Məhkəmə qərarları › İş №2(001)-8317/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-8317/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-8317/2021 27.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə qarşı “icraata xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli 2(001)- 781/2021 saylı icra vərəqəsi üzrə icraata xitam verilməsi öhdəliyinin cavabdeh Binəqədi rayon İcra Şöbəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli, 2(001)-781/2021 saylı qətnaməsi ilə "xxxx" MMC tərəfindən “əmək müqaviləsinə xitam verilməsi haqqında” 10.08.2020-ci il tarixli, 1143-08- 20 ş/h saylı əmrin ləğv edilməsi, X1 "xxxx" MMC-nin Sumqayıt 02-04 filialında ofis meneceri vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Bununla bağlı icra vərəqəsi Binəqədi rayon rayon İcra şöbəsinin icraatına daxil olmuşdur. İcra sənədi tam icra edilmiş və bu barədə 31 avqust 2021-ci il tarixdə icra qurumuna məlumat verilmişdir. Lakin icra məmuru tərəfindən icra sənədi üzrə icraata xitam verilməmişdir.Belə ki, icra məmuru işçi ilə əmək müqaviləsinin yenidən bağlanılmadığını və bu səbəbdən icraata xitam verilməsinin qeyri-mümkün olduğunu bildirmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1-ci maddəsində icraata xitam verilməsinin əsasları sadalanmışdır. Həmin qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 87.1-ci maddəsində qeyd edilmişdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. İddia ərizəsinin mahiyyətindən görünür ki, iddiaçı məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədinin tam icra edildiyinə əsaslanaraq icra sənədi üzrə icraata xitam verilməsini tələb etmiş, icra qurumu isə icra sənədində işçinin işə bərpa olunmadığına istinad edərək icra sənədi üzrə icraata xitam verilməsinin qeyri mümkün olduğunu bildirmişdir. Bununla bağlı qeyd edilməlidir ki, məsələyə icra icraatı qaydasında baxılmalıdır. Belə ki, qanunverici qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası mərhələsində pozulmuş hüquq və azadlıqların qorunmasına, həmin aktın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən etmişdir. Eyni zamanda qanunverici icra mərhələsində pozulmuş hüquqların bərpasını icra məmurunun qərarlarından və ya hərəkətlərindən(hərəkətsizlikdən) şikayət verməklə mümkünlüyünü təsbit etmişdir. Məlum olduğu kimi məhkəməyə müraciətin müxtəlif formaları var və bunlardan biri də icra icraatıdır. Lakin hazırki müraciətdən görünür ki, məhkəməyə müraciət iddia icraatı qaydasında olmuşdur, halbuki müvafiq şikayət icra icraatı qaydasında olmalı idi. Bu səbəbdən iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi ona əlavə sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Məhkəmə eyni zamanda iddiaçının nəzərinə çatdırılmasını zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində faktiki olaraq qətnamənin nəticə hissəsində və bununla bağlı icra sənədində onun üçün qeyri-müəyyən qalan hala aydınlıq gətirilməsini xahiş edir. Belə ki, iddiaçı icra sənədi üzrə işə bərpa edilməli olan şəxsin artıq əmək müqaviləsinin müddətinin bitməsinə əsaslanmaqla, icra sənədində işə bərpa edilməli olan şəxsin işə məcburi qaydada bərpa edilməsinin onun hüquq və azadlıqlarını pozduğuna işarə edir. Yəni iddiaçı icra sənədi üzrə icraata xitam verilməsini tələb etməklə faktiki olaraq məhkəmə qətnaməsində əmək müqaviləsinin müddətinin bitməsinə baxmayaraq işçinin işə bərpa edilməsinə məcbur edilməsindən narazıdır. Odur ki iddiaçının nəzərinə çatdırılmalıdır ki, onun faktiki olaraq aydınlaşdırmaq istədiyi məsələ ilə bağlı prosessual qanunvericilik müvafiq qaydalar müəyyən etmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153-cü və 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə qarşı “icraata xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair ərizənin icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilən sənədlər rəsmi qaydada iddiaçıya təqdim edilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar