Məhkəmə qərarları › İş №2(001)-8314/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-8314/2021

16.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-8314/2021 16.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh X2 və Cavabdeh2 qarşı 05.02.2014-cü il təvəllüdlü X3 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh X2 və Cavabdeh2 qarşı 05.02.2014-cü il təvəllüdlü X3 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh2 ilə 12.09.2012-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 05.02.2014-cü il təvəllüdlü X3 anadan olmuşdur. Nikaha daxil olduqdan sonra o, cavabdehlərin ailə üzvü kimi onların yaşadıqları ünvana köçmüşdür. Daha sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi alınmış, o da ailəsi ilə birlikdə yeni evə köçmüşdür. Həmin vaxtdan o, ailəsi ilə birlikdə bu evdə yaşamış, cavabdehlərlə birgə təsərrüfat aparmış, özünə və övladına məxsus bütün əşyalar bu evdə yerləşir. Lakin 2021-ci ilin avqust ayında cavabdehlər onu övladı ilə birlikdə yeganə yaşayış yeri olan evdən çıxarmışlar. Ona görə də 05.02.2014-cü il təvəllüdlü X3 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, İddiaçı ilə 2011-ci ildə nikaha daxil olmuş, birgə nikahlarından 05.02.2014-cü il təvəllüdlü X3 anadan olmuşdur. İddiaçı nikaha daxil olduqdan sonra onun yaşadığı evə köçmüşdür. 2016-cı ildə onun atasına məxsus ev 85000 manata satılmış, həmin məbləğin 40000 manatı bacısının və qardaşının onlara, 45000 manatı onun və ansının payı olaraq ona verilmiş, həmin pula ünvan 1 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evi alınmışdır. Evin və evin yerləşdiyi torpaq sahəsinin heç bir sənədi yoxdur, satıcı tərəfindən onun adına yalnız etibarnamə verilmişdir. Həmin vaxtdan o, anası, qızı və Ceyhunə ilə birlikdə özbaşına inşa olunan ünvan 1 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evində yaşamış, evə qeydiyyata alınmışlar. Ceyhunəyə məxsus cehiz əşyaları hələdə bu evdə yerləşir. Evin bir otağında o, Ceyhunə və qızları Zeynəb ilə, bir otağında onun anası yaşamış, üçüncü otaq isə ümumi istifadədə olmuşdur. Ceyhunə ilə ailə nikah münasibətləri pozulduğundan onun anası X4 2021-ci ilin avqust ayında Ceyhunəyə ya barış ya da evdən çıx get deyərək Ceyhunəni evə buraxmamışdır. Hal-hazırda o, da Ceyhunənin və qızı Zeynəbin ünvan 1 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evində yaşamalarını istəmir. Cavabdeh1 yazılı izahatını məhkəməyə təqdim etdiyindən məhkəmə iclasında iştirak etməyəcəkdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Cavabdeh X4 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazında göstərmişdir ki, İddiaçı iddia ərizəsini qəbul etmir. Belə ki, İddiaçı birgə yaşadıqları müddətdə onun və yoldaşının sözünü dinləməmiş, nikahının pozulması üçün məhkəməyə müraciət edərək boşanmış, bundan sonra 2 ay anasının evində yaşamışdır. Qayıdandan sonra o, iddiaçıya barışacağı halda evdə yaşaya bilməsini, barışmasa hansı səbəbdən bu evdə yaşayacağını demiş, bundan sonra Ceyhunə kirayə tutduğu evdə yaşamış və ona məhkəməyə müraciət edəcəyini demişdir. Onlar 2012-ci ildə deyil, 2016-cı ildən ünvan 1 köçmüşlər. O, Ceyhunənin evə köçürülməsinə razı deyildir. Belə ki, Ceyhunə onun oğlunu nahaqdan məhkəməyə vermişdir. Cavabdeh X2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh X4 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdeh X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 12.02.2014-cü il tarixli AZ-İİİ № 236779 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 05.02.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 261 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh2, anası İddiaçıdır. 1 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 15.11.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı, X4, Cavabdeh2, X3 ünvan 2 qeydiyyatdadırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı C.İ. Qasımova 2016-cı ildən etibarən himayəsində olan övladı ilə birlikdə ünvan 2 ünvanında yerləşən özbaşına inşa olunan evdə 2021-ci ilin avqust ayınadək yaşamış, ona məxsus əşyalar bu ünvanda yerləşir, həmin ünvana iddiaçı da övladı ilə birlikdə qeydiyyata alınmış, Cavabdeh2la ailə nikah münasibətləri pozulduğundan cavabdehlər onu 05.02.2014-cü il təvəllüdlü X3 ilə birlikdə yaşadığı evə buraxmamışlar. Məhkəmə qeyd edir ki, özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1.-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2.-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı özünün və övladının yeganə yaşayış sahəsi olan ünvan 2 ünvanında yerləşən, hüquq müəyyənedici sənədi olmayan tikilidə uzun müddət övladı ilə birlikdə yaşadığından, cavabdehlərin etirazlarında istinad olunan hallar iddiaçının və övladının həmin tikiliyə köçürülməmələri üçün əsas olmadığından iddia ərizəsi təmin edilməlidir. Belə ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. İddiaçı 05.02.2014-cü il təvəllüdlü X3 ilə birlikdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar