Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-863/2021 18.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, dalan 2 ünvanında yerləşən 5 nömrəli fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, xx xxxxxx 1979-cu il tarixdə Mövsümov Vaqif Şəfaqət oğlu ilə rəsmi nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonda o, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, dalan 2 ünvanında yerləşən 5 nömrəli (keçmiş Kirov qəsəbəsi, Kamo küçəsi, ev 16) evə köçmüş, 1979-cu ildən 1986-cı ilədək fasiləsiz olaraq həmin evdə yaşamışdır. 1986-cı ildə Yeni Günəşli qəsəbəsində mənzil almış və ailə üzvləri ilə birlikdə 2011-ci ilin noyabr ayınadək orada yaşamışlar. 2011-ci ilin iyun ayında əri vəfat etmiş, bundan sonra o, Günəşli qəsəbəsində özünə məxsus evi satmış, satışdan əldə olunan 30000 manat pulu oğluna, yəni cavabdehə ev tikmək üçün vermişdir. Cavabdeh həmin pulla mərhum qayınatası Mövsümov (Maqsudov) Şəfaqət Qasım oğluna məxsus olan, Bakı şəhəri, Bİnəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, dalan 2 ünvanıdna yerləşən 5 nömrəli ünvanda torpaq sahəsində ev tikmişdir. Evin tikintisi zamanı, başqa daimi yaşayış yeri olmadığından o Biləcəri qəsəbəsində müvəqqəti kirayədə qalmışdır. Evin tikilişi qurtardıqdan sonra cavabdeh öz ailə üzvləri ilə birlikdə həmin evə köçmüşdür. Bir müddət sonra yəni 2020-ci ilin mart ayının 1-də o cavabdehin razılığı ilə həmin evə köçmüş və cavabdehin ailəsi ilə birlikdə yaşamağa başlamış, özünə məxsus bütün şəxsi əşyaları, avadalıqları həmin evə aparmışdır. Həmin ilin 14 aprel tarixində cavabdeh ona hər ay 200 manat kirayə pulu, həmçinin ərzaqla təmin edəcəyinə dair vəd verərək kirayə köçməsini istəmiş, o, cavabdehə inanaraq kirayə evə köçmüşdür. Lakin, həmin vaxtdan cavabdeh ona heç bir maddi köməklik göstərməmişdir. İddia tələbində göstərilən ev onun pulu ilə tikilməsinə baxmayraq, cavabdeh qanunsuz olaraq neçə ildir ki, onu həmin evə buraxmır. Buna görə də, o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməni öncədən xəbərdar etmədiyindən qanunvericiliyin tələbləri nəzərə alınmaqla məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə ilk növbədə nəzərə alır ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evə köçürülmə tələbinə dairdir. Ona görə də, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Məhkəmə qeyd edir ki, ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İddiaçının izahatından məlum olur ki, iddia tələbində göstərilən fərdi yaşayış evi 2011-ci ildən sonrakı dövrdə inşa edilmişdir. Buna görə də, hazırki mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələri tətbiq olunmalıdır. Həmin maddələrə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu müddəa hazırkı işdə tətbiq edilə bilməz. İddiaçı özbaşına tikinti obyektindən qanunsuz məhrum edilməyib, o, özünün də iddiada qeyd etdiyi kimi 2011-ci ildən həmin obyekti könüllü surətdə tərk edərək başqa evə köçüb. İddiaçının həmin ildə Yeni Günəşli qəsəbəsində yaşadıqları evi satmaları iddiaçıya əsas vermir ki, əvvəllər yaşadığı özbaşına tikinti obyektinə köçürülməsini tələb etsin. Əgər həmin ev iddiaçının iradəsinə zidd olaraq satılıbsa və ya digər bu kimi hallar baş veribsə, iddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və evin geri qaytarılmasını tələb edə bilər. Həmçinin nəzərə alınmalıdır ki, evin həqiqətən satılaraq əldə edilən pulun hazıra mübahisəli evin tikilməsinə verilməsi barədə heç bir sübut məhkəməyə təqdim edilməyib. Özbaşına tikinti obyektinin kimin vəsaiti hesabına və kimin tərəfindən tikilməsinin hazırkı işin düzgün həlli üçün əhəmiyyəti yoxdur. Hər bir halda tərəflərin arasındakı münasibətə Mülki Məcəllənin 180.2-ci maddəsi tətbiq edilməlidir. Hətta özbaşına tikinti obyekti iddiaçı və onun əri tərəfindən tikilmiş olsa da 180.2-ci maddənin tələbi baxımından iddia əsassızdır. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia rədd edilməli, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürmə barədə iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-863/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-863/2021
18.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver