Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-886/2025 10.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı Şəhər İdarəsi cəlb edilməklə) “əmək müqaviləsinə xitam verilməsi və məlumatların “əmək və məşğulluq” altsisteminə daxil edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı Şəhər İdarəsi cəlb edilməklə) “əmək müqaviləsinə xitam verilməsi və məlumatların “əmək və məşğulluq” altsisteminə daxil edilməsi” tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə arasında bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş informasiya sisteminə daxil edilməsi hüququnun X1 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2015-ci ilin aprel ayından 2015-ci ilin iyun ayınadək Cavabdeh MMC-də xidmətçi işləmişdir. 2015-ci ilin iyun ayından işdən çıxsa da, barəsində olan əmək müqaviləsi ləğv edilməsi ilə bağlı bildiriş “Əmək və məşöulluq” altsisteminə daxil edilməmişdir. O, bununla bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı Şəhər İdarəsinə ərizə ilə müraciət etsə də, Cavabdeh MMC tərəfindən müvafiq sənədlərin təqdim edilməməsi səbəbindən müraciətinə baxılmamış və ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Daha öncə Gəncə İnzibati Məhkəməsinə müraciət etsə də, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(1140)-4027/2024 saylı qərardadı ilə tələbin ümumi məhkəməyə aid olmasına görə iddiası mümkün sayılmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edir ki, hazırda “Əmək və məşğulluq” altsistemində onun adına əmək müqaviləsi göründüyündən o, özünə iş yeri tapa bilmir. İşsiz kimi qeydiyyata düşə bilmir. Bununla da, onun hüquqları pozulur. O, Konstitusiya ilə təsbir edilmiş hüquqlarından istifadə edə bilmir. Cavabdeh MMC-də işləməyi barədə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış Əmək müqaviləsinə xitam verilməyəcəyi və məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil ediləcəyi təqdirdə o, bundan sonra özünə yeni iş yeri tapa biləcək və bununla da onun sosial rifahi yaxşılaşmış olacaqdır. Lakin hazırda həmin müqaviləs qüvvədə olduğu üçün o, özünə yeni iş tapa bilmir və uzun müddətdir işləmədiyi üçün maddi vəziyyəti daha əlverişsiz haıa düşmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onların nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhəri idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron İnformasiya Sisteminin “Əmək və məşğulluq” altsisteminə baxış keçirilərkən İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsi bildirişlərinin qüvvədə olduğu məlum olmuşdur. Nəzərə çatdırılmışdır ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırıması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün deyildir. Qeyd olunanlarla əlaqədar işəgötürənlə arasında mübahisəli hal yarandığı təqdirdə məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ-İV hissələrinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 3.5-1-ci maddəsinə görə əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır; 9-cu maddəsinin b) bəndinə əsasən əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək işçinin əsas hüquqlarından biri kimi təsbit edilmişdir; 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; 49.1-ci maddəsinə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1- 2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir; 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər; 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “M.Məmmədovanın şikayəti üzrə məhkəkə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2015-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. 2015-ci ilin iyun ayından işdən çıxsa da, barəsində olan əmək müqaviləsi ləğv edilməsi ilə bağlı bildiriş “Əmək və məşğulluq” altsisteminə daxil edilməmişdir. Bu halda da iddiaçının başqa işlə təmin olunması hüququ cavabdeh tərəfindən pozulmaqdadır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçının hazırkı iddiası əsaslıdır, iddiaçının iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını nəinki məhkəməyə təqdim etməmiş, eyni zamanda təyin edilmiş məhkəmə iclaslarının heç birində nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə iddiaçının hüquqlarını müdafiə etmək məqsədi ilə iddia təmin edilməli, iddiaçının pozulmuş əmək hüquqları bərpa edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə xitam verilməli və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbayacn Respublikası Qanununun 9.1 və 9.1.1 maddələrinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə xitam verilsin və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilsin. Cavabdehndən 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-886/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-886/2025
10.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver