Məhkəmə qərarları › İş №2(001)-875/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-875/2024

22.02.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-875/2024 22.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi və məcburi boşdayanmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən, iddiaçı Cavabdeh MMC-də direktor vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək məcburi boşdayanma üçün ödənilməyən əmək haqqının 2/3 hissəsi olan 3675 manat pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdən Cavabdeh MMC-də direktor vəzifəsində çalışır. 2023-cü ilin mart ayından Cavabdeh MMC-nin direktoru X4 iddiaçının barəsində şər-böhtan xarakterli məlumatlar yaydığı üçün münasibətləri kəskinləşmiş, xx.xx.2023-cü il tarixdə iddiaçı müəssisəyə işə gedərkən A.Ələkbərov ona şər-böhtan ataraq guya müəssisəyə aid olan pulu mənimsədiyini iddia edərək onu əmək funksiyalarının icrasına buraxmaqdan imtina etmişdir. Bundan sonra müəssisənin direktoru iddiaçı barəsində əsassız olaraq Dövlət Təhlükəsizlik Xidmətinə guya müəssisəyə aid pulu mənimsədiyini iddia edərək ərizə ilə müraciət etmiş, lakin həmin müraciətin hər hansı nəticəsi olmamasına baxmayaraq, yenə də əmək funksiyasının icrasına buraxılmamış və bu günə qədər əsassız olaraq əmək haqqı ödənilməmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsinə xitam verilməsi üçün iddiaçı müəssisə direktoruna yazılı ərizə ilə müraciət etmiş, buna baxmayaraq, heç bir əsas olmadan onun əmək müqaviləsinə xitam verilməmiş, yaranmış mübahisə ilə bağlı müəssisədə eyni zamanda faktiki olaraq kadr üzrə mütəxəssis vəzifəsini icra edən mühasib Sevinc adlı qadın whatsapp vasitəsilə ona məxsus (055 578 22 88) mobil nömrəsinə məlumat verərək əmək müqaviləsinə hansı səbəbə görə xitam verilmədiyini bildirmiş, cavab olaraq iddiaçı barədə işin getdiyini və belə hallarda əmək müqaviləsinə xitam verilməsinin mümkünsüz olduğunu nəzərə çatdırmışdır. Əmək müqaviləsinə xitam verilməməsi ilə bağlı X5 yazılı ərizə ilə xx.xx.2023-cü il tarixdə müraciət etsə də, bu günə qədər şikayət ərizəsi hələ də cavablandırılmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirib, izahatında göstərdi ki, əmək müqaviləsinə bir ay müddətinə xitam verilməli idi, lakin cavabdeh tərəfindən hələ də əmək müqaviləsinə xitam verilməmişdir. Sonda məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, iddiaçı israr edir ki. Cavabdeh iddiaçını işə buraxmır. Lakin cavabdeh tərəf bildirir ki, iddiaçı tərəf işə gəlib təhvil-təslim etsin, ondan sonra əmək müqaviləsinə xitam veriləcəkdir, iddiaçı isə müxtəlif bəhanələr gətirərək özü işə getmir, iddiaçının işdən çıxma barədə ərizəsi yoxdur ki, əmri də verilə. Sonda məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh MMC-nin direktoru X3 məhkəməyə ünvanlandığı yazılı etirazında bildirmişdir ki, iddiaçı MMC-nin adından pul köçürmək üçün ona etibarnamə vermişdir, o, ölkədə olmayan vaxt müəssisənin hesabından pul köçürə bilsin. Nərmin də bundan suiistifadə etmiş, öz mənafeyi üçün MMC-nin pullarını Çin Respublikasında müəssisə ilə işləyən şirkətə pul köçürüb, tanışı Fuadın adına olan mağazaya mal gətizdirmişdir. Bunun müqabilində onun müəssisəsinə mallar mədaxil edilməmişdir. Onun müəssisəsi ilə işləyən, Çində olan şirkətdə işləyən Laqa adlı qadınla oa mesajla yazışmalarında, Nərmin özünə mağaza açmaq istədiyini, ancaq bundan sonra onun xəbəri olmamasını yazmışdır. Çinli Laqa adlı xanım da Nərminə narahat olmamasını bildirməsi barədə mesajları əldə edib, tərcümə etdirmişdir. İddiaçı işdən çıxamq istədikdə ona Cavabdeh MMC-nin maddi məsul şəxsi olduğunu, öz işi ilə əlaqədar təhvil-təslim etməyi ona demiş, lakin Nərmin onun göstərdiklərini, yəni işi ilə əlaqədar hesabat verilməsini və təhvil-təslim etməyi yerinə yetirməmişdir. Bununla əlaqədar aidiyyatı hüquq-mühafizə orqanlarına müraciət etmişdir ki, ona məxsus olan Cavabdeh MMC-nin pullarını və mallarını mənimsəyən Ələsgərzadə barəsində barəsində qanuni tədbirlər görsünlər. İş materiallarında olan: - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmışdır, vəzifəsi icraçı direktor olmuşdur. - Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı müraciətləri əsasında araşdırma aparılmış və Cavabdeh MMC-nin işəgötürəni barəsində İXM-nin 192.4-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında MN ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 35. İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 9. (1-ci hissə) Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: a) sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq; b) əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək. d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq. Maddə 10. (1-ci hissə) Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Maddə 11. (1-ci hissə) Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək. Maddə 12. (1-ci hissə) Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq. Maddə 42 (1-ci hissə). Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Maddə 46 (1-ci hissə) Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Maddə 68. 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 69. (1-ci hissə) İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. (2-ci hissə) Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. (5-ci hissə) İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Maddə 146. (2-ci hissə) İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Maddə 169. 1. Boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. 2. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Təqdim edilmiş iddia tələbi iki hissəsdən ibarətdir: - İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması; - xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək məcburi boşdayanma üçün ödənilməyən əmək haqqının 2/3 hissəsi olan 3675 manat pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi. Tələbin “xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması” hissəsi ilə bağlı məhkəmə aşağıdakıları əsasən iddiaçının dəlillərini əsaslı hesab edir. Belə ki, işin müəyyən edilmiş hallarına görə iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən, iddiaçı “direktor müavini” vəzifəsinə işə götürülmüşdür. Sonradan Cavabdeh MMC-nin sonuncu əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etmişdir. İddia ərizəsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsinə xitam verilməsi üçün iddiaçı müəssisə direktoruna yazılı ərizə ilə müraciət edildiyi qeyd olunsada bunu təsdiq edən sübut təqdim edilməmişdir, lakin iş materialları ilə təsdiq olunur ki, iddiaçı sosial şəbəkələr vasitəsi ilə cavabdehə, eyni zamanda X8 Xidmətinə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət edərək, iradə ifadəsini açıq bəyan etsə də cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Qeyd olunmalıdır ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müraciətindən cavabdehin xəbərdar olması mübahisələndirilmir, bu halı o öz etirazında da təsdiq etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iradəsinə zidd olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verməmək əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən şəxslə əmək müqaviləsi bağlamağa məcbur edilmə kimi qəbul oluna bilər. Bu isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin yuxarıda qeyd olunan tələblərinin pozulması ilə nəticələnir. Digər tərəfdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 2ci hissəsinin dispozisiya şərtlərində ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququnun olması və bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borclu olduğu imperativ qaydada müəyyən edilmişdir. Cavabdehin “İddiaçı Cavabdeh MMC-nin maddi məsul şəxsi olduğunu, öz işi ilə əlaqədar təhvil-təslim etmədiyini, işi ilə əlaqədar hesabat verilməsini və təhvil-təslim etməyi yerinə yetirmədiyi”nə dair dəlilini məhkəmə əsaslı saymır. Birincisi iddiaçının maddi məsul şəxsi olması onu əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək hüququndan məhrum etmir, cavabdehin isə qanunla müəyyən edilmiş qaydada və əsaslarla əmək müqaviləsini ləğv etmək vəzifəsidir. İkincisi cavabdeh ona ddiaçı tərəfindən ziyan vurduğunu ehtimal edirsə məsələni Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən olunmuş işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyəti və onun həlli qaydalarına uyğun həll etmək hüququ mövcuddur. Göründüyü kimi qeyd olunan əsasla cavabdehin əmək müqaviləsini ləğv etməkdən imtina etməsi əsassızdır. Tələbin “xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək məcburi boşdayanma üçün ödənilməyən əmək haqqının 2/3 hissəsi olan 3675 manat pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi” hissəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iddiaçı tələbini cavabdeh tərəfindən onun əmək funksiyasının icrasına buraxılmadığı və əsassız olaraq əmək haqqını ödəmədiyi ilə əsaslandırmışdır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Lakin məhkəmə araşdırılması ilə iddiaçının yuxarıda qeyd olunan bu dəlili öz təsdiqini tapmamışdır. Əksinə iş üzrə müəyyən edilir ki, cavabdeh iddiaçının maddi məsul şəxs olduğunu və bununla əlaqədar təhvil-təslim işlərinin aparılması zərurəti ilə bağlı onun işə buraxmamasında maraqlı olması ağlabatan görünmür. Bununla yanaşı iddiaçının bu tələbi Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş boşdayanma qaydasında əməkhaqqı ödənilməsinə əsas vermir. Belə ki, iddiaçının işdən kənar edilməsi, onun işə buraxılmaması öz təsdiqini tapmamqla yanaşı, işəgötürənin təqsiri üzündən də müəssisədə işin dayandırılması sübuta yetmir. İddiaçının öz mülahizəsinə uyğun əmək müasibətlərini davam etdirməkdən imtina edərək işə çıxmaması boşdayanma vaxtı əməyin ödənilməsi kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə tələbin “xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək məcburi boşdayanma üçün ödənilməyən əmək haqqının 2/3 hissəsi olan 3675 manat pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi” hissəsini əsaslı hesab etmir. Beləliklə, məhkəmənin qənaətinə görə iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmal, iddia qalan hissədə təmin olunmamalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi və məcburi boşdayanmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar