Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-8622/2021 17.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh, Cavabdehin nümayəndəsi-vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.09.2021-ci il təvəllüdlü X1 üçün cavabdehdən əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi həcmində alimentin, hamiləlik dövründə və uşağın doğulduğu gündən 3 (üç) yaşına qədər hər ay 200 (iki yüz) manat məbləğində pulun, həmçinin uşaq üçün ataya verilmiş müavinətin cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər 01.11.2020-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan 21.09.2021-ci il tarixdə Xatun adlı uşaqları anadan olmuşdur. Münasibətləri normal olsa da, sonrada korlanmış, cavabdeh artıq ailəsi ilə maraqlanmamağa başlamış, ailəyə heç bir maddi köməklik göstərməmişdir. Cavabdeh Sumqayıt şəhərində "xxxx" ASC-də işləməklə ayda 1500 manatdan artıq əmək haqqında və digər gəlirlərə malik olsa da uşağın saxlanılması üçün pul vermir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh idda tələbini qismən qəbul etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili N.Hüseynova məhkməyə etiraz ərizəsi təqdim edərək, iddia tələbini qismən qəbul etdiklərini, 21.09.2021-ci il təvəllüdlü X1 üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia etdiyi kimi cavabdehin əmək haqqısı 1500 manat deyil, 750 manatdır. Bundan başqa cavabdehin "xxxx" ASC-yə 2694,47 manat aktiv borcu mövcuddur. Həmçinin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, 2-ci bina, 1-ci blok, 17-ci mərtəbə, 134 nömrəli mənzillə bağlı "xxxx" ASC-yə olan borcunu ödəyə bilmədiyindən bank mənzil kreditinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. Bundan əlavə cavabdehin himayəsində yaşlı və xəstə ata-anasının olmasını nəzərə almaqla tələbin qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 12.10.2021-ci il tarixli məktubundan müəyyən edilir ki, 21.09.2021-ci il təvəllüdlü X5 anadan olmasına görə birdəfəlik müavinətlə bağlı avtomatlaşdırılmış qaydada təyinat aparılmış və filial tərəfindən 05 oktyabr 2021-ci il tarixdə uşağın atası Cavabdeh adına 200 manat məbləğində müavinət ödənilmişdir. - "xxxx" MTK-nin 10.07.2021-ci il tarixli 01 nömrəli arayışından görünür ki, Hacıyeva (Muradova) Xanım Seyfəddin qızı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə ünvanında tikilmiş olan yaşayış binalarının 2-ci bina, 1-ci blok, 17-ci mərtəbə, 134 saylı mənzildə qeydiyyatsız olaraq yaşayır. - nikah və doğum haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh ilə X4 01.11.2020ci il tarixdə 3 saylı Bakı “Asan Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsində 2260 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar və bu nikahdan 21.09.2021-ci il təvəllüdlü X7 anadan olmuşdur. - "xxxx" MTK-nin 03.09.2019-cu il tarixli 01 nömrəli məktubuna əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə ünvanında tikilməkdə olan yaşayış binalarının 2-ci binasında, 1-ci blok, 17-ci mərtəbə, 134 saylı, 2 otaqlı 69.4 m2 olan mənzilini ümumi dəyəri 72.227 manat, ilkin ödəniş 28.894 manat olmaqla Cavabdeh satılmışdır. - Elektron Məhkəmə Portalında əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh "xxxx" ASC-də mühasib vəzifəsində çalışır və aylıq əmək haqqısı 950 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borcu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 76.2ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Məhkəmə həmçinin alimentin tutulma miqdarını araşdıraraq hesab edir ki, tərəflərin birgə nikahlarından 1(bir) uşağının olmasını və həmin uşağın iddiaçının yanında qalmasını nəzərə alaraq, Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda, onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, iddia ərizəsi 05.11.2021-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 05.11.2021-ci il tarixdən tutulmalıdır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməli, 21.09.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməlidir. Həmçinin məhkəmə İddiaçı hazırda maddi vəziyyətinin ağır olmasını, uşağının körpə olduğuna görə heç yerdə işləməməsini nəzərə alaraq, 21.09.2021-ci il təvəllüdlü X5 3 (üç) yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 50 manat məbləğində pulun tutulmasını məqsədəmüvafiq hesab edir. Belə ki, Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda ümumi uşaqların doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Həmçinin məhkəmə hesab edir ki, 21.09.2021-ci təvəllüdlü X6 (AZ-İV seriyalı, 655143 nömrəli doğum haqqında şəhadətnamə) aid uşağın anadan olmasına görə birdəfəlik müavinətlə bağlı avtomatlaşdırılmış qaydada təyinatı aparılmış və uşağın atası, Cavabdeh adına ödənilmiş 200 manat məbləğində müavinət cavabdehdən tutularaq iddiaçı İddiaçı ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 21.09.2021-ci təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment və uşaq 3 (üç) yaşına çatanadək anası İddiaçı üçün hər ay 50 manat məbləğində pul, həmçinin uşağın anadan olmasına görə cavabdehin adına ödənilmiş birdəfəlik müavinətin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı X6 ödənilməlidir. Məhkəmə qeyd edir ki, AR Mülki Prosessual Məcəlləsinin 112.1.3,119.2 və "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrinə əsasən 50 (əlli) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 21.09.2021-ci təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment və uşaq 3 (üç) yaşına çatanadək anası İddiaçı üçün hər ay 50 (əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. 21.09.2021-ci təvəllüdlü X6 aid uşağın anadan olmasına görə cavabdehin adına ödənilmiş birdəfəlik müavinətin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin hesablanması 05.11.2021-ci il tarixdən başlanılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 50 (əlli) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-8622/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-8622/2021
17.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver