Məhkəmə qərarları › İş №2(001)-8601/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-8601/2021

05.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-8601/2021 05.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Səlimova Səadət Rəşid qızı İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Şəmsi Rəhimov küçəsi 60 saylı evin 12 saylı mənzilinə himayəsində olan yetkinlik yaşına çatmayanlarla birlikdə istifadə hüququnun itirilməsinə və sair tələbə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb MÜƏYYƏN ETDİM İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Şəmsi Rəhimov küçəsi 60 saylı evin 12 saylı mənzilinə himayəsində olan yetkinlik yaşına çatmayanlarla birlikdə istifadə hüququnun itirilməsinə və sair tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli 2(001)-107\2021 saylı qətnaməsindən müəyyən olunur ki, iddia ərizəsi qismən təmin edilərək Bakı şəhəri Binəqədi rayonu Ş.Rəhimov küçəsi 60 saylı evin 12 saylı mənzilinin ilkin satış qiyməti 105000 manat olmaqla açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə - İddiaçı 1\3 hissə, X1 1\3 hissə, Cavabdeh 1\3 hissə olmaqla bölünməsi, məhkəmə xərclərinin Cavabdeh aid edilməsi qət edilmişdir. Capitals Auction MMC-nin 025 saylı protokolunun surətindən müəyyən olunur ki, sifarişçi Binəqədi rayon İcra və probasiya şöbəsinin 01.06.2021-ci il tarixli, 17\68-e94311- 21\12 saylı sifariş məktubu və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli 2(001)-107\2021 saylı icra vərəqəsi əsasında keçirilən hərracın qalibi alıcı İddiaçı olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 04.10.2021-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Ş.Rəhimov küçəsi 60 saylı evin 12 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İddia ərizəsindən və əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçı tərəflər arasında paylı mülkiyyətlərində olan mənzilin satılaraq əldə olunan vəsaitin paylarına uyğun bölünməsi barədə qanuni qüvvəsini alan və artıq icra edilən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli 2(001)-107\2021 saylı qətnaməsi olduğu halda yenidən iddia tələbi ilə məhkəməyə müraciət edərək mənzilə mülkiyyət hüququna xitam verilən cavabdehin himayəsində olan yetkinlik yaşına çatmayanlarla birlikdə həmin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə, mənzildən qeydiyyatdan çıxarılmalarına, bu tələbləri üzrə məhkəmə aktı icra olunanadək kommunal xidmət haqqının tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 151.1.-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə; 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya həmin yaşayış sahəsinə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Bu hal məhkəmə qətnaməsi ilə yaşayış sahəsinə özündə həmin sahəyə istifadə, sahiblik və sərəncam hüququnu ehtiva edən mülkiyyət hüquna hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24.09.2020-ci il tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktları normalarına əsasən hesab edirəm ki, iddia ərizəsi yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Eyni zamanda iddiaçıya mülkiyyətində olan mənzilə qanuni qüvvəsini alan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli 2(001)-107\2021 saylı qətnaməsinə əsasən mülkiyyət hüququna xitam verilmiş cavabdehin himayəsində olan yetkinlik yaşına çatmayanlarla birlikdə mənzildən qeydiyyatdan çıxarılmaları üçün müvafiq inzibati orqana, yəni Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə müraciət etmək, inzibati orqanın imtinası ilə qarşılaşdığı halda isə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 153.2, 153.2.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Şəmsi Rəhimov küçəsi 60 saylı evin 12 saylı mənzilinə himayəsində olan yetkinlik yaşına çatmayanlarla birlikdə istifadə hüququnun itirilməsinə və sair tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. 04.11.2021-ci il tarixli ********* saylı qəbzə əsasən ödədiyi 100 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Qərardadan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar