə qaydasında baxıla bilməz. Bundan əlavə, iddia ərizəsində digər Cavabdeh1 Gülağa qızıdır. İddia ərizəsindən və “Elektron Məhkəmə” İnformasiya Sistemində olan şəxsin fərdi məlumatlarından görünür ki, Cavabdeh1 Gülağa qızı ünvan 1 ünvanında rəsmi qeydə alınmışdır. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mövcud iddia ərizəsinin Cavabdeh2 qarşı hissəsində iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, digər Cavabdeh1 Gülağa qızına aid hissədə isə ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olmadığından həmin hissədə iddia ərizəsi geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Qanuni nümayəndə və qeyrilərinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Gülağa qızına qarşı ləlyaqətsiz vərəsə sayılma və vərəsəlik hüququndan məhrum edilmə tələbinə dair iddia ərizəsi, Cavabdeh2 qarşı hissədə iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh1 Gülağa qızına qarşı hissədə geri qaytarılsın. İddiaçıya həmin hissədə izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-5898/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-5898/2024
09.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver