Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-871/2023 27.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində 1 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi cəlb edilməklə) şəxsin ölmüş elan edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində doğulmuş X5 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun oğlu X8 xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuşdur. 2012-ci ildə nikaha daxil olmuşdur və 1 oğlu var. S.Hüseynov 2014-ci ilin iyun ayında qanunsuz silahlı birləşmələrin tərkibində iştirak üçün Suriyaya getmişdir. O, həmin vaxt onun sərhədi keçməsinə mane olmaq üçün polisə və Dövlət Təhlükəsizlik Xidmətinə ərizə ilə müraciət etmişdir. Lakin, müraciətinə baxılmamış və oğlu ölkə sərhədlərini tərk etmişdir. Həmin vaxtdan oğlu barəsində heç bir məlumat ala bilməmişdir. Artıq 5 ildən çox vaxt keçmişdir. Hər gün Suriyada baş verən dəhşətli hadisələr barədə xəbərlər eşidilir. Onun sağ olmasına ümidi itib. 2017-ci ildə Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşlığın itirilməsinə dair ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Səbuhi Hüseynovun Azərbaycan Respublikası vətəndaşlığı itirilmiş hesab edilmişdir. Onun oğlunun mülkiyyətində ünvan 1 ünvanında yerləşən 13 saylı mənzil var. O vərəsəlik işinin açılması üçün notariat kontora müraciət etmişdir. Lakin oradan ona bildirilib ki, ölüm haqqında şəhadətnaməni təqdim etməlidir. Eyni zamanda, nəvəsinin 8 yaşı var, məktəbə gedir, valideyni barəsində sənəd tələb olunur. Lakin, ölüm şəhadətnaməsi ala bilmir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlib. Dövlət Sərhəd Xidmətinə verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, X3 dəfə ölkə sərhəddindən xx.xx.2014-cü il tarixində çıxıb. Dövlət Təhlükəsizlik Xidmətinə verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, X8 2012-2016-cı illərdə Suriya və İraqda qanunsuz qanunsuz silahlı birləşmələrin tərkibində iştirak edib. Ərizəçi də ən son 2016-cı ildə oğlundan xəbər almışdır. Sonradan oradan onunla əlaqə saxlanılan telefon nümrəsi artıq oğlunun öldüyünü bildirmişdir. Ərizəçi 2016-cı ildən dövlət qurumlarına müraciət edərək oğlunun itkin düşdüyünü bildirmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ünvanlanmış məktublarında mülki işə onların iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: XVİ-ЖГ 489243 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü X5 atası X9, anası isə Ərizəçi Abdurahman qızıdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 1, mənzil 13 xüsusi mülkiyyət kimi xx.xx.2010-cu il tarixdə X5 adına qeydiyyatdan keçmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)- 12206/2017 saylı qətnaməsinin surətindən görünür ki, ərizənin təmin edilməsi, maraqlı şəxs X5 (doğulduğu tarix xx.xx.1990-cı il, doğulduğu yer Bakı şəhəri, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi 4L9EZTA, seriya və nömrəsi AZE ********) Azərbaycan Respublikasının vətəndaşılığının itirilmiş hesab edilməsi qət edilmişdir. Həmin qətnamədə ərizə onunla əsaslandırılmışdır ki, “X5 ölkə hüdudlarından kənarda dini ekstremist fəaliyyətdə iştirak etməsi məlum olmuş və bu barədə tərtib edilmiş material şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraat aparılması üçün xx.xx.2017-cı tarixli, 23/5-2765 nömrəli məktubla Dövlət Miqrasiya Xidmətinə göndərilmişdir. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 61 nəfər Azərbaycan Respublikası vətəndaşının, o cümlədən X5 2012-2016-cı illər ərzində qeyri-qanuni yolllarla Suriya Ərəb Respublikası və İraq Respublikasına gedərək həmin ölkələrin ərazisində ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış “İŞİD” (hazırkı adı İD") və “Cəbhət ən-Nusra" adlı cinayətkar birliklərin (terror təşkilatlarının) tərkibinə daxil olub həmin ölkələrin ərazisində aparılan silahlı münaqişələrdə və terror fəaliyyətlərində iştirak etmələri müəyyən edilmişdir... " Qeyd olunan halların iş materialları ilə təsdiq edilməsi qətnamədə göstərilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)- 6611/2017 saylı qətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddianın təmin edilməsi, iddiaçı X10 ilə cavabdeh X8 arasında xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 851 nömrə ilə qeyd edilməklə bağlanmış nikahın pozulması, boşanmadan sonra tərəflərin birgə nikahlarından olan yetkinlik yaşma çatmayan uşaq, xx.xx.2013-cü il təvəllüdlü X11 anası X7 yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, cavabdeh X8 məhkəmə iclasında iştirak etməmişdir. AZ-İ 283983 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 ilə X10 arasında olan nikah xx.xx.2018-ci il tarixdə ləğv edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X2 dəfə dövlət sərhədindən hərəkəti xx.xx.2014-cü il tarixdə Gürcüstana çıxış istiqamətində olmuşdur. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqında qərarından görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsi 12 mənzil 90-da yaşayan vətəndaş Ərizəçi Binəqədi RPİ 5-ci PB-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.1990-cı il təvəllüdlü oğlu X8 xx.xx.2014-cü il tarixdə ünvan 2 ünvandan çıxaraq bir daha geri qayıtmamışdır. Oğlunun tapılmasında köməklik edilməsini xahiş etmişdir. Təhqiqat zamanı Səbuhi Allahverdi oğlunun itkin düşməsi ilə əlaqədar Bakı şəhərin bütün RPİ-yə və PB-yə telefonoqramma verilmiş, Bakı şəhərinin bütün xəstəxanalara, Mərkəzi meyidxanaya, respublikanın hüdudlarını tərk edib etməməsi barədə DİN-nin BƏSİİ-nə sorğular göndərilmiş, polis bölməsinə tapşırıq verilmişdir. Beləliklə aparılmış araşdırma zamanı itkin düşmüş xx.xx.1990-cı il təvəllüdlü, ünvan 3 ünvanda yaşayan oğlu X5 yerini müəyyən etmək mümkün olmamışdır. Belə olan halda toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işi başlanmasının rədd edilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci X15 Mətanət Abdurahman qızına ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, onun müraciəti ilə əlaqədar Binəqədi RPİ-nin 5-ci PB-də araşdırma aparılmış və faktla bağlı toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1 və 212-ci maddələrinə əsasən, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qəbul edilmiş qərarın surəti ona göndərilərək qərarla razı olmadığı halda Azərbaycan Respublikası CPM-nin 212.3-cü maddəsinə müvafiq olaraq, ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət vermək hüququnun olduğu izah edilmişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, mövcud məlumatlara görə, xx.xx.1990-cı il təvəllüdlü X8 2012- 2016-cı illərdə Suriya və İraqda qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmişdir. Keçən müddət ərzində S.Hüseynovun ölməsi barədə hər hansı rəsmi məlumat daxil olmamışdır. 1 saylı Bakı “Asan-xidmət” mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə, ölüm haqqında feldşer arayışı) ilə təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə tərəfindən şöbələrinə təqdim ediİmədiyi üçün ərizələrinin təmin edilməsi imkan xaricindədir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin məhkəmənin sorğusuna ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü X5 balanslarında olan qəbiristanlıqlarda, o cümlədən qəbiristanlığın “kimsəsizlər” sektorunda dəfn olunub-olunmaması barədə onlarda heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmənin sorğusuna ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində müraciətdə qeyd edilən X5 iştirakı ilə aparılan hər hansı notariat hərəkəti aşkar olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətandaşlıq Vəziyyətli Aktlarının Reyestri Xidmətinin məhkəmənin sorğusuna ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X8 barəsində tərtib olunmuş vətəndaşlıq vəziyyəti akt qeydləri haqqında məlumatların istənilməsi ilə bağlı müraciətə baxılmış və müraciətlə əlaqədar “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri Allahverdi Hüseynov və Ərizəçi olan xx.xx.1990-cı il təvəllüdlü Səbuhi Hüseynovun doğumunun xx.xx.1990-cı ildə Binəqədi rayon qeydiyyat şöbəsində qeydə alındığı məlum olmuşdur. Eyni zamanda qeyd edir ki, Səbuhi Hüseynovun xx.xx.1988-ci il təvəllüdlü Gülməmmədova (Hüseynova) Olesya Yaramət qızı ilə nikahının xx.xx.2012-ci ildə, bu nikahın pozulmasının isə xx.xx.2018-ci ildə, həmçinin həmin nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X12 doğumunun xx.xx.2013-cü ildə adıçəkilən qeydiyyat şöbəsində qeydə alındığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X16” X19 məhkəmənin sorğusuna ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 1990-cı il təvəllüdlü X8 xx.xx.2014-cü il tarixdən bu günə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X16” phş-nin Bakı şəhərinin rayon, Sumqayıt şəhər və Abşeron rayon şöbələrində meyitlərin qeydiyyat kitabından qeydiyyatdan keçməmişdir. Əlavə olaraq bildirilmişdir ki, axtarılan şəxslərə məxsus meyitlərin identifıkasiyasının aparılması üçün qeyd edilən şəxslərin bədəni üzərində olan hər-hansı fərdi əlamətlər (xallar, çapıqlar, döymələr və s.) barəsində Birliyin digər şəhər və rayon şöbələrinə (Birliyin 70-ə yaxın şöbəsində meyitlərin məhkəmə-tibbi müayinəsi aparılır) yazılı məlumatlar göndərilməli və həmin şəxslərin fotoşəkli təqdim olunmalıdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin məhkəmənin sorğusuna ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X5 dövlət sərhədindən hərəkətləri aşağıdakı kimi olmuşdur: xx.xx.2014, saat 00:13 çıxış – Rusiya, xx.xx.2014, saat 00:18 giriş – Rusiya, xx.xx.2014, saat 21:20 çıxış – Gürcüstan. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəmənin sorğusuna ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X8 barədə nazirliyin elektron informasiya sisteminin sosial ödəniş (pensiya, sosial müavinət, təqaüd) alan şəxslərə dair informasiya bazalarında məlumat aşkarlanmamışdır. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin məhkəmənin sorğusuna ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü X5 itkin düşməsi ilə əlaqədar Binəqədi RPİ-yə müraciət daxil olmamış, 1990-cı il tarixdən hazırki vaxta qədər barəsində heç bir axtarış elan olunmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Maddə 41. Fiziki şəxsin ölmüş elan edilməsi 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 41.4. Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər 305.1.2 məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Maddə 313. Ərizənin məzmunu Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Maddə 315. Məhkəmənin ərizə üzrə qətnaməsi 315.2. Şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Göründüyü kimi, Mülki Məcəllənin 41.1. maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Göründüyü kimi, şəxsin ölmüş elan edilməsi üçün müvafiq norma iki müstəqil əsas nəzərdə tutmuşdur. O cümlədən, “şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa” və “o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa”. Hər iki əsasla məhkəmə şəxsi ölmüş elan etməkdə haqlıdır. Beləliklə, iş materiallarından müəyyən olunur ki, X8 xx.xx.1990-cı il tarixdə anadan olmuş, atası X9, anası isə Ərizəçi Abdurahman qızıdır. xx.xx.2010-cu il tarixdə Bakı şəhəri, ünvan 1, mənzil 13 xüsusi mülkiyyət kimi X5 adına qeydiyyatdan keçmişdir. xx.xx.2012-ci il tarixdə X1 (Hüseynova) Olesya Yaramət qızı ilə nikaha daxil olmuş və həmin nikahdan xx.xx.2013-cü il təvəllüdlü X17 anadan olmuşdur. Daha sonra müəyyən olundu ki, X8 dövlət sərhədini tərk edərək xx.xx.2014-cü il, saat 00:13-də Rusiyaya çıxış etmiş, xx.xx.2014-cü il, saat 00:18-də Rusiyaya giriş etmiş, xx.xx.2014-cü il, saat 21:20-də Gürcüstana çıxış etmişdir. Göstərilən hərəkətlərdən sonra X5 hər hansı ölkəyə giriş-çıxışı rəsmi olaraq qeydə alınmamışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, X5 Azərbaycan Respublikasının vətəndaşılığının itirilmiş hesab edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2017-ci il tarixli, 2(001)-12206/2017 saylı qətnaməsi ilə maraqlı şəxs X5 Azərbaycan Respublikasının vətəndaşılığının itirilmiş hesab edilməsi qət edilmişdir. Bundan sonra X10 Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, X8 ilə nikahınının pozulması və uşağın onun himayəsində saxlanması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və məhkəmənin xx.xx.2017-ci il tarixli, 2(001)- 6611/2017 saylı qətnaməsi ilə iddiası təmin edilmişdir. Həmin məhkəmə proseslərində X8 məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin məktubundan müəyyən olunur ki, xx.xx.1990-cı il təvəllüdlü X8 2012-2016-cı illərdə Suriya və İraqda qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmişdir. Keçən müddət ərzində S.Hüseynovun ölməsi barədə hər hansı rəsmi məlumat daxil olmamışdır. Bundan əlavə, dövlət qurumlarının məhkəmənin sorğularına cavab olaraq verdiyi məlumatlardan müəyyən edildi ki, Ərizəçi Binəqədi RPİ 5-ci PB-yə ərizə ilə müraciətinə əsasən bölmədə təhqiqat aparılmış və təhqiqat zamanı Səbuhi Allahverdi oğlunun itkin düşməsi ilə əlaqədar Bakı şəhərin bütün RPİ-yə və PB-yə telefonoqramma verilmiş, Bakı şəhərinin bütün xəstəxanalara, Mərkəzi meyidxanaya, respublikanın hüdudlarını tərk edib etməməsi barədə DİN-nin BƏSİİ-nə sorğular göndərilmiş, polis bölməsinə tapşırıq verilmişdir. Beləliklə aparılmış araşdırma zamanı itkin düşmüş xx.xx.1990-cı il təvəllüdlü, ünvan 3 ünvanda yaşayan oğlu X5 yerini müəyyən etmək mümkün olmamışdır. Belə olan halda toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işi başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmçinin, X5 qəbiristanlıqlarda, o cümlədən qəbristanlığın “kimsəsizlər” sektorunda dəfn olunub-olunmaması barədə, habelə onun iştirakı ilə aparılan hər hansı notariat hərəkəti, onun barəsində elektron informasiya sisteminin sosial ödəniş (pensiya, sosial müavinət, təqaüd) alan şəxslərə dair informasiya bazalarında hər hansı məlumat aşkarlanmamışdır. X8 xx.xx.2014-cü il tarixdən bu günə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X16” phş-nin Bakı şəhərinin rayon, Sumqayıt şəhər və Abşeron rayon şöbələrində meyitlərin qeydiyyat kitabından qeydiyyatdan keçməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə şəxsin ölmüş elan olunması üçün onun əvvəlcə itkin düşmüş sayılması tələb edilməsə də, buna marağı olan şəxsin qabaqcadan hüquq-mühafizə orqanlarına müraciət etməsi, şəxsin olduğu yerin müəyyən olunması üçün tədbirlərin görülməsinin göstəricisi kimi qiymətləndirilə bilər. Hazırki işdə də ərizəçi tərəfindən belə tədbirlər görülmüşdür. Beləliklə məhkəmə, yuxarıda müəyyən edilmiş halları nəzərə alaraq belə qənaətə gəlir ki, ərizəçinin oğlunun ölmüş elan edilməsinə əsas verən kifayət qədər sübutlar məhkəməyə təqdim edildiyindən, ərizə təmin edilməlidir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1990-cı il təvəllüdlü X8 ölmüş elan edilsin. Hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün xx.xx.1990-cı il təvəllüdlü X5 ölüm günü sayılsın. Hazırkı qətnamə X5 adına ölüm haqqında akt qeydinin tərtib edilərək bu barədə şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-871/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-871/2023
27.04.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver