Məhkəmə qərarları › İş №2(001)-844/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-844/2021

11.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-844/2021 11.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İlk iddia üzrə İddiaçı, İlk iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə Cavabdeh2 qarşı istifadə hüququna yaradılan maneələrin aradan qaldırılması barədə qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, ev 3 ünvanında yerləşən daşınmaz əmlakın 1/3 hissəsi məxsusdur. Cavabdehlər Abi-zadə Zəhra Araz qızı və iddiaçının oğlu Cavabdeh2 2013-cü ildə nikaha daxil olublar. Hal-hazırda onların xx.xx.2013-cü il təvəllüdlü Tamerlan adlı uşaqları var. İlk 2-3 il ərzində mehriban yaşasalar da, lakin sonradan münasibətlər pisləşmişdir. Əsas problem Abi-zadə Zəhra Araz qızı ilə iddiaçını arvadı arasında yaşanırdı və iddiaçının oğlu hər zaman Zəhra Abi-zadəni dəstəkləyirdi. Cavabdehlər iddiaçıya şərt qoydular ki, Cavabdeh1 məxsus olan yeni tikili ünvan 2-də olan mənzili iddiaçı təmir etsin ki, cavabdehlər də həmin mənzilə köçüb getsinlər. İddiaçı külli miqdarda pul xərcləyib həmin mənzili təmir etdi. Təmir bitdikdən sonra cavabdehlər bildirdilər ki, fikirlərini dəyişmişlər və heç yerə köçmək istəmirlər. İlk iddia üzrə Cavabdeh2 istifadə hüququna yaradılan maneələrin aradan qaldırılması barədə qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı - İddiaçı iddiası hüquqi baxımdan əsaslı deyil və iddia tələbi təmin oluna bilməz. Belə ki, iddiaçı - İddiaçı Cavabdeh2 mübahisəli mənzildə istifadə hüququnu hansı əsasla itirmiş hesab edildiyini əsaslandırmayıb. İddia ərizəsində həqiqəti əks etdirməyən məişət problemlərini qeyd etməklə kifayətlənib. İddia ərizəsində qeyd edildiyi kimi iddiaçı və cavabdeh ata oğuldur. Cavabdeh2 1979-cu ildən (yəni doğulduğu gündən) həmin mübahisəli evdə yaşayıb, hazırda həmin evdə yaşayır və həmin ünvanda pasport qeydiyyatındadır. Onun başqa yaşayış yeri yoxdur. İlk iddia üzrə iddiaçı Cavabdeh2 mənzildən istifadə etməsinə problemlər yaradır. Belə ki, o, evin ümumi isitfadədə olan mətbəx və hamamından cavabdehlərin istifadə etməsinə imkan vermir. Həmçinin o, Cavabdeh2 (arvadı və uşaqlarının) istifadə etdiyi otağının elektrik xəttlərini kəsib və onların elektrik enerjisindən istifadə etməsinə icazə vermir. Bu hal hazırda da davam edir. Cavabdeh2 qoşuluqda yaşayan əmisinin evindən öz otağına elektrik xətti çəkməyə məcbur olub. İlk iddia üzrə iddiaçının məqsədi Cavabdeh2un mənzildən istifadəsinə problemlər yaradaraq onun mənzildən çıxarmağa nail olaraq evi ikinci həyat yoldaşı və ondan olan övladına verməkdir. İlk iddia üzrə İddiaçı qarşılıqlı iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, heç kim etiraz etmir ki, iddiaçı Cavabdeh2 bu evdə anadan olub. Burda mübahisəli məsələ ondan ibarətdir ki, özü və ikinci cavabdeh Abi-zadə Zöhrə Araz qızı özlərini vəhşi kimi aparırlar. İlk iddia üzrə iddiaçını və onun ailə üzvlərimi ələ salırlar. İlk iddia üzrə cavabdehlər heç vaxt komunal xərcləri ödəməyiblər və ödəmək istəmirlər. Ona görə də, tələbləri əsassızdır. Cavabdehlər ər və arvad istənilən vaxt ilk iddia üzrə iddiaçını zəhərləyib və yaxud öldürə bilərlər. Ona görə də, o, xahiş edir ki, onun konstitusyon hüquqları məhkəmə tərəfindən müdafiə edilsin. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı izahatında göstərdi ki, ilk iddia üzrə cavabdehlər onun oğlu və gəlinidir. Gəlini onun həyat yoldaşı ilə yola getmir, evdə çox ciddi münaqişələr yaranır və onların biryerdə yaşamaları mümkün deyil. Məsələ hətta şəxsə xəsarət yetirilməsi səviyyəsinə qədər böyümüşdür. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev (Məmmədyarov) küçəsi, ev 3 ünvanında yerləşən daşınmaz əmlaklardan biri ona məxsusudur, həmin ünvanda yerləşən digər iki ev isə qardaşlarınındır. Onun Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev (Məmmədyarov) küçəsi, ev 3 ünvanının 1/3 hissəsinə çıxarışı mövcuddur və o, həmin mülkiyyətə dair özü istədiyi kimi sərəncam verə bilər. Gəlini Abi-zadə Zöhrə Araz qızının özünə məxsus mənzili var. Həmin mənzil onun tərəfindən o şərtlə təmin etdirilmişdir ki, gəlini, oğlu və nəvəsi köçüb həmin evdə yaşayacaq. O, xarici ölkədə işləyərək evə davamlı olaraq pul göndərmiş və oğlu həmin pula gəlininə məxsus evi təmir etdirmişdir. Lakin evin təmiri bitəndən sonra həmin evə köçməkdən imtina etmişlər. O, ilk iddia üzrə cavabdehlərin otağına gedən işığı kəsməyıb, işığı “xxxx” ASC-nin nümayəndələri işıqa görə borc olduğundan kəsmişlər. Oğlu və gəlini heç vaxt ona kommunal xərclərin ödənilməsində kömək etməyiblər. Ona görə də, o, borcu ödədikdən sonra, oğlunun ailəsi ilə birlikdə yaşadığı otağa elektrik enerjisinin bərpa edilməsini təmin etməmişdir. Oğlu əmisinə məxsus evdən gələn elektrin xəttləri vasitəsilə elektrik enerjisindən istifadə edir. Cavabdeh2 mülkiyyətində hər hansı daşınmaz əmlak mövcud deyil. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, o, cavabdehlərdən yalnız birinin - Cavabdeh2 hüquqlarını müdafiə edir. Cavabdeh2 hal-hazırda kompensasiya verilmədən mübahisəli evdən istifadə hüququna xitam verilməsinə heç bir əsas yoxdur. O, mübahisəli evdə doğulub, həmin mənzildə böyüyüb və hal-hazırda da ailəsi ilə birlikdə həmin evdə yaşayır. Onun başqa yaşayış yeri yoxdur. Cavabdeh2 arvadı Abi-zadə Zöhrə Araz qızı və azyaşlı uşağı ilə birlikdə mübahisəli evin bir otağında yaşayır. İlk iddia üzrə iddiaçı onların yaşadığı otağa elektrik enerjisinin verilməsinin qarşısını almış və hal-hazırda onlar Cavabdeh2 əmisinin evindən çəkilmiş elektrik naqilləri vasitəsilə elektrik enerjisindən istifadə edirlər. Bu da onların təhlükəsizliyini risk altına qoymuş olur. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev (Məmmədyarov) küçəsi, ev 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışlarından görünür ki, Cavabdeh1 ünvan 2 ünvanında, Cavabdeh2 isə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, ev 3 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin Seriya MH 112453 saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 Abi-zadə Almas Nədirətdin qızının xüsusi mülkiyyətindədir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, o, İddiaçı ilə birlikdə xarici ölkədə işləmiş və Bakı şəhərinə gələrkən İddiaçı oğluna verilməsi üçün ona pul vermişdir. Oğlu həmin vaxt mənzilini təmir elətdirirdi və atası ona pulu təmir üçün göndərirdi. O, həmin pulu Cavabdeh2 ilə görüşüb ona vermişdir. Cavabdeh2 pulu götürəndə hər hansı qəbzə imza etməmişdir. Onlar Bakı şəhərinə qayıdandan sonra İddiaçı onu həmin təmir olunmuş mənzilə çılçıraq asması üçün çağırmış, lakin o, vaxtı olmadığına görə getməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tərəflərin iştirakı ilə baxılmış videoyazıdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 yaşadığı otaqda elektrik enerjisinin verilməsi dayandırılmış, otaqda işıq başqa evdən çəkilmiş və pəncərədən içəri keçirilmiş naqillər vasitəsi ilə yanır. Məhkəmə ilk növbədə İddiaçı iddia tələbinin Cavabdeh2 aid hissəsinə münasibət bildirməyi zəruri hesab edir. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, Cavabdeh2 doğulduğu gündən (1979-cu il) mübahisəli Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, ev 3 ünvanında yerləşən daşınmaz əmlakın atası İddiaçı məxsus olan hissəsində yaşayır və onun başqa yaşayış yeri yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci ilin sentyabr 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Hazırkı mübahisəli hüquq münasibəti 2000-ci ilədək yaranmış və ona görə də, mübahisə həmin müddətdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Həmin maddəyə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh2 hazırkı vəziyyətdə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız mülkiyyətçi tərəfindən kompensasiya təklif edilməsi yolu ilə mümkündür. Məhkəmə İddiaçı iddia tələbinin Cavabdeh1 münasibətdə olan hissəsinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından göründüyü kimi, ilk iddia üzrə iddiaçı oğlu ilə birlikdə eyni zamanda gəlini Cavabdeh1 qarşı da yaşayış sahəsindən istifadə hüququnun itirilməsi barədə tələblə məhkəməyə müraciət etmiş və ilk iddia ərizəsindən, eyni zamanda ilk iddia üzrə iddiaçının izahatından da görünür ki, onun əsas mübahisəsi sırf gəlini Cavabdeh1 ilədir. Lakin göründüyü kimi, Cavabdeh1 ümumiyyətlə mübahisəli evdən istifadə hüququ yaranmamış, yəni iddia tələbi düzgün olaraq irəli sürülməmişdir. Belə ki, Cavabdeh1 istifadə hüququnun yaranması üçün nə əvvəlki Mənzil Məcəlləsinin 123-cü maddəsində, nə hazırkı Mənzil Məcəlləsinin 30-cu maddəsində, nə də ki, hazırkı Mülki Məcəllənin 228-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud deyildir. Hər hansı hüquqa xitam verilməsi üçün əvvəlcə həmin hüququn yaranması müəyyən edilməlidir. Yaranmayan hüquqa xitam verilə bilməz. Lakin bununla yanaşı məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçının iddia tələbinin həmin hissədə cavabdehin evdən istifadə hüququnun olmaması əsası ilə rədd edilməsi müdafiəsi tələb olunan hüququn (ev üzərində ilk iddia üzrə iddiaçının mülkiyyət hüququnun) müdafiəsiz qalmasına səbəb olur. Ona görə də ilk iddia tələbinin əsası nəzərə alınmaqla Cavabdeh1 evdən istifadə hüququnun olmadığı müəyyən edilməli və hazırkı iddia mahiyyətinə görə Cavabdeh1 münasibətdə “istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə tələb” kimi qiymətləndirilməlidir. Məhkəmə, istifadə hüququnun olmadığının müəyyən edilməsini qət etməklə tələbdən kənara çıxmır, iddia qismən təmin olunmuş sayılır. Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların səmərəli müdafiəsinin vacibliyini dəfələrlə qeyd edərək bildirmişdir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” x xxxxxx 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan itsifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci bəndinə müvafiq olaraq, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə qarşılıqlı iddia ərizəsinin dəlillərinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, yaşayış sahəsindən istifadə hüququ olan Cavabdeh2 yaşadığı otağa hal-hazırda elektrik enerjisinin verilməsinin dayandırılması işin mübahisəsiz halıdır. Yəni göründüyü kimi, yaşayış sahəsindən istifadə hüququnun reallaşdırılmasına evin mülkiyyətçisi tərəfindən törədilən obyektiv maneələr mövcuddur. Halbuki, yuxarıda qeyd olunan kimi, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Beliklə, Cavabdeh2 yaşayış sahəsindən istifadə hüququ formal deyil, real olaraq təmin edilməlidir və bu hüquqa qarşı yönəlmiş hərəkətlərin edilməsi İddiaçı qadağan edilməlidir. Belə ki, Mülki Məcəllənin 158-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-ci maddəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev (Məmmədyarov) küçəsi, ev 3 ünvanında yerləşən daşınmaz əmlakın İddiaçı məxsus 1/3 hissəsinə istifadə hüququnun olmaması müəyyən edilməli, qarşılıqlı iddia tələbi isə ilk iddia tələbinin Cavabdeh2 münasibətdə rədd edilməsi və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev (Məmmədyarov) küçəsi, ev 3 ünvanında yerləşən daşınmaz əmlakın İddiaçı məxsus 1/3 hissəsindən istifadə hüququna qarşı yönəlmiş hərəkətlərin edilməsinin İddiaçı qadağan edilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İlk iddia tələbi qismən təmin edilsin. Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev (Məmmədyarov) küçəsi, ev 3 ünvanında yerləşən daşınmaz əmlakın İddiaçı məxsus 1/3 hissəsinə istifadə hüququnun olmaması müəyyən edilsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev (Məmmədyarov) küçəsi, ev 3 ünvanında yerləşən daşınmaz əmlakın İddiaçı məxsus 1/3 hissəsindən istifadə hüququna qarşı yönəlmiş hərəkətlərin edilməsi İddiaçı qadağan edilsin. Qarşılıqlı iddia tələbi cavahdehlərdən Cavabdeh1 istifadə hüququnun itirilmiş hesab edilməsi barədə ilk iddia tələbinin rədd edilməsi hissəsində təmin edilməsin. İlk və qarşılıqlı iddia ərizələrinin verilməsi üçün tərəflərin ödəmiş olduqları dövlət rüsumlarının məbləğləri onların özlərinə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar