Məhkəmə qərarları › İş №2(001)-9/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-9/2023

23.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-9/2023 23.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, İddiaçı, Cavabdeh şirkətinin nümayəndəsi X2, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh şirkətinə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh şirkətinə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 797/2 saylı sərəncamı ilə iddiaçıya Binəqədi qəsəbəsinin ərazisindən sahibkarlıq fəaliyyəti üçün 3000 kv.m. torpaq sahəsi ayrılmışdır. O, həmin torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən almış və torpaq sahəsi verilmiş plan daxilində onun tərəfindən hasarlanmışdır. Cavabdeh tərəfindən isə hənin torpaq sahəsinin onlara aid olması bəhanə edilərək, iddiaçının fəaliyyətinə məhdudiyyət yaradılır. Məhkəmə iddia ərizəsini və iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh şirkətinə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 797/2 saylı sərəncamdan görünür ki, İddiaçı ərizə ilə Binəqədi qəsəbə Bələdiyyəsinə müraciət edərək istifadəsində olan torpaq sahəsini sahibkarlıq fəaliyyəti üçün alqı-satqı yolu ilə mülkiyyətinə verilməsini xahiş etmiş və həmin sərəncamla Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 3000 kv.m. torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün İddiaçı mülkiyyətinə alqı-satqı qaydasında ayrılmışdır. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.2011-ci il tarixdə verilmiş ********** VÖEN İddiaçı məxsusdur və VÖEN hal-hazırda aktivdir. İddiaçının məhkəmə iclasında bildirdiklərindən aydın olur ki, tərəflər arasındakı mübahisəli hüquq münasibəti sərəncamın verildiyi vaxtda deyil, 2017-ci ildə yaranmışdır. Eyni zamanda iddiaçı məhkəməyə bildirmişdir ki, həmin torpaq sahəsində uzun müddət mal-qara saxlamış, orada hasardan başqa hər hansı tikinti işləri aparmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “... MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. ... Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. ... Qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. ... Məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır”. Mülki Prosessual Məcəllənin 44.2.2-ci maddəsinə görə, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, hazırkı iddia tələbinə ümumi məhkəmədə baxılmalı olmadığından, mülki iş məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26, 44, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "X5” şirkətinə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar