Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-892/2020 24.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və hasarların sökülərək qanuni mülkiyyətçinin hüquqlarının bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və hasarların sökülərək qanuni mülkiyyətçinin hüquqlarının bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslanırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 479/1 saylı Qərarı ilə Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində bələdiyyənin istifadəsində olan 400 kv.m., torpaq sahəsi sahibkarlıq fəaliyyəti tikintisi üçün alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə ayrılmışdır. Həmçinin iddiaçı tərəfindən bələdiyyənin hesabına pul ödənilmiş və torpaq sahəsinin cizgisi tərtib edilmişdir. Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2013-cu il tarixli, 01-13/Pİ-109dl saylı arayışından görünür ki, Bələdiyyənin xx.xx.2003-cü il tarixli, 479/1 saylı Qərarı ilə İddiaçı istifadəsinə 400 kv.m., torpaq sahəsinin ayrılması ilə bağlı arxiv məlumatlarında qeyd mövcuddur. Bir müddət əvvəl torpaq sahəsinə baxış keçirmək üçün oraya getdikdə iddiaçıya məlum olmuşdur ki, ona məxsus olan və tərəfindən istifadə edilən torpaq sahəsində kənar şəxslər var və onlar oranı hasara almışlar. İddiaçıya məxsus torpaq sahəsinə nə üçün qanunsuz soxulduqlarını onlardan soruşduqda, onlar iddiaçıya bildirdilər ki, torpaq sahəsi bələdiyyə qərarı ilə onlara ayrılıb və buna dair sənədləri var. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə bildirdi ki, məhkəmənin diqqətinə 2003-cü ildə Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən verilmiş bir neçə qərarı təqdim edir. Qərarlardan görünür ki, həmin dövrdə Binəqədi qəsəbə Bələdiyyəsində istifadə edilən möhür iddiaçının məhkəməyə təqdim etdiyi qərarda mövcud olan möhürdən fərqlidir. Bundan əlavə həmin dövrdə qərarların nömrələri / işarəsi qoyulmaqla yazılmırdı, iddiaçının məhkəməyə təqdim etdiyi qərar 479/1 nömrəlidir. Bütün bunlar həmin qərarın legitimliyini sual altına qoyur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxx 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədi ilə tərəflərin iştirakı ilə mübahisəli ərazinin koordinatları müəyyən edilməklə ölçülmüş və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin elektron baza məlumatlarına əsasən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi “Binəqədi Oyl” Əməliyyat şirkətinin ərazisi hüdudlarında yerləşir. İş materiallarında olan xx xxx 2020-ci il tarixli, 31891 nömrəli ekspert rəyində göstərilmişdir ki, mübahisəli torpaq sahəsi məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye təyinatlı torpaq sahələrinə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən,bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında göstərmişdir ki, “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmadığına görə, onun Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və hasarların sökülərək qanuni mülkiyyətçinin hüquqlarının bərpa edilməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddiaçı iş üzrə mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş 112,36 (yüz on iki manat otuz altı qəpik) manat xərc tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-892/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-892/2020
24.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver