Məhkəmə qərarları › İş №2(001)-8249/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-8249/2021

21.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-8249/2021 21.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ,Cavabdeh2, 18 fevral 2016-cı il təvəllüdlü X2 və 09 aprel 2012-ci il təvəllüdlü X1 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mirzə Abdin küçəsi, ev 146-ya olan istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -149.2 və 149.2.2-ci maddəsində qeyd olunmuşdur ki, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. -149.2.3-cü maddəsində qeyd olunmuşdur ki, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. - 150.1.1-ci maddəsinə əsasən iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) əlavə edilməlidir. -151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. -152.1 və 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində 2 cavabdeh qeyd edilsə də, iddia ərizəsinin surəti 2 nüsxədə iddia ərizəsinə əlavə edilməmişdir. Bundan başqa məhkəmə prosessual qənaət prinsipi baxımından aşağıda qeyd edilənlərin iddiaçının nəzərinə çatdırılmasını zəruri hesab edir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, sözügedən mənzili alqı-satqı müqaviləsi əsasında almış və onun mülkiyyət hüququ 15.01.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin mənzilin əvvəlki mülkiyyətçiləri və köhnə sakinləri, eləcə də onların yetkinlik yaşına çatmayan uşaqları mənzildə qeydiyyatda qalmaqdadırlar. İddiaçı tələbinin hüquqi əsasını mülkiyyət hüququnu tənzimləyən Mülki Məcəllənin 152-ci maddəsi ilə əsaslandırmışdır. Halbuki məhkəmə qeyd edir ki, iddiaçının tələbinin faktiki əsası Mülki Məcəllənin 228.4-cü maddəsi təşkil edir. Mülki Məcəllənin həmin normasında qeyd edilmişdir ki, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Qanunun normasından görünən və iddiaçının tələbinin əsasını təşkil edən hal ondan ibarətdir ki, cavabdehlərdən biri mənzilin əvvəlki mülkiyyətçisidir, digər şəxslər isə mənzilin əvvəlki mülkiyyətçisinin ailə üzvləridir. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra mənzilin əvvəlki mülkiyyətçisi və onun ailə üzvləri mənzili tərk etsələr də, lakin həmin mənzildən qeydiyyatdan çıxmamışlar. Bu baxımdan iddiaçı cavabdehlərin mənzilin əvvəlki mülkiyyətçisinin olduğunu və ya əvvəlki mülkiyyətçinin ailə üzvlərinin olduğunu və əvvəlki mülkiyyətçinin və onun yetkinlik yaşına çatan ailə üzvlərinin mənzildən qeydiyyatdan çıxmaq barədə öhdəlik götürdüyünü sübut etməlidir. Lakin iddiaçı iddia ərizəsinə mənzilə dair Daşınmaz Əmlakın Dpvlət Reyestrindən Çıxarışı və yaşayış yeri üzrə qeydiyyat haqqında arayışı əlavə etmiş, iddia tələbinin əsaslandırdığı hallara dair digər sübutları əlavə etməmişdir. Bu isə Mülki-Prosessual Məcəllənin(yeni redaksiyada) 149.2.3-cü maddəsi ilə uyğunsuzluq təşkil edir. Halbuki prosessual qanunvericiliyə edilmiş yeni dəyişikliklərə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməlidir. Eyni zamanda iddia ərizəsinə iddianın əsaslandırıldığı hallara dair sübutların təqdim edilməsi o baxımdan zəruridir ki, cəlb edilmiş cavabdehlər iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini bildirə bilsin. Beləliklə, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən, iddiaçının iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, o cümlədən 100(yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsinki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar